Qarabağ münaqişəsi və Qanlı 20 Yanvar faciəsinə aparan yol

 

Qarabağ Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov Azərbaycan xalqının müstəqillik tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 26-cı anım günü ilə əlaqədar "525"ə müsahibə verib.

 

- 20 Yanvar hadisələrini necə qiymətləndirirsiniz? Bu faciəyə imza atanlar hansı maraqlara xidmət ediblər?

 

- Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, İrəvan, Moskva və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanıb. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılması nəticəsində, mənfi ictimai fikir formalaşdırıldı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yayıblar. Ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürüblər. Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda  iki  komitəsi - İrəvanda "Qarabağ" komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan "Krunk" açıq fəal mübarizəyə başlayıb, separatçılıq  hərəkatı genişlənib. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və İrəvanda davamlı tətillər keçirilərək, müəssisələr dayandırılıb və kütləvi mitinqlər təşkil edilib. Lakin baş verən sonrakı hadisələr Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərib.

 

Ermənistan rəhbərliyi və erməni millətçiləri mərkəzin bəzi dairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparıblar. Belə bir şəraitdə Sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməyib, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də Sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilib.Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 Yanvarında qanlı faciəyə gətirib çıxarıb.

 

- Sovet ordusunun Bakıya hərbi müdaxiləsini necə xatırlayırsınız?

 

- 1990-cı ilin yanvar ayında Sovet İttifaqının ilk və sonuncu prezidenti Mixail Qorbaçov başda olmaqla Sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilib. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.  Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın "Alfa" qrupu tərəfindən yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutdu. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda ümumilikdə 26 nəfər öldürülmüşdür. Beləliklə, Sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq  147-ə çatmışdı.

 

- Bakıda törədilən faciəyə dünya birliyinin reaksiyası necə olub?

 

- Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı. Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb oldu, ölkənin hər yerində mitinq və nümayişlər keçirildi. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə Sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları  pislənib. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış ediblər.

 

İranın milli təhlükəsizlik şurası yığıncaq keçirib və bu barədə bəyanat qəbul edib. İran parlamentinin 160-dan çox üzvü M.Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pisləyib. İran prezidenti Rəfsəncani və İranın dini lideri Xameneyi M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid ediblər. Bununla yanaşı, Türkiyə və İranın  kütləvi informasiya vasitələri Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisəni kəskin tənqid edib və bunu qırğın adlandırıb.

 

Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar veriblər. Bu reaksiyalar ümumilikdə müsbət  olsa da, ancaq obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirib. Avropa İttifaqınin rəsmi nümayəndəsi Qeor isə deyib ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz. Avropanın müxtəlif yerlərindən gələn fikirlər isə Qərbin mövqeyini izah etmək baxımından maraqlıdır. Məsələn, "Ştern" məcmuəsi və "Tribuna lyudu" qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə olunmasının zəruri olduğunu bildirib.

 

Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. Bundan əlavə "Los-Anceles Tayms", "Vaşinqton Post", "Krisçen Sayens Monitor", "Nyu-york Tayms", "Baltimor San" mətbu orqanlarında, eləcə də, bir sıra xarici radiostansiyaların məlumatlarında  Bakıda baş verən hadisələrə, xüsusilə, Sovet ordusunun hərbi müdaxiləsinə haqq qazandırılmasa da, çox vaxt bu qanlı cinayətə laqeyd münasibət özünü göstərib.

 

Sovet rəhbərləri ordunun Bakıya göndərilməsi qərarını müxtəlif cür izah edirdilər. O vaxtkı SSRİ-nin xarici işlər naziri Şevarnadze ordunun müdaxiləsini yalnız qan tökülməsinin qarşısını almaq üçün göndərildiyini bildirib. Sovet xarici işlər nazirinin bu bəyanatı müdafiə naziri Yazovun bəyanatı ilə ziddiyyət təşkil edirdi. Müdafiə naziri öz bəyanatında Bakıda hakimiyyətin ələ keçirilməsinin qarşısını almaq üçün hərbi hissələrin göndərildiyini bildirib.

 

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görülüb. 1995-ci ilin aprelin 27-  Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov  İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunub 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirib: "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi".

 

- 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsinə necə nail olunub?

 

- Ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmadan siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək bəyanatla çıxış edib.

 

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməyib". Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

 

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə Qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2016.- 22 yanvar.- S.5.