Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər
Şimali Amerikada avropalılar və ABŞ-ın yaranması. Amerikalar müstəmləkə
zülmündən azad olurlar
İngilislər də
Şimali Amerikada ilk koloniyalarını yaratmaq istədilər. Lakin bu cəhd
uğursuz olsa da, “Bakirə kraliça” I Elizabetin şərəfinə
yeni koloniya “bakirə” mənasını verən Virciniya
adlandırılmışdı.
1585-ci ildə burada yaşayış
məntəqəsi salındı, lakin heç bir il keçməmiş, yüzlərlə sakin
İngiltərəyə qayıtdı. 1587-ci
ildə ser Uolter Reli Amerikaya ikinci ekspedisiya göndərdi,
onlar yeni yaşayış məntəqəsi yaratdılar.
Üç il sonrakı ekspedisiya vaxtı
həmin 918 sakindən heç kəs tapılmadı. Onların taleyi barədə heç nə məlum
deyildir. Onlar aclıqdan və xəstəlikdən,
yaxud da hindularla vuruşdan ölə bilərdilər. Məskunlaşmanın ilk cəhdi faciəvi qaydada
başa çatdı. Lakin 1607-ci ildə
kolonistlər dəstəsi Ceyms çayının mənsəbində
yeni məntəqə saldılar. Bu,
Virciniyanın ingilis məskunlaşmasının birinci səhifəsini
açırdı. Yaşayış məntəqəsi
İngiltərə kralı şərəfinə Ceymstaun
adlandırıldı. Kolonistlər 1612-ci
ildə tütün becərməyə başladılar, bu,
Virciniyanın təsərrüfat cəhətdən istifadə
edilməsi məsələsini həll etdi. Tütünün becərilməsi çox gəlirli
olduğuna görə, monokulturaya çevrilməyə
başladı.
Koloniyada işçi
qüvvəsinin çatışmamasına görə,
Avropadan okeanın o tayına köçmək istəyənlər
hesabına bu məsələ müsbət həll olunurdu. Hər bir
ingilis şumlanan torpaq payı almaq hüququna malik idi. Əvvəlki dövrdə koloniyadakı həyat
çox ağır idi. Bir tərəfdən
kolonistlər öz torpaqlarını müdafiə edən
hinduların hücumlarına qarşı dayanmalı idilər,
digər tərəfdən, onlar xəstəliklərdən,
daha çox tsinqa və malyariyadan əziyyət çəkirdilər,
aclıqdan ölürdülər.
Amerika qitəsinin
şimalını (Kanadanı) isə fransızlar istifadəyə
daxil etdilər. Birinci dəfə Jan Kartye (1535-ci il)
buranı kəşf etmişdi, koloniyalaşmanı isə
Samyuel de Şampleyn başladı, o, 1602-ci ildə Kvebek şəhərinin
əsasını qoydu. Sonralar Yeni Dünyadakı
ağalıq üstündə ingilislərlə fransızlar
arasında bir neçə toqquşma baş verdi.
Yeddiillik müharibənin sonunda isə Paris
sülhünün şərtlərinə görə, Fransa
tamamilə Kanadanı itirdi və ölkə Britaniya
imperiyasının bir hissəsinə çevrildi.
1620-ci ilin noyabrında isə
İngiltərədən “Meyflauer” gəmisi üç ay ərzindəki
üzüşdən sonra Şimali Amerikadakı Kod
burnundakı sahilə gəlib çıxdı. İngilis puritan
köçkünlərinin 41 ailəsi Amerika torpağına
ayaq basdı. Hələ gəminin göyərtəsində
olarkən “zəvvar atalar” gələcək koloniyanın,
öz dinlərinin sərt prinsiplərinə əsaslanan
nizamnaməsini qəbul etdilər.
“Mitflauer” gəmisinin sərnişinləri
arasında puritan köçkünləri ilə
yanaşı, bir neçə ingilis taciri də var idi, onlar
Saushemptondan 5 sentyabrda yola düşmüşdülər. Pis hava şəraitinə görə,
Virciniyadakı ingilis koloniyasına qoşulmaq barədəki
ilkin niyyətlərindən imtina etməli olmuşdular. Onlar Kod burnunda sahilə çıxmağı qərara
aldılar, buradakı əlverişli hava şəraiti onlara
qarşıdan gələn qış dövründə qida
ilə təmin olunmağa imkan verirdi.
Öz nizamnamələrinin
köçkünlər tərəfindən qəbul edilməsi
mühüm hüquqi tədbir idi, çünki onlar ingilis
qanunvericiliyinin qüvvədə olduğu ərazidən kənarda
idilər. Kolonistlər özlərini ingilis kralı I Ceymsin sədaqətli
təbəələri adlandırsalar da, ancaq onlar öz
qanunlarına malik olmaq və öz idarəetmə
orqanlarını yaratmaq hüququnu özləri
üçün saxlayırdılar.
Puritanların mühacirəti
anqlikan kilsəsi ilə onların dini ayrı-seçkiliyi ilə
əlaqədar idi. Puritanların radikal qanadı - ipndependentlər
öz icmalarının müstəqilliyinə nail olmaq istəyirdilər.
Puritanların bir hissəsi vətənlərində
öz inancları barədə mübarizəni davam etdirir, digərləri
isə mühacirət etməyi seçmişdi.
İndiki Nyu-Yorkun ən bahalı
rayonu olan Manhettenin 1626-cı ildə Yeni Niderland adlanan holland
koloniyasının ilk qubernatoru hindulardan Hadson
çayındakı bu adanı 60 quldenə alıb, orada Yeni
Amsterdam şəhərini (indiki Nyu-York) saldı. Hollandlar artıq Yeni Dünyanın bu hissəsində
məskunlaşmışdılar. Materikdən
daha çox müdafiə olunan adaya onların köçməsini
hinduların tez-tez baş verən hücumları məcbur
etmişdi. Hollandların qəsəbələri
ingilislərinkindən fərqlənirdi, ingilislər məbəd
ətrafındakı kompakt kəndlərdə məskunlaşırdılar,
hollandlar isə bir-birindən aralı olan xutorlarda
yaşayırdılar, onlarda isə hindulardan müdafiə
olunmaq çətin idi. Həm də
Niderland koloniyaları qarışıq milli tərkibdən
ibarət idi, burada hollandlardan başqa almanlar,
skandinaviyalılar, yəhudilər, ingilis puritanları
yaşayırdı. Yeni Niderland
koloniyalarında torpaq köçkünlərə özəl
mülkiyyət hüququ əsasında məxsus deyildi,
Vest-İndia kompaniyasından icarəyə
götürülürdü, ona görə də kolonistlər
onu özlərininki kimi müdafiə etmirdilər.
Bu hadisədən dörd il sonra isə 1630-cu ildə ingilis puritanları
- “Massaçesets - Bey kompaniyasının” kolonistləri Con
Vintropun başçılığı altında
Massaçusets körfəzinin sahillərində sonralar Boston
adlanan yaşayış məntəqəsini saldılar. Bu kompaniyanın başında doğma İngiltərədə
kral və kilsə tərəfindən təqib olunan puritanlar
dururdu. Puritan köçkünlərinin ilk min nəfəri
Şimali Amerikaya elə həmin ili gəlmişdilər.
Burada onlar qısa müddət ərzində
altı yaşayış məntəqəsi
salmışdılar.
İki il sonra
Boston Massaçusets koloniyasının baş şəhəri
oldu. Qubernator Vintropun rəhbərliyi altında
təmsilçilik yığıncağı yarandı, buna
seçmək və seçilə bilmək hüququna
yalnız puritan icmasının üzvləri malik idi. Puritan olmayanlar Massaçusetsdə heç bir siyasi
hüquqa malik deyildilər.
Bu koloniyanın ərazisindəki
Kembricdə Yeni İngiltərədəki ən qocaman kollecin əsası
qoyuldu. 1639-cu ildən kollec incəsənət bakalavrı
Con Harvardın adını daşıyır. O, Amerikaya
mühacirət etmiş və bu tədris müəssisəsinə
zəngin kitabxana və varidatının yarısını vəsiyyət
etmişdi. XIX əsrin birinci rübündə
kollec universitetə çevrildi və hazırda ABŞ-ın ən
aparıcı universitetlərindən biridir.
1650-ci ildə Şimali
Amerikada artıq 50.000 kolonist var idi. Ağ tacirlər
hindularla razılaşmağa çalışırdılar.
Köçkünlər isə onlardan torpaq almağa can
atırdılar. Əvvəllər hindular
kolonistlərə tikinti aparmaq üçün öz
torpaqlarını həvəslə verirdilər. Lakin onlar anlayanda ki, bu torpaqlar həmişəlik ələ
keçirilir, onda münaqişə yaranmağa
başladı. Köçkünlər
özlərini aldadılmış hesab edib, hinduları
yaşadıqları yerlərdən qovmağa
başladılar. Ağ kolonistlər
hinduları kütləvi şəkildə
qırırdılar. 1680-ci ilə yaxın Yeni İngiltərədə
yalnız 15.000 hindu var idi. Diri
qalanlar Müqəddəs Lavrenti çayı rayonuna
köçürüldülər. Oradan onlar
ingilis köçkünlərinə hücum edirdilər.
Getdikcə hindular torpaqlarını geri qaytarmaq
barədə bütün ümidlərini itirdilər.
Avropalıların məskunlaşması
hinduların inkişafının təbii gedişini
dayandırdı. Çox sayda hindular Şimali Amerikada məhv
edildi, qalan tayfalar isə rezervasiyalara
köçürüldülər.
Hinduların dünya mədəniyyətinə
töhfəsi olduqca böyükdür: dünya xalqları
onlardan qarğıdalını, kartofu, günəbaxanı,
kakao və digər bitkiləri becərməyi öyrəndilər.
Hindular təsviri sənətin, xalq şeir
yaradıcılığının gözəl abidələrini
yaratmışlar.
Şimali Amerikanın yerli əhalisi
əvvəlcə ingilis kolonistlərini dostcasına
qarşılayırdılar. Lakin
köçkünlər axını gücləndikcə,
onlar hinduları doğma yurdlarından rəhmsizliklə
sıxışdırıb xüsusi ayrılmış ərazilərə
göndərirdilər. Buna cavab olaraq
hindular ağların yaşayış məntəqələrinə
hücum etməyə başladılar. İngilislər
özlərini koloniyalarının tam hüquqlu sahibləri
hesab etdiklərindən, hindulara qarşı əsl ov təşkil
etdilər. 1637-ci ildə Plimut, Massaçusets və
Konnektikut məntəqələrindən olan kolonist dəstələri
kütləvi qırğın təşkil edib, yerli hindu tayfalarından birini tamamilə
qırdılar.
1643-cü ildə Şimali
Amerikadakı ingilis koloniyaları Yeni İngiltərə
konfederasiyasında birləşdilər. İspaniya,
Fransa və Hollandiya ilə yanaşı, İngiltərə
dördüncü dövlət idi ki, Şimali Amerika qitəsində
koloniyalarına malik idi.
Yeni İngiltərə
konfederasiyasında Plimut, Massaçusets, Konnestikut və
Nyu-Heyvn daxil oldu. Plimut İngiltərədən 21 noyabr
1620-ci ildə “Meylauer gəmisində” gələn puritan “zəvvar
ataların” yaşayış məntəqəsi idi. Kolonistlər ingilis tacirlərinə borclarını
ödədikdən sonra, Plimut muxtariyyət
qazanmışdı.
İngiltərə Amerikada
koloniyalaşma həyata keçirərkən təkcə
ticarət məqsədlərini güdmürdü, həm də
çalışırdı ki, öz demoqrafik problemlərini
həll etsin.
Avropanın digər müstəmləkə əldə
etmiş ölkələri isə hər şeydən əvvəl
iqtisadi faydanı güdürdü. Belə ki, Müqəddəs
Lavrenti çayının üstündəki Monreal
yaşayış məntəqəsindən olan fransız
tacirləri və missionerləri müasir Kanada ərazisində
yaşayan hindu tayfaları ilə intensiv əmtəə
mübadiləsi aparırdılar.
1607-ci ildən 1733-cü ilə
qədər olan dövrdə Şimali Amerikada 13 ingilis
koloniyası meydana gəlmişdi. Bunlar ticarət
kompaniyalarının, özəl şəxslərin
yaratdığı yaşayış məntəqələri
və ya Plimutdakı kimi, dini icmalar idi. Onların
arasında ümumilik gücləndikdə, ingilis hakimiyyət
orqanlarının sərt nəzarəti bu koloniyaların
inkişafını ləngidirdi.
Şimali Amerikada Corc Foks tərəfindən
İngiltərədə yaradılmış kvaker dini
icmasının üzvləri də məskunlaşmağa
başladılar. Bu icma mütləq patsifizm mövqeyindən
çıxış edirdi, hətta özünü müdafiə
məqsədilə də zorakılığı qətiyyətlə
rədd edirdi. Ona görə də
onları həm İngiltərədə, həm də
Şimali Amerikadakı koloniyalarda təqib edirdilər.
1658-ci ildə Yeni İngiltərə
konfederasiyasında birləşmiş koloniyalar kvakerləri
öz ərazilərindən çıxarmaq barədə qərar
qəbul etdilər. Tabe olmayanları ölüm hökmü
gözləyirdi. 1660-cı ildə kvakerlər
sektasının nümayəndəsi qadın Meri Dayer
camaatın gözü qarşısında edam
edildi.
Amerika kolonistlərinin Böyük Britaniyanın onlara qarşı qoyduqları vergi siyasətindən və digər məhdudlaşdırıcı tədbirlərindən narazılığı artırdı. Koloniyalar bu tədbirlərə qarşı açıq etirazlarını bildirməkdən də çəkinmirdilər. İngilis çayının (içmək üçün istifadə edilən quru çayın) Şimali Amerikaya rüsumsuz gətirilməsi xüsusən onları hiddətləndirdi. 1773-cü ilin dekabrında Yeni İngiltərədə Britaniya əleyhinə həyəcanlar öz zenitinə çatdı, bu, yeni vergilərin qoyulması ilə əlaqədar idi. Bu vaxt “Boston çay dəstgahı” deyilən hadisə baş verdi. Boston sakinləri hindu paltarını geyinərək Ost-İndia kompaniyasının üç gəmisinə basqın etdilər və gəmidən 342 yeşik çayı dənizə tökdülər. Beləliklə, onlar çayın rüsumsuz gətirilməsinə etirazlarını bildirdilər. Rüsumsuz çay gətirilməsi barədə qərarı isə koloniya nümayəndələrinin iştirakı olmadan Britaniya parlamenti qəbul etmişdi.
Ost-İndia kompaniyasının mülkiyyətinə qəsd Böyük Britaniyada böyük narazılıq yaratdı. Britaniya hökuməti ziyanın bütünlüklə ödəniləcəyinə qədər Boston limanını bağlanmasını qərara aldı və Yeni İngiltərəyə hərbi gəmilər göndərdi.
Bu tədbirlər Şimali Amerika koloniyalarının ümumi müqavimətinin başlanması üçün siqnal rolunu oynadı.
1775-ci ilin aprelində isə Yeni İngiltərədə müstəqillik uğrunda müharibə başlandı. İngilis kral qoşunları Bostonun ətraflarına nəzarəti ələ keçirmək istəyəndə kolonistlərin silahlı dəstələri ilə döyüşə girdilər. Massaçusetsdəki Leksinqtondakı nizami Britaniya qoşunları ilə amerikan üsyançı dəstələri arasındakı döyüşlə Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə başladı.
Pis silahlanmalarına baxmayaraq, amerikan dəstələri ingilis kral qoşunları üzərində qələbə çala bildi. Sonrakı Konkord döyüşündə ingilislər böyük itki verdilər. Kolonistlər ingilislərin olduğu yeri mühasirəyə alıb, onları Boston şəhəri üzərindəki iki yüksəklikdən hədələməyə başladılar. Britaniya hissələri Banker-hill təpəsini tuta bildilər, lakin kolonistlər onlardan götürdükləri topları işə saldılar. Britaniya hissələri və Bostonun ingilislərə tərəf olan sakinləri geri çəkildilər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-
2017.-15 aprel.- S.20.