Etüdlər
I
Sükut. Sükut. Lal sükut. Qaranlıq zülmət o lal sükuta qarışıb lap bağıryaran olurdu. Birdən hardasa it hürdü. Səs gah uzaqdan, gah da yaxından gəlirdi. Görünür, zəncirsiz idi. İt hürə-hürə elə bil bağıryaran o sükutu da boğmuşdu. Ertəsi gün yenə həmin sükut... Qaranlıq zülmət o bağıryaran sükutu daha da vahiməli etmişdi. Qulağı səsdə idi... Ancaq...
İtləri zəncirə vurub, elə bil ağazlarına da qaytaq keçirmişdilər.
II
Qoca, bu səhər də yerindən erkən durub, bağda yenə həmişəki yerində oturmuşdu. Baxıb-baxıb birdən hiss etdi ki, divarın hörgüsündən bir daş düşüb.
Qoca fikrə getdi. Daşı qaldırıb yerinə qoymaq istədi. Qocanın nəvələri oxumuş adamlar idi. Nəvələrini də köməyə çağırdı. Onlar babalarını başa salmağa çalışdılar ki, cəhdin əbəsdir, özünü hədər yerə əziyyətə salma! Nə qədər çalışıb vuruşsan da, daha o daş bir daha yerində durmaz.
Qoca sözə baxmadı, nəvələri də daha bir söz deməyib, qımışaraq xısın-xısın güldülər.
Qoca səhərdən axşamacan çox əlləşib vuruşsa da, o daşı təzədən yerinə qoya bilmədi.
Səhər yuxudan duranda o divardan bir daşın da qopub düşdüyünü gördü və qocaya dərindən bir köks ötürüb qəlyanına od vurmaq qaldı.
III
Qonşu idilər. Yaraşıqlı, boylu-buxunlu rəssam hələ cavan olsa da, çox məşhur, adlı-sanlı idi. Xarici ölkələrdə də fərdi sərgisi açılmışdı.
Ərinin xahişi ilə rəssam onun portretini çəkmişdi. Neçə seans rəssamın qarşısında durmuşdu. Rəssam saatlarla, bircə kəlmə demədən, gözünü ona zilləyər, sonra qəfildən fırçanı əlinə alıb kətanın üzərində gəzdirərdi.
Rəssamla küçədə təsadüfən rastlaşdı.
Qadının ürəyi xəfifcə titrədi: "Bəlkə pəncərəsindən baxıb onun küçəyə çıxmağını gözləyirmiş..."
Rəssam yenə də diqqətlə, gözünü qırpmadan ona baxırdı. Elə bil ilk dəfə görürdü onu. Qadına elə gəldi ki, o vaxt seans zamanı saatlarla molbertin arxasında dayanan rəssam heç ona belə baxmamışdı...
Özünü ələ alıb nəsə demək istəyirdi ki, rəssam qabağa düşüb:
- Bağışlayın, bilirsiniz, deyəsən o vaxt çəkdiyim tabloda nəsə tam deyil, istəyirəm o tabloya bir də əl gəzdirim... - deyə utancaq-utancaq dilləndi.
...Qadın otaqda için-için hıçqırırdı.
IV
Allah-Təala Nuhun ricasını qəbul edib ona vəhy göndərdi ki, bəs, gəmi düzəlt və zülümkarlar barədə bir daha mənimlə danışma, çünki onlar suda boğulmalıdırlar.
Nuh peyğəmbər Allah-Təaladan xəbər alanda ki, bəs o tufanın əlaməti nə olacaq, vəhy gəldi ki, od-ocaq qalanmış isti təndirin dibindən soyuq su fışqıracaq. Bax, o zaman əzab əlaməti görünən kimi imana gələn əməlisaleh bəndələrimi xəbərdar edib düzəltdiyim gəmiyə mindirərsən...
İndi torpaqda təndir yerinə soyuq quyulardan isti su çıxır.
Bəlkə bu, yeni bir tufanın, qiyamətin əlamətidir?
V
Bir ünvana qonaq çağrılmışdı. Ev yiyəsinin həm böyük vəzifəsi var idi, həm də kalan pulu. Qırx otaqlı imarət öz yerində, bağ-bağat bir özgə aləm idi. Şəlalər, fəvvarələr, çarhovuzlar. Ağacların altından arx axırdı, budaqlarından dəymiş meyvələr sallanırdı. Güllərin, çiçəklərin ətri adamı bihuş edirdi. Quşların cəh-cəhi laylay kimi şirin idi.
Cənnəti görüb gələn olmamışdı, oxuduqlarından cənnət ona tanış idi. O hesabla bura da əsl cənnət idi, cənnət!
Təsəllisi bu idi ki, bu dünyada bir kərə cənnətdə yaşayanlara, əlbəttə, adil Allah-təala, çətin ki, bir də cənnət qismət eləsin...
Bu dünyada cəhənnəmi görənlərin isə, əlbət, axirətdə qisməti cənnət olar...
VI
Oxuduğu əvvəlcə onu xeyli düşündürmüş, sonra da rahatlığını əməlli-başlı əlindən almışdı.
Demə, orta əsr inkvizasiyasında günahkarlara əzab və əziyyət vermək üçün xüsusi alətdən istifadə olunurmuş. Cəza verilən adamın ayağına məxsusi tikilmiş ayaqqabı geyindirərdilər ki, bu ayaqqabı da məhkumun ayağını sıxıb ona şiddətli əzab, dözülməz ağrılar verərmiş. Adına da "İspan çəkməsi" deyilərmiş...
Gözü ayaqlarında qalmışdı...
Rəşid Behbudov Filarmoniyada konsertlə anılıb
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli müğənni, Xalq artisti Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilmiş konsert təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri çıxış ediblər. Balaca istedadları Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsert proqramında dünya, eləcə də Azərbaycan musiqi xəzinəsindən incilər səsləndirilib.
Görkəmli sənətkarın adını daşıyan musiqi məktəbinin yetirmələri hər zaman zəngin irsimizə sadiqdirlər, ölkəmizin mədəni həyatında daim fəallıqları ilə seçilirlər. Onlar böyük səylə Azərbaycan vokal məktəbinin, o cümlədən, Rəşid Behbudov sənətinin ənənələrini davam etdirirlər.
Təhsil müəssisəsi musiqi mədəniyyətimizi zənginləşdirməklə bərabər, ölkə hüdudlarından kənarda uğurla təmsil olunur. Məktəbin şagirdləri beynəlxalq müsabiqələrdə yüksək nəticələr əldə edirlər.
Aydın
Tağıyev
525-ci qəzet.-
2016.- 26 yanvar.- S.7