Saatlıda şəhidin xatirəsinə həsr
olunmuş sənədli filmin
təqdimatı
Yanvarın 20-də Saatlı rayonunun Gənclər Mərkəzində
şəhid Fariz Novruzovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.
Azərbaycan Mətbuat Şurasının
təşəbbüsü ilə "Bitməyən
müharibənin qəhrəmanları"
silsiləsindən hazırlanmış
"Nigaran ruhlar" sənədli filmində cəbhə xəttindəki
döyüşlərdə həyatını itirmiş
Milli Ordumuzun gizirinin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb.
Öncə toplantı iştirakçıları
Saatlının Şəhidlər
Xiyabanında 20 Yanvar şəhidlərinin anım
tədbirinə qatılıblar.
Saatlı Rayon İcra
Hakimiyyətinin başçısı
Siraqəddin Cabbarovun,
62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı, Mətbuat Şurasının
sədri Əflatun Amaşovun, yerli ictimaiyyətin nümayəndələrinin,
həmçinin media təmsilçilərinin
iştirak etdikləri
tədbirdə rayon məktəblilərinin
ifasında 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii
kompozisiya nümayiş
olunub.
"Nigaran ruhlar"
sənədli filminin təqdimat mərasimində
çıxış edən
Saatlı Rayon İcra
Hakimiyyətinin başçısı
Siraqəddin Cabbarov 20
Yanvar tarixinin Azərbaycan xalqının
taleyində misilsiz rol oynadığını
vurğulayıb. Müstəqillik illərində 20 Yanvar hadisələrinə
düzgün hüquqi-siyasi
qiymətin verilməsi
ilə bağlı əsaslı işlərin
aparıldığını diqqətə çatdıran
icra başçısı
mövcud istiqamətdəki
fəaliyyətin əsasının
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu
önə çəkib.
"Ulu Öndər
faciənin ertəsi günü Moskvada bəyanatla çıxış
etdi. 20 Yanvarı
Azərbaycan xalqına
qarşı cinayət
adlandırdı. Bu, olduqca
cəsarətli və
qətiyyətli addım
idi", - deyə o əlavə edib.
S.Cabbarov rəhbərlik etdiyi rayonda həm 20 Yanvar şəhidlərinin,
həm də torpaqlarımızın bütövlüyü
uğrunda gedən döyüşlərdə şəhid
olmuş şəxslərin
ailə üzvlərinin
problemlərinə həssaslıqla
yanaşıldığını deyib. Bu baxımdan ötən ilin noyabrında düşmənin
açdığı atəş
nəticəsində həyatını
itirmiş F. Novruzovun xatirəsinin də uca tutulduğunu bildirib. İcra başçısı onu da diqqətə
çatdırıb ki,
deputat Ə.Amaşovun
müvafiq dövlət
qurumları ilə apardığı danışıqlardan
sonra rayonda şəhid ailələri
və Qarabağ müharibəsi veteranları
üçün nəzərdə
tutulmuş yeni mənzillərin inşası
işi sürətləndirilib
və belə tədbirlər Azərbaycan
dövlətinin bu təbəqədən olan
vətəndaşlara qayğısının
bariz göstəricisidir.
Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov çıxışına təqdimatı keçirilən sənədli film barədə məlumat verməklə başlayıb. Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının belə tədbirləri ənənəyə çevrilib. İndiyədək şəhid Fərid Əhmədov və Əhməd Abdullayev haqqında bu cür sənədli filmlərin ərsəyə gətirildiyi barədə məlumat verən deputat rejissoru tanınmış jurnalist Bəxtiyar Qaraca olan "Nigaran ruhlar" adlı ekran işinin Saatlı rayonunda nümayişinin əhəmiyyətinə toxunub: "Fariz bu torpağın yetirməsidir. Onunla əlaqədar filmin rayonunun hər yerində, ən əsası bütün təhsil ocaqlarında nümayişi vacibdir. Gənc nəsil qəhrəman övladlarımızı tanımalı, örnək götürməlidir", - deyə Ə.Amaşov əlavə edib.
Ə.Amaşov çıxışında həmçinin 20 Yanvarın xalqımızın taleyində oynadığı roldan da danışıb. "20 Yanvar tarixi insanımızı toplumdan xalqa çevirən qəhrəmanlıq salnaməsidir. Bu tarix daim yaddaşlarda qalmalıdır və qalacaq. Azərbaycan dövləti, şəxsən Prezident cənab İlham Əliyev məsələyə böyük həssaslıqla yanaşır. Hər il ölkə miqyasında, eləcə də dünyanın müxtəlif yerlərində 20 Yanvar şəhidləri anılır. Ən əsası isə bu, Azərbaycanın dünyaya haqq səsi, xalqımızın özünü təsdiq anı kimi təqdim olunur", - deyən Ə.Amşov əlavə edib ki, 26 il öncəki faciənin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılmasında mətbuat orqanlarının müstəsna əməyi olub. Belə nəşrlərdən biri də Saatlının indi də fəaliyyətini davam etdirən "Dönüş" qəzetidir. Qəzetdə faciə və onu törədənlər qətiyyətlə pislənmişdi.
Təqdimat mərasimində çıxış edənlərdən İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Müharibə, əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı Saatlı rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı Əliağa Qurbanov və başqaları 20 Yanvarın təkcə faciə deyil, eyni zamanda qəhrəmanlıq, dirəniş tarixi kimi yad edilməsinin zəruriliyini əsaslandırıblar. Bu baxımdan Saatlı rayonunda keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Onlar eyni zamanda F.Novruzov kimi hər bir şəhidin adının doğulub boya-başa çatdığı rayonda əbədiləşdirilməsinin vacibliyini əsaslandırıblar.
Sənədli filmin nümayişindən sonra söz alan şəhid F.Novruzovun atası Əlabbas Novruzov övladının xatirəsini uca tutan hər kəsə təşəkkürünü bildirib.
525-ci qəzet.- 2016.- 22 yanvar.- S.4.