İnsanlıq qalır bu dünyada
Doxsanıncı illərin axırları idi. Saatlı
rayonunda ikigünlük məzuniyyətdə oldum.
Pambıq yığımı mövsümünün
qızğın çağları olduğuna görə,
rayonda hamı yetişdirilmiş məhsulun tez bir zamanda toplanıb təhvil
verilməsi ilə məşğul idi.
Havaya etibar etmək olmazdı, payız
yağışları başlasaydı, kəsmək bilməyəcəkdi. Odur ki,
fürsətdən maksimum yararlanmaq istəyirdilər.
...Bir
günümüz səhər saat 7-dən axşam 11-dək
rayon icra hakimiyyətinin o vaxtkı
başçısının ratsiya ilə təchiz olunmuş
"Niva"sında Saatlının kəndlərini, təsərrüfatlarını,
pambıq tarlalarını gəzməyə, işçilərlə,
əmək kollektivləri ilə iş başında söhbət
etməyə, səyyar qəbullar keçirməyə
getdi.Axşam rayondakı
pambıq zavoduna gələndə "Niva"nın
taksometri gün ərzində 205 kilometr yol qət etdiyimizi
göstərirdi.
Əslində,
məqsədim pambıqçılıq rayonunun rəhbərinin
mövsümün qızğın çağında bir
iş gününü müşahidə etmək idi. Çox zəngin və jurnalist üçün
uğurlu gün oldu. Keçirdiyimiz çoxsaylı
görüşlərdə, istər sadə zəhmət
adamının, istər vəzifə sahibinin, elə rayon icra
hakimiyyətinin başçısı Gülhüseyn Əhmədovun
da dilindən tez-tez bir nəfərin adını eşidirdim:
Bu, Saatlıda 1969-1982-ci illərdə raykomun birinci katibi
işləmiş, qurub-yaratmaq, rayonu qabaqcıllar
sırasına çıxarmaq, zəhmət adamına
lazım olan dəyəri vermək baxımından ad-san
qazanmış Əlisaab Babayev idi: "Bunu Əlisaab müəllim
tikdirib", "Bu körpünü Əlisaab Babayev
saldırıb", "Bu yolu o kişi çəkdirib"...
Əlisaab Baba oğlu Babayev 1927-ci ilin baharında Ucar
rayonunun Müsüslü kəndində anadan olmuşdur. Orta təhsilini
doğma kəndində aldıqdan sonra Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul
olunmuşdu. Ali təhsil alıb Ucar
rayonuna qayıdan gənc müəllim ilk əmək fəaliyyətinə
doğma kəndlərində - Müsüslü orta məktəbində
başlamışdır. Sonra rayon komsomol
və partiya orqanlarında işə cəlb olunmuş və
müxtəlif vəzifələrdə nümunəvi fəaliyyəti
ilə həmişə diqqəti cəlb etmişdir. Gənc kadrın bu cür təşkilatçılığı,
işə məsuliyyətlə yanaşması, xüsusən
təşəbbüskarlığı yuxarıların da
diqqətindən yayınmamışdı. Azərbaycanın
sovet dönəmi tarixində inkişafının
dönüş nöqtəsi olan -1969-cu ildə isə onu çox məsuliyyətli
bir işə -- Saatlı Rayon Partiya Komitəsinin birinci katibi
vəzifəsinə göndərmişlər.
Baxmayaraq
ki, ondan əvvəl və sonralar da Saatlıya çox rəhbər
gəlib-getmiş, lakin heç birinin adı burada 14 ilədək
raykomun birinci katibi işləmiş və 1994-cü ilin
yayında dünyasını dəyişmiş Əlisaab
Babayev qədər xatırlanmırdı. Bu, nədən
irəli gəlirdi? İlk növbədə o, halal adam idi, haqqı qoyub, nahaqqı müdafiə
eləmirdi, insanla insan kimi rəftar edirdi. Sözü
ilə əməli həmişə bir-birini
tamamlayırdı. Gördüyü
bütün işlərdə, bir qayda olaraq, ilk növbədə
camaatın halını düşünürdü.
Əlisaab müəllim bacarıqlı təşkilatçı
idi. Maraqlı təşəbbüslər irəli
sürməyi və onu reallaşdırmağı
xoşlayırdı. Təsadüfi deyildir ki, bir vaxtlar,
adətən, adı geridə qalanlar sırasında çəkilən
Saatlı rayonu onun rəhbərliyi dövründə sürətlə irəli
getdi, plan və tapşırıqları yerinə yetirməyə
başladı. Bununla bərabər, rayonun və
kəndlərin siması da xeyli dəyişdi. İşin düzgün təşkilindən qazanc
götürüb varlanan insanlar özlərinə müasir
evlər tikdirdilər, yaşayışın səviyyəsi
yüksəldi. Eyni zamanda, rayon mərkəzi
və kəndlər başdan-başa
qazlaşdırıldı, su kəmərləri çəkildi,
neçə-neçə sosial obyekt, müalicə
ocağı, təhsil müəssisəsi tikilib istifadəyə
verildi. Saatlının adı nümunəvi rayonlar
sırasında çəkilməyə başlandı...
Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin
birinci dönəmində bu cür işgüzar, təşəbbüskar,
işə yaradıcı yanaşan raykom katibləri çox
idi. Lakin onların heç də hamısı Əlisaab
Babayev kimi xatirələrdə yaşamır. Səbəb nə idi? Bu barədə
götür-qoy edərkən Saatlı rayonundan olan bir
ziyalının-pedaqogika üzrə fəlsəfə doktoru
Rahim Əzizovun Əlisaab müəllimin vəfatı ilə
bağlı bir xatirəsini oxudum və mənə çox
şey aydın oldu.
Rahim müəllim yazır ki, 1980-ci ilin aprel ayı idi. Saatlıda
çox nüfuzlu elmi-praktik konfrans keçirilirdi. O vaxt
mən rayonun Comuşçu kənd orta məktəbində
coğrafiya müəllimi işləyirdim. Həmin
konfransda "Muğan torpaqlarının meliorasiya cəhətdən
yaxşılaşdırılması" mövzusunda məruzə
etdim. Bir az tarixə ekskurs elədim.
Hələ 1914-cü ildə Rusiya çarı tərəfindən
Muğan torpaqlarının meliorasiya cəhətdən
yaxşılaşdırılması, bunun üçün vəsait
və texnika ayrılması ilə bağlı apardığım
tədqiqatlardan, görkəmli rus alimi Mixiyevin rəhbərliyi
ilə Saatlı rayonunun ərazisində yerləşən Cəfərxan
Muğan meliorativ təcrübə stansiyasının
yaradılmasından və gördükləri işlərdən
söz açdım. Məni diqqətlə dinləyən
birinci katib çıxışımın sonunda soruşdu:
"A bala, sən harada işləyirsən?" Dedim:
"Camuşçu kənd məktəbində coğrafiya
müəllimi". "Sən həftənin
birinci günü raykoma gələ bilərsənmi?"-
dedi. "Gələrəm, yoldaş Babayev"- dedim. Deyilən vaxtda məni qəbul etdi. Xeyli söhbətdən sonra bildirdi ki, məni rayon
partiya komitəsində işə götürmək istəyir.
Əlbəttə, dərs ili başa
çatandan sonra. Elə həmin il iyunun
11-də raykomda məsul vəzifəyə təyin olundum. Şübhəsiz, 28 yaşlı gənc bir kənd
müəllimi üçün bu, çox böyük şərəf
idi. Xahiş-minnətsiz mənə bir
dünya sevinc bəxş etdi. Ümumiyyətlə,
Əlisaab müəllim savadlı, təcrübəli və təşəbbüskar
gəncləri axtarıb tapır, iş
tapşırırdı.
Rahim
müəllim daha sonra yazır ki, işə can yandıran adam onun gözünün işığı
idi. Belə adamlara daha çox qayğı
göstərir, əməyini qiymətləndirir,
mükafatlandırırdı. İclaslarda, qəbullarda
insanlara tez-tez deyirdi: "Qazancınızın qədrini
bilin, yaxşı evlər tikdirin, ailənizə şərait
yaradın, maşın alın, istirahətə gedin. Nə qədər burdayam məndən istifadə
edin, sizə hər cür köməyə hazıram".
Bu kömək əməli işlə
tamamlanırdı. Əlisa dayım
traktorçu idi. İş başında
onunla görüşüb hal-əhval tutur. Ailəsini, övladlarını soruşur, problemləri
ilə maraqlanır. Məlum olur ki, Pedaqoji
Universitetin ikinci kursunda oxuyan oğlunun imtahandan kəsiri var,
daha doğrusu, sonuncu şansı qalıb, qiymət almasa,
kursda qalacaq. Əlisaab müəllim ona
ürək-dirək verərək, bildirib ki, narahat olma,
düzələr. O vaxt o, həm də Ali Sovetin
deputatı idi. Axşam işdən sonra mənə dedi ki, sabah Bakıda olacağam, rektorla danışmışam,
saat 12-də məni gözləyəcək. Dayın
oğlunu götür gəl rektorun qəbul otağına.
Dediyi vaxtda orada oldu. Dayım oğlundan
soruşdu: "Hazırsan, yoxsa?..." "Hazıram!"- dedi. Rektor onu çox
mehriban qarşıladı: "Bunun üçün gəlməyə
dəyməzdi, özümüz yoluna qoyardıq"- dedi. Təkid
etdi: "Yox, xahiş edirəm həmin müəllimi
çağırın, mənim yanımda imtahan
götürsün". Müəllim gəlib
imtahan götürdü, uşaq sualları lazımınca
cavablandırdı və "4" qiymət aldı.
...Bax belə
bir xasiyyəti idi Əlisaab müəllimi yaddan
çıxmağa qoymayan, unudulmaz edən. Təsəvvür
edin, sadə bir əmək adamının-traktorçunun
övladından ötrü rayondan Bakıya gəlib onun
haqqını müdafiə edən və bu işdən
qürur duyan insanı kim unudar ki? Biz birini misal çəkdik, belə faktlar onun həyatında
saysız-hesabsızdır.
Əlisaab
Babayevi yaxından tanıyan, uzun illər respublikamızın
Muğan bölgəsində xüsusi müxbir işləmiş
mərhum həmkarımız Telman Əliyev onun haqqında
tez-tez söhbət açar, xatirələrini
danışardı:
- Əlisaab müəllim Saatlı rayonunun təkcə rəhbəri
yox, həm də ağsaqqalı idi. Saatlılılar vəzifəsinə
görə ondan qorxub-çəkinmir, sadəcə hörmət
edir, yolunu gözləyir, onu sevirdilər. Demək olar
ki, hamı üçün yaxşı adam
idi, camaatın xeyir işlərində, bayramlarında həmişə
öndə olardı. Bir sözü ilə qan
yatızdırardı. Ona görə də
hamının dərin hörmətini, hüsn-rəğbətini
qazanmışdı. Bircə fakt deyəcəm: 1982-ci
ilin aprel ayında raykomun plenumu keçirilirdi. "Kommunist"in
müxbiri kimi, mən də həmin plenumda iştirak edirdim.
Plenumu Azərbaycan KP MK-nın katibi İsa Məmmədov
aparırdı. Əslində, həmin
plenum təşkilati məsələyə baxırdı.
Daha doğrusu, raykomun birinci katibi dəyişirdi,
Əlisaab müəllimin əvəzinə Almaz xanım
Hacıyevanı gətirmişdilər. İsa
müəllim plenum (raykom) üzvlərinə söz verərkən
xahiş etdi ki, çıxışlar tənqid və
özünütənqid ruhunda olsun. Lakin
çıxış edənlərin hamısı Əlisaab
müəllimin raykom katibi kimi fəaliyyətindən,
gördüyü işlərdən, insanlığından,
ağsaqqallığından faktlarla elə
danışdılar ki, MK katibi narahat olmağa başladı.
Axır ki, dözə bilməyib: "Yəni, deyirsiniz ki, hər
şey təqdirəlayiqdir, heç bir nöqsan- zad
olmayıb?" - dedi.
...Ən maraqlısı plenum başa çatandan sonra
oldu. Əlisaab müəllim yeni katibi təbrik edib, MK
katibi ilə xudahafizləşdikdən sonra qaldığı
evə sarı getməyə başladı. Rayon fəalları,
raykomun üzvləri evinə qədər onu dövrəyə
alaraq yol getdilər, heç kəs bu qayğıkeş
insandan ayrılmaq istəmirdi...
Əlisaab
müəllimin Bakıdakı evi "Xalq qəzeti"
redaksiyasının binasının on-on beş
addımlığında idi. Ara-bir
rastlaşırdıq. Bizi onunla Telman Əliyev tanış eləmişdi. Bir dəfə
Telman müəllimlə işə gələrkən
Əlisaab Babayevlə rastlaşdıq. Hal-əhvaldan
sonra Telman müəllim dedi: Əlisaab müəllim,
pensiyaçısınız, vaxtınız da var, arada-bir gəlin
redaksiyaya söhbət edək, köhnə əyyamları
yada salaq...
-Ay Telman,
boş vaxt hardadı? -- dedi. - Ev-eşiyin qayğıları,
vaxtilə işlədiyim rayonlardan dost-tanış və məni
tanıyan-tanımayan o qədər insan yanıma gəlir
ki... Hamısı da öz problemləri ilə.
Düşürəm yanlarına, gedirəm üzüm gələn
ünvanlara...
...Onun bu
fikirləri hazırda Səbail rayon seçki komissiyasında
işləyən oğlu Natiq Babayevin dedikləri ilə necə də
üst-üstə düşürdü. Natiq müəllim
atası barədə danışarkən dedi:
-Anam Xədicə xanım dünyasını dəyişəndən
sonra Əlisaab müəllim bizimlə birgə yaşadı. Bir müddət
Azərbaycan SSR Ali Sovetinin deputatı oldu. O vaxtlar və
ondan sonralar da, demək olar ki, onun boş vaxtı yox idi. Səhər tezdən evdən çıxır, gecə
qayıdırdı. Bəzən
vaxtlı-vaxtında nahar etməyi də unudurdu. Sadəcə, vaxt ayıra bilmirdi. Nə qədər insan kömək üçün
yanına gəlirdi. Hamıya əl
tutmağa, kimlərdənsə xahiş-minnət etməyə
çalışırdı. Onun
üçün ən əziz gün kiminsə işini
düzüb-qoşduğu gün olardı, buna çox sevinərdi.
Belə təmənnasız, bütöv şəxsiyyət
olduğuna görə nəinki doğulub boya-başa
çatdığı Ucar, Şirvan əhli, hətta
Muğan camaatı da Əlisaab müəllimlə fəxr
edir, onu öz ağsaqqalı sayırdı. Qürurlu kişiydi, giley-güzarı xoşlamaz, qəddini
əyməzdi. Həm də son dərəcə
ailəcanlı idi, övladlarını, nəvələrini çox
sevirdi, necə deyərlər, onlarla nəfəs
alırdı.
Onu
yaxından tanıyan görkəmli şair Musa Yaqub Əlisaab müəllimi
bu xasiyyətinə görə "Başqalarının
xoş güzəranı xətrinə öz
rahatlığını itirən dəyərli kişi"
hesab edirdi.
Yeri gəlmişkən mədəniyyət, incəsənət,
xüsusən poeziya, musiqi Əlisaab müəllimin ruhu və
mənəvi qidası idi. Telman müəllim
deyirdi ki, onunla çox tədbirlərdə, məclislərdə
olmuşam. Sinədəftər
idi, Füzulinin, Seyid Əzimin, Sabirin, Səməd Vurğunun,
Bəxtiyar Vahabzadənin, Məmməd Arazın və digər
şairlərin şeirlərini bəzən saatlarla söyləyərdi.
Əlisaab
müəllimin dünyasını dəyişməsindən
təsirlənən türk dünyasının böyük
şairi Bəxtiyar Vahabzadə xatirələrində
yazmışdır: "Məni Əlisaab Babayevlə mərhum
aktyorumuz Həsənağa Salayev tanış etmişdi. Onlar yaxın
dost idilər. İlk tanışlıqdan hiss etdim ki, qəlbən,
ruhən çox səmimi insandır. Sonra bir
neçə dəfə yolumuz rəhbərlik etdiyi
Saatlıya düşdü. Qonaq olduq. Qəribədir, 60 minə
yaxın əhalisi olan rayonda katibdən heç kəs
narazılıq etmirdi. Sonralar
düşünürdüm ki, axı insanları zəhmətə
yönəltmək özü də bir bacarıq, istedad tələb
edir. O, hər kəsi öz dilində dindirməyi
bacarırdı. Özünə xas
şirindilliklə, bəzən də zarafatla ən əsəbi
vəziyyətdən belə çıxardı. Bu səmimiliyin özü də istedad, bacarıq tələb
edirdi. Məni heyran edən bir də onun
çox məlumatlı olması, ədəbiyyatın,
şeirin, sənətin incəliklərini başa düşməsi
idi. Poeziyanın məftunu idi... Ölümünə
təəssüflənirəm. Çünki
işıqlı bir vətəndaş itirdik. Onun əziz
xatirəsi hamımızın qəlbində özünə əbədi
bir məkan tapıb..."
Kamil insan
sərrafı olan böyük şairin dediklərindən bir
məqama diqqəti yönəltmək istərdim: "O, hər
kəsi öz dilində dindirməyi bacarırdı. Özünə xas şirindilliklə, bəzən də
zarafatla ən əsəbi vəziyyətdən belə
çıxırdı". Bəli, bu
sadalananlarla bərabər Əlisaab müəllimdə
güclü yumor hissi vardı. Onu
tanıyanlar bunu yaxşı bilir və qəbul edirdilər.
Səksəninci illərin əvvəllərində
ümummilli lider pambıqçılığın
inkişafı məsələsi ilə bağlı Sabirabad
rayonunda ümumrespublika müşavirəsi keçirirdi. Bəzi rayonlarda
kənd təsərrüfatının bu strateji sahəsinə
soyuq münasibət, işin düzgün təşkil
olunmaması barədə danışarkən ulu öndər
faktlara müraciət edir, müqayisələr aparır,
konkret tapşırıqlarını verirdi. Müşavirədə əsəbi bir mühit
yaranmışdı. Tanınmış
yazıçı-publisist, Milli Məclisin deputatı Elmira
Axundova "Heydər Əliyev. Şəxsiyyət və
zaman" çoxcildliyinin II cildində yazır:
"Saatlı rayonunun birinci katibi Babayev çıxış
edərək dedi:
-Heydər
Əliyeviç, Sizin gəlişiniz
münasibətilə biz 150 min ton pambıq təhvil vermək
barədə yüksək sosialist öhdəliyi
götürmüşük...
Hamının ağzı açıla qaldı - bu,
mümkün olan şey deyildi.
Heydər
Əliyev ona baxdı:
-Nə dedin?
O isə
sözünü belə tamamladı:
-...Sabirabad rayonu ilə birlikdə.
Heydər Əliyev özünü saxlaya bilməyib
güldü.
-Yaman
zarafatçılsan!-dedi.
Bununla Babayev Heydər Əliyevin əhval-ruhiyyəsini dəyişdi. Müşavirədən
sonra ona yaxınlaşıb öpür: "Sən onun hirsini
soyutdun,"- deyirdilər.
Ulu öndər respublikaya rəhbərliyinin birinci
dövründə üç dəfə -1974, 1976 və
1980-ci illərdə Saatlı rayonuna səfər etmişdi. O vaxt raykomun birinci katibi
Əlisaab Məmmədov olmuşdur.
Heydər Əliyevin bu səfərlərindən
ruhlanan, onun tapşırıq və göstərişlərini,
dəyərli tövsiyələrini əməli fəaliyyət
proqramı kimi qəbul edən Saatlı camaatı təsərrüfatın
bütün sahələrində nailiyyətlər
qazanmışdır. 1970-ci ildə 15,3
min ton pambıq istehsal olunduğu halda, 1981-ci ildə 59,7 min
ton məhsul toplanmışdır. Rayonda məhsuldarlıq 2,5 dəfə artaraq, 39,2 sentnerə çatmışdır.
Həmin dövrdə Saatlıda taxıl istehsalının həcmi
3,1 dəfə, ət istehsalı 1,6 dəfə,
süd istehsalı 2,2 dəfə, yun istehsalı 1,5 dəfə
artmışdır. Rayonda 8573 şagird yeri olan 19 məktəb
binası, 450 yerlik məktəbəqədər müəssisə,
450 yerlik mədəniyyət sarayı, 390
çarpayılıq mərkəzi xəstəxana, 11 kənd
həkim məntəqəsi, neçə-neçə zavod,
fabrik kombinat, sosial obyekt tikilib istifadəyə verilmişdir. Əlisaab Babayev Qırmızı Əmək
Bayrağı, "Şərəf nişanı" ordenləri,
müxtəlif medallar, döş nişanları, fəxri fərmanlarla
... təltif olunmuşdur.
... Həyatda elə insanlar olur ki, ölümü təkcə qohum-əqrəbanı, dost-tanışı yox, bütün el-obanı sarsıdır, bu acı xəbəri eşidən hər kəsin ürəyini sızıldadır. Əlisaab Babayev də belə insanlardan biri idi. 1994-cü il mayın 26-da bu fani dünyaya göz yumarkən onun 67 yaşı vardı. Öz vəsiyyətinə uyğun olaraq, onu Müsüslü qəbiristanlığında -doğmalarının yanında dəfn etmək üçün Bakıdan Ucar rayonuna apardılar. Həmin gün və elə qırxı çıxana qədər hər gün Bakıdan, Muğan bölgəsindən Müsüslüyə gedib-gələnlərin ardı-arası kəsilmirdi. Bu, onun sağlığında etdiyi yaxşılıqların, əməllərinin, təmənnasız xidmətlərinin təzahürü idi. Axi o, çox yetimə, kimsəsizə, fəqir-füqəraya, imkansıza əl tutmuşdu, dara düşənə kömək etmişdi, neçə-neçə gəncin əlini çörəyə çatdırmışdı, haqqı nahaqdan ayırmağa çalışmışdı... İndi həmin insanlar onun ruhu qarşısında son borclarını vermək üçün gedib-gəlirdilər.
Belə bir el deyimi var: İnsan ölər, insanlıq qalar bu dünyada. İnsan bioloji mənada dünyasını dəyişir, amma Uca Yaradanın ona bəxş etdiyi qısa ömür payında o qədər xeyirxah iş görür ki, uzun illər boyu unudulmur, yaddaşlarda, xatirələrdə və əməllərində yaşayır, qədirbilənliklə yad edilir.
Bir də insanı unudulmağa qoymayan özündən sonra onun ömrünün davamçıları olan övladları, nəvə-nəticələridir. Hazırda Əlisaab müəllimin 7 nəvəsi və 10 nəticəsi var. Onlar öz babalarının xatirəsini daim uca tutmağa çalışırlar. Fəxr edirlər ki, babaları ləyaqətli ömür yaşayıb, sayılıb-seçilən kişilərdən olub. Təsadüfi deyil ki, bu gün Ucar şəhərinin əsas küçələrindən biri Əlisaab Babayevin adını daşıyır. Bu küçə ilə addımlayan yüzlərlə insan hər gün Əlisaab Babayevin ruhuna dualar oxuyur, Allahdan ona rəhmət diləyir. Haqq dünyasında olan insan üçün bundan yaxşı nə ola bilər ki?
P.S. Deyilənə görə, onun xoşladığı və tez-tez təkrar etdiyi bir kəlam varmış: Elə yaşayın ki, insanlar sizi görəndə sevinsin, görməyəndə darıxsın...
Qüdrət
PİRİYEV
Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.- 2017.- 20 aprel.- S.8.