20 Yanvar - əsarətin son gecəsi

 

Hər bir xalqın hansı dərəcədə milli birliyə, milli iradəyə və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir.

 

26 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi  tariximizə yeni bir mübarizə səhifəsi yazdı - Qanlı Yanvar səhifəsi.  20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən 26 il ərzində bu hadisəni doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin   araşdırılması, öyrənilməsi və öyrədilməsi artıq ənənəyə çevrilmiş bir sualla müşaiyət olunur: 20 Yanvara gedən yol nədən və haradan başlandı? Cavabında isə  hadisələrin şahidləri 20 Yanvar ərəfəsindəki son ayın, uzağı bir neçə ayların hadisələrini bir-bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışırlar. Mübahisələr bəzən bir-birimizi qınamağa qədər, hətta günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digər ifratçılığa qədər müxtəlifləşən mülahizələr yalnız  bir fikirdə yekdil olur: belə sonluğu heç kim gözləmirdi. Bəli, doğrudan da o zaman çox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc vətəndaşına belə divan tuta bilər.Yəqin ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin nağıllarda olduğu kimi, həmişə Xeyrin qələbəsi ilə bitməsinə  inanmaq dərəcəsində sadəlövhük. Amma bəzən Şər də qalib gəlir, qısa müddətə olsa da. 20 Yanvar məhz Şərin Xeyirə qalib gəldiyi bir an idi - qısa bir an.

 

lll

 

O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik olmuş övladlarınıqan gölündə tapdı. Bu - Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi.

 

Nə qədər hüznlü və acı olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi. Xalq sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdiyi Vətən torpağına yüzminlərin çiyinlərində daşındılar və Müqəddəs torpaqda əbədiyyətə qovuşdular.  Bu müqəddəs torpaq hələ əsrin əvvəllərində  - 1918-1920-ci illərdə Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş soydaşlarımızı öz qoynuna almışdı. Hələ o zaman xalqın istiqlalı uğrunda şəhid olmuş azadlıq carçılarının dəfn edildiyi Şəhidlər Xiyabanı bu dəfə də eyni amal uğrunda mübarizəyə qalxmış qəhrəman oğullarını öz bağrına basırdı. O qəhrəman oğulları ki, ucaldıqları məbəddən əbədi və dönməz olan istiqlaliyyət yolumuza  hər zaman şəfəq saçır. O günə qədər yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki o qərənfillər "öz ayaqları ilə" şəhidlərin qəbri üstünə sərilməyə gəlmişdilər.Şəhidlərin məzarları üzərinə sərilmiş milyonlarla qərənfil onların 20 Yanvar gecəsində Vətən torpağına axıdılan al qanını xatırladırdı.

 

Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi.Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən Sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi.   Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı.Qəhrəmanlıqla dolu keçmişi, dövlətçilik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli  töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi? Öz keçmişindən sanki qan damarları ilə axıb gələn  vətən sevgisi, milli özünüdərk, zülmə, ədalətsizliyə boyun əyməmək kimi  hisslərə malik olan bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını, ağrı-acısını çoxmu çəkəcəkdi? İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi?! 20 Yanvar faciəsi, sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz -Azadlıqdır!

 

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boğulduqca daha da azğınlaşan, 70 il özünə bayraq etdiyi kommunizm ideyalarının iflası artıq heç kimdə şübhə doğurmayan   dayaqları silkələnməyə başlayan Sovet imperiyası  bu hadisəni törətməklə nəyə nail olmaq istəyirdi? Tarixin səhnəsindən birdəfəlik silinmək ərəfəsində imperiyanın ucqar bir ölkəsində əvvəlcədən qurulmuş plan əsasında dinc nümayişçilərin gülləbaran edilməsinə qərar verənlər nəyə ümid edirdilər? Az sonra - imperiya çökəndən sonra aydın olacaqdı ki, bu qərarı verənlərin və bu faciəni törədənlərin özlərinin də bu suallara cavabları yox imiş. Baş verənlər isə Azərbaycan xalqının milli  mübarizə əzmini və iradəsini sındıra bilmədi. Əksinə, 20 yanvar hadisəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının yenidən  daha böyük vüsətlə alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə Sovet İmperiyası üçün "sonun başlanğıcı" oldu. Bu faciənin baş verməsinə qədər ölkədə mövcud problemlərin, baş qaldırmış etirazların siyasi yolla həll olunacağına ümidlər hələ də qalmaqda idi. Lakin bir nəslin yaşaya biləcəyi qədər ömür yaşamış imperiya özü ilə həmyaşıd olan vətəndaş nəslinin böyüklü-kiçikli hamısına atəş açmaqla bu ümidləri tamamilə alt-üst etdi. O zamana qədər hələ də Azərbaycanın müstəqilliyinə müəyyən qədər skeptik yanaşanlar da bu hadisənin baş verməsi ilə artıq imperiya boyunduruğunda yaşamağın qeyri-mümkünlüyünü dərk etdilər və milli azadlıq hərəkatının aktiv iştirakçılarına çevrildilər. Bu faciəvi olay onilliklər ərzində insanlara sırınan "humanist" əsaslı kommunizm ideologiyasının puçluğunu sübut etdi və məhz bu hadisədən sonra Kommunist Partiyasından kütləvi istefalar, cəmiyyətin bütün təbəqələri tərəfindən müxtəlif formalarda ifadə olunan etirazlar İttifaqın hər yerini bürüdü və onun dayaqlarını sarsıtdı.Həmin ərəfədə SSRİ-nin bir çox respublikalarında İttifaq əleyhinə etirazlar baş qaldırmışdı. Gürcüstan və Baltikyanı ölkələrdə də hərbi qoşun hissələri tərəfindən dinc nümayişçilərə qarşı silah tətbiq olunmuşdu.Lakin Azərbaycanda baş qaldıran etirazlara qarşı törədilmiş 20 yanvar hadisəsi öz qəddarlığı, misli görünməmiş vəhşiliyi və dağıdıcı miqyası ilə əvvəlki olaylardan çox fərqlənirdi.

 

Xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi. "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı yalnız qanlı cinayət hadisəsi törədildikdən sonra elan edilmişdi. Görünür, imperiya rəhbərliyinin xalqımıza qarşıqəzəb hissi o qədər güclü və hərbi təcavüz həyata keçirmək niyyəti o qədər qəti idi ki, törətdiyi qeyri-insanlıq aktına əvvəlcədən "hüquqi don" geyindirməyə belə ehtiyac duymamışdı. Baş verəcək hadisələrin və faciənin miqyası barədə məlumatların geniş xalq kütləsinə çatdırılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyasının enerji blokunun partladılması da qanlı cinayət əməlinin əvvəlcədən müəyyən edilmiş plan əsasında həyata keçirildiyini bir daha göstərir. Bununla Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmişə millətləri qaranlıqda və məlumatsızlıqda idarə etməyə alışmış düşmənlərimiz bilmirdilər ki, bu zaman insanların səsini bir-birinə çatdıran, o səsləri Xalqın Səsinə çevirən yenilməz bir qüvvə vardı bu millətin canında. - Onların Azadlıq sevgisi! Bu sevgini boğmağa isə heç bir Yumruğun  gücü çatmayacaqdı!..

 

lll

 

Qanlı yanvar faciəsindən sonra bu hadisəyə verilən reaksiyalar və ya ümumiyyətlə hadisəyə münasibət bildirilməməsi kimin kim olduğunu və kimin hansı  məqsədə xidmət etdiyini tam aydınlığı ilə göstərdi. Xalqın taleyüklü bir anında ümummilli lider Heydər Əliyevin  ən faciəvi günlərindən birini yaşayan Azərbaycan xalqının acısına şərik çıxması - onun öz xalqına olan  sonsuz məhəbbətinin ifadəsi idi.Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlı elə ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz xalqına başsağlığı diləyən Heydər Əliyev, xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını cəsarətlə ittiham etdi və onların cəzalandırılmasını tələb etdi. Bu qanlı faciənin önlənə bilməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini kökündən yanlış addım kimi qiymətləndirən Heydər Əliyev bu cür yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və olmayacağını açıq şəkildə bəyan etdi. Bütün təhlükələrə baxmayaraq, xalqımıza qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının elə həmin gün  imperiyanın mərkəzindən bütün dünyaya bəyan edilməsi -xalqımızın üzləşdiyi ən çətin məqamlarda Heydər Əliyevin ümummilli mövqedən çıxış etmək cəsarətini, onun təkcə xalqın qələbələrinin deyil, həm də dərdinin önündə dayandığını bir daha sübut etdi.

 

Cinayətin törədildiyi vaxtdan keçən bir neçə illər ərzində 20 Yanvar hadisələrinə  lazımi siyasi-hüquqi qiymətin verilməməsi də vacib məsələlərdən biri idi.Mövcudluğunun mahiyyətində zorakılıq və hegemonluq daşıyan imperiyanın  onun rəhbərliyi tərəfindən verilən göstəriş əsasında baş vermiş bəşəri cinayətə hüquqi qiymət verə biləcək qədər səmimiyyətə və iradəyə malik olmadığı əvvəlcədən  məlum idi. Ona görə də 1990-cı ilin dekabrında SSRİ Baş hərbi prokurorluğunun hərbi qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam verməsi heç kimi təəccübləndirməmişdi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən faciəli olayların araşdırılması ilə bağlı yaradılmış İstintaq komissiyasının fəaliyyətinin heç bir nəticə və heç bir əsas olmadan dayandırılması isə təəccüb  doğurmaya bilməzdi. Bu o zamankı ölkə rəhbərliyinin baş vermiş qanlı faciəyə siyasi-hüquqi qiymət verə bilmək iqtidarında olmadığını nümayiş etdirirdi. Təəssüf ki, daha sonra 1992-ci ilin 19 yanvarında qəbul edilmiş "1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair" Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının Qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.

 

20 Yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayət olduğunu sübut etmək, faciə qurbanlarının hüquqlarının müdafiəsini təmin etmək, axıdılmış günahsız qanların baiskarlarının cəzalandırılması üçün siyasi, hüquqi zəmin formalaşdırmaq olduqca önəmli məsələ idi. Məhz buna görə Prezident Heydər Əliyevin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 5 yanvar 1994-cü il tarixli Fərmanında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 1992-ci ildə qəbul olunmuş müvafiq Qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığı və həqiqi günahkarların aşkar edilmədiyi nəzərə çatdırıldı və Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə Milli Məclisin xüsusi sessiyasının keçirilməsi  tövsiyə edildi.

 

Beləliklə, 1994-cü ilin martında Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında xüsusi Qərar qəbul etdi. Bu Qərarın qəbul edilməsinin əhəmiyyəti ondan ibarət idi ki, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsihərbi təcavüz və hərbi cinayət kimi qiymətləndirildi, qanlı faciənin sifarişçiləri və icraçıları açıq şəkildə bəyan edildi və bu cinayətin istintaqını həyata keçirən hüquq mühafizə orqanlarının fəaliyyətinin qənaətbəxş olmadığı bildirildi.Bununla da, nəhayət ki,qanlı faciəyə dövlət səviyyəsində münasibət bildirilməsi təmin edildi.

 

Faciədən 26 il keçir. "Əbədi, dönməz və sarsılmaz" müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər.Şəhidlər Xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar.Prezident İlham Əliyevin Şəhidlər Xiyabanını ziyarət edərkən vurğuladığı kimi: "Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır".

 

Bəli, şəhidlər unudulmaz. Onlar xalqın azadlığı yolunda canlarından da keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər.Ölümə gedən yollar onları ölməzliyə - əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Bu bir tarixdir.Qanlı, amma Şərəfli bir tarix. Tarix isə onu unudanları bağışlamır.

 

Cavanşir Feyziyev

 

 

525-ci qəzet.- 2016.- 20 yanvar.- S.2;5