27 aprel:
Azərbaycan matəminin
97-ci ildönümü
1927-ci ilin aprelində
Azərbaycan mühacirlərinin
qardaş Türkiyədə
nəşr etdikləri
“Yeni Qafqasiya” məcmuəsinin xüsusi
nömrəsi Azərbaycan
matəminin 7-ci ildönümünə
həsr edilmişdi.
Mən 1997-ci ilin
aprelində bu məcmuəni kiril əlifbasına çevirərək
orijinalla, yəni o vaxtkı ərəb əlifbasındakı nüsxəsi
ilə bərabər,
qısa bir girişlə oxuculara təqdim etmişdim. İndi
bu faciənin 97 ili tamam
olur. Azərbaycan tam müstəqil, inkişaf etmiş, dünyaca tanınan bir cümhuriyyətdir.
Lakin biz bu tarixi də
yaxşı bilməliyik.
1997-ci il nüsxəsində
mən yazmışdım:
“Ulu tanrı heç vaxt ata-anaya övlad dağı, azadxah millətə öz istiqlalını itirmək
faciəsini göstərməsin!
“Yeni Qafqasiya” məcmuəsinin
1920-ci il 27 aprel işğalının ildönümünə
həsr etdiyi və “Azərbaycan matəmi ildönümü”
adlandırdığı xüsusi
nömrənin ürək
qanı, ülvi vətən məhəbbəti,
əbədi kin və
nifrət və həm də gələcəyə çox
böyük inam hissi və müqəddəs
ümidlə yazılmış
yazılarını oxuyarkən
məhz bu sözlər fikrimə gəldi.
Tarixi unutqanlıq
milləti məhvə
aparan bəladır, oriyentasiyanı itirməkdir,
məcmuədə yazıldığı
kimi mələk cildinə girmişlərin,
“nitq bombardmanları” ilə əhalini keyləşdirməyə, onun
müstəqil düşünmək,
dostla düşməni
tanımaq istedadını
məhv etməyə,
avtoritar və totalitar polis idarə üsuluna aparan yoldur.
İstiqlal mücahəidlərinin qardaş Türkiyə torpağında sığınacaq
tapmış heyəti
tərəfindən 1923-cü ildən nəşr edilməyə başlayan
“Yeni Qafqasiya” məcmuəsi hər il tariximizin fəxarətli 28 may, faciəli
27 aprel günlərini
qeyd edirdi. Vətənlə əlaqəni
üzməyən, onun
dərd-səri ilə
yaşayan və nəfəs alan
istiqlalçılar zaman
keçdikcə Azərbaycanda
müxalifətin, vətənsevərlərin,
iqtidara baş əyməyənlərin, bolşevikcəsinə
düşünməyi və
məddahlıqla işləməyi
bacarmayanların başına
necə müsibətlər
gətirildiyinə dair
yazılara xüsusi yer verirdi. 1927-ci
ildə 27 aprel faciəsinə həsr olunmuş xüsusi nömrə bu baxımdan səciyyəvidir.
Tariximizin indiki məşəqqətli
və təhlükəli
keçid dövründə,
27 aprel faciəsinin yenidən yaşanması təhlükəsinin mövcudluğu
şəraitində (bax.
“Literaturnaya qazeta”nın martın 27-i nömrəsində “İttifaq
dirildi!” (“Soyuz voskres!” məqaləsinə)
məcmuədə dərc
olunmuş yazılarla
tanışlıq məncə
faydalı olar”.
Etiraf edim ki, mən 70 illik müəllimlik və mətbuat üzərində tədqiqatçılıq
işimdə və təcrübəmdə heç
vaxt bu nömrənin
vətən həsrəti
və ürəkqanı
ilə qələmə
alınmış yazılarını
oxuyarkən həyəcan
və kövrəldiyim
yadıma gəlmir. Yazıların
sərlövhələrinə diqqət verin: “Qara bir ildönümü”,
“Böyük faciə”
(M.Ə.Rəsulzadə), “Zindandakı
vətəndaşlara” (Mustafa Vəkilovdur yəqin ki), “27 nisanın xüsusiyyəti” (F.C.Əbdülqadir),
“Vətən həsrəti”
(şeir - Əli Usta), “Bir
gün...” (şeir),
“Milli hars (mədəniyyət) uğrunda
mücadilə” (Azəri),
“İki tarixi gün” (Şəfi - yəqin Şəfi bəy Rüstəmbəylinindir),
“Bu gün” (Kəmal),
“Bir bəyannamə”,
“Zəfər imanınkıdır”
(Nicati), “Bir xatirə” (Şeyxülislamzadə),
“Məşum bir xatirə” (Nərəyə
gediyoruz!..) (Sənan),
“Azəri oğullarına!”
(Ərdoğan), “Ayırma
siyasəti” (Rəsizadə
Qara), “Azərbaycan mücahidləri sürgündə”,
“Türk ocaqları qurultayında”, “Beynəlmiləl
həyat”, “Rusiya təcrid halında”, “Təşəkkür və
məzərət (üzürxahlıq)”.
Məcmuənin redaktoru
Cümhuriyyətin yaradıcısı, istiqlal
mücahidi M.Ə.Rəsulzadə idi. Onun “Böyük
faciə” məqaləsini oxuculara təqdim
edirəm.
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2017.- 29 aprel.- S.21.