İndi dadlı söz də hamıda yoxdu!”

 

 

 

 

Ruslanla təsadüfən görüşdüm. Mənə öz şeirlərini təqdim etdi ki, oxuyum fikirlərimi deyim. Bu şeirlər, son vaxtlar gənclərin mənə təqdim etdiyi şeirlərdən tamamilə fərqli idi.

 

İndi poeziyada qarmaqarışıqlığın hökm sürdüyü bir vaxtda, hərənin əlinə qələm alıb şeir yazmaq həvəsinə düşdüyü bir vaxtda, yaxşını pisdən seçmək üçün ölçü tapa bilmədiyin bir vaxtda, şair Tofiq Bayram demiş, şairlər zəiflədiyindən, oxucuların şeir yazmaq həvəsinə düşdüyü bir vaxtda, şeirdə ölçü-biçinin itdiyi, təzə söz demək bəhanəsiylə şeirdə hoqqabazlıq həvəsinə düşən şairkimilərin sözü, şeiri qiymətdən saldığı bir vaxtda bu gəncin - Ruslanın  şeirləri məni lap heyrətə gətirdi.

 

İndi dadlı söz hamıda yoxdudeyən Ruslan elə bil ki, mənim özümü bu şeirlərin qarşısında məsuliyyətli olmağa səslədi: yaxşı yaz! Sevindim ki, arxamca özü sözü olan belə istedadlı cavanlar gəlir. Ruslanın şeirləri gənclərimizin gözəl şeirlər yaza biləcəyinə məndə böyük ümid yaratdı. Əminəm ki, bu ümid cığırı təzə geniş poeziya yoluna çıxacaq.

 

Bəs bu şeirlərdə məni cəlb edən idi? Ənənəvi şeirimizin üslubunda, lap elə müqəyyəd qafiyələrlə elə deyimlər, elə situasiyalar, elə ifadələr, elə təzəlik yaradır ki, adam sözün möcüzəsinə bir daha heyrət edir. Bu Ruslanın şeirlərinin təsirindən yaranan duyğularımdır.

 

Mən bu istedadlı cavanın şeirləri barədə fikirlərimi yazıb mətbuata vermək istəyirdim. Özü “525-ci qəzet”i nəzərdə tutmuşdum. Sən demə, Ruslan həmin şeirləri artıq Rəşad Məcidə təqdim edibmiş.

 

Mən Rəşaddan Ruslanın şeirlərinin çapını xahiş edəndə, məlum oldu ki, o da şeirləri oxuyub, bəyənib mənimlə eyni hissləri keçiribmiş. Sözümüz bir-birini tutdu.

 

Beləcə, şeirləri ortaq hiss rəylə “525-ci qəzet”in oxucularına təqdim edirik.

 

Musa Yaqub

525-ci qəzet.- 2016.- 23 yanvar.- S.28