Rəqqasə Aliyə Ramazanovanın sənət yolu "Sönməyən ulduzlar"da

 

Tanınmış rəqqasə Əməkdar artist Aliyə Ramazanovanın həyat və yaradıcılığına həsr olunmuş "Sönməyən ulduzlar" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə rəqqasənin sənət dostları, tələbələri və ailə üzvləri iştirak ediblər.

Filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, tanınmış tele-aparıcı, araşdırmacı Güllü Yoloğlu, Əməkdar artist Zemfira Həsənova, Rusiya və Çeçenistanın Xalq artisti Dikalo Muzakayev, Aliyə Ramazanovanın tələbələri rəqqasə Fatimə, Mətanət Həsənova, Rəna Qafarlı sənətkarla xatirələrindən danışıb, onun Azərbaycan rəqs sənətindəki misilsiz xidmətindən söz açıblar. Onlar "Sönməyən ulduzlar" kitabını rəqqasənin şərəfli ömür yolunun qısa xülasəsi kimi qiymətləndiriblər.

Aliyə Ramazanovanın tələbələri rəqsləri ilə tədbirə xüsusi rəng qatıblar. Sonda Əməkdar artist "Azərbaycan maralı" mahnısına hazırladığı rəqsi ifa edib.

Qeyd edək ki, "Sönməyən ulduzlar" kitabında rəqqasənin öz dilindən həyat yaradıcılığındakı xatirələri, müsahibələri, özünün müxtəlif şairlərin ona həsr etdiyi şeirləri yer alıb.

Kitabın tərtibçisi Filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, məsləhətçisi professor Tamella Abbasxanlı, redaktoru şair Təbrizə Pünhandır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.-19 aprel.- S.7