Maarif və mədəniyyət
tariximizdə Rəşid bəy Əfəndizadənin yeri və rolu
Rəşid bəy Əfəndizadə
(rus dilində yazılmış sənədlərdə
Rəşid bəyin adı və soyadı Abdurəşid İsmayıl Əfəndi
oğlu Əfəndiyev
kimi yazılıb -
N.N.) Azərbaycan dilində təhsil alan
hər bir azərbaycanlının hələ
ibtidai məktəb illərindən tanıdığı
söz ustalarından biridir.
"Ay havada uçan durna" misrası ilə başlanan gəraylını yaşlı
nəslin nümayəndələri
nostalji hisslərlə
hələ də zümzümə edirlər.
R.Əfəndizadənin "Fəsillər"
şeirinin bir bəndi hələ də orta məktəb
dərsliklərində şifahi
xalq ədəbiyyatının
janrlarından birinə
- mövsüm nəğmələrinə
nümunə kimi təqdim olunur:
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığır gətirir,
Üçü vurur, dağıdır...
Əlbəttə, bu yalnışlıq, çox güman ki, Rəşid bəy Əfəndizadənin
şeir dünyasına
məhəbbətdən irəli
gəlir.
R.Əfəndizadə 1863-cü ildə Şəkidə anadan olub, ilk təhsilini də bu şəhərdə alıb. 1879-cu ildə Qori şəhərində
Zaqafqaziya Müəllimlər
Seminariyasının müsəlman
şöbəsi açılanda
bu yeni təhsil
ocağının ilk tələbələrindən
biri də R. Əfəndizadə olub.
O, 1882- ci ildə seminariyanı bitirərək,
Qutqaşendə (indiki
Qəbələ-N.N. ) kənd
məktəbinə müdir
təyin olunub,
1890-cı ilin əvvəllərində
Xaçmaz (indiki Oğuz rayonundadır-
N.N.) kənd məktəbinə
müəllim işləməyə
göndərilib. 1892-ci ilin sonlarında R.Əfəndizadə Tiflisə
gəlib, dekabrın
27-də Zaqafqaziya Əhli-Təsənni
İdarəsində katib
köməkçisi vəzifəsinə
təyin olunub. O
vaxt müfti vaxtilə Qoridə Rəşid bəyə ana dili və
şəriətdən dərs
deyən Hüseyn Əfəndi Qayıbov idi.
Rəşid bəyin Tiflisə dəvət edilməsi təsadüfi deyildi. Müfti
Hüseyn Əfəndi
Qayıbov tutduğu dini vəzifə çərçivəsində böyük maarifçilik
işləri görürdü:
kənd və şəhərlərdə yeni
məktəblər açır,
yazılı və şifahi ədəbiyyatın
inkişafına, qabaqcıl
müəllimlərin yazdıqları
dərslik və risalələrin çapına
qayğı göstərirdi.
Sənədlərdən məlum olur ki, R.Əfəndizadədən
əvvəl Əhli-Təsənni
İdarəsində katib
köməkçisi vəzifəsində
şamaxılı Mirzə
Seyfəddin Seyidov işləyirmiş. O,Tiflis
Məhkəmə Palatasına
tərcüməçi vəzifəsinə
keçəndən sonra
R.Əfəndizadə onun
yerinə müvəqqəti
olaraq işə götürülüb. Səriştəsi, bilik və bacarığı,
yazı mədəniyyəti
nəzərə alınaraq,
R.Əfəndizadə bir
neçə aydan sonra daimi işə
keçirilib. R.Əfəndiyev bundan üç ay sonra kənd mollası və müəllimlik attestatı
almaq üçün
Tiflis-Kutaisi Sünni Məclisinə
müraciət edir.
1893- cü il iyunun 6-da imtahan verir. Zaqafqaziya Ruhani İdarəsinin 2 iyul
1893-cü il tarixli qərarı ilə ona prixod
mollası və müəllimliyi təsdiq
edən 760 nömrəli
attestat verilir. Məşhur
müəllimlər seminariyasını
bitirib, 10 ildən artıq bir müddətdə kənd
məktəblərində müəllimlik
edən R.Əfəndizadənin
dini idarədən sənəd alması təəccüblü görünməməlidir.
Bu, çox güman
ki, yeni vəzifədə möhkəmlənmək,
Zaqafqaziya Müəllimlər
Seminariyasında işə
düzəlmək, hazırladığı
dərslikləri Ali Ruhani
İdarəsinin xətti
ilə çap etdirmək məqsədi daşıyırdı. R.Əfəndizadə Ruhani İdarəsində katib vəzifəsindən
yuxarı yüksələ
bilməyib. Yaxşı
xətti, tərcüməçilik
məharəti, vəzifə
borcuna vicdanlı münasibəti Rəşid
bəyə başucalığı
gətirsə də, aldığı az
maaşdan bezərək,
o, ailəsini yaxşı
yaşatmaq üçün
əlavə gəlir yolları axtarır. Özünü oda-közə atsa
da, yeganə çıxış yolunu
elmdə və ədəbi yaradıcılıqda
görür. Bu cəhətdən
R.Əfəndiyevin 1898-ci il aprelin 4-də müfti H.Qayıbova yazdığı ərizə
maraq doğurur.
Ərizəçi ayda 34 manat 29 qəpik əmək haqqı aldığını,
6 nəfərlik ailəsini
güclə dolandırdığını
ürək ağrısı
ilə bildirir və vacib maddi
həyati tələbatını
ödəməkdən ötrü
gördüyü işlərdən
söz açır:
"Maddi vəziyyətimi
yaxşılaşdırmaqdan ötrü hələ xalq maarif sistemində
işlədiyim illərdə
tərtib etdiyim əlifba kitabçasını
("Uşaq bağçası"
dərsliyi nəzərdə
tutulur-N.N.) nəşr
etmək qərarına
gəlmişəm. Kənd
məktəblərində Azərbaycan
və rus dillərini tədris edərkən 10 il
ərzində müntəzəm
olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq nəticələr qazanmışam.
Dərs planlarımda əsas yeri rus məxəzlərindən
götürülmüş məqalələr, Puşkin,
Lermontov, Krılov, Koltsov,
Jukovski və başqalarının əsərləri
tutur. Senzor Komitəsinin icazəsi
ilə əsəri ərəb əlifbasının
kolliqrafiya qaydaları
ilə çap etdirməkdən ötrü
Türkiyəyə - Konstantinopol
(İstanbul-N.N.) şəhərinə
göndərmişəm. İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən
çap mütəxəssisi
olmadığından tipoqrafiyanın
rəhbərliyi dərsliyin
düzgün korrektə
olunacağına zəmanət
vermir. Odur ki, dərsliyi
korrektə etmək üçün Konstantinopola
getmək istəyirəm".
R.Əfəndiyev ərizəsinin sonunda
səfərlə əlaqədar
olaraq, ona iki aylıq məzuniyyət verilməsini
xahiş edir.?
Zaqafqaziya
müftisi H.Ə.Qayıbovun
18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən
Konstantinopola getmək
üçün R.Əfəndiyevə
mayın 20-dən iki aylıq məzuniyyət və xarici pasport verilir. R.Əfəndiyevin ilk dərsliyi
-"Uşaq bağçası"
elə həmin il İslambulun
(şəhərin adı
dərslikdə belə
yazılıb- N.N.) Bab-i Ali caddəsindəki
38 nömrəli ünvanda
yerləşən "İvanaki
Panayotidis" mətbəəsində
çap olunur.
Ümumi
təəssürat üçün
titul səhifəsinin
yazılarını olduğu
kimi təqdim edirik: "Müəllif və mucidi (yaradanı, vücudə gətirəni-N.N.) Rəşid bəy
Əfəndizadə. On sənə müzirində
kəsb olunmuş təcrübədən sonra
tazə üsuli-sövti
üzrə təsis olunub, təliq (ərəb yazısı növlərindən biri--N.N. ) və cüls
xətləri üzrə
tərtib olunubdur. Qiyməti 1 manat 20 qəpikdir. Hər həqqi müəllif və naşirinə aiddir. Maarif nəzarət cəliləsinin
rəzasəti ilə
təb olunmuşdur.
İslambul. İvanaki Panayotidis mətbəəsi,
Bab-i Ali cadəsi, 38.
1316 səneyi-islamiyyə
(1898 səneyi məsihiyyə)".
Kitabın 7 səhifəlik müqəddiməsində ana dilində verilən təlimin məqsəd və vəzifələrindən, ayrı-ayrı dərslərin metodik təqdimatından söz açılır.
Yeri gəlmişkən onu da qeyd edək ki, İstanbulun Bab-i Ali caddəsində o vaxtlar onlarla mətbəə var idi. "İvanaki Panayotidis" mətbəəsi texniki imkanlarına görə digərlərindən əsaslı şəkildə fərqlənirdi. Mətbəənin ən məşhur nəşrlərindən biri 1897-ci ildə burada çap edilmiş "Kamus-i Rumi-Rumcadan Türkçeye Luğat"dir.
İki cildlik bu lüğətin tərtibçisi-yazanı mətbəə sahibinin özüdür. Nəfis tərtibatlı bu qamus kitabı 2054 səhifədir. Dünya lüğətçilik tarixinin nadir kitablarından biridir.
Tarixilik xatirinə qeyd etmək istəyirik ki, "Uşaq bağçası"nın çapına 1896- cı il fevralın 29-da Qafqaz Senzor Komitəsi tərəfindən icazə verilsə də, dərsliyin nəşri iki ildən çox ləngimişdi. Kitabın çapındakı bu ləngimələr nəşriyyat problemləri ilə bağlı olub. Belə ki, bu illərdə Tiflisdə -Zaqafqaziyanın baş şəhərində Azərbaycan dilində mətbəələr, demək olar ki, fəaliyyətini dayandırmalı olmuşdu. 1878-ci ildə yaradılmış "Ziya" mətbəəsi Səid Ünsizadənin İstanbula müraciətindən bir az sonra bağlanmışdı. Bu mətbəənin bazası əsasında yaradılan "Kəşkül" mətbəəsi də 1891-ci ildə "Kəşkül" qəzeti bağlanandan sonra öz fəaliyyətini dayandırmışdı. Ünsizadə qardaşlarının 1878-1891-ci illərdə Tiflisdəki coşqun nəşriyyatçılıq fəaliyyətinin əngəllənməsi Zaqafqaziyadan kənardakı türkdilli ədəbiyyatın da inkişafına öz mənfi təsirini göstərib.
Unutmaq lazım deyil ki, türk dünyasının böyük yazarlarından biri, Səid Ünsizadənin əqidə və məslək dostlarından olan krımlı İsmayıl bəy Qasprinski türkdilli jurnalistik fəaliyyətinə 1879-cu ildə "Ziya" qəzetindən başlamışdı. İ.Qasprinskinin "Tərcüman"dan əvvəlki bir sıra kiçik həcmli jurnalları "Tuncuq", "Şəfəq", "Qəmər " Ünsizadə qardaşlarının mətbəəsində çap olunmuşdu.
İ.Qasprinski 1881-ci ildə Tiflisdə "Ziya" mətbəəsində çap etdirdiyi "Tuncuq" jurnalının "Ön söz"ündə bu xidmətləri çox yüksək dəyəndirmişdi.
"Uşaq bağçası"nın həcmi 137 səhifədir. Əsər giriş və 3 fəqərədən-hissədən ibarətdir. Dərslik "Müəllim Rəşid bəy Əfəndizadə" imzalı 7 səhifəlik müqəddimə ilə başlayır. Birinci hissənin materialları 25 səhifədə yerləşdirilib. İkinci hissə yenidən nömrələnib (səh.1-78 ). Üçüncü hissənin materialları 79-cu səhifədən başlayır, 105 ci səhifədə tamamlanır. Sonuncu - nömrəsiz səhifədə Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun və şeyxülislam Axund Əbdüssəlam Axundzadənin hərəsinin ayrı-ayrılıqda bir cümləlik müsbət rəyi-icazəsi çap olunub:
"Həmin kitabçanı Zaqafqazın cəmi sünniməzhəb müsəlmanlarının məktəblərində ümxaz (istifadə-N.N.) olunmağa nafe (faydalı-N.N.) hesab edib imza edirəm.
Zaqafqaz müftisi Hüseyn Əfəndi Qayıbov".
"Həmin kitabçanı cəmi şiəməzhəb müsəlmanlarının ibtidai məkatibində şagirdlərin istifadəsi üçün təlim kitabı əxz (əldə etmə, alma-N.N.) olunmağa mənfəətlü hesab edirəm.
Zaqafqaz şeyxülislamı Axund Əbdüssəlam Axundzadə".
Dərsliyin birinci hissəsi dilin fonetik və leksik materiallarının tədqiqinə həsr olunub. Buradakı nəzəri materialların izahında yeri düşdükcə atalar sözü və məsəllərdən istifadə olunub. Dərsliyin ikinci və üçüncü hissələrinin materialları müntxəbat xarakterlidir. Burada rus və dünya ədəbiyyatından tərcümə və iqtibas edilmiş təmsil, hekayə, zərifə və s. janrlarda olan nəzm və nəsr nümunələri məktəb yaşlı uşaqların mənəvi dünyasini zənginləşdirən, onların mütaliə mədəniyyətinə yönələn dəyərli materiallar kimi diqqəti cəlb edir:
Məktəb vəqtidir, əzizim, dur ayağa, ey oğul,
Gün çıxıb, pəncərədən düşdü otağa, ey oğul.
Çox zamandır ki, xoruslar oyadıblar xəlqi,
Paltarın əgninə gey, çəkmən ayağa ey oğul.
Quş ola, heyvan
ola, insan ola məzmumdur
(məzəmmət
olunmuşdur-N.N.)
Kəsbdən qeyri qədəm qoyma qırağa, ey oğul.
Yük çəkir hər cücü öz ruzqini, hər arı özün,
Vuracaq baldan ötür daşa, batdağa, ey oğul.
Kəsbdir gərçi dutur
torçu balıq dəryadan,
Kənçinin meyli olur bostana,
bağa, ey oğul.
Fikr eylə, imdi, oğul: elm, sənət kəsbidir,
Sən də get məktəbə,
elmə, dur ayağa ey oğul.
"Məktəbə çağırış" adlı bu şeir K.D.Uşinskinin "Ana dili" dərsliyindəndir. Müəllifi K.D.Uşinskinin yaxın dostu, görkəmli pedaqoq, Zaqafqaziyanın təhsil tarixində əhəmiyyətli rol oynayan L.N.Modzalevskidir (14.02.1837-12.05.1896). L.N.Modzalevskinin dərsliklərdə dəfələrlə yer tutan bu şeirini H.Qaracadaği də, R.Əfəndizadə də, M.Ə.Sabir də tərcümə etmişlər. Tərcümələr o qədər maraqlı alınmışdır ki, onların orijinal olub-olmamasını müəyyənləşdirmək, bir neçə tədqiqatçıdan başqa, demək olar ki, heç kəsin yadına düşməmişdir.
Rəşid bəy Əfəndizadənin ikinci dərsliyi "Bəsirətül-ətfal"dır. Onun ilk variantı 1901-ci il sentyabrın 12-də Bakıda nəşr olunmuşdur. Müəllif 1907-ci ildə bu dərsliyi şagirdlərə müsəvvər (şəkilli-N.N.) dərslik kimi təqdim etmişdir. Dərslik İstanbulda Bab-i Ali caddəsindəki 72 nömrəli binada yerləşən Mahmud bəy mətbəəsində nəşr etdirmişdir.Dərslikdəki illüstrasiyalar məşhur rus rəssamı Vladimir Amosoviç Taburinindir.
R.Əfəndizadənin İstanbulda nəşr olunan "Bəsirətül-ətfal"ı Bakıda nəşr olunan "Bəsirətül-ətfal"dan həcmcə xeyli kiçikdir. Cəmi 128 səhifədir.
Dərslikdə klassik Azərbaycan ədəbiyyatından, "Kəlilə və Dimnə"dən, şifahi xalq ədəbiyyatından edilmiş tərcümələrin, tərbiyəvi əhəmiyyətli materialların çoxu dərslik müəllifinin şərhləri ilə müşayiət olunub.
"Uşaq bağçası", eləcə də "Bəsirətül-ətfal "dərsliklərindəki materialların əksəriyyətindən müasir dərsliklərinin yeni nəşrlərində səmərəli şəkildə istifadə etmək olar.
Nazim NƏSRƏDDİNOV,
Əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.- 2016.- 22 yanvar.- S.6.