İctimai mənafenin cəmiyyətin və dövlətin inkişafında rolu...

 

 

Hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən asılıdır. Bəşəriyyətin inkişafına nəzər salarkən məlum olur ki, hansı cəmiyyətdə ki, ictimai mənafe şəxsi mənafedən öndə olub, o cəmiyyətlər sosial-iqtisadisiyasi inkişafın dinamikliyinə nail ola biliblər. İstər Antik dövr mədəniyyəti, istər Orta əsrlərdə islam mədəniyyəti sivilizasiyası, istərsə də Yeni dövrdən başlayaraq inkişaf edən Qərb sivilizasiyasının təhlili göstərir ki, cəmiyyətin tərəqqisi yalnız o halda mümkün olur ki,  ümuminin mənafeyi xüsusinin mənafeyini, ictimai düşüncə şəxsi düşüncəni üstələyir.

 

Tarixə nəzər yetirərkən belə bir mülahizəni də qeyd etmək mümükündür ki, ictimai mənafenin cəmiyyətin şüurunda yer almasının və möhkəmlənməsinin başlıca amili ictimai inistitut kimi DÖVLƏTin mövcudluğu, möhkəmliyi və davamlılığıdır. Xalqların tərəqqisi onların dövlətə mənsub olub-olmaması ilə sıx bağlıdır. Hansı xalqlarda şəxsiyyətin, fərdin marağı ümumi xalqın marağından üstün tutulursa, o xalqların inkişaf etməsi, həm də dövlət qurmağa nail olması çətin və bəzən də mümkünsüz olur. Tarixdə bu mülahizəni təsdiq edən kifayət qədər dəlillər olsa da, mövzudan yayınmamaq üçün burada ona toxunmuruq. Lakin yaxın tariximizdən bir nümunə gətirməklə kifayətlənirik.

 

1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı prosesində Azərbaycan xalqının, yerli əhalinin davranışları bizim cəmiyyətimizdə ictimai mənafenin xeyli zəif olmasının göstəricisi kimi qəbul edilməlidir. İnsanlar şəxsi, ailə təhlükəsizliyini (fərdi maraq, ailə namusu), ümumi xalqın, dövlətin təhlükəsizliyindən və mənafeyindən (dövlətin təhlükəsizliyi və xalqın namusu) üstün tutduqlarına görə, torpaqlarımızı asanlıqla boşaldıldı.  Göründüyü kimi Qarabağın işğalının başlıca səblərindən biri  dövlətsizlik, dövlətçilik ənənələrinin və stereotiplərinin  zəifliyi idi. Bu stereotipin (özünüqoruma instinkdinin) formalaşmasının   başlıca səbəblərindən  bir  Azərbaycan xalqının uzun onilliklər boyu  müstəqil dövlətçilik ənənələrinin olmaması və beləliklə, dövlətçilik təəssübünün ictimai şüurda yer almaması, bunun əksinə, şəxsi təəssüb, özünüqoruma hissinin güclənməsidir. Bunun nəticəsi olaraq işğal dönəmində insanlar öz ailələrinin təhlükəsizliyini təmin etmək naminə torpaqlarından vaz keçdilər. Bu məsələnin özü geniş elmi sosial-psixoloji araşdırma tələb edən problemdir. Lakin dövlətimizin möhkəmlənməsi və inkişaf etməsi naminə vacib olan problemdir.

Bu gün dünyanın ən güclü dövlətlərinə və inkişaf etmiş cəmiyyətə malik olan Qərb bu problemi hələ XV-XVI əsrlərdən görürdü və həll etməyə çalışırdı. Orta əsrlər mütəfəkkirlərinin ortaya qoyduğuİctimai müqavilə” nəzəriyyəsi bunun başlanğıcı olaraq Qərbin müasir sivilizasiyasının əsas amillərindən biri kimi qəbul edilməllidir. İnsanın azadlığı, dünyagörüşü, həyat səviyyəsinin yüksəlməsi, qanunların aliliyinin qorunması  cəmiyyətdə ictimai mənafenin təmin edilməsini şərtləndirən əsas amillərdəndir.

 

Təcrübə göstərir ki, ictimai mənafenin qorunmasının təmin edilməsi sadəcə təbliğat və maarifləndirmə, zor tətbiqi vəya inzibatı yol ilə mümkün deyil. Əgər belə olmasaydı yetmiş illik Sovet dövründə müşahidə etdiyimiz dövlət əmlakının kütləvi şəkildə mənimsənilməsi tendensiyası olmazdı. Lakin bir cəhəti də qeyd edək ki, Sovet İttifaqı yaranandan sonrakı bir neçə onillikdə ümumi mənafenin qorunması şəxsi mənafedən üstün tutulmuşdur. Bunun nəticəsində SSRİ II Dünya müharibəsində Almaniyaya qalib gəldi və qismən də olsa möhkəmlənib sosial-iqtisadi inkişafını təmin edə bildi. Lakin təqribən ötən əsrin 50-ci illərinin ortalarından başlayaraq Sovetlər Birliyinin idarəçiliyində şəxsi mənafe amili önə çıxmağa başladı, korrupsiyalaşma meylləri gücləndi. Qanunlarla ictimaiyyətin, xalqın əmlakı hesab edilən təsərrüfatlar əslində sahibsiz idi və vətəndaş tərəfindən qorunmurdu. Beləliklə, cəmiyyətdə şəxsi maraqların təmin edilməsi, yerlibazlıq və qohumbazlıq stereotipləri önə çıxırdı.

 

Burada bir amili xatırlatmaq zəruridir ki, bəşəriyyətin inkişafının müəyyən mərhələsində şəxsi marağın qorunması təkamülə və inkişafa zəmin yaradırdı (quldarlıq və feodalizm quruluşlarında və kapitalizmin ilkin mərhələsində). Lakin şəxsi maraq müasir cəmiyyətlərin inkişafına mane olan amillərdən birinə çevrilib və bəşəriyyətin gələcək yüksək inkişafı yalnız ümumi mənafenin qorunmasının (insan inkişafı) təmin edilməsindən keçir.

 

Araşdırmalar göstərir ki, cəmiyyətdə ictimai mənafenin önə çıxmasını təmin etmək bir sıra vərdişlərin və davranışların aşılanması ilə yanaşı, insanların qanunlaraqaydalara ciddi riayət etməsi ilə də sıx bağlıdır. Müstəqilliyinin 25-ci ilinə qədəm qoyan Azərbaycanın hazırkı inkişafını nəzərə alaraq söyləmək olar ki, ölkəmizin gələcəkdə sürətli tərəqqisini təmin etmək üçün yeni idarəetmə və qiymətlədirmə üsullarına ehtiyyac vardır. Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, mütərəqqi  metodologiyanın tətbiq edilməsi cəmiyyətdə “sıçrayışlı inkişaf”-ı təmin edə bilir.  Belə hesab etmək olar ki bu gün Çin Xalq Respublikasının sürətlə inkişafının əsas səbəblərindən biri ictimai mənafenin ciddi şəkildə qorunması ilə bağlıdır.

 

Müasir dövrümüzdə cəmiyyətin sürətli və hərtərəfli tərəqqisinə doğru müəyənləşdirilən yollarla nail olunması nümunələri mövcuddur. “Sinqapur möcüzəsi” göstərir ki, düzgün metodologiya və idarəetmənin tətbiqi ilə cəmiyyətin və dövlətin “sıçrayışlı inkişaf”ı mümkündür. Sinqapur 1965-ci ildə Malayziyadan ayrılaraq dövlət müstəqilliyini elan edib. Ərazisi 710 kv/km (təqribən Zəngilan rayonunun ərazisi qədər-707 kv/km), əhalisi 5 milyondan artıqdır. Təbii sərvətlərlə zəngin deyil. Sinqapur bu tərəqqiyə yeni texnologiyaların mənimsəməsi və tətbiqi, yeni idarəetmə sistemi ilə nail olmuşdur. Bunun nəticəsində bu kiçik ölkənin ÜDM-i 315 mlrd dollar, adambaşına düşən illik gəliri isə 60 000 dollardan çoxdur.

 

Ölkənin ilk Baş naziri Li Kuar Yunun apardığı siyasət ilk növbədə korrupsiyanın aradan qaldırılmasına və qanunun aliliyinin təmin edilməsinə yönəlmişdir. Sinqapurda yalnız milli zəmində düşmənçilk, amansız qətl, narkotik alveri, oğurluqkorrupsiyaya görə ölüm hökmü tətbiq edilir.

 

Göründüyü kimi, cəmiyyətin tərəqqisinə mane olan ən böyük əngəllərdən biri korrupsiyadır və ona qarşı mübarizə amansız olmalıdır. Cəmiyyətdəki mövcud durum göstərir ki, bu sahədə ciddi elmi, sosial-psixoloji araşdırmalara ehtiyac yaranıb. Əlbəttə, təkcə araşdırmalar deyil, onların nəticələrinin öyrənilməsi və idaretmədə tətbiq edilməsi ictimai mənafenin cəmiyyətin şüurunda möhkəmlənməsini təmin edə bilər.

 

Bu istiqamətdə Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov olduqca əhəmiyyətli araşdırmalar aparmış və elmi əsaslara söykənən konsepsiya irəli sürmüşdür. Professor Ş. Əsgərovun ictimai mənafenin şəxsi mənafeyə nisbətinin  yeni meyar kimi təklif edirbu nisbəti kamillik əmsalı (K) ilə ifadə edir. Cəmiyyətdə baş verən bütün sosial-iqtisadisiyasi proseslər kamillik əmsalı vasitəsi ilə qiymətləndirilir və bəşəriyyətin gələcək inkişafını proqnozlaşdırmaq üçün yeni orjinal nəticələr əldə edilmişdir. (Ş.Əsgərov, “Kamilləşən Düşüncə”  Bakı, 2013)

 

Prof. Ş.Əsgərovun konsepsiyasına görə, tarix iki dövrə bölünür: birinci dövrdə cəmiyyətdə gedən bütün proseslər şəxsi mənafenin (zorun) təsiri altında baş verir. İkinci dövrdə isə cəmiyyətdə gedən proseslər ictimai mənafenin (ağılın) təsiri altında baş verirtarix ictimai mənafenin şəxsi mənafeyə nisbətinin artması istiqamətində inkişaf edir.

 

İnsanların düşüncə tərzinin və dünyagörüşünün, kamillik əmsalının və ictimai mənafenin qorunmasına münasibətinin öyrənilməsini təmin edən metodların həyata keçirilməsini bu işin başlanğıcı hesab etmək olar. Bu sahədə professorun  irəli sürdüyü elmi konsepsiya ictmai elmlər sahəsində yeni fikirlər, ideyalar irəli sürməyə, inkişafın zəruri və kafi şərtlərini müəyyənləşdirməyə imkan verir.

 

Təklif edilən yeni konsepsiya nəinki təkcə elm və təhsil sahəsində biliyin yeni metodla qiymətləndirilməsini təmin edən elmi konsepsiyadır, həm də cəmiyyətin yeni üsullarla idarə edilməsini və “yaxşıların yaxşısı”nı seçməyə imkan verən yeni qeyri-xətti qiymətləndirmə nəzəriyyəsidir. Bu, dəyişən dəyərlərin optimal qiymətləndirilməsidir.

 

Professor Ş. Əsgərovun yeni elmi nəzəriyyəsi kompleks elmi araşdırmalar tələb edən, yeni elmi istiqamətlərin yaranmasını stimullaşdıran elmi konsepsiyadır.

 

Aparılan araşdırmaların nəticələri göstərir ki, Azərbaycan cəmiyyətində ictimai mənafenin şəxsi mənafeyə nisbəti arzu olunan səviyyədə deyildir. Burada hələlik detallarına varmadan qeyd edək ki, ictimai mənafenin qorunmasına cəmiyyətin münasibətini dəyişmək üçün ciddi elmi-sosioloji araşdırmalara və həm də onların nəticələrinin tətbiqini təmin etməyə ehtiyac yaranmışdır. Bu sahədə Professor Ş. Əsgərovun təklif etdiyi  dəyərlərin yeni qiymətlənndirmə metodologiyası elmbiliyin inkişaf etdirilməsi üsulu ilə kamil düşüncəyə və mütləq biliyə aparan ən optimal konsepsiyadır.

 

Sonda qeyd edək ki, bəzi sahələrdə baş verən neqativ halların səbəbi kimi fikir adamları (ziyalılar) tez-tez intuitiv olaraq şəxsi mənafenin üstünlüyünü qeyd edirlər. Bu duyuma riyazi don biçmək üçün kamillik əmsalı K böyük əhəmiyyət kəsb edir.

 

Taleh Şahməmmədli

525-ci qəzet.- 2016.- 19 yanvar.- S.5