Öz yerində olan
adam
Və ya bir dostumuzun 55 illiyi barədə zarafatdan xali olmayan qeydlər
... Sonu 0-la bitməyən yaşı yubiley kimi qeyd etmək
düz deyil - yaş və yubiley məsələsinə
özünəməxsus münasibəti olan bir dostumuz belə
iddia edir.
...Yubileylər
33, 44, 55, 66, 77 və s. kimi qoşa rəqəmli yaşlarda
qeyd olunsa, daha yaxşıdır - başqa bir dünyagörmüş
dostumuz da bu fikirdədir.
Hansı
haqlıdır, deyə bilmərəm...
Amma dəqiq
deyə bilirəm ki, haqqında yazmaq istədiyim dostumuz 55-i
yola salır, səssiz-küysüz, heç bir yubiley
iddiası-filanı da olmadan...
O,
jurnalistdir. Fəxri adı, titulları və təltifləri
olmayan bir jurnalist... Amma lazım
gəlsə, adı-sanı olanlara belə dərs deyə bilər...
Ən azı dil və üslub məsələlərindən...
Hətta bir ara tanınmış
universitetlərdən birində bu mövzuda mühazirə də
oxuyub.
Bununla belə,
Əməkdar Jurnalist olmamasını hərdən
özünə dərd edib,
“adımızın altı boşdur,” - deyə gileylənməyi
də var. “Səni tanıyanlar bilir ki, belə bir titula
heç ehtiyacın yoxdur, adın-familiyan bəs edir,” - təsəllisi
versək də, Əməkdar Jurnalist adının həm mənəvi
dəyər, həm də indiki iqtisadi çətinliklər
dövründə 60 manatlıq müavinət kimi maraqlı
olması faktını danmaq çətindir.
Başqa bir dərdi - Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin əyani yox, qiyabi şöbəsini
bitirməsidir. Hərçənd,
işdən ayrılmadan təhsil alması ona jurnalistikanın
əlifbasını ilkin mənbədə - rayon mətbəəsində
yaxşıca öyrənmək fürsəti verib. Amma
bu qiyabi-əyani söhbətinə yazının sonunda bir də
qayıdacağam.....
Hə...
Kimliyini deməzdən əvvəl bir məsələni də
qeyd edim ki, jurnalistikanın qiyabi şöbəsini bitirsə
də, iş sarıdan bəxti əyanini qurtarmış əksər
həmkarlarından daha yeyin olub. Həm respublikanın
tanınmış qəzetlərində - “Xalq qəzeti”ndə,
“Azərbaycan”da, “Respublika”da, “Panorama” da və
başqalarında şöbə
müdiri, məsul katib, redaktor vəzifələrində
çalışıb, həm də elə olub ki, eyni vaxtda
bir neçə yerdə işləyib və elə indinin
özündə də belədir... Əlbəttə,
bu faktı sosial ədalətsizlik kimi qəbul edənlər də
tapılır. Guya kiminsə yerini tutmaq mənasında!
Amma insaf naminə demək lazımdır ki, bu adam öz istedadı,
qabiliyyəti və işgüzarlığı sayəsində
hazırda bir qəzetin
redaktorluq, ciddi bir elmi jurnalın məsul katiblik yükünü nəinki
rahatlıqla çəkə bilir, üstəlik boş
vaxtlarında kitab tərtibatı, nəşriyyat
redaktorluğu, tərcümə ilə məşğul olur və...
hətta mövsuzu rəsmən təsdiqlənmiş dissertant
kimi filologiyadan elmi iş üzərində
çalışmağa da imkan tapır. Belə
çoxşaxəli yaradıcılığı olan birinin
kiminsə yerini tutmasından necə söhbət gedə bilər?
O, elə
öz yerindədir...
Sadəcə
tale ona, çoxlarımızdan fərqli olaraq bir neçə
yer ayırıb...
Əslində, ona bir neçə yerdə işləməsini
irad tutanlar bunu zarafatla deyirlər. Çünki o özü də çox
zarafatcıl və nikbin adamdır. Ən
çətin situasiyalarda belə yumor hissini itirməməsi,
məncə, həyatında üzləşdiyi
çoxsaylı çətinliklərin öhdəsindən gəlməkdə
də köməyinə çatır. Komik
vəziyyət yaranmayanda onu özü düzəltməyi də
bacarır və hamımızın rastlaşdığı
gündəlik problemlərin çoxunu bu yolla, necə deyərlər,
yola verir. Elə bu cəhətinə
görə biz ona bəzən “yazıçı” da deyirik.
Çünki yazıçı təxəyyülü
də var və bəzi dostların başına gələn
maraqlı və ibrətamiz əhvalatlardan hekayələr
quraşdırıb çap etdirməklə bu
istedadını da sübuta yetirib. Amma hadisələrin
real qəhrəmanına heç sağ ol da deməyib... Bu,
artıq başqa mövzudur...
Bütün bunların müqabilində təvazökardır,
gözütox adamdır. Təxminən 10-15 il əvvəl
ona özəl bir mətbuat qurumuna rəhbərlik təklif
olunanda deyiblər ki, ayda 500 manat da maaş veriləcək, necədir,
etirazın yoxdur ki? Qayıdıb nə desə
yaxşıdır? “Bu, bir az çoxdur”.
O dövr
üçün bu məbləğ həqiqətən də
bir az yüksək sayılırdı. Amma
bu həqiqəti dilə gətirmək ancaq gözütox
adamlara xas ola bilərdi...
Bir də...
Bir azca da səbr eləyin, kimliyini indi deyəcəm.
Bir də
qarabağlı olması ilə fəxr edir həmişə...
Dədə-baba yurdu Ağdamın Seyidli kəndində
uşaqlıqda Kötəl suyu içdiyini xüsusi
vurğulayır. Bu Kötəl nə
çaydır, onun suyunu içənlərdə hansı
qabiliyyətlər olur - deyə bilmərəm. Amma hərdən mənə elə gəlir ki, o
xırda arxı bu qədər ideallaşdırması rəhmətlik
Səməd Vurğunun Göyəzəni göylərə
qaldırmasına (“Göylərə baş çəkir,
Göyəzən dağı”) bənzəyir. Hər
halda bu da bir istedaddır... Yeri gəlmişkən, dediyinə
görə, orta məktəbin son sinfində oxuyarkən Səməd
Vurğunun yaradıcılığı haqqında
yazdığı və şairin yubileyi ilə bağlı
AzTV-də elan olunmuş müsabiqəyə göndərdiyi
inşanı münsiflər bəyəniblər və adını çəkib,
yazdığı mətndən nümunə oxumaqla onun
özünü də əməlli-başlı göylərə
qaldırıblar.
Qarabağlı olsa da, Kötəl suyu içsə də,
tanrı ona səs verməyib. Amma yaxşı musiqi duyumu, tarı
dilləndirmək qabiliyyəti bəxş edib... Uşaq musiqi
məktəbini əla qiymətlərlə bitirib, hətta
vaxtilə Ağdamın məşhur “Qarabağ bülbülləri”
ansamblında tar da çalıb, böyük konsert
salonlarının səhnəsinə də
çıxıb... Hətta nə vaxtsa yarızarafat,
yarıciddi deyib ki, Kremlin Qurultaylar Sarayında, Sovet dövlətinin
rəhbəri Leonid Brejnevin qənşərində də tar
çalıb. Bu, bir az
inandırıcı gəlməyib mənə... Bəlkə
də növbəti zarafatıdı... Amma zarafatsız, musiqi
təhsilini Ağdamda mənim rəhmətlik yerlim Mais
Salmanovun rəhbərlik etdiyi orta ixtisas musiqi məktəbində
davam etdirsəydi, yəqin ki, ifaçılıq sənətində
çox ciddi uğurlar qazana, hətta
indiyədək fəxri ad da ala bilərdi. Çalğısını
şəxsən dinlədiyimə görə bu fikirdəyəm.
Hətta özü də mənimlə razılaşır,
ancaq deyir ki, filologiyanı, jurnalistikanı dil-ədəbiyyat
müəllimi olan rəhmətlik anamın istəyi ilə
seçmişəm və peşman da deyiləm...
Mən də bu məsələdə onunla
razılaşıram.
Həqiqətən
də, o bu gün
jurnalistika aləmində özünü təsdiq
etmiş, tanıtdırmış həmkarlarımızdan
biridır: Elşən Əliyev. “Azərbaycan
işıqları” qəzetinin baş redaktoru, “Vergi xəbərləri”
jurnalının məsul katibi...
Bu imzaya daha nə əlavə etmək olar?
İstedad
və qabiliyyəti barədə dedim...
Gözəl
ailə başçısı olmasını təsəvvür
etmək çətin deyil...
Bu günün özündə 88 yaşlı atasına
uşaq kimi qulluq etməsini vurğulamağa da ehtiyac
duymadım.
Bunu adi və təbii oğulluq borcu kimi yerinə yetirdiyinə
görə...
Adını
açıqlamağı yazının sonuna
saxlamağımı da bağışlayar yəqin... Çünki başına bundan betəri gəlib.
İllər öncə, oğlunun toyunun idarəçiliyini
etibar etdiyi tələbə yoldaşı və dostu,
istedadlı həmkarımız Süleyman Qaradağlı məclisi
nə qədər şən və maraqlı aparsa da,
hamıdan və hər şeydən danışsa da,
axıradək bəyin atasının adını çəkmir.
Tamadanın bu ustalığını Elşənin
özündən başqa məclisdə heç kim hiss eləmir... O da bunun cavabını illər
sonra dostu haqqında yazdığı, lakin bir dəfə də
adını çəkmədiyi “Tamam ayrı adam”
hekayəsi ilə çıxır... Ümumiyyətlə, bu
iki nəfərin münasibətləri az
qala böyük bir romanın mövzusu ola bilər, yazan olsa...
İstənilən
məclisdə olduqca isti bir tandem təşkil etsələr də,
təəssüf ki, hazırda onlar “soyuq müharibə”
dönəmindədirlər və
yəqin ki, Elşənin
55 yaşına Süleymanın yazmağa da, deməyə də
sözü daha çox ola bilərdi... Hətta adını
çəkmədən belə...
Bir məqamı da mütləq qeyd etməliyəm. Elşən Əliyevin
iqtisadi məsələlərə bələdliyi heç də
filologiyaya, jurnalistikaya bələdliyindən az
deyil. İqtisadi yönümlü sanballı
elmi jurnalın məsul katibi olmaq, sosial-iqtisadi mövzularda
maraqlı məqalələr yazmaqla yanaşı, o, indiyədək
iqtisadiyyata dair bir neçə elmi-populyar kitabın
redaktorluğunu edib. Bu qabiliyyətini görənlər Elşəndən hətta
“Narxoz” təhsilinin olub-olmamasını da soruşublar...
Amma o “Narxozu” bitirməyib. Həmin məşhur institutun qonşuluğunda təhsil alıb. O vaxtkı Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində. Onda Jurnalistika fakültəsi indiki İqtisad Universitetinin yanında - Əlyazmalar İnstitutunun binasında yerləşirdi. Və o, həmin fakültənin qiyabi şöbəsində oxuyub...
Qiyabiçi tələbələr bu binaya ildə cəmi iki dəfə - qış və yaz sessiyaları zamanı gəlir, təxminən bir ay ərzində imtahan və zaçotları verib gedirdilər. Fakültəyə ildə cəmi iki dəfə, o da qısa müddətə gəldiyini aradan 30 ilə yaxın vaxt keçəndən sonra da özünə dərd edir...
Sonralar danışacaqdı ki, qiyabiçi tələbələrin əksəriyyəti kimi mən də jurnalistikada əyani oxuyanlara həsəd aparırdım. Hər dəfə sessiyaya gələndə auditoriyalarda və dəhlizlərdə “əyanilər”in bizə bir qədər yuxarıdan baxdığını hiss etməyə bilmirdim. Düşünürdüm ki, bəxtəvərlər, ilboyu müəllimlərlə ünsiyyətdə olur, hər gün kitabxanalara gedib saatlarla oxuyub-öyrənir, paytaxtdakı nüfuzlu qəzet-jurnal redaksiyaları ilə müntəzəm əlaqə saxlayır, adlı-sanlı jurnalistlərlə görüşür, üstəlik, fakültənin divar qəzetlərini buraxmağa da vaxt tapırlar. “Ax, nə bunların yerinə olaydım”, - deyirdim ürəyimdə...
Sonralar saysız-hesabsız söhbətlərimiz əsnasında ürəyindəki bir xatirəni də etiraf edəcəkdi: “Bəxtəvər sandığım həmin tələbələrdən biri də o idi... Çiynindən uzun qayışlı meşin çanta asması, indiki Əlyazmalar İnstitutunun binasının arxasında yerləşən fakültənin darısqal həyətindən aram-ahəstə addımlarla, ətrafına məhəl qoymadan bəzən tək, bəzən də ən yaxın dostları ilə keçib getməsi yadımda qalıb... Bu sarışın, amma qaraqabaq gənclə şəxsi tanışlığım olmasa da, kimliyindən xəbərim var idi...”
Həmin sarışın, amma onun qaraqabaq hesab etdiyi gənc mən idim...
Müsəllim HƏSƏNOV
525-ci qəzet.- 2016.- 23 yanvar.- S.27