"Oğru damğası"ndan necə qurtuldum...

 

 "Yaddaşımın lövhələri"ndən

 

Uşaqlıq və yeniyetməlik çağlarımda da, elə sonralar da tale dəfələrlə öz sərt üzünü mənə göstərərək qəlbimi yaralayıb...

İndi görməyi çox arzuladığım, kövrələrək xatırladığım doğma kəndimizdə, nisgillə yad etdiyim camaat arasında bir gün, heç nədən, yox yerdəncə adımı "oğru" qoydular. "Oğrunun biri oğru" - hər dəfə bu sözü eşidəndə ürəyimdən qara qanlar axırdı, dünya başıma dar olurdu. Utanıb sıxılırdım, gizlənib görünməz olmaq üçün künc-bucaq axtarırdım. Nə canımda oğurluğa meyil vardı, nə də ailəmizdə belə hallar olmuşdu. Əslində o vaxtacan oğurluq sözünü hərdən eşidib, çox pis və murdar hərəkət olduğunu bilsəm də, bircə dəfə də oğurluq etməmişdim. Heç xırdaca bir oğurluq əməlinə də əl atmamışdım. Bəs, birdən-birə bu "damğa"nı nə üçün mənə vurdular, adımı niyə ləkələdilər, heç başa düşə bilmirdim. Gecə-gündüz qaşqabağımı töküb fikirləşirdim ki, axı kimə nə ziyanım dəyib, niyə kənd camaatı məni əliəyri kimi tanıyır?! Nəyə görə mənə "oğru Qara" kimi bir xoşagəlməz ləqəb qoşublar?! Bu fikirlər içində nə qədər baş sındırsam da, camaatı haqlı çıxaracaq, məni "oğru Qara" ləqəbi ilə qəlbən barışdıracaq tutarlı səbəb tapa bilmirdim. Əgər tapsaydım, bəlkə o qədər fikir eləməz, hansısa günahımın cəzasını çəkdiyimi düşünüb, vəziyyətimlə razılaşardım. Ancaq heç bir səbəb ağlıma gəlmirdi. Fikirləşirdim ki, bəlkə lap balaca, ağlım kəsməyən vaxtlarımda nəsə pis bir əməlim olub, əliəyrilik eləmişəm, ona görə camaat məni cəzalandırır. Amma bu barədə də dəqiq bir söz deyib nə günahın sahibi olduğumu söyləyən yox idi. Axırda belə nəticəyə gəldim ki, bu, taleyin mənə qarşı qəliz bir oyunudur. Bəzilərinin bəxti gətirərək, özündən asılı olmadan xoşbəxtliyə qovuşduğu kimi, bəziləri də heç nədən, durduğu yerdə bədbəxt olur. Yəni, mənim kimi, adı qara siyahıya düşür, günahı olmasa da, "oğru" ləqəbiylə damğalanır. Bunu, oxuduğum kitabların, şahidi olduğum müxtəlif hadisələrin təsiriylə, sonralar daha yaxşı anladım. O illərdə isə bu "oğru damğa"sı günümü qara eləyib, həyatımı zəhər-zəhrimara döndərmişdi. Ən pis tərəfi də bu idi ki, doğmalarım, yaxınlarım da camaatın söz-söhbətinə inanmışdılar. Sığınıb kömək gözlədiyim adamlar da məni oğru bilir, yaxına buraxmaq istəmirdilər.

Yaxşı ki, dalbadal başıma gələn bir neçə hadisə həm bu məsələnin tamam gərginləşməsinə, həm də vəziyyətin mənim xeyrimə nisbətən aydınlaşmasına kömək etdi...

İndiyə kimi yadımdadır, böyük qardaşım Qiyasla əkib-becərdiyimiz kartofun məhsulunu çıxarıb toplayırdıq. O il məhsul bol olmuşdu, şadlığımızdan yerə-göyə sığmırdıq. Bizim tərəflərdə, üstəlik də o vaxtlar üçün, kartofun bolluğu firavanlıq, yaxşı gün-güzəran deməkdi. Topladığımız məhsulun bir hissəsini özümüzə saxlayırdıq, qalanını bazara çıxarıb satır, un, qənd, pal-paltar, evə lazım olan başqa nələrsə alırdıq. Sahədə işimizin qızğın vaxtıydı. Məktəbdə mənə dərs deyən, oxuyan uşaq kimi xətrimi istəyən Qurban müəllimin həmişəki kimi iri addımlarla bizə tərəf gəldiyini gördüm. Gəlib çatdı, salam-kəlamsız, üzünü mənə tutaraq hirsli-hirsli deyinməyə başladı:

 - Ə, oğru gədə, heç utanıb ölmürsən?! Arın-abrın yoxdu sənin?!

Qardaşımla mən çaşqınlıqdan donub qalmışdıq.

Qurban müəllim bizə doğru bir-iki addım da atıb dayandı, əl-qolunu əsəbi tərzdə yellədə-yellədə sözünün ardını gətirdi:

- Ə, ay yetim, indi də müəllimindən oğurluq edirsən?! Bircə mən qalmışdım?! Eşşək boydasan, ölüb yerə girmirsən, hə?!

Əl-ayağım keyidi, ovcumdakı xırda kartoflar yerə düşdü. Vəssalam! Nə olmuşdusa, bu dəfə də müəllimimdən "oğru damğası" yeyirdim! Bu bəla indi məni heç gözləmədiyim tərəfdən yaxalamışdı. Qardaşım dillənib bir kəlmə də demirdi. Müəllimin zəhmi onu tamam karıxdırmışdı. Bəlkə qardaşım özü də camaatı haqlı sanırdı?! Mənim oğru olduğuma bəlkə o da inanmağa başlamışdı?! Nə deyim...  Qurban müəllim üstümə çığıra-çığıra, axır ki, mətləb üstünə gəldi:

- Ə, oğru əclaf, de görüm inəyin çatısını neylədin?! İnəyin başından çatını açıb hara apardın?! Kimə satdın?! Təptəzə hörük çatısıydı, kimə verdin onu?! Dillən, ə, dillən!...

Qulaqlarım uğultuyla dolmuşdu, başım hərlənirdi. Elə bil qorxulu yuxu görürdüm. Nə inək, nə çatı? Heç nədən xəbərim yox idi. Axı, Qurban müəllim niyə mənim üstümə düşmüşdü?! Həm də bir çatıya görə. Çatını mən neyləyəcəkdim ki?! Müəllimim isə bircə an kirimək, məni eşitmək fikrində deyildi.

- Gözündən gəlsin sənə elədiklərim! Qulağının dibini görərsən bir də dərsimdən o qiymətləri alsan!...

Bunu deyən kimi sifətimə bir şillə çəkdi. İndiyəcən məni şillələdiyi heç olmamışdı. Amma vurduğunu uşaqlardan eşitmişdim, bilirdim ki, Qurban müəllimin şilləsi yaman olur. Görünür, nədənsə, könlünə insaf düşdü, məni var qüvvəsilə vurmadı. Təzədən danlamağa başlayanda səsi əvvəlki kimi acıqlı çıxmadı. Yəqin ki, şillədən sonra hirsi bir az soyumuşdu:

- Məni yandıran çatının getməyi deyil e, ay qanmaz! Olmasın o çatı, olsun bir ayrısı! Sənin nanəcibliyin yandırır məni! İndi o eşşək qulaqlarını əməllicə aç, dediklərimi yaxşı eşit: Adam oğurluq eləməz - bu, bir! Müəllimindən heç oğurlamaz - bu da iki! Üçüncüsü də, sənə iki gün vaxt verirəm: o çatını qaytarıb gətirməsən, "qələt eləmişəm, müəllim" deməsən, vay sənin halına! Eşitdin nə dedim?!

Dilim söz tutmurdu ki, cavab verim. Eləcə başımı tərpədə bildim. Bu məqamda bibim qızı Sara gəlib çıxdı. Ya müəllimin gur səsini eşitmişdi, ya da məni vurduğunu aralıdan görmüşdü, hər nəydisə, hövlnak özünü bizə yetirdi. Gələn kimi də aramıza girib Qurban müəllimin üstünə düşdü:

- Yekə kişisən, uşaqla nə işin var?! Ayıb deyilmi səndən ötrü?! Dərdin nədi axı, nə istəyirsən bu uşaqdan?!

Qurban müəllim duruxdu, sonra iki-üç cümləylə məsələni çatdırdı. Bibim qızı heç qırımını pozmayıb dilləndi:

- Ola bilməz! Bu uşaq oğurluq eləməz! Oğlum Vahidin canına and içərəm! Nahaq söz danışırsan. Çatını neynir ki bu?! Get inəyinin çatısını ayrı yerdə axtar. Bir də bu uşaqda işin olmasın!...

Qurban müəllimin sifətində, baxışlarında peşmanlıq sezildi. Köks ötürüb başını buladı, sonra ləng addımlarla bizdən uzaqlaşdı.

Bundan üç gün sonraydı, sübh tezdən qapımız açıldı. Gələn Qurban müəllim idi. Mən yenə nəsə olduğunu fikirləşib qorxuya düşdüm. Tərslikdən də məndən başqa evdə heç kim yox idi. Hamı iş-güc dalınca çıxmışdı. Qurban müəllim əlindəki kitab-dəftəri bir tərəfə qoyaraq sakitcə keçib oturdu. Əl-ayağa düşdüm, ancaq müəllim işarə ilə məni saxlayıb:

- Heç nə lazım deyil, dayan görüm, - dedi.

Səsindən mehribanlıq duyduğum üçün ürəkləndim, başımı qaldırıb ona baxdım. Üzündə dünənki acıqdan əsər-əlamət qalmamışdı, əksinə, xoş bir təbəssüm vardı. Mənə işarə ilə yer göstərdi, gedib yanında əyləşdim:

- Məktəbə niyə gəlmirsən? Dərslər tökülüb qalıb, sən də burda kef çəkirsən...

Çox təəccübləndim. Dərsə getmədiyimə görə acıqlanıb sərt töhmətləmək yerinə, Qurban müəllim məni yüngülcə, zarafatyana qınayırdı...

Birdən qolunu yana, mən tərəfə uzadaraq boynumu qucaqladı, məni özünə sarı çəkib o biri əliylə başımı sığalladı. Bir də dillənəndə onun səsinin titrədiyini hiss etdim:

- Böyüklər də nədəsə səhv edə bilər, bala. Elə müəllimlər də...

Boynumu buraxıb, üzünü o yana çevirdi Qurban müəllim. Hə, dağdan ağır kişi qəhərlənmişdi. Qırıq-qırıq danışırdı:

- Sən üzrlü say məni, Qara bala... Camaatın söz-söhbəti... çaşdırdı məni. Haqsızlıq elədim... Ancaq hər şey ortaya çıxdı... səhvimi anladım mən... Tezliklə hamı başa düşəcək bunu... Nahaq yerə səni oğru bilirlər... Sənə bu ləkə yapışmaz... Odur ki, heç fikir eləyib ürəyini sıxma...

Dərindən nəfəs alıb ayağa qalxan Qurban müəllim sözünü zarafatyana tamamladı:

- Özün də bəsdir burda gizləndin... Dur düş qabağıma, gedək məktəbə. Tez tərpən görüm... Gecikirik ha...   

Bax bu, mənim tanıdığım, xətrini çox istədiyim, ömrü boyu hörmətini saxlayıb indi də ehtiramla xatırladığım Qurban müəllim idi. Haqsız tənbeh edib əl qaldırdığı şagirdindən, yeri gələndə, üzr istəməkdən belə çəkinməyən, ədalətli, mərhəmətli  Qurban müəllim! Onun mənim barəmdə yaxşı fikirdə qalması çox xeyrimə oldu. Üstümdəki "oğru damğası" yavaş-yavaş silinməyə başladı. Onun sayəsində camaatın da mənə münasibəti yaxşılığa tərəf dəyişməyə başladı. Unudulmaz Qurban müəllimin ruhu qarşısında baş əyirəm! Allah ona qəni-qəni rəhmət eləsin!

Müəllimim "bəsdir evdə gizləndin" desə də, əslində mən o "şillə əhvalatı"ndan sonrakı iki günü ev-eşikdən qıraqda keçirmişdim. Adamlardan uzaq gəzir, kimsənin gözünə görünməməyə çalışırdım. Xəcalətimdən, yer ayrılsaydı, yerə girməyə razıydım. Yemək-içməkdən kəsilmiş, əldən düşmüşdüm. Evdəkilər mənə qəzəbli olduqları üçün axtarıb-eləmirdilər. Həmişəki kimi, yenə də istəkli Gülsüm bibim dadıma çatdı. Axtara-axtara kəndin kənarında tapdı məni. Beçə balıyla bişirdiyi yağlı kökələrdən gətirmişdi. Acından ölsəm də, özümü o yerə qoymurdum. Amma bibim halımı bilirdi deyə, kökəni mənə yedirtməmiş əl çəkmədi. Yol gəlib yorulmuşdu, həm də xəstəliyi vardı, ona görə danışanda çətin nəfəs alırdı. Yeyə-yeyə hərdən bibimin üzünə baxırdım. Nurani simasına təbəssüm yayılmışdı. Məni tapıb yedirtdiyi üçün razılıqla gülümsünürdü. Çox istəyirdi məni Gülsüm bibim. Bunu bilirdim deyə, mən də ona ürəkdən bağlıydım.

Bibimgil yaxşı dolanırdılar. Kənddə ən imkanlı ailələrdən sayılırdılar. İnək, qoyun-keçi, toyuq-cücə saxlayırdılar. Gülsüm bibimin əri Əhməd kişi arıçılıqla da məşğul olurdu. 50-yəcən arı qutusu vardı. Məni öz balalarından ayırmayan bibimin sayəsində o evdən payım əskik olmazdı. Bal yaxılmış çörəkdən, yağlı-ballı kökədən tutmuş, əyin başacan. Payızın əvvəllində, hələ soyuqlar düşməmiş, bibim öz cəhrəsini işə salar, daranmış yundan iplər əyirərdi. Sonra da, vaxt elədikcə, öz uşaqlarından əlavə, mənim üçün də corab, əlcək hörərdi. Bəzən oğlanları Abbasla Əkbərin köhnə paltarlarının cırıq-sökük yerlərini yamayıb, ya da əynimə böyük gələnləri daraldıb mənə geyindirərdi. Bəzən evdəkilərin də tərs üzünə tuş olduğum vaxtlarda məni korluq çəkməyə qoymayan bibimə özümü həmişə borclu bilmişəm...

O gün yağlı-ballı kökəni yeyib qurtarandan sonra bibim əlimdən tutaraq məni evlərinə gətirdi. Yol boyu elə hey öyüd-nəsihət elədi, yaxşı işlər görüb bu "oğru damğası"nı üstümdən atmağım üçün mənə yol göstərdi. Bibimdən eşitdim ki, kənddə çox adam, hətta bəzi ən ağayana kişilər də mənim oğurluğu özümə peşə elədiyimə inanmağa başlayıblar.

- Əvvəl danışılanlar yetmirmiş kimi, bu müəllimin çatı söhbəti də yayılıb kəndə. Utandığımızdan kənd arasına çıxa bilmirik. Axı, bizim nəsil-kökdə oğru-zad olmayıb, biz nə bilirik oğurluq nədi, ay bala?! İndi hardan yapışdı bu ad sənə?! Allah rəhmət eləsin qardaşım Əliyə, düzlüyü, təmizliyi dillərdə gəzir. Bəs bu nə ləkəydi, hardan düşdü sənin üstünə?! Bir ara yumurtalarımız yoxa çıxırdı, indi baxıram ki, bizim kişi bunu da səndən görür. O gün danışdım, dedim, a kişi, imanını yandırma, nə bilirsən axı... Dünən də Süleyman kişi danışırmış ki, bəs, səni Qabaqlıda görüb. Kənddən oğurladığın toyuqları meşədə çöp-şişə çəkirmişsən guya. Bilirəm, sən olmazsan, Allaha məlum, orda kimi görüb-görməyib Süleyman kişi... Amma neyləyək, camaat ağzına gələni danışır, hansının ağzını yumasan?! Bibin gözlərinə qurban, bir müddət hələ ora-bura çıxma. Eləcə get məktəbə, gəl evə. Görək nə olur, bu camaat nə vaxt kiriyib özünə yığılır...

Mən dinməz-söyləməzcə bibimin yanınca addımlayır, onun dediklərinə bir kəlməylə də cavab vermirdim. Onun mehribanlığı, mənə olan qayğısı, canıyananlığı sanki dilimi-ağzımı bağlamışdı. Halbuki dillənib ən azı bunları deməliydim ona: "Ay bibi, ürəyinə qaraltı gəlməsin, bunu özünə dərd eləmə. Yəqin, kimsə kənddə öz bəd əməlini mənim üstümə atıb. Hansısa namərdin üzündən adım oğru kimi çıxıb. Amma bir azdan hamı biləcək ki, bu "damğa" mənə nahaqdan vurulub. Biləcəklər ki, mən oğru deyiləm. Heç oğru ola da bilmərəm. Axı mən sənin qardaşının oğluyam. Bayaq dediyin kimi, düzlüyü, təmizliyi dillərdə gəzən Əlinin.  Bir azdan hamı məni oğru bildiyi üçün peşman olacaq. Lap Qurban müəllim kimi. Bax, Qurban müəllimin inəyinin çatısı başqa yerdə tapıldı. O biri oğurluqların da mənlik olmadığı gec-tez bilinəcək. Onda səndən başqa hamı utanacaq mənim üzümə baxmağa. Mənim gözəl, istəkli bibim..."

Bütün bunlar, çox keçmədən, həqiqətə çevrildi. Neçə müddət haqsız yerə daşıdığım "oğru damğası"ndan, axır ki, xilas ola bildim. Sonralar yaşadığım həyatla, çalışdığım peşəylə də bunu sübuta yetirdim. Ancaq o gün yolda bu haqda fikirləşdiklərimin heç birini demədim bibimə. Demədiyimə görə də, çox keçmədən, başıma ayrı bir hadisə gəldi və mən buna yamanca peşman oldum...

Gülsüm bibimgilin həyətinə gəlib çıxdığımız vaxt orada heç kim yox idi. Bibim həyətdəki əl damının hisdən bozarmış qapısına yaxınlaşdı, cəftəni aşağı salaraq qapını ehmalca açdı, içəri keçdik. Damın pəncərəsi kiçik olduğu üçün ora qaranlıq idi. Orada qoyulmuş ev əşyalarını və ərzaqları seçmək olmurdu. Bibim qazanı taxçadan götürərək ona lazımi ərzaqları onun içinə yığıb bir kənara qoydu.

Dirəkdən asılmış köhnə dəsmalı götürərək, damın küncündə qoyulmuş böyük sandığa yanaşdı. Əlindəki dəsmalla sandığın dörd tərəfini silib, yavaşca qapağını qaldırdı. Orada çoxlu kitab, bir yığın da dəftər var idi. Mən ömrümdə bu qədər kitab görməmişdim. Kəndimizdə kitabxana yox idi, mən isə kitab oxumağı çox sevirdim. Oxumaq üçün ayrıca bədii əsərlər tapmadığım üçün, orta məktəbdə keçilən ədəbiyyat kitablarındakı bütün materialları oxuyurdum, hətta onların çoxunu əzbər bilirdim.

Sandıqdakı kitabları gördükdə çox sevindim. Əlimi uzadıb kitabların birini götürmək istədikdə Gülsüm bibim imkan vermədi. Əsəbi halda məni geri  itələyərək sandıqdan uzaqlaşdırdı. Onun bu hərəkətindən tutulsam da, büruzə vermədim. Kənara çəkilərək gözləməyə başladım. Bibim dizlərini yerə qoyub oturdu. O ağlayır, gözündən gələn yaşlar yanaqlarından süzüldükcə onları əlindəki tozlu dəsmalla silirdi. Əllərini sandığın içindəki kitablara bir-bir toxundurur, bəzisini qaldırıb öpərək təzədən yerinə qoyur, dodaqaltı: "Yasinim, Yasinim" - deyib ağlayırdı. Mən dərin kədər və məyusluq içində bibimə baxır, səsimi çıxarmadan bu işin axırını gözləyirdim.

Gülsüm bibi əlini yerə dirəyib dizlərini yerdən götürdü. Əlindəki kitabı öpüb yenidən öz yerinə qoyaraq ayağa qalxdı. Sandığın qapağını endirib mənə yaxınlaşdı:

- Bala, bu kitablar Yasinimin yadigarıdır. Ağıllı balam idi Yasinim mənim, yaraşıqlı oğlum idi...

Düz deyirdi bibim. Yasin həm yaxşı oxuyardı, həm də hər şeyin yerini bilərdi, sözəbaxan idi, ata-anasını incitməzdi.  Ali təhsil üçün Bakıya gedib imtahan verərək, instituta daxil olmuşdu. Heyif ki, dördüncü kursda oxuyanda vəfat etmişdi. Onun vədəsiz ölümü hamını sarsıtmışdı. Hərə birtəhər ovunsa da, anası - mənim Gülsüm bibim bala dağına dözə bilmirdi. Tez-tez Yasini xatırlayıb ağlayar, bəzən günlərlə gözünün yaşı qurumazdı. "Fələk əvvəlcə qardaşım Əlini, sonra da balam Yasini cavan ikən əlimdən aldı"  - deyib ah-zar edərdi. Elə bu səbəbdən də bibimin yaşı çox olmasa da, həddindən artıq qoca görünürdü.

- Bala, indi mən bu kitablardan təsəlli alıram, onlarda oğlumun əl izləri, nəfəsi qalıb. Ona görə də başqalarının bu kitablara toxunmasını istəmirəm. Odur ki, sənə də tapşırıram, bu kitablara əl vurma ha! Eşitmişəm, yaman kitab oxuyansan. Amma bu kitablara dəymə, Yasinimin yadigarlarına toxunma!...

Bibim bərk-bərk tapşırsa da, fikrim o kitabların yanında qalmışdı. Maraq mənə rahatlıq vermirdi, xəlvətə salıb kitablara baxmaq, götürüb oxumaq istəyirdim. Bu niyyətlə də ertəsi gün gizlicə bibimgilin damına getdim. Sandığın qapağını açıb oradakı kitabların birini götürüb yenicə çıxmışdım ki, həyətdə Əhməd kişinin səsini eşidərək dayandım. Bir anda bibimin mənə dediyi sözləri xatırlayaraq həyəcandan əsməyə başladım. Ürəyim elə çırpınırdı, sanki yerindən çıxacaqdı. Həm də Əhməd kişidən qorxduğum üçün lap özümü itirmişdim. O məni görməsin deyə, tez qaçıb özümü verdim mal tövləsinə. Bibimgil toyuqları da bu tövləyə salırmışlar. Gizlənməyə yer tapmayıb, axırda tövlənin yuxarı küncündə qoyulmuş taxtanın üstündə büzüşüb oturdum. Köynəyimin altından kitabı çıxardıb sifətimə tutdum ki, yarıqaranlıqda üzüm görünməsin. Birdən beynimdən keçən fikirin təsirindən məni sanki cərəyan vurdu, bədənimi soyuq tər basdı. "Vaaayyy... Əhməd kişi məni yumurta oğrusu sayır. İndi əlinə düşsəm, buna şəkk-şübhəsi qalmayacaq. Tamam biabır olacam. Söz kəndə yayılacaq. Hələ bibim, Qurban müəllim, bibim qızı Sara bunu bilsələr... Axırım çatıb, deməli..."

Allaha yalvarır, bu vəziyyətdən çıxmaq üçün ondan mədəd umurdum...

Tövlənin qapısı cırıltı ilə açıldı, Əhməd kişi içəri girdi. Keyfi çox yaxşı idi, astadan fit çalırdı. Nəfəsimi qısıb onu izləyir, bir an belə ondan gözümü çəkmirdim. Əhməd kişi təzəcə doğulmuş buzova yaxınlaşdı, onun belini sığalladı, başından ipi açaraq inəyin altına buraxdı. Buzov hərisliklə anasının əmcəyini sormağa başladı.

Bir qədər onu seyr edən Əhməd kişi sonra dönüb toyuqların toplaşdığı tərəfə getdi. Taxtaların arxasına boylandı. Başındakı qara dəridən tikilmiş papağını çıxardaraq əlində saxladı, irəli əyilib ordakı yumurtaları bir-bir götürərək papağının içinə yığdı. Yumurtayla dolu papağını bir kənara qoyub, çalğı- süpürgəni götürdü. Malların altını təmizləməyə hardan başlayacağını ölçüb-biçəndə düz mən tərəfə baxdı. Bədənim keyləşdi, ürəyim qulaqlarımda döyündü. Elə bu an möhkəm şaqqıltı qopdu. Üstündə oturduğum taxta qırıldığı üçün mən guppultu ilə yerə dəydim, toz qalxdı. Altımdakı nəsə bərkdən ciyildədi. Taxtanın zərbindən yaralanmış iri bir siçovul qaçaraq Əhməd kişinin ayaqlarından yuxarıya doğru dırmanmaq istədi. Əvvəl şaqqıltıdan, toz-dumandan  çaşıb qalan, indi isə siçovulu görüb diksinən Əhməd əmi əlindəki çalğı-süpürgəni öz ayağına çırpdı. Sonra da karıxdığından çalğını yerə atdı, "Bismillah! Bismillah" hayqıraraq tövlədən çıxıb qaçmaq istəyəndə ayağı ilişdi. O boyda kişi üzüqoylu yerə sərildi. Bunu fürsət bildim. Əllərilə başını tutub dayanmadan "Bismillah" çığıran Əhməd kişinin üstündən adlayaraq tövlədən çıxıb götürüldüm. Köhnə, mövhumatçı adamlardan olan Əhməd kişi, görünür, məni cin-şeytan zənn edib qorxuya düşmüşdü. Yoxsa məni tövlədən hələm-hələm salamat buraxmazdı. Hər nə qədər qorxsam da, kitabı əlimdən salmamışdım. Əhməd kişi özünə gəlib tövlədən çıxınca kitabı yerinə qoyub bibimgilin həyətindən qaçdım.

Bərk qorxduğum bu hadisənin çox vacib bir faydası oldu: Əhməd kişi daha məni oğru saymaqdan birdəfəlik vaz keçib, yumurtaların itməsini "cin-şeytanın" üstünə yıxdı.

 

Nurəddin CƏFƏROV

 

525-ci qəzet.- 2017.-27 aprel.- S.6.