Sənədli nəsrimizə töhfə
Mustafa Çəmənlinin "Fred Asif" və
"Mübariz" adlı sənədli povestləri əsasında
Müasir ədəbi prosesdə
real faktlardan istifadə geniş vüsət
almışdır və yeni əsər yaranmasında impuls
xarakteri daşıyır. Faktlardan istifadə tarixi hadisələrin daha yaxından
hiss edilib dərk edilməsinə kömək edir.
Bədii ədəbiyyatın
bir növü kimi XIX əsrin ortalarından etibarən
yaranmağa başlayan sənədli nəsr cəmiyyətin
ictimai və siyasi həyatında baş verən tarixi hadisələri,
mövcud problemləri real faktlara istinadən əks etdirir. Sənədli
nəsrin inkişafı, hüdudlarının genişlənməsi
bədii ədəbiyyat ənənələrini zənginləşdirir.
Zaman və tarix haqda müşahidə və
analiz yolu ilə əldə olunmuş nəticələrin bədii
ədəbiyyatda əks olunması yeni nəsil
üçün həmin dövrü tarixilik və
müasirlik baxımından daha dərindən anlamasına
kömək edir. Buna görə də səciyyəvi
sənəd, fakt, xroniki ardıcıllıq hamı tərəfindən
qəbul edilmiş düşüncəni, fikri detallarla
aydınlaşdırma gücünə malik olmalıdır.
Bədii nəsrdə istifadəsi çətin
mövzular öz yerini təhkiyə üsulu vasitəsilə
sənədli nəsrdə tapır. Bu tip mövzular gələcəkdə
bədii nəsr üçün mənbə qaynağı
sayıla bilər.
Sənədli nəsr bədiiliyinə
görə bədii nəsrə, reallıq və üslub tərzinə
görə isə publisistikaya bənzəyir. Bəs onda sənədli
nəsri bədii nəsrdən və publisistikadan necə fərqləndirmək
olar? Bədii nəsrdə
yazıçı təxəyyülünün nəticəsi
olan, zaman və cəmiyyəti özündə birləşdirən
obrazlara müraciət edir. Qəhrəmanlarını
da, azad surətdə, onu cəlb edən zamana və məkana,
məqsədini açıqlaya biləcəyi hadisələrin
mərkəzinə atma ixtiyarına malikdir. Lakin sənədli nəsrdə yazıçı təsvir
etmək istədiyi şəxsiyyət və hadisələrlə
bağlı real faktlardan kənara çıxa bilməz.
Sənədli nəsrin
inkişafına töhfələr verən Mustafa Çəmənlinin
"Fred Asif" və "Mübariz" povestləri
Qarabağ müharibəsinə həsr olunmuşdur. Yazıçı
real şəxsiyyətləri və hadisələri dəqiqliklə
verməyə çalışmışdır. Onun obrazların xarakterini açmaq üçün
istifadə etdiyi faktlar, məkan, zaman və təbiətin
dolğun təsviri əsərlərinin bədiiliyini gücləndirir.
"Uydurulmayan" nəsrin nümunələri
olan "Fred Asif" və "Mübariz" müəyyən
dövrlərin tarixi hadisə və şəxsiyyətlərini
polifonik müzakirəyə cəlb edir.
M.Çəmənli
"Fred Asif" adlı sənədli əsərini
Ağdamda - İmarətin - Qarabağ xanlarının ailəvi
sərdabələrinin yaxınlığında, Yusif
kişinin evində böyüyən on bir övladından
biri olan Asif Məhərrəmovun şücaət dolu həyatına
həsr etmişdir. Asif üçün uşaqlıqdan mənlik
və şərəf, onu qorumaq ən dəyərli
xüsusiyyətlərdən idi. Gələcəyin ona gətirəcəyi
töhfələri səbirsizliklə gözlədiyi bir zaman
o, "üst-üstə çinlənmiş 25-likləri",
"dayı"sının olmaması səbəbilə, kənd
ağsaqqallarının yoluna qoya biləcəkləri uşaq
davasını (özgəsinin haqqını müdafiə
etmişdi) cinayət, "xuliqanlıq" adlandırıb 2
il azadlıqdan məhrum edilir. Bu, yalnız Asifin
başına gəlmiş bir bəla deyildi. Müəllif bu faktı göstərməklə məhkəmə
işçilərinin, ümumiyyətlə, vəzifə
adamlarının səlahiyyətlərindən sui-istifadələrini
ön plana gətirir. Pul üçün
insanlıqlarını satan mənsəb
sahiblərinin insan taleyilə oynamalarını tənqid edir.
Təmizlik, saflıq dövrü kimi xalqın beyninə
yeridilməyə çalışılsa da, sovet hakimiyyətinin
də bu cür "günahlar"la hökm
sürdüyünü, insan faktorunun nəzərə
alınmamasını müəllif kiçik epizodlar vasitəsilə
oxucuya çatdırmağa çalışır.
"Fred Asif" əsərində
təhkiyənin məkanı genişdir. Burada sosial həyat,
sosial ədalət, insanın qəlbindəki həqiqətlər,
insan problemi ön plana gətirilir.
M.Çəmənli iki dəfə
"türemşik" adı qazanmış "bəxti yeyin" cavanın,
düşdüyü çətin və gərgin
situasiyalarda əxlaqi keyfiyyətlərini itirmədiyini, mənən
güclü olduğunu göstərir.
Həqiqətən də,
insanın əsl gücü imkanların sona
çatdığı məqamlarda üzə
çıxır. Yazıçı əsərdə
müharibənin insan qəlbinə necə təsir etməsini
bədii təsvirin mərkəzinə çəkir. Müharibə insanın içində olan pislikləri
üzə çıxmağa şərait yaradan faktor kimi səciyyələndirilir. Lakin zülm və itkilərin
şahidi Asif insanlığını unutmur və intiqam hissi
iləyanıb qana-qan deyən əsgərləri sakitləşdirməyə
çalışırdı:
- "Biz ən ağır dəqiqələrdə
alicənablığımızı, nəcibliyimizi
unutmamalıyıq. İnsanın diri-diri başını kəsmək
bizim dinimizdə, adətimizdə yoxdu. Allaha
ağır gedər".
Əsəri oxuyanda
görürük ki, Fred Asif vətənpərvər olsa da,
milliyyətçi, şovinist, qəddar deyildir. O, ermənilərin
böyükdən-kiçiyə namərd olduğuna, insan
xislətindən çıxdıqlarına inanmırdı. İşgəncə, faciə törətmiş
xalqa qarşı belə törədilə biləcək qəddarlıq
və işgəncənin əleyhinə idi. Fred Asifin özünəməxsus insanlıq kodeksi
var idi. Hər döyüşdən öncə
yoldaşlarına xatırladırdı: "Eşidəm-biləm,
əsir düşmüş bir adama işgəncə
vermisiniz, incitmisiniz, gözümə görünməyin. İllah da yaşı altmışı keçən
qocaya, qadına. Bu yaşda olan bu gündən
sonra nə övlad doğasıdı, nə əkəsi.
Onsuz da Allah tərəfindən onun ömrü
üzülüb, amma qoy, sənin əlinlə üzülməsin.
Biz döyüşçüyə qarşı
döyüşürük".
İnsan qəlbini açan, silahdan
daha güclü təsirə malik bu cür psixoloji detallar qəhrəmanın
- Fred Asifin mənəvi yüksəlişini,
gücünü daha da inandırıcı edir.
Fred Asif siyasəti məqsədli,
təmənnalı adlandırır. Bu fikirlə bağlı müəllifin
Fred Asifə haqq qazandırdığını hiss etmək
mümkündür. Doğrudan da, təmənna
olan yerdə haqq-ədalətdən danışmaq olmaz. Dünənə kimi Azərbaycan kişisinin bir
sözü bir imzaya bərabər idisə, bu gün artıq
öz məqsədləri, təmənnaları uğrunda bir
qisim insanın siyasət adı altında manevrbazlıq etməsi,
milli mənafenin unudulması yazıçının qələmindən
yan keçmir.
Müharibə Fred Asifin sərkərdəlik
qabiliyyətini, sabahı görmə fəhmini üzə
çıxarır. Döyüş strategiyası, əsgərlərlə
ədalətli davranışı ona etibar və etimad
qazandırır. Asifə görə
müharibədə insan sərt olmalı, hər cür itkiyə,
doğma qardaşı belə olsa, hazır olmalıdır.
Burada yazıçı döyüş
etikasını təqdim edir. Lakin
Xocalıya köməyə gedərkən əzab və
ölümdən, təcavüzdən xilas edə bilmədikləri
qız-gəlinlərin, uşaqların halı Fred Asifi
sarsıdır. Mustafa Çəmənli
bu iztirablar vasitəsilə qəhrəmanının mənəvi
keyfiyyətlərinin açılmasına xüsusi diqqət
yetirir. Ona görə vətənə,
xalqa bağlılıq, adət-ənənələrə
verilən qiymət, təbiətə yaxınlıq, onu
duymaq, milli musiqi və poeziyaya münasibət qəhrəmanda
milli düşüncə tərzini formalaşdıran vasitəyə
çevrilir. Fred Asif yenilikləri qəbul
etsə belə, tərbiyə olunduğu,
alışdığı "patriarxal həyat" (Patriarxal
həyat "milli yaşayış"ın əsl atributu
kimi qavranılır) tərzini sürür. Bir tərəfdən xeyirxah, saf, vicdanlı, digər
tərəfdən isə çılğın, sərt olan
Asifin xarakterindəki ziddiyyətlər sevdiyi qadınla
münasibətində də özünü göstərir.
Müstəqil, azad, "ayağı üstündə
durmağı" bacara biləcək qadın mühafizəkar
düşüncə tərzindən xilas ola
bilməyən Asif üçün qəbuledilməzdir. Onun aləmində qadın, müti şəkildə,
övladı və evi ilə məşğul olmalıdır.
M.Çəmənli bu yanaşmanın onu tənhalığa,
peşmançılığa yuvarladığını incə
psixoloji detallarla qələmə ala bilmişdir.
Müəllif Asifin dili ilə
köçkünləri qınayanların şübhəsini
dağıtmaq üçün müharibənin çətinliyini,
əzabını, mümkünsüzlüyünü faktlarla
göstərir. Xalqı, vətəni uğrunda
canından keçən, ölməzlik zirvəsinə ucalan
qəhrəmanın həyəcan, ölüm qorxusu,
qadağalar, itkilərlə dolu qəddar döyüşlərini
səciyyəvi cizgilərlə təsvir etməyi bacarır.
Təsvirlər o qədər canlıdır ki,
insan özünü həmin proseslərin iştirakçısı
kimi hiss edir, həyəcanlanır. Hadisələrin
bu qədər real təsviri müəllifin həmin
döyüşlərdə iştirakı təəssüratını
yaradır.
Dustaqlıq, səngər həyatı,
qəlbini didən düşüncələr, itkilər onun
həyata bağlana bilməməyinin səbəbi kimi təqdim
olunur. Tanrının verdiyi nemətlərdən istifadə
etmədiyinə görə cəzalanaraq tək qalan Asifin son
günləri sarsıntı və tənhalıqla doludur.
Dostuna dediyi "Anama de, ağlamasın... Mən
səhrada bitmiş tənha çiçəyəm" ifadəsi
onun ruhunun ümidsiz tənhalığın əksidir, qəhrəmanın
düşüncə tərzi haqqında müəyyən təsəvvür
yaradır.
Müəllif Milli qəhrəman Asif Məhərrəmovun xarakterini, həyat yolunu çox diqqətlə izləyir, döyüş yoldaşlarının, dostlarının, ailəsinin dediklərinə istinadən "Fred Asif" adlı sənədli əsərinin qəhrəmanının mənəvi portretini cızır. Allahsız, imansız, tərifbaz, vəzifə düşgünü, yaltaq, ikiüzlü insanlara qarşı olan Asifi haqq elçisi, düzlük carçısı, mərdlik simvolu kimi təqdim etməyə çalışır və əsasən buna nail olur.
Ümumilikdə, əsər sənədli nəsrin bütün qanunlarını özündə əks etdirir. "Fred Asif" povesti sənədlər, şəkillər, fonoqrammalar (səs yazıları), şahid qeydləri, təəssüratlar, araşdırmalar, təhlillər nəticəsində araya-ərsəyə gəlir. Əsərdə təqdim olunan şəkillər və statistik məlumatlar gələcək üçün əvəzolunmaz tarixi mənbədir.
Yazıçının Qarabağ müharibəsi mövzusunda yazdığı ikinci sənədli əsəri "Mübariz" povestidir. Bu povest öz üslubuna, bədii xüsusiyyətlərinə görə "Fred Asif"dən fərqlənir. Əsərdə Mübarizin Azərbaycanı ayağa qaldıran, bütün dünyanı silkələyən şücaətindən bəhs olunur. Əsərin faktlar, şəkillər, şahid qeydləri əsasında yazılması onun tarixi dəyərini artırır. Mübarizin planları haqqında rəsmi sənəd, gündəlik, əli ilə yazılan bir parça kağız belə olmadığından yazıçı burda daha çox eyhamlar dolu ata-oğul arasında söhbətlər, epizodik şahid qeydləri əsasında alınmış məntiqi nəticə sənətkar təxəyyülünə istinadən dolğunlaşır, bunun da nəticəsində əsərdə bədiilik ön plana keçir.
Vətənə sevgi, bayrağa hörmət, xalqa, ailəyə sədaqət hissi ilə böyüyən, imam övladını qorumaq üçün "geyin, gəl" deyib oğlunu fəda edən yel ocağının yetirməsi Mübarizin qəlbində yanan alov uşaqlıqdan ailəsinin, müəllimlərinin diqqətini cəlb edir. M.Çəmənli onun vətənpərvər yetişməsinin səbəbini atası Ağakərimdə, sədaqət və inam dolu genlərində görür və bunu "ot kökü üstə bitər" deyə vurğulayır. Uşaq, yeniyetmə, gənc Mübarizin bir sevgisi var - Vətən sevgisi. Mübarizin görmədiyi, lakin qarış-qarış gəzmək istədiyi torpaqda at çapmaq, məşhur İsa bulağından su içmək, Azərbaycan bayrağını qaldırmaq, düşmənin cəzasını vermək kimi xəyalları yüksək bədiiliklə təsvir edilir. Mübarizin keçirdiyi narahatlıq və qorxusunun dolğun və canlı təqdimatı əsəri oxunaqlı edir. Mübariz şəxsi istəklərdən imtina edə biləcək qədər güclü fenomendir. İnsan-əsgər-qəhrəman vəhdəti bu obrazın əsas aparıcı xəttidir. Mübarizin qisas hissi o qədər güclüdür ki, ailə, həyat eşqi, əmrə itaətsizlik, geriyə sağ qayıtmamaq kimi manelər onu dayandıra bilmir. Əsərdə Mübarizin şücaəti düşmənin özünün olmayan torpaq uğrunda apardığı ədalətsiz müharibədə "haqlı və qalib" təsəvvürünə bir zərbə kimi təqdim olunur. Mübariz acizlik və əlacsızlığı yox, mübarizə, qəhrəmanlıq yolunu seçir. O, işığa, haqqın, ədalətin bərpasına tələsir. Öz fövqəladə qəhrəmanlığı ilə xalqa hələ də cəsarətin, mərdliyin, igidliyin ölmədiyini göstərir, özü kimi gəncləri şərəf və ləyaqətləri uğrunda fədakarlığa ruhlandırır. Sanki gənc nəsilə "silaha sarıl", "vətəni xilas et" əmrini, mesajını verir. O, yaşamaq haqqından imtina edib "ölməzliyi" seçir və müasir gəncliyin cəsarət və qəhrəmanlıq simvoluna çevrilərək mümkünsüzlüyün mümkünlüyünü sübut edir. Mübariz etdiklərinə görə heç bir mükafat gözləmir, sadəcə əqidəsinə, amalına sədaqətini nümayiş etdirir.
Əsərdə insan duyğularını riqqətə gətirən epizodlar vasitəsilə müəllif qəhrəmanına sevgisini, mərhəmətini əks etdirməyə çalışır və əsər boyu bu hiss olunur. Eyni zamanda, o, qəhrəmanı vasitəsilə ilə insan gücünün, iradəsinin hüdudsuzluğunu diqqətə çatdırır. Qəhrəmanın əhvali-ruhiyyəsinə uyğun təbiət təsvirlərinin verilməsi əsərin təsir gücünü artırır.
Epitet, metafora, atalar sözü və frazeologizmlərdən istifadə onun dilini daha da gözəlləşdirir, hadisələrə fərqli bədiilik və emosionallıq qatır.
M. Çəmənli sənədli əsərləri ilə xalqda azadlıq ruhunu gücləndirməyə çalışır. O, millətini keçmiş və bugünkü, yad və daxili düşmənlərə qarşı birləşməyə, mətin olmağa səsləyir. Xalqını sevən, onu azad, dövlətini tarixi sərhədlərinə qədər bütöv görmək istəyən yazıçı bu hissin hər bir azərbaycanlı vətəndaşının ruhuna hopmasını arzulayır.
Mustafa Çəmənlinin təhlilə cəlb etdiyimiz povestləri onu göstərir ki, sənədli nəsrin özünəməxsus qanunauyğunluqları vardır və yaradıcılıq prosesində bunları mütləq nəzərə almaq lazımdır. Bugünümüzün hadisələrini sənədlər əsasında əks etdirən əsərin bir neçə il sonra mötəbər tarixi qaynağa çevriləcəyi də nəzərə alınası faktdır.
Aynurə BABAYEVA
Sumqayıt Dövlət Universitetinin doktorantı
525-ci qəzet.-
2017.- 13 aprel.- S.8.