Həmişə yeri görünəcək
insan
Bu gün - aprelin 4-ü Maliyyə Nazirliyinin
İnfrastruktur təyinatlı layihələrin maliyyəsi
şöbəsinin sabiq müdiri, mərhum Mərdan Mərdanovun
doğum günüdür.
Martın
22-də uzun sürən xəstəlikdən sonra
dünyasını dəyişən mərhumun anadan
olmasından bu gün 65 il ötür. Modern.az M.Mərdanovun xatirə günündə, mərhumu
yaxından tanıyan insanların onunla bağlı
düşüncə və xatirələrini təqdim edir.
Mahir
Abbaszadə, Laçın rayonundan millət vəkili:
- Mən Mərdan Mərdanovu və onun ailəsini
yaxından tanıyırdım. Mərdan müəllimin
qardaşı Elbrus Təhməzov vaxtilə Laçın
rayonunun deputatı və rayon icra hakimiyyətinin
başçısı olub. Mərdan
müəllim rayon ictimaiyyəti arasında çox
böyük nüfuza malik olan şəxs idi. Azərbaycan maliyyə sektorunda sözünü
demiş və etimad qazanmış insanlardan biri olub. Mərdan müəllim mənim hafizəmdə həm
vətənpərvər şəxs, həm də gözəl
ailə başçısı kimi qalıb. Həmçinin,
Mərdan müəllimin övladlarının hamısı ali təhsilli olmaqla yanaşı, həm də
ölkəmizdə kifayət qədər nüfuz
qazanıblar. Onlar Laçın rayonunda ən
adlı-sanlı nəsillərdən birinin nümayəndələridir.
Mərdan müəllimin səhhətində problem
yaranmışdı və o, uzun müddət xəstəxanada
müalicə alırdı. Müalicə
aldığı müddətdə Mərdan müəllimə
baş çəkmiş, ona Allahdan şəfa diləmişdim.
Amma nə etmək olar. Allahın
yazdığı bir ömür var. Mərdan müəllimin
ölümü hər birimizi bərk sarsıtdı. Bu itki el-obamız üçün çox
böyük itkidir. Hesab edirəm ki, Mərdan
müəllimin həmişə yeri görünəcək.
Cavanşir
Yusifov, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti
Xidmətinin rəisi:
- Biz Mərdan
müəllimlə uzun zaman kəsiyində bir yerdə işləməklə
bərabər dostluq etmişik. Tez-tez
görüşər və dünyanın gərdişindən
danışar, uzun sürən söhbətlər edərdik.
Mən Mərdan qardaşımızın
sağlığına söz deməyə öyrənmişəm,
onun ölümü ilə əlaqədar yox. Mərdan müəllim həqiqətin
carçısı, obyektivliyin və düzgünlüyün
müdafiəçisi, dostluğun təcəssümü və
bir valideyn nümunəsi idi. Mərdan
müəllim keyfiyyətində, xarakterində dostu, insanı
itirmək təbii ki, mənim üçün,
düşünürəm ki, nəinki mənim
üçün, eləcə də bütün onu tanıyanlar
üçün çox ağırdır. Mərdan müəllim həm də öz elini,
obasını, vətənini sevən, vətən
üçün hər şeyindən, canından belə
keçməyi bacaran bir vətən oğlu idi. Mərdan müəllimi, həm də vətən
itirdi. Allah sənə rəhmət eləsin,
əziz və əvəzolunmuz qardaşımız Mərdan,
torpağın nurla dolsun.
Fazil Fərəcov,
Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri:
- Mərdan
müəllimin fəaliyyətinin böyük hissəsi Maliyyə
Nazirliyi ilə bağlıdır. Bir dost kimi bu, mənim
üçün böyük itkidir. Mərdan
müəllimlə 1981-ci ildən bəri maliyyə sistemində
birgə çiyin-çiyinə
çalışmışıq. Çətin
anlarımızda hər zaman məsləhətləşmiş
və bir yerdə olmuşuq, mürəkkəb və çətin
məsələləri birgə həll etmişik. Mərdan
müəllim böyük vətənpərvər,
etibarlı dost, layiqli dövlət qulluqçusu, diqqətli və
mehriban insan, xarakterinə sadiq, işgüzar və öz
işinə həmişə məsuliyyətlə yanaşan
və digər yüksək keyfiyyətlərə malik insan
idi. Onun faəliyyəti, işində məsuliyyətli
olması, idarəçilikdəki səriştəsi,
yüksək təşkilatçılıq
bacarığı hər birimizin gözü
qarşısında olub. Onun bu əməyi
ölkə rəhbərliyi tərəfindən də qiymətləndirilmişdi,
uzun müddət dövlət qulluğunda səmərəli
fəaliyyətinə görə "Dövlət
qulluğunda fərqlənməyə görə"
medalı ilə təltif edilmişdi. Mərdan
müəllim kollektivdə hörmət-izzət sahibi olmaqla
yanaşı, həm də gözəl ailə
başçısı idi. Onun əziz
xatirəsi qəlbimizdə daim yaşayacaq. Allah rəhmət
eləsin!
Rəşad
Məcid, "525-ci qəzet"in baş redaktoru:
- Azərbaycanın
dəyərli insanlarından, ziyalılarından biri Mərdan
müəllimin 65 yaşı tamam olur. Təəssüf
ki, budəfəki yubileyini doğmaları, yaxınları və
dostları onunla birgə qeyd edə bilməyəcəklər.
65
yaşına az qalmış, ötən
ayın 22-də biz Mərdan müəllimi cismən itirdik. Bu itki hamımız üçün ağır
oldu.
Mərdan müəllim 1952-ci ilin aprelin 4-də
işğal altında olan Laçın rayonunun Ağoğlan
(Kosalar) kəndində doğulub. O kənddə onların nəslinə
Təhməzovlar da deyirdilər. Amma Mərdan müəllimin
soyadı babasının adına görə
Mərdanov idi.
Kənddə Ağoğlan məbədi vardı. Məbəd qədim
alban tarixinə aid idi və onun sirli bir aurası vardı.
Üç tərəfindən çay axan bu
qeyri-adi kənddə böyüyən uşaqlar həm
oranın təbiətinin gözəlliklərinə, həm də
qədimliyinə valeh olurdular. Heç
şübhəsiz ki, o qədimlik, təbiətin
vüqarlı görkəmi burada doğulan insanların
xarakterinə də öz təsirini göstərirdi. Bu keyfiyyətlər Mərdan müəllimin da
xarakterinə sirayət eləmişdi. O, xaraktercə
möhkəm, dağlar və qayalar kimi qürurlu insan idi. Eyni zamanda, Mərdan dayının Ağoğlandan
axan çayın suları kimi həlim, dupduru, saf xasiyyəti
vardı. Ağoğlan məbədindəki
sirli aura da onun xarakterinə çökmüşdü.
Mən hələ uşaqlıqdan həmişə Mərdan
dayını bir güvənc, söykənəcək yeri
hesab eləmişdim. O, uzun illər Maliyyə Nazirliyində
çalışdı, bütün həyatını Azərbaycanın
maliyyə sisteminin inkişafına həsr etdi. Bu xidmətlərinə
görə bir neçə il əvvəl
Azərbaycan Prezidentinin sərəncamı ilə "Dövlət
qulluğunda fərqlənməyə görə"
medalı ilə təltif olundu. Bununla
bağlı hələ o zaman demişdim ki, əslində, Mərdan
müəllim bu mükafata təkcə dövlətinə və
xalqına xidmətə görə deyil, həm də ən
yaxın, doğma, ondan kömək uman insanlara həyan
olduğu üçün layiq idi. O həm dövlətin,
həm ananın, həm bacının, həm həyat
yoldaşının, həm övladlarının, həm onu
tanıyanların, həm də qohumlarının qulluğunda
necə vicdanla dayandığını əməlləri ilə
sübut edirdi. Bu yüksək həssaslıq
onun xarakterində özünə möhkəm yer
tapmışdı.
Yaşı 95-i ötmüş anası, mənim nənəm
Balaxanım nənəyə harda olursa-olsun, hər axşam
saat 7-də mütləq zəng edirdi. Və bu xasiyyəti
ondan ətrafdakılara, o cümlədən mənə də,
övladlarına da keçirdi. O, bu nümunəni
göstərməklə hamını məhz bu cür diqqətli,
həssas olmağa çağırırdı.
Vəfatından 18 gün qabaq biz yenə onun
başına yığışmışdıq. Mərdan
müəllim aşıq musiqini çox sevirdi. Elə həmin gün dostu - aşıq İlham
Astanbəylini, məni, yaxınlarını yanına dəvət
etmişdi. Aşıq İlham saz havaları
çaldı, mən şeirlər dedim. Bunların
ab-havasında biz hiss etdik ki, o, xəstəliyi
ilə mübarizə aparır və ona qalib gəlmək istəyir.
Elə orada özünün hələ gənclik
illərində yazdığı və gizli
saxladığı şeirlərini pıçıltı ilə
səsləndirirdi.
Mərdan dayı onu sevənlərin xatirəsində həmişə
işıqlı və əziz bir insan kimi qalacaq. Onu heç
vaxt unutmayacağıq.
Elşad
Eyvazlı, Parlament Jurnalistlər Birliyinin sədri:
- Mərdan
müəllimlə tanışlığım Rəşad Məcidin
sayəsində baş tutmuşdu. İlk görüşdən
onun haqqında təəssüratlarım belə oldu:
Ağayana adam, yararlı adam, qənimət
adam. Mənə elə gəlir ki, bu ifadələri
tək-tək insanlar haqqında demək olar. Yaşasaydı, 65 yaşı tamam olacaqdı. Görünür, 65 yaşını əzizləri
ilə bir yerdə keçirmək onun qisməti deyilmiş.
İnsan var eldən gedir, insan var evdən gedir. Mərdan müəllimin
itkisi bir ev, bir ailə, bir nəslin itkisi
deyil, bir elin itkisi oldu. Əlimizdən nə gəlir ki... Keşkə belə olmayaydı deyə bilirik. Allah rəhmət eləsin, deyə bilirik. Ruhu şad olsun deyə bilirik. İnanıram
ki, onun ocağında olanlar, onun övladları öz əməlləri
ilə atalarının ruhunu hər zaman şad edəcəklər.
Aşıq
İlham Astanbəyli:
- Mərdan
müəllim çox gözəl insan, böyük ürəyə
sahib şəxsiyyət olub. O, mənim bir aşıq, sənətkar
kimi yaddaşımda qalacaq ən dəyərli
insanlardandır. Sadə, sadə olduğu qədər
də böyük insan idi. Onun çox məclislərində
olmuşam. Sənətkara, söz
adamlarına qarşı həmişə diqqətli, eyni
zamanda dostluğa sadiq və cəsarətli idi.
Ömrünün son günlərində demişdi ki, istəyirəm İlhamın sazına qulaq asım. Düzü, əvvəl getmək istəmirdim. Çünki bilirdim ki, onu xəstə halda görmək mənə çox ağır olacaq. Amma getdim. Və yaxşı ki, getdim. Çünki getməsəydim, bunu özümə bağışlaya bilməzdim. O, xəstə halıyla yenə qürurlu, cəsarətli idi. Soruşdum necəsən? Dedi, əlayam. Dedi, sən çal-oxu, qulaq asaq. 1-2 saat yanında olduq, bu müddətdə xəstəliyini hiss etdirmədi. Adı kimi şəxsiyyəti də mərdanə idi. Mərdan müəllim dünyaya mərd gəldi, mərd yaşadı, elə mərd də getdi.
Laçın deyiləndə yadıma birinci növbədə Mərdan müəllim düşür.
Böyük insanlıq xatirələrdə var-dövlətlə deyil, yaxşı əməllərlə qalır. Bir aşıq, bir ozan kimi Mərdan müəllim mənim də xatirəmdə həmişə gözəl bir insan kimi qalacaq.
Bir faktı deyim, elə olurdu, dostlarının yeyib-içmək məclislərində iştirak edirdim. Görürdün, məclisdi də, kimsə mənə - aşığa nəsə bir söz atmaq istəyir. O dəqiqə əliylə özünəməxsus jestlə etiraz edirdi ki, aşıqla nə işin var?
Mərdan müəllimin vəfatı mənim üçün də çox ağır oldu.
Allah rəhmət
eləsin!
Mirmahmud
KAZIMOĞLU
Modern.az
525-ci qəzet.- 2017.- 4 aprel.- S.8.