Ağdam nümunəsində sabaha ümidlərlə
ƏMƏKDAR MEMAR YEGANƏ HACIYEVA: “AĞDAM NÜMUNƏSİNDƏ QARABAĞIN DAVAMLI İNKİŞAFI” LAYİHƏSİ MƏNİM ÜÇÜN ÇOX DƏYƏRLİDİR”
Martın
ilk günlərində Azərbaycan Memarlıq və
İnşaat Universitetində (AzMİU) “Ağdam nümunəsində
Qarabağın davamlı inkişafı” layihəsinin təqdimatı
olmuşdu.
AzMİU-nun
professor-müəllim heyəti ilə “SABAH” qruplarında təhsil
alan tələbələrin birgə işi olan layihə
çərçivəsində Ağdam şəhərinin
nümunəsində işğal altında olan ərazilərdə
gələcəkdə aparılacaq bərpa və quruculuq
işlərinin planı hazırlanmışdı.
Qarabağın işğaldan azad edilməsindən sonra Yeni
Qarabağın inşası, inkişafı və həyatının
qurulması “Ağdam nümunəsində Qarabağın
davamlı inkişafı” layihəsində əks olunurdu.
AĞDAMIN
YENİ BAŞ PLANI
AzMİU-nun Memarlıq fakültəsinin
Dizayn kafedrasının
dosenti, memarlıq üzrə fəlsəfə
doktoru, əməkdar memar Yeganə Hacıyeva deyir ki, “Ağdam nümunəsində Qarabağın
davamlı inkişafı”
adlı layihə üzərində işlərə
2015-ci ildən başlanılıb
və bir ilə başa çatdırılıb. Layihə
iki blok
üzrə işlənib
- memarlıq və şəhərsalma, enerji
və təbii resursların bərpası.
Memarlıq və şəhərsalma
bloku üzrə görülən işlərə
Yeganə Hacıyeva, enerji və təbii resursların bərpası bloku üzrə işlərə
isə layihənin ideya rəhbəri, universitetin ekologiya kafedrasının müdiri,
akademik Fəqan Əliyev rəhbərlik edib. “Ağdam nümunəsində Qarabağın
davamlı inkişafı”
layihəsində Ağdam
şəhərinin baş
planı, nəqliyyat infrastrukturu, baş plan layihəsində yaşayış
kvartallarının dizayn
həlli, baş plan konsepsiyasının zonalaşma
sxemi, baş plan konsepsiyasının nəqliyyat
infrastrukturu sxemi, ictimai binalar üzrə təklif olunan bərpa layihələri, şəhər
üçün fərdi
yaşayış evlərinin
layihə təklifləri,
müasir yaşayış
binaları, çoxmərtəbəli
yaşayış kompleksi,
bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən
alınan enerji imkanları, Ağdam şəhərinin çirkli
sularının kənarlaşdırılması
layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli
yaşayış komplekslərinin
layihə təklifi və digər bilgilər yer alıb.
YADDAŞDAKI
AĞDAM
Y.Hacıyeva bildirib ki, layihə üzərində
işlərə başlayarkən
Ağdamın işğaldan
sonrakı görüntüləri,
talan olunan şəhərin hazırki
vəziyyətini əks
etdirən şəkillər
gözdən keçirilib:
“Şəhərin mədəniyyət
abidələri, evlər,
binalar, bütün infrastruktur məhv edilib, küçələr,
yollar tamamilə dağıdılıb. Fikirləşdim ki, yerlə-yeksan edilən, xəritəsi, planı, özü olmayan, strukturu dağıdılan bir şəhərin görüntüləri
üzərində yeni
baş plan qurmaq mümkün deyil. Bir də layihə üzərində işləyən
insanların çoxu
Ağdamda olmayıb və onun işğaldan
öncəki vəziyyətini
görməyiblər. Ağdamın məşhur “Çay
evi”, Çörək
muzeyi, “İmarət” meydanının harada yerləşdiyi haqda məlumatları yoxdur.
Qərara aldıq ki,
Ağdamın 1977-ci ildə
“AZƏRDÖVLƏTLAYİHƏ” tərəfindən
işlənmiş Baş
Planı, peyk görüntüləri, işğaldan
öncəki və sonrakı rəsmlərdən
istifadə edərək
bu işi ərsəyə gətirək.
İmkan
daxilində bütün
materialları, şəkilləri
topladıq. Mən
tələbələrə dedim ki, mənfur
ermənilər şəhəri
talan edə bilərlər, ancaq onlar mənim yaddaşımdan Ağdamımı
silə bilməzlər.
Şəhərin işğaldan öncəki
görünüşü mənim
yaddaşıma hopub.
Şəhərin mərkəzi, mədəniyyət
abidələri, binalar,
gözəl evlər hamısı bugünki kimi yadımdadır.
Şəhərin işğaldan öncəki
vəziyyətini, Çay
evi, Çörək
muzeyi, “İmarət” meydanının, küçələrin,
evlərin harada yerləşdiyini tələbələrə
təsvir etdim. Mənim verdiyim istiqamət, peyk görüntüləri,
şəkillər və
digər mənbələrdən
istifadə edərək
şəhərin yeni
baş planı üzərində işlərə
başlanıldı”.
ÇAY
EVİ, ÇÖRƏK MUZEYİ, “İMARƏT” MEYDANI
Y.Hacıyevanın sözlərinə görə,
yeni baş planda şəhərin məşhur Çay evi, Çörək muzeyi, “İmarət” meydanı, məscid olduğu kimi təqdim edilib. Onların
vizual görünüşündə
hec bir dəyişiklik
olunmayıb: “Çay
evi, Çörək
muzeyi, “İmarət” meydanının vizual görünüşü çox
gözəl və özəldir. Ağdam sakinləri onları
olduğu kimi qəbul edir. Bu səbəbdən də biz heç bir dəyişikliyə ehtiyac görmədik.
Sadəcə, yeni baş
planda onlara daha geniş ərazi ayrıldı.
“Qarabağ şəhidləri”
kompleksi üçün
geniş park ərazisi
təsvir edildi. Yaşayış binaları, məktəblər,
məktəbəqədər təhsil müəssisələri
və sair baş plana əlavə olundu. Ancaq təəssüf ki, biz Ağdamdakı yaşayış
evlərini tam təsvir
edə bilmədik.
Çünki bu evlərin
heç birinin şəklini tapmadıq.
Mən çoxlu sayda şəhər sakini ilə görüşdüm,
söhbətləşdim, Ağdam
rayon İcra Hakimiyyəti
ilə əlaqə saxladım, amma nəticəsi olmadı, şəkillər əldə
edə bilmədim.
Əlimizdə olan ancaq
60-70-ci illərin şəkilləri
idi. Biz evləri
plan üzrə göstərdik,
amma obraz olaraq təsvir edə bilmədik. Yeni plana əsasən, Ağdamın özündə
yerləşən zavodlar
şəhərdən kənara
çıxarıldı. Yeni yol şəbəkəsi quruldu, küçələr
genişləndirildi. Digər qonşu
rayonlara getmək üçün yol şəhərin içərisindən
deyil, kənarından,
dairəvi şəkildə
təsvir edildi. Bundan sonra isə layihəyə müəyyən
bir ərazidə şəhərin bərpa
olunan enerji mənbələri, Qarabağın
kiçik çay mənbələrindən alınan
enerji imkanları, Ağdam şəhərinin
çirkli sularının
kənarlaşdırılması, magistral su kəməri
və sair əlavə olundu.
NASA-dan alınan diaqramma ilə, çox dəqiqliklə bu iş həyata
keçirilib. Layihənin bu
hissəsini mütəxəssislər
qrupu işləyib”.
MÜASİR
ŞƏHƏR
Əməkdar memar bildirib ki, tələbələr
böyük səylə,
həvəslə bu layihə üzərində
işləyiblər. Onlar heç
bir zaman görmədikləri şəhərin
baş planını qurublar. Bu doğrudan
da böyük uğurdur: “Layihə AzMİU-nun “SABAH” qruplarında
təhsil alan
tələbələr tərəfindən
ərsəyə gətirilib.
Layihə çərçivəsində
27 slayt hazırlanıb.
Slaytların hər birinin
altından Azərbaycan
və ingilis dilində məlumatlar verilib. Qeyd edim ki, bizim
universitetin “SABAH” qrupları
3 il əvvəl
ali təhsildə yenilikçi mühitin formalaşdırılması, savadlı,
bacarıqlı, hazırlıqlı
tələbələrin yetişdirilməsi,
kadr hazırlığının
təmin edilməsi məqsədilə yaradılıb.
Bu ixtisaslarda təhsil
alan tələbələrin
gözəl nəticələri
var və onların təhsilə marağı daha yüksəkdir. Burada təhsil alan
tələbələrin hamısı
yüksək potensiala
malik, savadlı gənclərdir. Onlar bir il ərzində bütün
imkanlarını səfərbər
edib, böyük məsuliyyətlə çalışıb
“Ağdam nümunəsində
Qarabağın davamlı
inkişafı” layihəsini
ərsəyə gətirdilər.
Biz şəhərin əvvəlki və işğaldan sonrakı rəsmləri əsasında
Ağdamın yeni baş planını müasir, yeni variantda hazırladıq.
Bu, Qarabağın davamlı inkişafının
layihələndirmə konsepsiyasıdır.
Bu işin ərsəyə
gəlməsində bizə
verdiyi dəstəyə
görə AzMİU-nun
rektoru, professor Gülçöhrə Məmmədovaya
öz təşəkkürümü
bildirirəm. Ərsəyə gətirilən “Ağdam nümunəsində Qarabağın
davamlı inkişafı”
layihəsi təkcə
bizim deyil, bütünlüklə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin uğurudur”.
Y.Hacıyevanın dediyinə görə,
layihənin əsas məqsədi işğal
altında olan torpaqlar azad edildikdən sonra böyük qayıdış
zamanı tələbələrin
bu işə bütün imkanları ilə verə biləcəkləri töhfəni
nümayiş etdirməkdir:
“Tələbələr bu
layihəni işləyəndə
vətənlərini daha
çox sevməyi, kompleks layihə ilə işləməyi öyrəndi, Qarabağı
daha yaxından tanıdılar. Mən Əmircan qəsəbəsinin
baş planı, Şimalı Abşeron istirahət zonasının
layihəsi, Teleqüllə
rayonunda park layihəsi,
Badamdar qəsəbəsində
1 nömrəli mikrorayonun
eksperimental layihəsi,
Şirvan, Qusar şəhəri baş
plan layihəsi, Zığ-Heydər
Əliyev Beynəlxalq
Hava Limanı - beton örtüklü avtomobil yolunda müasir şəhər
“Baku City” layihəsi, R.Behbudov
və Füzuli küçələrinin kəsişməsində
yeraltı ticarət və piyada keçidi layihəsi, Bülbül və Füzuli küçələrinin
kəsişməsində piyada
keçidi layihəsi,
Bakı-Quba-RF sərhəd dövlət
yolunun yenidən qurulması və sair kimi bir
çox uğurlu layihələrə imza atmışam. Ancaq onlar içərisində
mənim üçün
ən dəyərli olanı “Ağdam nümunəsində Qarabağın
davamlı inkişafı”
layihəsidir”.
S.QARAYEVA
525-ci qəzet.- 2017.- 1 aprel.- S.8.