HEYRƏT
...Və bu şəkil qarşısında ayaq saxladığım həmin o an!..
...Aman
Allah, bu nə şəkildir, bu nə baxışlardır?!.
Uzun zaman
xəyala dalıram...
Foto qəhrəmanımın
dünyaya heyrətlə baxan gözlərinin ifadə
gücündən sehirlənirəm...
...Bu - həyatın
bir anı, həm də bir anın əbədiyyətidir və
ağ-qara rəng çalarlarından Vaxtın, Əbədiyyətin
özü sənə baxır...
Qəlbimdəki
sözlər bitib tükənmir və adi kəlmələrlə təsviri
mümkünsüz əbədiyyət anı
qarşısında sözün gücsüzlüyünü
də... boynuma alıram...
...Və
bu gözlərə nəzər saldıqca,
düşüncələrimdə qor kimi közərən
cümlələr də yol götürüb gedir...
***
Hə, əzizlərim!..
Bu dünyada bəlkə də hər şey adicə bir
heyrətdən başlanır və sonra Böyük Heyrətə
çevrilir.
İndiki dünyamızın özü elə bir heyrət
hissinin nəticəsi deyilmi?!
HEYRƏT - təbiətin sirləri
haqqında saysız-hesabsız maraqlarının ardınca
düşən insanın misilsiz ixtiralarına, kəşflərinə
doğru aparan yoldur, zəngin mədəniyyətlərin,
böyük sivilizasiyaların başlanğıc nöqtəsidir.
HEYRƏT - insanın öyrənmək istəyidir, bilmək
ehtiyacıdır, şüurun, düşüncənin ətraf
aləmlə ilk tanışlıq anıdır.
Ulu
öndər Heydər Əliyevin - öz ömürlüyü
ilə böyük bir tarix yaratmış bu dahi şəxsiyyətin
uşaqlıq dövrünün fotosu yenə gözlərim
qarşısındadır. Onun çöhrəsindəki
ifadə fotoaparata baxan körpələrin heyrətinə bənzəmir
əsla, o, fotoobyektivə yox, bütünlüklə
dünyaya baxır.
Baxın, O, bu təlatümlü,
qarmaqarışıq dünyaya öz heyrətini necə də
gizlədə bilmirdi...
***
Bu şəklin
çəkildiyi həmin an qocaman tarixin
hansı vədəsidir görəsən?!
Düşüncələrimə güc verib,
xatırlamağa çalışıram.
Amma
zamanın nə dəxli var ki, əsas olan bu heyrƏtin
varlığıdır...
...Əsr o qədər də yaxşı
başlanmayıb, dünya hələ də Birinci Dünya
müharibəsinin sarsıntıları içindədir. Üstəlik,
yeni təlatümlər bitib tükənmir və bu təlatümlərin
ən sərt rüzgarları keçmiş imperiyanın
ucqarlarında əsir.
Bolşeviklər çar Nikolayı yenicə taxtdan
salıblar, inqilabın dağıtdıqlarını yenidən
qurub-yaratmaq hələ uzun çəkəcək. İctimai
düşüncə yerlə yeksandır. Adamların bu gündən sabaha ümidi yoxdur.
Vəziyyət o həddə çatıb ki,
keçmiş çar imperiyasının Azərbaycandan uzaq
ayrı-ayrı əyalətlərində adamlar aclıqdan
ölməməyin əlacındadır.
Silahlı
erməni daşnaklarının bir neçə il əvvəlki fürsətdən
yararlanıb Azərbaycanın müxtəlif bölgələrində
soyqırıma məruz qoyduqları, min bir sitəm etdikləri
Azərbaycan ailələrinin yaraları qaysaq
bağlamayıb...
Hələ
qabaqda repressiya dalğası var, bu dalğanın Azərbaycanın
ictimai fikir tarixinə vuracağı dəhşətli zərbələr
var, hələ qabaqda İkinci Dünya müharibəsinin
müdhiş acıları var, bu müharibənin Azərbaycan
ailələrinə yaşadacağı faciələr,
aclıq, mərhumiyyət, min bir əziyyətlər var...
Heydər
Əliyevin uşaqlıq şəklindən heyrətlə
baxdığı dünyanın qurşun kimi ağır
havasına dövrün sərt tufanları qarışıb,
param-parça olmuş insan taleləri uçuşur bu havada,
zaman öz ağırlığı ilə ömürləri,
ümidləri, xoşbəxtlikləri əzib keçir...
Və
Heydər Əliyev belə bir dünyaya heyrətlə
baxır, baxırdı...
Bəlkə
həyatının ilk böyük suallarıdır onu heyrətləndirən,
kim bilir, bəlkə o vaxt bu şəkli çəkmiş
üçayaq fotoaparatın alovundan gələcəyə
düşən işıqdır, bu balaca işıqda
gözlərinə görünən böyük missiyadır?!..
Tarixi missiyalar da elə bir anlıq heyrətdən
başlamırmı?!
...Və
Heydər Əliyevin düşüncələrimi ovsunlayan o
uşaqlıq fotosunun sirri yavaş-yavaş açılır
deyəsən...
O bu
dünyada nələr gördü və nələri görəcəkdi?!
O, nəyə
və niyə heyrət edirdi, özü nələrlə heyrətləndirəcəkdi?!
Bu tarixi
yaradan fotoqraf kimmişsə, özü də bilmədən,
o çöhrədəki HEYRƏTDƏ böyük bir
xalqın tarixini dəyişəcək aydın,
işıqlı yolun şəklini çəkirmiş...
***
Bu yol dünyaya heyrətli baxışlarla
başlanmışdı, böyüyüb yaşa dolduqca
Tanrının Heydər Əliyevin həyatına və onun
şəxsində Azərbaycan tarixinin böyük bir dönəminə
verdiyi heyrətamiz nizamlarla, bəzən kəskin
dönüşlərlə davam etdi.
TALE ona yüksək rəssamlıq istedadı bəxş
etmişdi, üstəlik, orta təhsilinin son pillələrinə
doğru gələcək peşə-sənət yolunu müəyyən
etməyə başlayanda böyük qardaşı artıq
Azərbaycanın yenicə tanınmağa başlayan gənc
rəssamlarından idi. Əgər bu marağın ardınca getsəydi,
şəksiz ki, Heydər Əliyev də zəmanəsinin
adlı-sanlı rəssamlarından olardı.
TANRI yüksək sənət talantını da ondan əsirgəməmişdi,
yeniyetmə ikən Naxçıvandakı dram dərnəyinin
fəal üzvü kimi teatr səhnəsindəki
uğurlarına təəccübü gizlədə bilmirdilər.
Naxçıvan Pedaqoji Texnikumunun tələbəsi edən
HƏYAT Heydər Əliyevin taleyində bu sahəyə
doğru bir yol müəyyənləşdirmişdi. O zəka, o məsuliyyət,
məşğul olduğu işə o sevgi ilə Heydər
Əliyev çox uğurlu bir müəllim, yaxud görkəmli
bir Azərbaycan alimi olacaqdı.
Azərbaycan Sənaye İnstitutunda yiyələnməyə
başladığı memarlıq sənəti də
dövrün ən yüksək perspektivli sənətlərindən
sayılırdı. Əgər həyatını memar kimi
davam etdirsəydi, Azərbaycanın ötən əsrdə
yetirdiyi ən məşhur memarların ilk sırasında yəqin
ki, Heydər Əliyevin də adı gələcəkdi, Azərbaycanın
çağdaş memarlıq tarixinin zirvəsində qərar
tutan əsərlər cərgəsində Heydər
Əliyevin ucaltdığı binalar da görünəcəkdi.
Amma yenə
HEYRƏT!..
TALE, bu dəfə də, onun həyat yollarında öz
təshihlərini edərək, Heydər Əliyevi yolların
ən çətininə səmtləndirdi. O, gənc çekist kimi
xüsusi xidmət orqanlarında fəaliyyətə
başladı, kiçik bir vəzifə ilə daxil olduğu
bu sistemdə tədricən irəlilədi, çiynindəki
paqonlarda ulduzların sayı artdı və bu ulduzların
parıltısı da böyüdü.
Bu yolda Heydər Əliyevin uğurları qədər
qarşısına çıxan əngəllər də
çox oldu, onun peşəkarlıqdan doğan
imkanlarını, əzmkarlığını, məqsədyönlülüyünü,
liderlik xüsusiyyətlərini gözü götürməyənlər
tapıldı.
Amma qəribədir
ki, bu məqamların hər birində sanki hansısa fövqəl
bir qüvvə Heydər Əliyevi qorudu, onu üzləşdiyi
bütün sınaqlardan daha da güclü
çıxardı, tarixin çox az hallarda yetirdiyi bu
işıqlı şəxsiyyəti Azərbaycan dövlətinin,
xalqının gələcəyi üçün mühafizə
etdi.
Bütün bunların özü də bir insanın
ömürlüyündəki HEYRƏT dolu anlar deyilmi?!
***
Əgər böyük şəxsiyyətlərdən
və onların yerinə yetirdikləri missiyalardan bəhs
ediriksə, gərək razılaşaq ki, tarixdə bu
insanların yerinə başqasını qoymaq
mümkünsüzdür.
Çünki
şəxsiyyətləri yetirən, onların missiyalarını
müəyyənləşdirən zamandır, mühitdir,
insanlardan fərqli olaraq bu amilləri dəyişmək,
başqası ilə əvəz etməksə, hətta xəyali
də olsa, alınmaz...
HEYDƏR ƏLİYEV öz zəmanəsinin
yetişdirdiyi böyük dövlət adamı idi.
Heydər Əliyev fenomeninin yaranmasından ötrü,
Azərbaycanın milli dövlətçilik tarixində onun
dövrü kimi xatırlanan intibah mərhələsinin
başlanmasından ötrü bir neçə vacib istiqamət
heyrətamiz şəkildə üst-üstə
düşürdü.
Sovet dövründə Heydər Əliyevə qədər
Azərbaycana rəhbərlik etmiş azərbaycanlı rəhbərlərdən
heç birinin siyasi taleyində zaman, şəxsiyyət və
missiyanın bu qədər uzlaşmasını, ahəngini
görə bilməzsən.
Ötən əsrin 60-cı illərində müharibədən
yenicə çıxmış SSRİ-nin mühüm
regionlarından biri kimi Azərbaycanı, bu respublikanın
axsayan iqtisadiyyatını dirçəltmək lazım gəlirdi. Azərbaycan
yeni bir yolun başlanğıcında idi. İnkişaf
xəttinin hansı səmtə yönələcəyi
ölkənin taleyinə görə məsuliyyəti üzərinə
götürən şəxsin öz xalqına, xalqın
tarixinə, milli dövlətçilik dəyərlərinə
münasibətindən asılı olacaqdı. Azərbaycanı
min illər boyu zərrə-zərrə üst-üstə
toplanmış bu dəyərlərdən bilmərrə
uzaqlaşdıraraq, öz tarixinə, dilinə, milli kimliyinə
tamamilə yad bir ölkəyə də çevirə bilərdin,
bu dəyərlər üzərində Azərbaycanın milli
dövlətçilik tarixinin yeni və qüdrətli bir mərhələsini
başlada da...
İkinci istiqaməti seçib irəli aparmaq,
xalqına, milli dəyərlərinə sevgidən savayı,
yüksək liderlik qabiliyyəti, qətiyyət, əzmkarlıq,
güzəştsiz idarəçilik istedadı və eyni
zamanda ziyalılıq, müdriklik tələb edirdi.
Bütün bunlardan əlavə, dünyada və
keçmiş sovetlər məkanında müəyyən dəyişikliklər,
nisbətən yumşalmalar da baş verməli idi ki, milli məsələlərin
inkişafından, cəmiyyətdə haqq-ədalətin
öz yerini tutması üçün atdığın səs-küylü
addımlardan dolayı üzərinə yönələn təzyiq
və təhdidlərdən də özünü qoruya biləsən.
Belə bir məqamda məhz HEYDƏR ƏLİYEV
öz şəxsiyyəti, ideoloji baxışları, işə
münasibəti, qətiyyəti, peşəkarlığı
ilə bütün zəruri istiqamətləri zərgər dəqiqliyi
ilə tamamlayan ümummilli lider obrazı kimi tarix səhnəsinə
çıxdı.
***
Bundan
sonrasında isə yenə HEYRƏT başlanır...
Ölkənin
geridə qalmış sosial-iqtisadi həyatını qısa
zamanda nizama salmaq, bütün fəaliyyət sahələrinə
dəmir intizam gətirmək, cəmiyyətdə haqqı-ədaləti
bərqərar etmək, insanlarda sabaha inam yaradıb bu
inamın gücü ilə Azərbaycanı bütün
ittifaq məkanında qabaqcıllar cərgəsinə yetirməkdən
ötrü Heydər Əliyevin heyrətamiz liderlik
bacarığına sahib olmaq lazım idi.
Ötən
əsrin 50-ci illərinin ortalarına qədər gərgin
psixoloji sarsıntılar yaşamış, repressiya xofundan illərlə
özünə qapanıb öz içinə çəkilmiş
cəmiyyətdə milli şüurun oyanışına nail
olmağı, ana dilimizi dirçəltməyi, bu xalqın əsrlər
boyu yetişdirdiyi tarixi şəxsiyyətlərə, Vətən
tarixinə, ədəbiyyatına, mədəniyyətinə,
elminə, milli-mənəvi dəyərlərinə sahib
çıxmağı, xalqın azadlıq ruhunun
daşıyıcısı olan ziyalıları repressiya
maşınından qorumağı, onların fəaliyyətini
istiqamətləndirməyi ancaq Heydər Əliyev
bacarardı.
Mərkəzin
min bir maneələrinə baxmayaraq, Azərbaycanın
inkişafı ilə bağlı böyük proqramların qəbul
etdirilməsi, ölkənin gələcəyi
üçün milli kadr potensialının
formalaşdırılması, mədəniyyət
diplomatiyasının gücü ilə Azərbaycanın
dünyada tanıdılması, cəmiyyətin tədricən,
addım-addım müstəqil həyata hazırlanması və
indiyə qədər bütün bu sadaladıqlarımın
bir-birinə paralel, bir-biri ilə həmahəng həyata
keçirilməsi kimi çətin bir missiyanın mərkəzində
də Heydər Əliyevdən savayı başqa bir
LİDERİ təsəvvür edə bilmirsən.
Moskvada çalışmağa başlayarkən, həmin
illərdə xarici mətbuatın da yazdığı kimi,
Heydər Əliyevin şəxsində Kremldə parlayan
türk ulduzu tarixi heyrətləndirmişdi.
Keçmiş
imperiyanın ucqar bir şəhərində, sadə əməkçi
ailəsində dünyaya gəlmiş insanın, üstəlik
Azərbaycan türkünün, İslam ümmətinin
köməksiz, dəstəksiz, yalnız zəkasının
gücü ilə addım-addım irəliləyərək
SSRİ boyda ucsuz-bucaqsız nəhəng
imperiyanın əsas rəhbərlərindən olması
nümunəsini türk və
İslam dünyası tarixində
yeganə olaraq, yəqin ki, ancaq Heydər Əliyev yarada bilərdi.
***
Ötən
əsrin 70-ci illərində Azərbaycanın taleyi digər
şəxslərin əlində olardısa, baş verəcəkləri təsəvvürünə
gətirməyə çalışırsan. 1987-ci ildə
dünya ermənilərinin əli ilə və keçmiş
ittifaq rəhbərliyinin, xüsusilə də Qorbaçov kimilərinin
qısqanclığı ucbatından vəzifəsindən uzaqlaşdırılandan,
respublikaya təsir imkanları məhdudlaşdırılandan
sonra Azərbaycanın başına gətirilən fəlakətlər,
Dağlıq Qarabağ düyünü daş kimi adamın
ürəyindən asılır.
Müstəqilliyin ilk illərində üzləşdiyimiz
faciələr, çətinliklər,
yaşadığımız ictimai sarsıntılar gəlir
adamın gözünün önünə.
Real vətəndaş
müharibəsi, parçalanma təhlükəsi ilə
üz-üzə qalmış, ucqarlarında düşmənlə
savaş, mərkəzində isə hakimiyyət uğrunda dartışmalar gedən
kövrək bir Vətənin yaşadıqları
düşür yadına.
İndiki dünyamızın müsəlman ölkələrində
çağdaş səlib yürüşlərinin törətdiyi
fəlakətləri izlədikcə, dünyaları əllərindən
alınmış körpələrin gözlərindəki kədərinə,
anaların göz yaşlarına, bombalardan canını
qurtarmaq istəyərkən, dənizlərdə qərq olan
zavallı mühacirlərin müsibətinə şahid
olduqca taleyin 1993-cü ildə Azərbaycanı Heydər
Əliyevin əli ilə nə qədər böyük fəlakətdən
hifz etdiyinə əmin olursan.
Və yenə
heyrətlənirsən!..
Birdən
o həlledici məqamda Heydər Əliyev olmasaydı?..
Bəs onda Azərbaycan indiki günlərinə gəlib
çıxa biləcəkdimi?!
Bəs
bütün ömrü boyu sovet sistemində
çalışmış dövlət xadiminin siyasi hakimiyyətə
qayıdışından sonra müstəqil dövlətin gələcəyini,
inkişaf istiqamətlərini bu qədər aydınlıqla
təsəvvür edə bilməsi, cəmiyyətdə
demokratik dəyərlərin bərqərar olmasından
ötrü apardığı islahatlar, həyata keçirdiyi
hüquqi dövlət quruculuğu prosesləri, azad bazar
iqtisadiyyatı yolunda qısa müddətə ölkəyə
qazandırdığı böyük nailiyyətlər?!
İndi
Siz deyin, bunların hərəsi bir HEYRƏT nümunəsi
deyilmi?!
***
Heydər
Əliyev dünyanın bütün kamil insanları kimi
ömrü boyu zora, silaha deyil, ağla, zəkaya bel
bağlamağı təlqin edirdi, kamalın zor üzərində
üstünlüyünü dövlət rəhbəri kimi
şəxsi nümunəsində bütün dünyaya sərgiləyirdi,
dövlətə silah çəkənlərin üstünə
həmişə ağlı, müdrikliyi ilə gedirdi və
hər dəfəsində də qələbə
qazanırdı.
Lider
üçün gərək olan bütün xüsusiyyətlərin
onun şəxsiyyətində bir-birini uğurla
tamamlamasının özü də Tanrının bir
möcüzəsi idi...
Uca və şux qamət, yaraşıqlı sima,
sağlam bədən və ruh, mahir natiqlik qabiliyyəti, dərin
zəka, əhatəli biliklər, öyrənmək həvəsi,
məqsədyönlülük, kübar davranışlar,
yüksək zövq. Bunların hansısa biri olmasaydı, Heydər
Əliyevin tarixdəki obrazı natamam qalardı bəlkə,
amma bu xüsusiyyətlərin hər biri bu böyük
dövlət adamının şəxsiyyətində
bir-birini incəliklə tamamlayırdı.
Bir də
uzaqgörənlik!..
HEYDƏR
ƏLİYEV XXI əsrin ortalarına doğru dünyada
hansı küləklərin əsəcəyini, yer
üzünün hansı gərginliklərlə üz-üzə
qalacağını aydın bəsirəti ilə irəlicədən
görürdü və bilirdi ki, belə laübalı bir
dünyada Azərbaycanı ancaq onun siyasi xəttinə sadiq
qalan, qurucu Atanın yetiri olan qətiyyətli lider qoruyaraq
inkişaf etdirə bilər.
2003-cü
ildə ulu öndərin Azərbaycan Respublikasının Prezidenti
cənab İLHAM ƏLİYEVİ nəzərdə tutaraq
söylədiyi “MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM!..” əminliyi ATANIN öz ÖVLADINA olan
inamı ilə bərabər, həm də Azərbaycanın
bugünkü qüdrətli günləri ilə bağlı
aydın təsəvvürlərdən irəli gələn
bir xatircəmlik idi...
Heydər
Əliyev xoşbəxt ATA idi - çünki bu gün öz
xoş əməlləri ilə onun inamını
doğruldan, üzünü ağ edən saleh
övladları var, arzularındakı Azərbaycanı qurub
yaradan, Vətəni tarixinin ən qüdrətli
çağlarına yetirən, Heydər Əliyev
missiyasını yaşadan və davam etdirən Prezident
İlham Əliyev var!..
...Və
bu məfkurəni indi layiqincə yaşadan, ailə
ocağının qoşa qanad kimi cəfakeş qoruyucusu
Mehriban xanım Əliyevanın milyonlar tərəfindən
sevilməsi, qəbul olunması ulu öndərin cənnətməkan
RUHUNA, həm də, əbədi rahatlıq bəxş edir...
Heydər Əliyev uğurlu dövlət adamı idi -
bir liderin öz xalqının milli dövlətçilik
tarixində görə biləcəyi bütün nəcib
işləri yerinə yetirmişdi, çünki. Öz
missiyası ilə tarixin ən yüksək ucalıqlarına
yüksəlmişdi.
Heydər Əliyev qalib şəxsiyyət idi -
bütün sınaqlardan mətinliklə
çıxmışdı, həyatının ən
böyük ideallarını gerçəkləşdirə
bilmişdi, onu yetirən XALQI öz milli hədəflərinə
çatdırmışdı.
...Və
yəqin ki, bu da bir Tanrı qisməti idi...
***
İllər
öncə bir yaz günü Naxçıvana ziyarətim
zamanı şəhərin mərkəzindəki Heydər
Əliyev Muzeyində diqqətimi çəkən bir şəkil
də düşüncələrimi ovsunlamışdı...
Adi bir şəkildən daha çox insanın alın
yazısına işarə, qismət dediyimiz sirrin hansısa
formada şifrələnib qabaqcadan əyan olması faktı
kimi gözlərimə köçürmüşdüm o
şəkli də...
Seyrinə
və sehrinə daldığım eksponat böyük rəssamlıq
istedadına malik Heydər Əliyev o vaxtın pero-qələmi
ilə yeniyetmə bir qızın rəsmini çəkib və
altında da öz dəst- xətti ilə beləcə
yazıb: “Zərifənin şəkli 12 yaşında çəkilib.
1942-ci il aprelin 27-də, axşam saat 9.30-da”.
Əvvəl
təəccüblənmişdim, axı Heydər Əliyev gələcək
ömür-gün yoldaşı Zərifə xanım
Əliyeva ilə illər sonra rastlaşıb peyman
bağlayacaqdı, o zaman bu rəsm 1942-ci ildə necə
çəkilə bilərdi?!
Yenə HEYRƏT məni bürümüşdü...
Həmin rəsmi çəkərkən, Heydər Əliyev 12 yaşlı qızdan adını soruşur, qız özünü Zarya kimi təqdim edir, belə məqamlara həssaslıq göstərən (bir telegörüntüdə çay süfrəsi arxasında ulu öndərin “kəklikotu” sözünün “kəkotu” kimi tələffüzünə iradını xatırlayıram) Heydər Əliyev təhrif olunmuş adla təqdimata etirazını bildirir və rəsmin altında da öz əlləri ilə məhz belə yazır: “Zərifənin şəkli...”
HEYRƏTDƏN necə donmayasan?!.
Tanrım, ilk baxışdan adi görünən ömür faktı ilə, bəlkə, öz sevimli bəndənə yazdığın Yazını, günlərin birində qarşısına çıxaracağın ömür-gün qismətinin adını əvvəlcədən əyan edirmişsən və öz qismƏtini Ona öz əlləri ilə yazdırırmışsan...
Heydər Əliyevin o dövrdən dünyaya heyrətlə baxan gözləri də bəlkə Azərbaycanın bu baxışlarla o tarixə düşən xoş bir yazısı imiş, kim bilir...
...Hə, əzizlərim...
...Bir də, bir də baxışlarınızı qaldırıb bu şəklə baxın, gələcək dühanın sabaha heyrətlə baxdığı bu şəklə bir də diqqət yetirin...
O, bu dünyaya gəldi və bu dünyaya HEYRƏTLƏNDİ...
O, bu dünyaya gəldi və bu dünyanı HEYRƏTLƏNDİRDİ...
Bəlkə bu heyrətli baxışlar sabahkı günlərə bir ismarıc idi?..
Bəlkə bizim bu heyrətdən başlanan Ulu Tarix qarşısında gördüklərimiz, eşitdiklərimiz, bildiklərimiz və düşündüklərimizdir?..
...Hər şey, hər şey, həqiqətən də, düşündürücü və heyrətləndiricidir!..
İmamverdi
İSMAYILOV,
Milli Məclisin
deputatı,
əməkdar jurnalist
525-ci qəzet.- 2017.- 18 aprel.- S.4.