Vətənin köksündə güllə yarası...

 

Bakıya Qanlı Yanvar şənbəsindən üç gün sonra gələ bildim. Şəhər oğlu ölmüş ana kimi matəm libasında idi.

 

Uğrunda bu qədər şəhidlər qanı axıdılan ulu yurdumuz Qarabağdan da Bakıya qədər ürəyim sinəmdə yetiş uşaq kimi hönkürürdü. Donmuş, taqətdən düşmüş canımı metronun pis üzlərdən sərt və soyuq olan mərmər sütununa söykəyib lal kimi uzun-uzadı dayandım. Gözlərimə dünya qan gölü kimi göründü. Mavi gözləri neçə - neçə qan - qada görmüş, dərindən - dərin olan Xəzər başını qanlı daşların üstünə qoyub elə ağlayırdı ki, adamın ciyəri pörşələnirdi. Həmişə xoşsifətli, gülər üzlü adamların sir - sifətindən tökülən nifrət, qəzəb, kin şıdırğı leysanı xatırladırdı. Aman Allah, doğma sifətlər, üzlər ölüm yolu kimi göm-göy göyərmişdi. Divarlar ürəyimiz kimi namərd düşmən gülləsindən deşik-deşik olmuşdu.

 

... Hamı bir-birinə yad kimi görünürdü. Bütün həyat buz kimi donmuşdu. Bütün şəhər sanki ölüm yuxusuna getmişdi.

 

Bu qanlı qırğından beş-on gün əvvəl ürəyimdə aşağıdakı misralar közərmişdi:

 

Qeyrət qanda yuva salar,

Qılınc qisas üçün qalar.

Son döyüşüm elə olar,

Kəfənim qandan biçilər!

 

Neynim... Xalqımın bu dözülməz müsibəti bəlkə də ürəyimə dammışdı. Oğuz igidlərinin al qana bələnməsi heç tanrının da yuxusuna girməzdi. Günahı nə idi mənim məğrur, igid, əməksevər, qeyrətli, namuslu, Allahı, haqqı - ədaləti sevən xalqımın?! Heç nə, heç nə, Vallah heç nə! Bu xalq müqəddəs ata - baba yurdu üstündə ulayan bayquşa daş atmaq istəmişdi. Dahi Üzeyirin, Bülbülün, Qaryağdıoğlunun, Natəvanın və neçə-neçə igid, cəsur oğul və qızlarımızın, ulularımızın ruhu murdarlıqdan qorunmuşdu. Xalq ayağa qalxıb əllərini göyə tutub göy tanrını səsləmişdi. "Mən haqqam"- demişdi. Xalq Vətən torpağını qanlı çiçək kimi əyninə geymək istəmişdi. Heç kəsdən bir tikə çörək, bir çimdik duz, bir udum hava, bir baxış səma, bir ovuç torpaq təmənnası olmayan xalqım haqsız qana düşmüşdü.

 

Həmişə səsli-küylü Bakı əli qoynunda elə hüznlü, elə dərdli, ələmli dayanmışdı ki, adamın yazığı gəlirdi.

 

Şəhərin üzünə baxmaq olmurdu. Az qalırdı bu uludan ulu yurdun soyuq, qana bələnmiş daşları da anam kimi ağı desin. Vahimə içində uzanan yollar kürəyindən yara almış şəhid oğullar kimi üzü üstə yıxılıb ağlayırdı. O gün mavi buludları insaflı gördüm. Tökülən günahsız qanları yumamaq üçün təkcə buludlar ağlamırdı. Dənizdə həyəcan işarəsi verib dünyanı köməyə çağıran gəmilər şəhidlərin anasından - bacısından və ümumən kövrək ürəkli, nəcib, sadə, torpaqcanlı xalqımızdan çox fəryad qoparırdı.

 

Yeriməkdən qorxurdum. Qorxurdum ki, ayaqlarım əzizlərimizin al qanına toxunar. Ruhum od tutub qiyamət gününə qədər alışıb yanar. Ürəyimi ağrı yeyirdi. Ağır yerişlərlə dərd yüklü səkiləri güclə çıxıram.

 

Gözlərimdə yaş donur, damarlarımda qanım. Götürmə, Allah - deyirəm. Bu süd qoxulu körpəni, bu toyu tutulu oğulun, qızın qanını yerdə qoymaq olarmı?! Az qaldı ağ saçlı, nurani, oğlu, qızı ölmüş ananın ağısı içində əriyib külə dönüm. Cavan bir gəlin saçlarını yolub yelə verirdi. Qorqud simalı bir ata elə ağlayırdı ki, adamın ayağının altından yer qaçırdı. Qoca dünya bu yaşadək belə ədalətsiz faciə və zülmlə üz - üzə, göz - gözə dayanmamışdı. Dəsmal çıxarıb ağı demək istəyirdim. Günahsızlarıma, canıma, ruhuma, qanıma və Azərbaycanıma!..

 

Dırnağı ilə üzünü şırım-şırım etmiş ananın başını köksümə sıxıb misra - misra közərirəm:

 

Elə açma qollarını,

Bu zülümün yollarını

Açan namərd hanı, hanı?!

Göz yaşımız olmur aram

Anam, dayan mən ağlaram!

 

Saç yolaraq vermə yelə,

Dərd üz verib bütün elə.

Belə getməz, Vallah belə.

Sızlar canım, sızlar aram,

Bacım, sən dur, mən ağlaram!

 

O günlərin rəngi qandı,

Başıma yer - göy dolandı.

Dilimdə yurd, vətən andı,

Toyu yasa dönən balam,

Sən ağlama, mən ağlaram!

 

Dağın-düzün geyib qara,

Oğuz elin düşüb dara,

Arzu bütöv, Vətən para,

Gövr elədi köhnə yaram,

Vətən, sən dur, mən ağlaram!

 

... Qərənfillər başını şəhidlərin qəbri üstünə qoyub kövrək-kövrək, həzin-həzin nalə çəkir. Yara kimi göynəyir, qan kimi qəbirlərin üstündə şırımlanır. İnsanlar axın-axın, ağlar-ağlar gəlib keçir. Yumruqlar düyünlü, gözlər yaşlı, ürəkləri qəzəbli. Vətən dözümlü! İstər-istəməz deyirəm: Bu ağrına, bu acına, bu yarana qurban olum, Vətən! Məğrur ol,  ƏYİLMƏ, SIZLAMA, TƏKLƏNMİSƏN. Ancaq dizin bükülməz, qəddin əyilməz, başın tarix yanında ucadır. Gör sənin nə qədər qüdrətli, vətəncanlı övladların var. Ruhu şad olsun şah babamız Xətainin. Yox, hələ onun Vətən sərhədləri uzunluğunda olan qılıncı pas atmayıb. Vətən, sənin igid övladların indi də candan keçər, qandan keçər, bircə qarış torpağından keçməzlər. Qılıncnan yarası sarınan Vətən keçilməzdir. Biz belə qanları çox görmüşük. Hələ ölüm - dirim döyüşləri qabaqdadır.

 

... Şəhidlərin portretlərinə güclə baxıram. Adam xəcalət çəkir. Bu nakamları ölümün quduz ağzına hansı namərdlər atdı?

 

Ağlar gözlərim önündən Xankəndindəki talanlar, Qarabağın taleyi üstündə kabus kimi qanad gərən mənfur niyyətlər, ulu və müqəddəs yurdumuz Göyçənin viran qalması, Ələskərin ağlar sazı, qaçqınlar, ölümlər, işgəncələr, dəmir boruların içinə doldurulub ağzı qaynaq edilən və sinəsinə min bir dağ çəkilən körpə bacı və qardaşlarımız, ağbirçəklərimiz keçir! Acıyıram, od tutub yanıram. Vaxtında başını qaldırıb bu elin - obanın taleyini həll edən başbilən olmadı.Onlar elə bil ki, bu torpağın oğlu deyildilər. Kütbeyin, yaltaq, ikiüzlü, riyakar, alçaq, qorxaq, nanəcib, cılız, mənsəbpərəst adamlar belə qüdrətli xalqı güdaza verdi.

 

Onlar sanki qış yuxusunda idilər. Onların gözü önündə erməninin hiylə dəyirmanında Qarabağ un kimi üyüdülürdü. Gözümüz kor olmuşdu. Qeyrətimiz kəsərsiz! Yeri gəlmişkən Böyük Teymurləngi yada salaq.

 

Deyirlər o müdrik hökmdar həmişə gözü açıq yatarmış. Nə yatanda və nə də ayıq vaxtı kirpikləri çalınmazmış. Bir gün ən yaxın adamı cürət edib deyir ki, ey böyük hökmdar, sizin kirpiyiniz axı heç vaxt çalınmır. Bu sizdə göz xəstəliyi törətməzmi? Teymurləng deyir: Kirpiklərim çalınan anda sərhədlərim keçilər. Baxın, nə ağıllı, nə qeyrətli, nə cəsarətli söz! Məhz buna görə o, Teymurləng səviyyəsinə yüksəlib!

 

Bəli, bizim başbilənlər isə həmişə yatmış, xalqın sürüsünü düşmən qurduna etibar etmişdir. Xalqı yubatmışlar. Sərhədlərimizi başlı - başına buraxmışlar. Torpağımızı qurban tikəsi kimi kəsib paylamışlar.

 

Əgər onlar... elə ilk anlardan bu Qordi düyününü kişi cəsarəti ilə kəssəydilər, bu qanlı yol illər uzanardımı?

 

Bu faciələr törənərdimi? Alçaq erməni dığaları Qarabağda at oynadıb igidlərimizi qana bələyərdilərmi?

 

Yollarımız qorxulu, ürəyimiz səksəkəli, köksümüz ağrılı, imkanımız qolu bağlı olardımı? Yox, əsla yox! Balıq başdan iylənər. Qoy bu şəhidlərimiz, Göyçə və Qarabağda bədənləri güllə yarasından köz-köz olanlarımız qeyrətsiz rəhbərlərimizi zaman - zaman lənətləsinlər!..

 

...Qan yuxulu, ədəbiyyat ağrılı, Vətən həsrətli qəbirlərdən ayrıla bilmirəm. Təkrar-təkrar deyirəm: Allah sizə rəhmət eləsin, nakam qardaş-bacılarım! Ölümsüzlərim! Getmək mümkün deyil. Elə bil ürəyimdən və ayaqlarımdan dünyanın ən ağır daşı asılıb. Bir məzarın önündən saatlarla keçmək olmur.

 

Analar gözündən çəkilib dara,

Bacılar üz cırıb, saçın didirdi.

Ürəyim sinəmdən enib məzara,

Nakam şəhidlərlə söhbət edirdi!..

 

...Heyf və təəssüf! Qəbirlərin birinin üstündəki qərənfil qana bulanmışdı. Onsuz da qərənfillər qan rəngində idi. Bəlkə elə o güllər vaxtı ilə bu torpaq uğrunda canından keçən yüzlərlə, minlərlə şəhidlərin qanından pöhrələnib?!

 

...Şəhidlər Xiyabanından hüznlü şəhərə baxıram. Yollar, izlər, daşlar, kəsəklər, yaralı evlər hamısı əli qoynunda, boynubükük, sinəsi dağlı görünür, hər şey mənə qanlı görünür. Beynimdə qanlı misralar közərir:

 

Qandı, çiçəklər qandı,

Qandı, ürəklər qandı,

Niyə qanla yoğruldu,

Xalqımın birlik andı?!

 

Qandı həyatım, qandı,

Nəğməm, bayatım qandı.

Dilim azadlıq dedi,

Qanım qana çalandı?

 

Qandı qanlımın gözü,

Qandı qanlımın sözü.

Qanlım basdı sinəmə,

Bu qanlı odu, közü!

 

Qandı torpağım, daşım,

Qandı tarixim, yaşım.

Qanlı tabutda yatdı,

Körpə bacım, qardaşım!

 

Qandı balışım, qandı,

Qandı naxışım, qandı.

Qanlımı qana düşsün,

Könlüm evi talandı!..

 

Qandı bu dərə, bu dağ,

Qandı burda bağça - bağ.

Gülümü qanla suladı,

O gözü qanlı alçaq!!!

 

...Aralıda Dədəm Qorqud simalı, qəzəbli, yorğun, taqətsiz qoca görünür. Bütün qəbirlərə baş əyir. Sonra toyları tutulu qalan Fərizə və İlhamın qəbirləri önündə diz çökür. Sifəti mis kimi qızarıb. Ovucları elə sıxılıb ki, dırnaqları bıçaq kimi ətinə işləyib. Alnının qırışlarında min dərdin karvanı gizlənir. Nə qədər müdrik və dözümlü görünür. Qəribədir, qoca öz dərd odunda qovrulsa da bizə - minlərlə, milyonlarla sinəsi dağlılara, gözü leysan yaşlılara, üz - gözü şırım - şırım olan gəlinlərə və qızlara,dərdkeş analara, atalara, oğullara başsağlığı və təskinlik verir. İlahi, xalqda ürək böyüklüyünə, qəlb genişliyinə bax! Ələm selində boğulan qoca bizim sızıltılarımıza, ağrılarımıza dözmür. Həm də bu mərd, cəsarətli qoca elə bil alışır. Tüstüsü ərşə yüksəlir. Soyuq daşın üstündə oturub qəlyanına od vurur. Sanki dünyanın bu amansız dərdini tüstü kimi sinəsinə çəkir. Ahından adam titrəyir.Yumruğunu tez - tez göyə qaldırır. Sanki yaralı pələng kimi qızmış xalqı qisas andına çağırır. Bu an mənim də qəlbimdə poetik andım baş qaldırır:

 

Vətən, sənin kəfənin yenə qandan biçildi,

Arzular gözümüzdə qətrə - qətrə kiçildi.

Yaramızın üstündən yeridi qanlı ordu,

Qan içində boğuldu bu qədim odlar yurdu,

Qara bayraqlar qalxıb başın üstə ucaldı,

Qoca tarix diz çöküb bu torpaqda qocaldı.

 

And içirik, bu qisas heç zaman qalmaz yerdə,

Dünyalar şahid olsun bu fəryada, bu dərdə,

Qan selində boğuldu azadlığın haqq səsi,

Qundaqlara sancıldı vəhşi əsgər gülləsi.

Anamız saçından divarlardan asıldı,

Vətən, köksünün üstə əbədi dağ basıldı.

 

And içirik keçilməz torpağına, daşına,

Kürşadtək yağacağıq biz düşmənin başına!

Bir dəfə qalxan bayraq bir də əyilməz daha,

Üz tuturuq haqq deyib, qadir, böyük Allaha.

Topların nərəsindən dünyamız silkələndi,

Sinəmizin üstünə aramsız od ələndi...

 

And içirik müqəddəs şəhidlərin qəbrinə,

And içirik bu müdrik, məğrur xalqın səbrinə,

And içirik qan sızan bu vətən torpağına,

And içirik xalqımın çalın -çapraz dağına!

Bu qisası heç zaman qoymarıq qalsın yerdə,

Dünyalar şahid olsun bu fəryada, bu dərdə!

 

...Hərarətsiz qış günəşi yavaş - yavaş qüruba addımlayır. Xəzərdən baş qaldıran soyuq sazaq yaralı iliklərə işləsə də, ürəklər odlu, qəzəblidir. Qərənfillər üşüyür. Gözlər bulud kimi dolub - boşalıb, ancaq hamının ürəyində bir inam var. Vaxt gələcək, günahsız tökülən hər damla şəhid qanı qızıl güllə olub əsl günahkarların ürəyinə, gözünə tuşlanacaq. Azadlıq ideyaları nəhəng çinar kimi bizim mənəvi dünyamızda əbədi kök atacaq. Xalq öz əbədi, əzəli torpağının üstündə əl - ələ, ürək - ürəyə, kürək - kürəyə verib birləşəcək. Böyük Üzeyir bəyin vahid Azərbaycan himni oxunacaq. O himnin şaqraq sədaları əcdadlarımızın müqəddəs beşiyi sayılan bütün Azərbaycanımızın daşına, torpağına, havasına, suyuna və nəhayət, məğrur Vətən övladlarının qanına və iliyinə hopacaq! Onda şəhidlərimizində ruhu qızıl qərənfillər kimi pardaqlanacaq. Allah sizə rəhmət eləsin, şəhid yurddaşlarımız! Qardaş və bacılarımız! Ana və atalarımız! Yolunda qan tökdüyünüz ulu Qarabağınız və ümumən o taylı - bu taylı bütün Azərbaycanınızın sizə əbədiyyət evinədək yas tutub, matəm saxlayacaq!.. Onda sizin müqəddəs ruhunuz Azərbaycan adlı himnin oduna, gözünə qızınacaq:

 

Yaşa, məğrur Azərbaycan, od ürəkli ulu diyar,

Sinən üstə tarixlərin qayalaşan yaddaşı var.

Qaldır, qaldır ucalara haqq adlanan bayrağını!

Qoy ruhumuz alqışlasın sənin birlik növrağını!

 

Ənvər ƏHMƏD

525-ci qəzet.- 2016.- 20 yanvar.- S.7