Ağaclar yallı oynaya bilərmi?

 

Ağdamın Zəngişalı kəndində gözü-könlü tox bir qoca yaşayır. Onun - Əliyev Şahlar Böyükkişi oğlunun 85 yaşı var.

Əlindən torpağa düşən hər bir toxum cücərib bəhrə verir, əkdiyi hər ağac sürətlə boy atır. Sözün əsl mənasında bitkilərin dilini bilən qoca onlarla söhbətləşir,  qayğılarına qalır, nazlarını çəkir. Övladlarından, doğmalarından da  yetişdirdiyi ağaclara qarşı diqqətli olmağı tələb edir.

Hava küləkli, şaxtalı olanda yuxusu ərşə çəkilir. Gecə səhərədək ağacların yanında qalır, onlara ürək-dirək verir, üstünü örtür, tonqallar qalayır. Ağaclar da borclu qalmır, bu cür qayğının əvəzini gətirdikləri meyvələrlə birə-beş ödəyirlər.

Onun bitkilərə belə isti münasibəti, ünsiyyəti barədə eşidəndə doğrusu, çox təəccübləndim. Sozün düzü, heç ağlıma da gəlməzdi ki, ağaclar insanları duyar, onları anlaya bilər.

Amerikalı tədqiqatçı Kliv Baksterin apardığı təcrübələr haqqında oxuyandan sonra məndə şübhə yeri qalmadı. K.Bakster "Detektor lji" aparatı ilə fledendron bitkisinə verdiyi suyun onun yarpaqlarına neçə saniyədən sonra çatdığını bilmək istəyirmiş. Bu məqsədlə o, aparatın elektrodlarını ağacın yarpaqlarına birləşdirir. Təcrübə zamanı K.Bakster başa düşür ki, bitki  onun ürəyindən keçənləri duyur. O, bitkinin yarpağını yandırmaq istəyəndə də, tavada yumurta və xərçəng bişirəndə də  bitki "həyacan siqnalı" verir.

Vaxtilə SSRİ Elmlər Akademiyasının Aqrokimya İnstitutunda da buna bənzər eksperimentlər aparılmışdı. Bir ağacı hər gün eyni vaxtda suvarmış, hər dəfə həssas cihazların köməyi ilə ağacın reaksiyasını qeydə almışdılar. Və bir gün ağaca suyun verilməsi gecikdirilmişdi. Bu zaman ağac həmişə sulandığı vaxt reaksiya vermiş, cihazlar bunu qeydə almışdı. Bu qəbildən olan eksperimentlər apararaq alimlər belə qənaətə gəlmişdilər ki, bitkilər şərti refleksə malikdirlər. İ.Pavlov vaxtilə demişdi ki, şərti refleks baş beyinə məxsus hadisədir.

Daha sonralar isə tədqiqatçılar bu qənaətə gəldilər ki, bitkilər də düşünür, həyacanlanır, eşidir və görürlər.

Bir vaxtlar Vasili Şukşinin "Kalina krasnaya" ("Qırmızı başınağacı") bədii filminə baxanlar yəqin ki filmin qəhrəmanı, oğru-residivist Yeqor Prokudinin meşədə ağcaqayın - başınağacı pöhrələri ilə danışıb onları əzizlədiyini yaxşı xatırlayırlar. Həmin filmə baxanda mən bunu Yeqorun oyunbazlığı kimi qəbul  etmiş, ağacların nəvazişi duymasını heç ağlıma belə gətirməmişdim. İndi isə...

Ağaclarla insanların dostluğu, hətta ağacların insanları sevməsi haqqında çox eşitmişəm. Sözün düzü,  bütün bunlar haqqında eşitdiklərimi daim  rəvayət , əfsanə kimi qəbul edirdim.

Eşitmişdim ki, tənha bir qoca uzun illər bir çinar ağacı ilə dostluq edirmiş, hətta onunla dərdləşib söhbətləşirmiş. Günlərin bir günü qoca dünyasını dəyişir. Bu ayrılığa dözməyən çinar ağacı günbəgün saralıb solmağa başlayır və nəhayət qupquru quruyur .

Başqa bir "rəvayət"də deyilir ki, bir laboratoriyada sarışın saçlı gözəl bir qız hər dəfə otağa girəndə bir küncə qoyulmuş həmişəyaşıl otaq bitkisinin yarpaqları tərpənirmiş. Bunu hiss edən əməkdaşlar ağacı çox həssas cihazlarla əlaqələndirirlər.  Və! Araşdırmalar, müşahidələr göstərib ki, həqiqətən  sarışın saçlı qız hər dəfə otağa girəndə ağac sanki "sevinir". Ona birləşdirilmiş cihazlar isə bunu qeydə alırlar.

Çoxumuz şahidi olmuşuq ki, bir otaq bitkisi birinin evində inkişaf edib böyüyür, bir başqasının evində nə qədər qulluq etsələr də saralıb solur, böyümür. Bitkilər xoşlamadıqları insanlarla bir yerdə yaşaya bilmirlər. Bədxasiyyət insanlar onlara yaxınlaşan kimi tanıyır və həyacan keçirməyə başlayırlar.

1999-cu ildə Lyuter Ber Bek adlı kaliforniyalı  bioloq "Bitkilər bizi eşidir" adlı bir kitab yazmış, həmin kitabda tikansız kaktus yetişdirməsindən bəhs etmişdir. O, kaktusu dilə tutmasından söhbət açaraq  bildirir ki, "Mən dəfələrlə ondan xahiş etdim ki, tikan bitirməsin.  Bitkilər tikanı ona görə bitirirlər ki, özlərini qorusunlar. Mən dönə-dönə təkrar edirdim ki, səni mən qoruyacağam. Sənə tikan lazım deyil".

Bir başqası yazır ki. Pretorii milli parkında Kudu antilopları sürətlə qırılmağa başlamış, bunun səbəbini axtaran Van Xoven adlı bir zooloq bu qənaətə gəlmişdir  ki, onları akasiyalar zəhərləmişdir.

Axı, akasiyanın yarpaqları zəhərli deyil! Bəs, necə olmuşdu ki, antiloplar zəhərlənmişdilər? Van Xover uzun araşdırmalardan sonra bu qənaətə gəlmişdi ki. akasiya ağacları antilopları cəzalandırmışlar. Məlum olmuşdu ki, antiloplar akasiyaların yarpağını yeyərkən şitini-şorunu çıxarıb, budaqları qırmağa başlayanda  həddən artıq çox yarpaq qoparanda akasiyalar dözmür və yarpaqlarına acı, zəhərli maddələr buraxırlar. Özü də bununla kifayətlənməyib xüsusi qoxularla ətrafdakı ağaclara da meşədə acgöz heyvanın olması barədə məlumat verirlər.

Ağaclar, bitkilər bir çox hallarda belə məlumatları  birgə yaşamağa uyğunlaşdıqları "qoruyucuları"na göndərib onları köməyə çağırırlar. Məsələn, pomidorda, xiyarda, qarğıdalıda və digər bitkilərdə belə xüsusiyyətlər var.

 Hətta kələmin   yarpağını qoparanda özündən metil-jasmonat adlı maddə buraxır və ətrafdakı kələmlər bu qoxunu duyan kimi "düşmən"i qarşılamağa hazırlaşır, yarpaqlarına  acı maddələr toplayırlar.

Özlərini qorumaq üçün yarpaqlarını elektrikləndirən, onları yemək istəyən canlıları tələyə salan bitkilər də var.

Məlumdur ki, bitkilər canlılardan daha uzun təkamül yolu keçmiş, daha uzun müddət təbii seçməyə məruz qalmışlar.

Bitkilər təkamül prosesində elə keyfiyyətlər qazanmışlar ki, onlar canlılarda yoxdur. Məsələn, onlardakı regenerasiya prosesi lap möcüzədir. Ağacların başını kəsəndən bir müddət sonra onların yenidən zoğlaması, bitkilərin qışda yarpaqlarını tokərək soyuğa,  şaxtaya dözməsi mükəmməllikdən xəbər verir.

Dünyada görməyən, eşitməyən canlı az deyil. Amma qoxunu duymayan canlıya rast gəlmək mümkünsüzdür. Kim bilir, bəlkə də qədimlərdə qoxu canlılar arasında yeganə ünsiyyət vasitəsi olmuşdur.

Ağaclar güclü yaddaşa malikdir. Hələ orta məktəb kitablarında oxumuşduq ki, ağacların köməyi ilə hansı ilin quraqlıq, hansı ilin yağıntılı olmasını bilmək olar. Sonralar müharibələrin də ağaclarda müəyyən iz qoyduğu  məlum oldu.

Bitkilərin musiqini duyması isə çoxdan sübut olunmuşdur. Sonralar isə elmə məlum olmuşdu ki, hər bitkinin sevdiyi musiqi vardır. Hərəsinin sümüyünə bir  hava düşür. Biri ritmik musiqini, digəri Motsartı, bir başqası Bethovenin əsərlərini xoşlayır. Deməli, bitkilərin qulaqları olmasa da onlar eşidirlər.

Bitkilərin dilini mükəmməl öyrənə bilsək, onlar bizə çox önəmli məlumatlar, informasiyalar verə bilərlər. Kim bilir, onların yaddaşında nə qədər açılmamış sirlər uyuyur...

Bitkilərsiz bu dünyada yaşamaq mümkünsüzdür. Onlar bizim atmosferə buraxdığımız  karbon qazını alıb əvəzində bizə oksigen verirlər. Oksigen isə ana südündən də önəmlidir. Çünki korpə ana südü olmadan yaşaya bilər, amma oksigensiz yox!

Bitkilərin ruhu sayılan və günəşin, havanın, suyun, torpağın enerjisi ilə bəslənmiş efir yağları bizim ruhumuza qida verir, auramızı tamlayır.

Bitkilərin meyvəsini, toxumlarını yeyirik, onların bir çoxunun çiçək və yarpaqları, qabığı, kökü və gövdəsi min bir dərdin dərmanıdır. Bir sözlə, bitkisiz həyat yoxdur!

Bütün bunları bilərək bu qənaətə gəlmək olar ki, bitkilərə əvvəlki münasibət dəyişməlidir, ilk növbədə aqro-texniki qulluq, bitkilərin becərilmə texnologiyası yeni elmi biliklərin əsasında formalaşmalıdır.

 

Arif QULİYEV

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı

 

525-ci qəzet.- 2017.- 6 aprel.- S.8.