İsa Həbibbəylidən Düsen Kaseinova təbrik məktubu

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli TÜRKSOY-un Baş katibi professor Düsen Kaseinova təbrik məktubu ünvanlayıb.

Bugünlərdə 70 yaşı tamam olan D.Kaseinova məktubunda akademik İ.Həbibbəyli yazır:

 

“Hörmətli Düsen Kurabayeviç!

Sizi -türk dünyasının dərin ehtiram bəslədiyi parlaq şəxsiyyəti və Azərbaycan xalqının böyük dostunu anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm!

Siz dünya birliyi ilə türk xalqları arasında elmi-mədəni əlaqələrin daha da genişləndirilməsi və inkişafı sahəsində yorulmadan çalışırsınız. Milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi proseslərinin daha da genişlənməsi və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi, parlaq istedadların üzə çıxarılması Sizin ardıcıl və məqsədyönlü fəaliyyətinizin əməli nəticəsidir. Ortaq tarixi köklərə malik olan xalqların inteqrasiyasının yeni epoxada müasir prinsiplər əsasında yenidən qurulmasına dəstək vermək, təzə üfüqlər açmaq istiqamətindəki ardıcıl səyləriniz geniş mənada ümumdünya mədəniyyətinin inkişafına xidmətin ifadəsidir.

TÜRKSOY-un ən əhəmiyyətli və uğurlu layihələrinin Azərbaycanda gerçəkləşməsi Sizin ölkəmizlə daha sıx əlaqələr qurmağınızın bariz nümunəsidir. Məhz Azərbaycan Respublikası ilə türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətləriniz nəzərə alınaraq, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dövlətimizin ali mükafatı - “Dostluqordeni ilə təltif olunmusunuz.Türk dünyasının çoxcəhətli mədəniyyətinin elmi əsaslar üzrə tədqiq olunub öyrənilməsi, türkoloq alimlərin elmi əməkdaşlığının daha da genişlənməsi istiqamətindəki səmərəli fəaliyyətiniz yüksək qiymət və böyük əhəmiyyətə malikdir.

Geniş dünyagörüşə, zəngin mənəviyyata malik professor Düsen Kaseinovu yaxından tanıyanlar onun aydın mövqeyinə, bütöv şəxsiyyətinə, dərin səmimiyyətinə xüsusi ehtiram bəsləyirlər.

Sizi - tükənməz enerjisinibütün fəaliyyətini türk xalqlarının mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafına və təbliğinə həsr edən təcrübəli təşkilatçı və görkəmli ziyalı  Düsen Kaseinovu doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə gələcək işlərinizdə daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram!”

 

525-ci qəzet.- 2017.-15 aprel.- S.7.