Yaponiyada 20 Yanvar
hadisələri ilə bağlı xüsusi
veriliş yayımlanıb
ƏLİBƏY MƏMMƏDOV: "20 YANVAR HADİSƏSİ MÜASİR AZƏRBAYCAN TARİXİNİN QƏHRƏMANLIQ SƏHİFƏLƏRİNDƏN BİRİDİR"
Yanvarın 18-də Hokkaydo Universiteti
Xarici Tələbələr
Assosiasiyasının prezidenti,
siyasi elmlər üzrə doktorant tələbə, həmyerlimiz
Əlibəy Məmmədovun
təşəbbüsü ilə Yaponiyanın
"World Investors TV" internet kanalında
20 Yanvar hadisələrinə
həsr edilən veriliş yayımlanıb.
Canlı yayımlanan verilişin adı Əlibəy Məmmədovun xahişi ilə "20 Yanvar, azərbaycanlıların qürur
duymalı olduğu və duyduğu tarixi bir gün
kimi" olub.
Verilişin qonağı olan Ə. Məmmədov qeyd edib ki, tarixə
"Qara Yanvar" kimi düşən bu hadisə azərbaycanlıların qürur
duyduğu tarixi bir gün, müasir
Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən
biridir.
Həmyerlimiz bildirib ki,
1990-cı il yanvarın 20-si keçmiş
Sovet ordusu qüvvələri Azərbaycan
Sovet Sosialist Respublikasının paytaxtı
Bakıya daxil olaraq dinc əhaliyə
divan tutub.
Ə. Məmmədov qeyd edib ki, Yaponiyada
Azərbaycanla, onun iqtisadi-siyasi dəyişiklikləri
və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı qiymətli
elmi tədqiqatlar mövcuddur: "Yaponiyanın
Doşişa Universitetinin
professoru Tsukimura Taro, Hokkaydo Universitetinin elmi-tədqiqatçısı Taçibana
Yu və digərlərindən
misallar gətirməklə
yaponların öz dili ilə, onların daha asanlıqla başa düşəcəkləri dildə
məsələni izləyicilərə
çatdırmağı öz
qarşısına məqsəd
qoyub. Məhz bu üsulla
o, 20 Yanvar hadisəsini
tarixi fakt kimi elmi yolla
izah etməyə cəhd göstərib.
Sırf
elmi araşdırmaçı,
tədqiqatçı kimi
bu faciəyə qiymət verən Ə. Məmmədov bildirib ki, 20 Yanvar hadisələrinin
arxasında məhz Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məsələ dururdu:
"Azərbaycanda 1989-cu ilin
sentyabr ayında Azərbaycan Xalq Cəbhəsi Partiyası yaranıb. Ermənistanda isə Levon
Ter-Petrosyanın rəhbərliyi
altında Ermənistan
Ümummilli Hərəkatı
yaradılıb. Azərbaycan Xalq
Cəbhəsi Partiyası
ilə Ermənistan Ümummilli Hərəkatı
arasında olan mübarizə günü-
gündən kəskinləşirdi.
Həm Azərbaycanda,
həm də Ermənistanda hər iki millətin nümayəndələri arasında
böyük və kiçik miqyaslı toqquşmalar baş verirdi. Sovet İttifaqının parçalanmasına
az qalmış
hər iki xalqın nümayəndələri
arasında olan millətçilik hissləri
artıq siyasiləşməkdə
idi. Qeyd olunan dövrdə
nə Azərbaycan, nə də Ermənistan müstəqil
dövlət deyildilər
və bütün bu baş verənlər
yeganə bir dövlət olan Sovet İttifaqının daxilində baş verirdi. Təbii olaraq, baş
verən hadisələr
Sovet İttifaqı mərkəzi hakimiyyətində
narahatçılıqlar doğururdu.
Onu da hökmən qeyd etməliyik ki, Sovet İttifaqı
Qorbaçovun hakimiyyətə
gəlməsindən sonra
açıq-aşkar ermənipərəst
mövqe sərgiləyirdi.
Sovet İttifaqı öz ermənipərəst mövqeyindən
çıxış edərək,
eyni zamanda, Azərbaycan xalqının
azadlıq ruhunu qırmaq məqsədilə
1990-cı ilin yanvar ayının 19-da Bakıya
ordu yeridib. Bu əməliyyatda 24 min hərbçi iştirak edib. Nəticə etibarilə, yanvar ayının 19-da 9 nəfər,
20-də 131 nəfər, sonradan
isə 7 nəfər olmaqla, ümumilikdə 147
nəfər şəhid
olub".
Verilişin aparıcısı Kazuyasu
İşidanın "70 il
mövcud olmuş Sovet İttifaqının dağılması ərəfəsində
yeni müstəqil Azərbaycan dövlətinin
yaranacağına insanların
münasibəti necə
idi" sualına, verilişin ikinci qonağı, Azərtac-ın
Tokio üzrə xüsusi müxbiri Vüqar Ağayev cavab verib. O bildirib ki, Mixail
Qorbaçov hakimiyyətə
gəldikdən sonra, onun aparmaq istədiyi
"Yenidənqurma" siyasətinin
iflasa uğraması, ermənipərəst mövqe
sərgiləməsi azərbaycanlıların
Sovet İttifaqına qarşı olan sevgisini nifrətə çevirib: "Qorbaçovun
uğursuz siyasəti nəticəsində ermənilər
Dağlıq Qarabağda
müstəqillik xəyallarına
qapılıblar. Onlar sadəcə
xəyallara qapılmaqla
deyil, Sovet İttifaqına güvənərək
Azərbaycana qarşı
olan qərəzli və haqsız ərazi iddialarını kəskin şəkildə
bildirməyə başlayıblar".
V.Ağayevin sözlərinə görə, bu dövrdə ermənilər 500 minə yaxın azərbaycanlı öz doğma yurdlarından, İrəvan xanlığının ərazisi olan Ermənistan ərazisindən didərgin salınıblar: "Bu hadisələr zamanı da çoxlu sayda azərbaycanlı amansız qəddarlığa məruz qalıb. Ermənilər tərəfindən öldürülənlər də az olmayıb. Bütün bunlar Sovet İttifaqının Ermənistanın aşkar dəstəyi fonunda baş verirdi".
V.Ağayev təkcə Azərbaycanda deyil, Gürcüstan və Qazaxıstanda da analoji hadisələrin Sovet Ordusu və hakimiyyəti tərəfindən törədildiyini, bütün bunların nəticəsində Sovet hakimiyyəti altında olan xalqlarda mərkəzi hakimiyyətə qarşı nifrət hissinin oyandığını vurğulayıb. Onun sözlərinə görə, Bakıda televiziya qülləsinin partladılması ilə dinc sakinlərin əksəriyyəti komendant saatının elan olunmasından xəbərsiz qalıblar".
Verilişin sonunda Ə.Məmmədov Yaponiyanın elm dünyasında, tədqiqat aləmində 20 Yanvar hadisələri ilə Sovet hakimiyyətinin Azərbaycanda olan müstəqillik ruhunu bir müddətlik dayandıra bildiyini yazan tədqiqatçılar olduğunu, amma özünün bir tədqiqatçı kimi bununla razılaşmadığını qeyd edib: "Bu hadisədən dərhal sonra Bakıda təxminən 1 milyon insan ayağa qalxıb, dinc şəkildə mitinqlər təşkil edib, şəhid olmuş şəxslərin hüzn mərasimləri keçirilib. Bir sözlə, Azərbaycan xalqı birlik nümayiş etdirib. Bütün bu hadisələr artıq Azərbaycanda güclənməkdə olan milli vətənpərvərlik, müstəqillik hisslərini daha da gücləndirdi və növbəti ildə Azərbaycan öz müstəqilliyini elan etdi. Bundan sonra müstəqil Azərbaycanda hər il 20 Yanvar günü ən yüksək səviyyədə qeyd olunmağa, şəhidlərin ruhu yad edilməyə başlanıldı".
Qeyd edək ki, Ə. Məmmədov Hokkaydo Universitetinin doktorantura pilləsində Dağlıq Qarabağ problemi ilə Cənubi Kuril adaları probleminin müqayisəli tədqiqini aparır.
Ceyhun
ABASOV
525-ci qəzet.- 2016.- 20 yanvar.- S.5