Tərtibatçı-dizayner Əziz Zeynalov:
"Ən xırda səhvi də görməyi
bacarırıq"
Bəzən hər hansı
bir memarlıq abidəsi və ya hansısa binanın tərtibatı,
dizaynı
diqqətimizi cəlb edər, hətta uzun müddət onun gözəlliyinə
tamaşa edib zövq alarıq.
Ancaq bu gözəlliyin yaradıcısı,
qurucusu ilə maraqlanmaq çoxlarımızın
ağlına belə gəlməz.
Müasir dövrümüzdə memarlıq,
tərtibat-dizayner işinə
maraq çox olsa da, həqiqi
ustalar azlıq təşkil edir.
Aprelin 28-də sənətinin peşəkarlarından,
qızıl əllərin
sahibi Əziz Zeynalovun 55 illik yubileyidir.
Bu münasibətlə
Əziz bəylə görüşüb ondan
sənəti, fəaliyyəti
haqqında öyrənməyə
çalışdıq.
Danışmaqdan çox,
gördüyü işlərlə
göz önündə
olmağı sevən
müsahibim suallarımı
cavabsız qoymadı...
- Əziz bəy,
tərtibatçı-dizayner sahəsinə marağınız
nə vaxt, hansı təsirlə yarandı?
- Mənim bu sənətə meylim uşaq yaşlarımda gözəl
xətlərə olan
marağımla yaranıb.
Qonşuluqda bir ağsaqqal
vardı, o, hər dəfə yazı yazanda mən onun xəttinə tamaşa edərdim. Çünki çox səliqəli
və qeyri-adi yazısı vardı.
Hərflərə özünəməxsus bəzək verərdi.
Mən də diqqətlə onun əlinə baxıb, onun etdiklərini sonra öz-özümə təkrar
edirdim. Bu minvalla məndə də o cür xətt formalaşmağa başladı. Sonralar məktəbdə
nümayiş olunacaq yazıları, plakatları
mənə yazdırardılar.
Mən Bakı Politexnik texnikumunun və İnşaat Mühəndisləri
İnstitutunun "Mülki
sənaye-tikintisi" fakültəsini
bitirmişəm. Uzun müddət
öz ixtisasım üzrə Körpü-Tunel,
Dəmir Beton konstruksiyaları zavodunda işlədim. Fəhləlikdən başlayaraq, sahə rəisi, satış şöbəsinin rəisi
vəzifələrinə qədər
yüksəldim. 1995-ci
ildən sonra reklamla bağlı firma açdım. Orada reklam-tərtibat
işləri ilə məşğul idim.
Əvvəl tək işləyirdim,
zaman keçdikcə isə gənc kadrlar yanımda bu işi öyrənməyə
başladılar. 1998-2000-ci
illərdən sonra mənim bu işimə
olan maraq və tələbat artmağa başladı, artıq müxtəlif rayonlardan, bölgələrdən
sifarişlər alırdım.
Bu minvalla işimiz
daha da genişləndi.
- Dediniz
ki, bu sahədə
xüsusi təhsiliniz
olmayıb. Bəs, kimlərin təcrübələrindən
bəhrələnmisiniz?
- Əslində
mənim ixtisasım da hardasa memarlıqla
əlaqədardır. Ancaq rəssam,
heykəltəraş dostlarım
çoxdur. Klassik
rəssamlarımızın, heykəltəraşlarımızın da işləri ilə maraqlanırdım,
tanış olurdum, öyrənirdim. Ancaq bu sənəti daha yaxşı öyrənməyimdə rəssam,
heykəltəraş dostlarımın
emalatxanalarında onların
işlərini müşahidə
etməyimin böyük
təsiri olub. Bu işin əsas
sirri istedaddan əlavə, görən gözünün, fantaziyanın,
geniş düşüncənin
olmasıdır. Həmçinin, bu işdə əsasən məsuliyyət,
səbr və diqqətli olmaq lazımdır. Mənə görə,
yaxşı rəsm əsəri, yaxşı heykəl insanla danışa bilməlidir.
Bəzən hər hansı
bir səhv tamaşaçının, seyirçinin
gözünə görünməyə
bilər. Ancaq biz bu
sənəti bildiyimiz
üçün ən
xırda səhvi də görməyi bacarırıq.
- Bir
az da
fəaliyyətinizin istiqamətlərindən
danışaq...
- Mənim ilk ən böyük fəaliyyətim 2000-ci illərin
əvvəllərində prezidentin
sərəncamı ilə
bütün rayonlarda aparılan quruculuq işlərindən başlayıb.
Ondan sonra müxtəlif rayonların icra hakimiyyətləri tərəfindən
təkliflər aldım.
Əsasən dövlət səviyyəli
tədbirlərin tərtibatında
işləmişəm. Azərbaycanın müxtəlif şəhərlərində,
rayonlarında parkların,
məktəblərin, idman
komplekslərinin, gənclər
mərkəzlərinin, dövlət
müəssisələrinin, inzibati binaların, mədəniyyət saraylarının
dizayn-tərtibat işlərini
görmüşəm. Azərbaycanın Yaponiyadakı səfirliyindən
aldığım sifarişləri
həyata keçirmişəm.
- Bəs
gördüyünüz bu
işlər arasında
çətinlik çəkdiyiniz,
tərəddüd etdiyiniz
iş olubmu?
- Xeyr, çətinlik çəkdiyim
iş demək olar ki, olmayıb.
Ancaq yaxşı mənada məni həyəcanlandıran,
məsuliyyətimi daha
da artıran, ən çox qürur duyduğum işlərim olub. Bunlar ulu öndər Heydər Əliyevin və ölkə başçımız İlham
Əliyevin şərəfli
həyat yolunu özündə əks etdirən stendləri hazırlamağımdır. Bu işlər daha
böyük məsuliyyət
tələb edirdi.
Çünki bacardığımız qədər onların adlarına, gördüyü
işlərə layiq
stendlər tərtib etməli idik. Şükürlər olsun ki, müəyyən mənada
öhdəsindən gələ
bilmişik.
- Bu sahədə hansı uğurlar əldə etmisiniz?
- Mənim üçün əsas uğur elə bu sənətin yaşaması, gələcək
nəsillərə ötürülməsidir.
Ömrüm boyu da bunun üçün çalışmışam. Ondan başqa isə Özbəkistanda, Macarıstanda,
Rusiyada və başqa xarici ölkələrdə stendlərin
tərtibatında bilavasitə
iştirak etmişəm.
Ən böyük uğurum
2007-ci ilin oktyabrında
Moskvada təşkil edilmiş "BibliObraz-2007" beynəlxalq festivalının
stendini hazırlamağım
olub. Biz orada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə iştirak edirdik. Dünyanın 22 ölkəsinin
iştirak etdiyi
festival çərçivəsində
biz "Azərbaycan" stendinin
ekspozisiyasında Azərbaycan
ədəbiyyatı klassiklərinin
rus və başqa dillərdə nəşr edilmiş əsərlərini, Fondun
nəşrlərini, Azərbaycan
mədəniyyətinə və
Qarabağ probleminə
həsr olunmuş nəşr və multimedia
disklərini, miniatürləri,
musiqi alətlərimizi
və Azərbaycan kulinariyasını nümayiş
etdirdik. Çox sevindirici haldır
ki, Azərbaycan həmin festivalda yüksək yerlərdən
birini qazandı.
Bunun üçün yenə də Heydər Əliyev fonduna və şəxsən Mehriban xanıma təşəkkür edirəm.
Onların sayəsində biz bu cür böyük
festivalda iştirak etdik, adımızı, sənətimizi və əl işlərimizi beynəlxalq arenada nümayiş etdirmək şansı qazandıq.
- Ailənizdə
sənətinizi davam etdirən varmı?
- İki
oğlum var, ikisi də İqtisad
Universitetini bitirib, başqa sahələrdə
ixtisaslaşmış mütəxəssislərdir. Biri Londonda, digəri isə Maltada təhsillərini davam etdiriblər. Heç biri bu sahəyə yiyələnmədi.
Ancaq indi Nigar nəvəmdə rəssamlığa maraq
hiss edirəm. Uşaq olsa
da, görürəm ki, indidən öz fantaziyasına uyğun nələrsə
çəkməyə çalışır.
Bu, əlbəttə, məni çox sevindirir. Hər dəfə ona
rəngli qələmlər,
boyalar alıram ki, daha da
həvəslənsin. İnşallah, bir az böyüyəndən
sonra rəssamlıq kursuna yazdırmağı
düşünürəm.
- Tələbələr
yetişdirirsinizmi?
- Bəli, yetişdirdiyim, bu peşənin davamçıları
olan tələbələrim
çoxdur. Bəzi gənclər vardı
ki, tələbə vaxtı üç aylıq tətil müddətində mənimlə
işləmək üçün
gəlirdilər, sonradan
özlərində elə
bir maraq yaranırdı ki, bu sənəti daha da dərindən
öyrənmək üçün
davamlı gəlib gedirdilər. Zaman keçdikcə
onlar da reklam-tərtibat işində
daha da püxtələşdilər.
Fəxrlə deyə bilərəm
ki, mənim yetişdirdiyim tələbələrim
var ki, hazırda
hərəsi bir tərəfdə müstəqil
şəkildə bu işi davam etdirirlər. Bu, məni ancaq sevindirə bilər.
- Bu sənətdən yorulduğunuz, peşmanlıq
çəkdiyiniz olubmu?
- Heç vaxt olmayıb. Əksinə, bu sənət məni daha da cavanlaşdırır, yaşadır. Mən bacardığım qədər aldığım sifarişi vaxtından əvvəl və daha yaxşı şəkildə çatdırmağa çalışıram. Olub ki, sifarişçi necə istədiyini təsvir edib, ancaq mən bir tərtibatçı gözü ilə elə cüzi ştrixlər etmişəm ki, o, gözlədiyindən də daha artıq razı qalıb. Mən indi də yeni-yeni ideyalarla, gələcəkdə görəcəyim yeni işlərin xəyalları ilə yaşayıram. Bəli, çətinliklərim olub, həm də çox olub. Ancaq bir stendi, tərtibatı hazırlayıb qurtarandan sonra aldığım zövq çəkdiyim bütün əziyyətləri, çətinlikləri unutmağıma bəs edir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.-27 aprel.- S.8