Riyaziyyat və Mexanika İnstitutunun tarixi:
keçmişə, bu günə və gələcəyə
bir baxış
(əvvəli
ötən şənbə saylarımızda)
Hörmətli oxucular, məlumat
üçün bildirirəm ki, bu gün müxtəlif səbəblərdən
100-dən çox riyaziyyatçı alim dünyanın
müxtəlif ölkələrində - ABŞ, Kanada, Meksika,
Rusiya, Türkiyə, İran, Almaniya, Böyük Britaniya,
Ukrayna, Orta Asiya, Qazaxıstan, Avstraliya, Yaponiya, Cənubi Koreya,
Fransa, İspaniyada çalışmaqdadır.
Bu vəzifəyə gəldikdən
sonra onlar haqqında məlumatlar toplamağa başladım,
riyaziyyatın hansı sahələrində elmi-tədqiqat
apardıqlarını, hansı universitetlərdə
çalışdıqlarını müəyyənləşdirməyə
çalışdım. Onların bəziləri ilə yay tətilində,
Vətənə gələndə görüşdüm.
Hesab edirəm ki, 100 nəfərdən çox
alim böyük qüvvədir və onların
potensialından istifadə etmək çox vacib məsələlərdən
biridir. Artıq onlardan bəziləri ilə
münasibətlər yaratmışıq. Bir neçə alim Ümuminstitut seminarlarında
elmi məruzələrlə çıxış edib,
institutda çap olunan jurnalların redaksiya heyətlərinin
üzvləri və ya rəyçiləri kimi bizə
yaxından kömək edirlər. Bəziləri
nüfuzlu jurnallarda çap olunmuş məqalələrində
bizim institutun da adını qeyd edirlər. Bütün bunlar ölkəmizin riyaziyyat sahəsində
reytinqinin yüksəlməsinə öz təsirini göstərir.
Hesab edirəm ki, bu istiqamətdə işlərimizi
davam etdirməliyik.
Məlumdur ki, elmi-tədqiqat
institutlarında çalışan alimlərin əsas nəticələri
onların hazırladıqları gənc alimlər,
monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və
çap etdirdikləri elmi məqalələrdir. Hazırda
dünyanın müxtəlif agentlikləri bu və ya digər
elm sahəsində institutların, jurnalların, alimlərin nəticələrini
qiymətləndirməklə məşğuldur. Bu
agentliklər arasında ən nüfuzlusu Thomson Reuters agentliyidir. Yeri gəlmişkən
onu da qeyd edim ki, hələ 1976-1983-cü illərdə Azərbaycan
Elmlər Akademiyasının Xəbərləri jurnalının
fizika-riyaziyyat və texnika seriyası həmin agentliyin qiymətləndirdiyi
jurnallar siyahısına düşmüşdü. Bu
agentlik hazırda hər il 10 mindən
çox jurnalı qiymətləndirir.
Son üç ildə yay tətili
qabağı, institutun daxili imkanları hesabına Thomson Reuters siyahısına daxil olan impakt faktorlu
jurnallarda çap olunmuş hər bir məqaləyə
mükafat veririk. 2014 və 2015-ci illərdə
institut əməkdaşlarının 34 elmi işi belə
mukafata layiq görülmüşdür. Bu il isə 52 məqalənin mükafata layiq
olacağını gözləyirik. Başqa
sözlə institutda aparılan ardıcıl və məqsədyönlü
işlərin nəticəsində əsas göstəricilərdən
birində xeyli artım olub.
Ötən müddətdə
artıq neçə illərdir ki, ənənə
formasını almış və hər həftənin
üçüncü günləri saat 10:00-da işə
başlayan Ümuminstitut Seminarının fəaliyyətinin
daha da yaxşılaşması (gücləndirilməsi)
istiqamətində müəyyən yeniliklər etmişik. Seminara özüm rəhbərlik edirəm və
seminarda yalnız institut əməkdaşları deyil,
respublikada və xarici ölkələrdə
çalışan tanınmış alimlərin məruzələri
dinlənilir.
Ümuminstitut seminarında
müdafiəyə çıxarılan fəlsəfə
doktoru və elmlər doktoru dissertasiyalarının ilkin
müzakirələri, Riyaziyyat və Mexanika İnstitutunun,
Respublikanın digər elmi mərkəzlərinin əməkdaşları
tərəfindən alınmış yeni və mühüm nəticələr
də müzakirə edilir.
İnstitutun əməkdaşları
elmi işləri ilə yanaşı ölkəmizin müxtəlif
təhsil müəssisələrində (Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan
Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki
Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan
Respublikası Prezidenti yanında İdarəçilik
Akademiyası, Sumqayıt Dövlət Universiteti) mühazirələr
oxuyur, ixtisas kursları aparır, bakalavr və magistr
dissertasiya işlərinə elmi rəhbərlik edirlər.
Qeyd edim ki, indiyə qədər
institutda üç ixtisas üzrə (analiz və funksional
analiz, diferensial tənliklər, deformasiya olunan bərk cism mexanikası)
doktorluq dissertasiya şurası fəaliyyət göstərmişdir.
Son üç ildə
institutda fəaliyyət göstərən dissertasiya
şurasının iclaslarında 33 nəfər riyaziyyat və
mexanika üzrə fəlsəfə doktoru dissertasiyası, 14
nəfər elmlər doktoru dissertasiyası müdafiə edib. Onlardan 23 fəlsəfə
doktoru, 7 elmlər doktoru institut əməkdaşlarıdır.
Onu da qeyd edim ki,1959-cu
ildən bu günədək institutun müdafiə
şurasında 670 nəfər namizədlik (fəlsəfə
doktoru), 68 nəfər doktorluq (elmlər doktoru)
dissertasiyası müdafiə edib.
Hazırda institutun nəzdində
dörd ixtisas üzrə (analiz və funksional analiz, diferensial
tənliklər, dinamik sistemlər və optimal idarəetmə,
deformasiya olunan bərk cism mexanikası) dissertasiya
şurası fəaliyyət göstərir.
İnstitutda 16 doktorant (onlardan
6-sı əyani), 30 dissertant (onlardan 6-si elmlər doktoru və
24-ü fəlsəfə doktoru) hazırlığı
üzrə elmi-tədqiqat işləri aparılır.
Azərbaycan Milli Elmlər
Akademiyasının Prezidentinin 25 noyabr 2016-cı il tarixli 644
saylı Sərəncamına əlavədə Ali təhsil müəssisələrində
yaradılmış SABAH qruplarında təhsil alan tələbələrin
AMEA-nın elmi müəssisələrində təcrübəkeçmə
planına uyğun olaraq, Bakı Dövlət Universiteti, Azərbaycan
Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetindən
28 tələbə Riyaziyyat və Mexanika İnstitutuna göndərilmişdir.
Tələbələrə Elmi Şurada təsdiq
edilmiş proqramlar üzrə təcrübə dərsləri
aparılır. 2016-cı ildən Riyaziyyat
və Mexanika İnstitutunun magistraturasına 4 nəfər qəbul
olunmuşdur. Magistraturada mövcud proqramlar
üzrə tədris aparılır.
Məlumat üçün
bildirim ki, institutun çox zəngin kitabxanası var. Kitabxana
1959-cu ildən fəaliyyət göstərir. Məlumdur ki,
Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi kimdirsə,
Azərbaycan elmində də Nəsrəddin Tusi həmin səviyyədə
bir şəxsiyyətdir. Təəssüf
ki, bu günə qədər onun irsi tam öyrənilməmiş,
xidmətləri öz layiqli qiymətini ala bilməmişdir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hələ
2000-ci ildə Ümumilli Lider Heydər Əliyev Nəsrəddin
Tusinin 800 illik yubileyinin keçirilməsi ilə bağlı
Dövlət Komissiyasının yaradılması haqqında fərman
imzalamış, özü həmin komissiyanın sədri
olmuşdur.
Həmin fərmanda qeyd olunur
ki, “Elmin astronomiya, həndəsə, triqonometriya, fəlsəfə,
ilahiyyat, pedaqogika, mineralogiya, tibb və sair sahələrində
sanballı əsərlər yaratmış ensiklopedist alim Nəsrəddin
Tusinin yaradıcılığı dünya elminin və mədəniyyətinin
inkişafına güclü təsir göstərmişdir.
Nəsrəddin Tusi öz zəngin
yaradıcılığı ilə yanaşı,
böyük bir elmi məktəbin banisi kimi də dünya
şöhrəti qazanmışdır. Onun təsis
etdiyi Marağa astronomiya rəsədxanası qısa müddətdə
astronomiya cihazlarına və zəngin kitabxanaya malik
böyük elmi mərkəzə çevrilmiş, bir
çox riyaziyyatçı və astronom buraya dəvət
edilmiş və onlar Nəsrəddin Tusinin rəhbərliyi
altında elmin müxtəlif sahələrinə aid bir
sıra qiymətli əsərlər yaratmışlar. Nəsrəddin
Tusi özündən sonra olduqca böyük elmi irs qoyub getmişdir. Onun əsərləri
dünya xalqlarının bir çox dillərinə tərcümə
edilərək dəfələrlə çap olunmuş,
neçə-neçə alimlər nəslinin yetişməsində
müstəsna rol oynamışdır. Təəssüflə
qeyd edilməlidir ki, Nəsrəddin Tusinin çoxsahəli
yaradıcılığı ölkəmizdə hələ
lazımi səviyyədə tədqiq olunmamışdır.
Mütəfəkkir alimin irsinin dərindən
öyrənilməsi Azərbaycan elmi qarşısında duran
vacib məsələlərdəndir.
Dahi Azərbaycan aliminin xatirəsi
ölkəmizdə həmişə böyük ehtiram və
iftixarla yad edilmişdir. 1981-ci ildə onun 780 illik yubileyi geniş
qeyd olunmuş, adı əbədiləşdirilmiş, şərəfinə
medal təsis edilmiş, abidələr yaradılmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti və
Şamaxı Astrofizika Rəsədxanası da Nəsrəddin
Tusinin adını daşıyır.
Azərbaycanın dahi alimi Nəsrəddin
Tusinin 800 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi onun xatirəsinə dərin ehtiramın
ifadəsi olmaqla yanaşı, xalqımızın zəngin
elmi və mədəni irsinin bütün dünyada təbliği
və tərənnümü işinə xidmət edir.
2003-cü ildən isə Nəsrəddin
Tusinin elmi yaradıcılığını tədqiq etmək
məqsədi ilə Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin 19 fevral
2003-cü il tarixli 9/6 saylı qərarı
ilə institutumuzda “Azərbaycan riyazi irsinin tədqiqi”
şöbəsi yaradılmışır. Şöbənin əsas
iş planının mövzusu “Nəsrəddin Tusinin riyazi və
məntiqi əsərlərinin tədqiqi” olmuşdur.
Bu günlərdə tarix
elmləri doktoru Həsən Həsənov akademiyanın rəhbərliyinə
ünvanladığı məktubda göstərir ki, Nəsrəddin
Tusinin irsində indiyə qədər öyrənilməmiş
və açıq qalan məsələlər çoxdur. Onların içərisində
“İslam atlası”, “Tusi cütlüyü”, “Marağa
İnqilabı”, “Səma Qlobusu”, astrologiyaya aid monoqrafiyası,
“Türk təqvimi” əsas yer tutur.
İndiyə qədər
bizim institutda Nəsrəddin Tusi ilə bağlı
aparılan tədqiqatlar ancaq onun riyaziyyat sahəsində irsi
ilə məhdudlaşmışdır. Tusinin
başqa sahələrdə fəaliyyəti AMEA-nın
başqa institutlarında da aparılır.
Bu günlərdə Həsən
Həsənovla institutda görüş keçirdik. Onun təkliflərini
müzakirə etdik və akademiyanın rəhbərliyinə
aşağıdakı təkliflərlə müraciət
etdik:
- AMEA-nın Riyaziyyat və
Mexanika İnstitutunun nəzdində fənlər-arası “Nəsrəddin
Tusi Mərkəzi” yaradılsın.
- Nəsrəddin Tusinin
irsinin öyrənilməsi AMEA-nın bir neçə
institutunda həyata keçirildiyindən, mərkəz
institutlararası statusa malik olsun.
- Mərkəzin xarici kitabxanalar,
fondlar və alimlərlə əlaqələrini yaratmaq və
sistemləşdirmək məqsədi ilə “Məsləhət
Şurasının” yaradılmasını məqsədəuyğun
hesab edirik.
Düşünürəm ki,
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu
qarşısında duran əsas problemlər
aşağıdakılardır:
1. Əvvəlki yazılarımızda qeyd olunduğu kimi bu gün institutda 14 elmi şöbə fəaliyyət göstərir. Onlardan 10-u riyaziyyat, 4-ü isə mexanikaya aid olan şöbələrdir. Təəssüf ki, bu şöbələr arasında əlaqələr günün tələblərinə cavab vermir. Daha dəqiq desək şöbələrin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri arasında əlaqələr zəifdir. Yaxın gələcəkdə bu əlaqələri genişləndirmək, möhkəmləndirmək və inkişaf etdirmək əsas vəzifələrimizdən biridir.
2. Bu gün dünyada tətbiqi əhəmiyyətli elmi tədqiqatlara geniş yer verilir. Riyaziyyat elmi tarixən fundamental elm kimi qəbul olunsa da son illərdə onun tətbiqi sahələrinə daha çox diqqət yetirilir. Məhz bu səbəblərdən hesab edirəm ki, riyaziyyatın tətbiqi sahələrinə diqqəti artırmalı, bu məqsədlə AMEA-nın Fizika, İdarəetmə Sistemləri, İnformasiya Texnalogiyaları, Biofizika, Geologiya, Coğrafiya, Molekulyar Biologiya, Radiasiya Problemləri, Neft və Qaz İnstitutları ilə mövcud elmi əlaqələri inkişaf etdirmək yerinə düşərdi.
(Son)
Misir
MƏRDANOV
AMEA Riyaziyyat
və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat
elmləri doktoru, professor
525-ci qəzet.-
2017.-22 aprel.- S.8.