İntihar
KOR GÖZƏL QIZ HAQQINDA HEKAYƏ
1.
Əbinin Ağa olması
... sonra
gördü ki, ağır bir daş sürəti ilə
başıaşağı sıldırım qayaların
arasından dibi görünməyən yarğan boyu
aşağı uçur - uçdu, uçdu, nəhayət,
yarğanın dibinə çırpıldı və
parçalanmış kəlləsindən pırtlayıb
çıxan beyini başından fışqıran Qana
qarışıb, yalçın qaya parçalarının
üstünə çırpıldı.
Və o
qış gecəsi Zəhra - Əbinin anası -
uşağın o dəli hürkü ilə
bağırtısına yerindən dik atıldı və
yalın ayaqları ilə səs salmadan onun yanına
qaçaraq həyəcan dolu bir pıçıltı ilə:
- Əbi, nədi, nolub? Pis yuxu görmüsən?- soruşdu və bədənindən
sürüşmüş yorğanı uşağın
üstünə çəkəndə gördü ki,
Əbi suyun içindədi: - Nə yaman tərləmisən...-
pıçıldadı.
Əbinin
iri, yaşıl gözlərinə, elə bil, hardansa
işıq düşürdü və uşaq qaranlıqda
işıldayan gözləri ilə zənnlə anasına
baxdı:
- Aslan yenə
hardadı?
Anası
ani olaraq Şakirə tərəf baxıb:
-
Yavaş ol,- dedi və:- Kimi dedin?-
soruşdu.- Kim hardadı?
- Aslan...
-
Yavaş danış... Aslan kimdi?
Aslanın
kim olduğunu Əbinin özü də
bilmirdi, amma:
- Yenə
ştraf eləyiblər?- soruşdu.
Zəhra
da pıçıltıyla:
- Yuxuda nə
görmüsən belə?- soruşdu, sonra:- Qalx,
görüm.- dedi və uşağın yaş
maykasını əynindən çıxardıb,
özünün gen-bol gecə köynəyinin qolu ilə
Əbinin bədəninin tərini sildi, əvvəlcə istədi
ki, başqa mayka gətirsin, amma qorxdu ki, Şakir yuxudan oyanar:-
Yat, yat, Əbi,- pıçıldadı.- Yorğanı
üstündən salma.
Əbi
dalbadal doğulan beş qızdan sonra dünyaya gəlmişdi,
ancaq qız dalınca qızın doğulması, onsuz da bəxtindən
və güzəranından çox narazı olan,
ömründə üzü gülməyən və
dünyanı fikrində “oğraş dünya” hesab edən,
bir az içəndən sonra isə dünya haqqında bu
fikrini hamıya bildirən, get-gedə də Allahdan
uzaqlaşan Şakirin - qızların atasının - ürəyini
elə bir qüssə ilə doldurmuşdu ki, Əbinin bu
“oğraş dünyaya” təşrif buyurması belə, onu sevindirmədi.
Zəhra
eləcə səssiz addımlarla qayıdıb, yavaşca
yerinə girdi və ehtiyatla Şakirə baxdı - Bakı
sirkində avtobus sürücüsü işləyən,
sübh tezdən elektrik qatarına minib işə gedən,
axşamdan da xeyli keçmiş evə qayıdan Şakir elə
yorulurdu ki, yatanda bərk yatırdı və bu dəfə də
bərk yatmışdı, oyanmadı. Şakir qastrola gətirilən,
sonra da geri qaytarılan, zooparklara göndərilən və
oradan da sirkə daşınan heyvanları ordan bura, burdan da
ora daşımaqla məşqul idi və heyvanlara adət
etmişdi-nə idi, adamlarla danışmağa qəti həvəsi
yox idi, danışanda da ağına-bozuna baxmırdı, həyat
haqqında ağzına gələni deyirdi.
Zəhra isə həmin payız gecəsi yata bilmədi
- çox narahat yatmış Əbi o tərəf-bu tərəfə
çevrilərək yorğanı üstündən
atırdı, Zəhra da səssiz bir kölgə kimi gedib onun
tərini silir, yorğanı üstünə çəkirdi. Şakir
çox siqaret çəkdiyi üçün
xırıltıyla nəfəs alırdı, hər nəfəs
aldıqca da ucuz və tünd siqaret iyi ətrafa
yayılırdı və Zəhra artıq vərdiş etdiyi
bu siqaret iyi içində Allahdan diləyirdi ki, Əbi xəstələnməsin.
O
payız gecəsinin səhəri “Əbi” - yəni ki,
Əbdül, xəstələnmədi və altı
yaşlı Əbi də, Zəhra da Aslanın kim olduğunu
on ildən sonra, Əbinin on altı yaşı olanda bildi,
ancaq bu, elə bir onillik idi ki, sehri-sirri bəlkə neçə
on ilə də sığmazdı - bu onillikdə nəinki qəsəbə
camaatı, hətta siqareti tərgitmiş Şakir də ona
Əbi yox, Əbdül də yox, “Ağa” deyirdi.
Qəsəbənin
şimal tərəfində dənizlə üzbəüz
dağın ətəyində “Korgözəlqız” (“Kor
gözəl qız”) piri var idi - deyilənə görə,
gözəllikdə şöhrəti bütün sahil boyu
Abşeron kəndlərinə, qəsəbələrinə
yayılmış bu yerlərin ən Gözəl Qızı
anasını çox istəyirdi, ancaq ana qəflətən
xəstələnib ölür, Gözəl Qız isə illər
boyu gecə-gündüz o qədər ağlayır ki, kor
olur və onun göz yaşlarından bir bulaq yaranır,
Allah-təala da Gözəl Qızın belə bir sədaqətinə
görə həmin bulağa şəfa bəxş edir.
Qaladan bir az yuxarıda, dağın təpəsində
isə kiçik bir qaya parçasına “Kor Qız Qayası”
deyirdilər: guya o qızı son dəfə bu qayanın
üstündə oturan görüblər, sonra da yox olub.
Yalnız
qəsəbə camaatı yox, bütün ətraf kənd və
qəsəbə sakinləri - o insanlar ki, dərdi-səri var
idi və bu piri müqəddəs hesab edirdi “Korgözəlqız”ı
ziyarət edirdi, hətta Bakının özündən də
bura gələnlər olurdu, əhdlərini edib, nəzir
verirdilər, bulaqdan içib, suyu üz-gözlərinə,
sinələrinə sürtürdülər, bəzən
balaca uşaqları o suda çimizdirirdilər, ancaq o
qış gecəsi ki, kiçik vücudunu tər
basmış Əbi gecənin yarısı oyanıb Aslanı
soruşdu, həmin vaxtdan bir müddət sonra “Korgözəlqız”ı
ziyarətə gələnlərin sayı azalmağa başladı.
Məsələ
burasında idi ki, həmin gecəyə qədər Əbi məhəllə
uşaqları kimi adi uşaq idi, hamıyla birlikdə
atılıb-düşürdü, cürbəcür oyundan
çıxırdı, gülürdü,
ağlayırdı, ancaq həmin gecədən sonra Əbi
tamam başqa bir uşaq oldu - uşaqlar dənizdə
çimib qışqır-bağır salırdılar,
oynaşırdılar, o, isə bir kənarda oturub maraqla bu
uşaqlara baxırdı və ən qəribəsi bu idi ki,
Əbi hər uşağa baxanda, elə bil, kino
görürdü: o uşaqlardan biri birdən-birə
böyüyüb təmtəraqlı bir maşın
sürürdü, o biri dənizdə boğulurdu, bir
başqasını, qan fışqırtısı - elə
bil, yerdən neft fışqırırdı -
qıpqırmızı rəngə boyayırdı, o birisi
kiçik oğlunu məktəbə aparırdı...
Hərdən
də elə olurdu ki, zənnlə baxanda uşaqların
ürəyinin necə döyündüyünü,
damarlarında qanın necə axdığını,
içdikləri suyun mədələrinə necə getdiyini,
bir sözlə, uşaqların daxilində nə vardısa
hamısını görürdü,
Əvvəllər
bu görüntülər Əbi üçün maraqlı
bir oyun idi, ona elə gəlirdi ki, elə belə də
olmalıdır, hamıda belədir, ancaq yavaş-yavaş onun
özü üçün də aydın olurdu ki, bu, nəsə
başqa bir şeydir və Əbi ikinci sinifdə oxuyanda bir
çisginli payız günü tənəffüs vaxtı
müəllimlər otağının qabağında
başqa müəllimlərlə söhbət edən sinif rəhbəri
Talıb müəllimi görəndə diksinib dayandı.
Talıb
müəllim təəccüblə ona baxıb:
- Nədi,
a bala, nə olub?- soruşdu.
Əbi:
- Bədəl
damdan düşüb öldü.- dedi.
Talıb
müəllimin gözləri bərəldi:
- Nə?!-
Və hövlnak müəllimlər otağına girdi ki,
telefonla evə zəng çalsın.
Bədəl
məktəbi qızıl medalla bitirib, Bakı universitetinin
biologiya fakültəsində oxuyurdu və onun hələ
Xuruşşov vaxtı qəsəbədə tikilmiş beş mərtəbəli panel binanın -
“xuruşşovka”nın damında saxladığı göyərçinlərdən
də qəsəbə sakinləri yaxşı xəbərdar
idi: Bədəl yaşadıqları o binanın damında
saxladığı göyərçinləri göyə
qaldıranda, o göyərçinlərin göydə mayallaq
vurması böyükdən-kiçiyə qəsəbədə
hamıya ləzət edirdi.
Və evə
telefon açıb sağ-salamat Bədəlin özü ilə
danışan Talıb müəllim şagirdlərin yeməkxanasına
gəlib, onun başının üstündə duranda Əbi
bulka yeyirdi və mülayim, xoşsifət bir adam
olan Talıb müəllim gözlüyünün qalın
şüşələri arxasından bu dəfə hirslə
ona baxaraq:
- O nə
axmaq sözlər idi, deyirdin, hə?!- dedi.-
Sabah atan məktəbə gəlsin!
Talıb
müəllim, gör, nə qədər qəzəblənmişdi
ki, Əbinin atasını məktəbə
çağırırdı, çünki Şakir dünyaya
nə qədər nifrət edirdisə, qəsəbə
camaatının da Şakirlə bir o qədər arası yox
idi, o, hamının çəkindiyi, heç kimin istəmədiyi
ətiacının, davakarın biri idi və qəsəbə
camaatı öz aralarında ona “avçarka Şakir” deyirdi.
Bulkası əlində qalmış Əbi, Talıb
müəllimin ardınca baxa-baxa, nə üçün belə
bir qəzəbə tuş gəldiyini heç cürə
başa düşə bilmirdi.
Həmin
çisginli payız günü axşama yaxın qəsəbəyə
dəhşətli bir xəbər yayıldı: Talıb
müəllimin oğlu Bədəl göyərçinləri
havaya qaldırmaq istəyəndə “xuruşşovka”nın
damından yıxılıb, ölüb və bu qəfil xəbərdən
sarsılmış camaat elə bilirdi ki, o çisginli havada
yazıq Bədəlin ayağı sürüşüb,
damdan yıxılıb, ancaq təkcə Əbi heç kimə
demirdi, ancaq dəqiq bilirdi ki, Bədəlin ayağı
sürüşməyib, Bədəl özünü damdan
atb, ölüb - hələ səhər-səhər tənəffüs
vaxtı məktəbin dəhlizində Talıb müəllimlə
rastlaşanda Əbi bunu bir anın içində aydınca
görmüşdü və həmin vaxtdan sonra illər boyu
Əbi bildiklərini heç kimə demirdi.
Və
Əbinin səhər-səhər başqa müəllimlərin
yanında Talıb müəllimə dediyi sözlər bədbəxt
Bədəlin ölüm xəbərindən dərhal sonra
bütün qəsəbəyə yayıldı və bundan
sonra Əbini elə uşaq vaxtlarından əvvəlcə
tam adıyla - “Əbdül” çağırdılar, sonra
“Əbdül Ağa” oldu, sonra da “Ağa” oldu - “Ağa” deyəndə
uşaq da, böyük də bilirdi ki, söhbət kimdən
gedir.
Bir
gün - Əbi hələ lap təzə-təzə məşhurlaşmağa
başlayan vaxtlar idi - işdən qayıdan Şakir evdə
oturub həmişəki kimi siqaret dalınca siqaret çəkə-çəkə
Əbiyə baxıb, heç özü də bilmədi ki, qəflətən
necə dedi:
- Bunun
gözləri vəhşi pişiyin gözlərinə
oxşayır!..
O zaman Zəhraya
elə gəldi ki, Şakir bu sözləri içəridən
gələn bir vahimə ilə dedi və elə bil, o anda
Şakir, bəlkə də, həyatında ilk dəfə
özünü itirdi. İki gündən sonra Şakir yenə
işdən qayıdıb, yemək yeyəndən sonra siqaret
dalınca siqaret çəkəndə Əbi iri,
yaşıl gözlərini atasını zilləyib:
- Daha
çəkmə.- dedi və həmin
vaxtdan etibarən Şakir siqareti atdı.
2.
Ağanın gündəlik həyatı
“Korgözəlqız”
pirini ziyarətə gələnlərin sayı o qədər
azalmışdı ki, ətraf kəndlərdən, qəsəbələrdən,
hətta Bakının özündən də qarışqa
kimi “Korgözəlqız” pirinə daraşmış nəzir
yığan, özlərini bu pirin sahibi hesab edən və
bir-birləri ilə didişən yalançı mollalar,
yalançı seyidlər, yalançı dilənçilər
Ağa haqqında cürbəcür böhtan uydururdular,
camaatın arasında şayiələr yayırdılar,
“şok xəbər” kimi mətbuata ötürürdülər,
ancaq bunların heç bir mənası olmurdu, çünki
şöhrəti Bakıdan tutmuş bütün bu tərəfə
yayılmış, get-gedə də artan Ağanın vergisi
göz qabağında idi. Hətta qəsəbədə
yaşayan və yalançı yox, həqiqətən
savadlı bir molla olan Molla Qurban belə, bu
açıq-aşkar vergi qarşısında məəttəl
qalmışdı. Təzə vaxtlar:
- Ay camaat,- deyirdi.- uşağı yolundan azdırıb
bədbəxt etməyin. Qoyun dərsiylə məşqul
olsun. Nadan olmayın, cahil olmayın. Falçılıq deyilən, cadugərlik deyilən,
cindarlıq deyilən şeylər xurafatdır. Belə işlərlə məşqul olmaq Şeytan
əməlidir.
Ancaq bir
müddətdən sonra Molla Qurbanın özünün iki
yaşlı nəvəsi birdən-birə az qalırdı
ölsün, həkimlərin də hərəsi bir söz
deyirdi, bir dərman yazırdı, heç nə də kömək
etmirdi, anası, yəni Molla Qurbanın qızı
başıalovlu uşağı Ağanın yanına
apardı və Ağa iri, yaşıl gözləri ilə zənnlə
uşağa baxıb sakitcə:
- Uzun rezin
udub.- dedi.
Uşağı təcili Bakıya apardılar cərrahiyə
əməliyyatı keçirib, bağırsağında
ilişib qalmış rezini - doqquz santimetr uzunluğunda kukla
ayağını - çıxartdılar və çox
şey görmüş təcrübəli həkimlər də
heyrət etdilər ki, iki yaşlı körpə bu boyda rezini
necə udub.
Rəhmətlik
Molla Qurbanın da o zaman əllərini yana
uzadıb:
- Vallah, nə
deyim?..- deməsi, əslində,
Ağanın vergisinin mötəbər bir təsdiqi idi.
Xəstələr, əlillər, itən adamlarını axtaranlar, uşaq arzulayanlar, uzun sözün qısası, cürbəcür dərdi-səri, arzu-istəyi, nigarançılığı olan insanlar Ağanın qapısı ağzında növbəyə dururdular və Ağa yaşa dolduqca da bir uşaq səmimiyyəti ilə yalan danışmırdı, nə görürdüsə, onu deyirdi, görmədiyini isə özündən uydurmurdu, etiraf edirdi ki, mən bir söz deməyə çətinlik çəkirəm.
Və Ağa ilə birlikdə dəniz sahilindəki bu ucqar qəsəbə də bir tərəfdən məşhurlaşır, o biri tərəfdən də abadlaşırdı, çünki sirkdə işdən çıxıb, Ağanın qəbulları ilə bağlı təşkilatçılıq məsələləriylə məşğul olan Şakir yalnız özlərinin güzəranının qayğısına qalmırdı - ziyarətə gələnlərin sayı artdıqca, aydın məsələdir ki, vəsait də artırdı və Şakir bu vəsait hesabına magistralla qəsəbə arasındakı az qala üç kilometrlik bərbad yola asfalt çəkdirdi - dünənəcən qəsəbədən üç kilometr aralı dayanan Bakı avtobusu indi qəsəbənin düz qabağında dayanırdı. Hələ Stalinin vaxtlarında - 1940-cı illərin axırlarında çəkilmiş elektrik xətti hər dəfə külək bərkiyəndə qırılıb tökülürdü, Şakir elektrik xəttini təzələdi və ümumiyyətlə, sən demə, sir-sifətindən zəhrimar tökülən, yetəni acılayan, hamının zəhləsi getdiyi davakar (“avçarka”) Şakir dünyanın ən ürəyi yumşaq, xeyirxah, kasıb-kusuba əl tutan bir insanı imiş.
Şakir beş qızının beşini də ərə verdi və qızlardan birinin əri Aslan da o zaman peyda oldu. İlk vaxtlar Şakir özünə işlənmiş bir “Moskviç” almışdı, ancaq Ağanın şöhrəti artıqca Şakir də özünə təzə “Jiquli” aldı və o köhnə “Moskviç”i Aslana bağışladı. Aslan çəp idi və tez-tez yol hərəkəti qaydalarını pozurdu və kasıb, təbiətən də sadəlövh, ancaq bir az da üzlü oğlan olduğu üçün hər dəfə Ağagilə gəlib:
- Məni ştraf eləyiblər...- deyirdi.
Dörd-beş dəfə “ştraf” söhbətindən sonra Ağa hiss etdi ki, Aslanın hər dəfə gəlib cərimə olunduğunu deməyi Şakirin xoşuna gəlmir və Şakir daha onun cərimə haqqını ödəməyəcək.
Ağa:
- Aslan nə
istəyir, həmişə ver.- dedi.
Onun
sözü əslində hökm idi, evdə hamı
üçün, o cümlədən də Şakir
üçün qanun idi və Şakir bu hökmü
Ağanın mərhəməti kimi yozdu və qəbul etdi,
ancaq məsələ tamamilə başqa idi: Ağa bilirdi ki,
Aslanın ömrünə bir ildən də az
qalıb - beyninə qan sızacaq və bir neçə
gündən sonra xəstəxanada rəhmətə gedəcək.
Ağa bunu bilirdi, ancaq heç kimə demirdi və bu
cür bilgilər yavaş-yavaş artaraq onun içini
doldururdu.
Əvvəllər o, qəbuluna gələn adamlarda nə
görürdüsə, hamısını deyirdi, ancaq
böyüdükcə başa düşürdü ki, insana
gələcəyi ilə bağlı hər şeyi demək
düz deyil və ümumiyyətlə, hərdən fikirləşirdi
ki, hər bir insanın ölümü Allahın
yazdığı möhlətin sonudur - bunu yalnız Allah
bilir, məxluq bunu bilə bilməz!
O zaman
Ağa bunu necə bilir və niyə bilir?
Ağa məktəbi buraxmadı, düzdü, ateizmin
hökm sürdüyü sovet vaxtı idi - söhbət
1970-ci illərdən gedir - bütün çətinliklərə
baxmayaraq, Talıb müəllimin köməyi ilə məktəbi
bitirdi.
Talıb müəllim artıq neçə il
idi ki, məktəbin direktoru idi və onu neçə dəfə
maarif müdirliyinə, hətta Maarif Nazirliyinə
çağırmışdılar ki, bu nə
biabırçılıqdır belə? Sovet
şagirdi qəsəbədə falçılıq kantoru
açıb, direktor hara baxır? Ancaq Talıb müəllimin
maarif işçiləri arasındakı nüfuzu
Ağanı müdafiə edə bildi və o vaxt ki, Talıb
müəllim orta məktəbi bitirənlərə attestat təqdim
edirdi, Ağanın əlini sıxanda, onun eynəyin qalın
şüşələri arxasından baxan gözlərinin dərinlərində
heç vaxt keçib getməyəcək bir kədər var
idi və Ağa həyatında ilk və son dəfə yalan
dedi:
-
Talıb müəllim, Behbud çox yüksəklərə
qalxacaq, hamının çox hörmət etdiyi bir şəxs
olacaq...
Behbud rəhmətlik Bədəlin kiçik
qardaşı, Talıb müəllimin artıq yeganə
övladı idi və o anlarda Talıb müəllimin gözləri
doldu - bu gözlərdə sevinclə, təşəkkürlə
bərabər, həm də daimi bir kədər var idi.
Ağa ona görə yalan deyirdi ki, Behbudun çox
ağır, hətta fəlakətli bir həyat
yaşayacağını dəqiq bilirdi və Ağa onu da
bilirdi ki, bundan Talıb müəllimin xəbəri olmayacaq.
Ancaq
universitetə şəxsi maşını və
sürücüsü ilə gələn, hər dəfə
də onu gözləyən müxbirlərin, televiziya
işçilərinin arasından keçməyə məcbur
olan Ağa yalnız bir semestr oxuya bildi, çünki elmi
ateizm kafedrasının müdiri, həmişə dəb və
zövqlə geyinən, öz tualetinə fikir verən,
yaraşıqlı bir kişi olan - təsadüfə bax ki,
onun da familiyası Ağazadə idi - professor Ağazadə aləmi
bir-birinə qataraq (“Bu aferisti, bu falçını universitetdə
saxlamaq olar? Onda bağlayın mənim kafedramı! Universitetdə falçılıq kafedrası
açın, qoy, tələbələr də oxuyub,
şarlatan olsun!”) Ağanı universitetdən
qovdurdu.
Ağa bir də heç vaxt hansısa universitetə girməyə
cəhd etmədi, ancaq onun qəsəbədə təzə
tikilmiş iqamətgahındakı iri kitab dolabında
kitabların sayı get-gedə artırdı və Ağa əvvəldən
axıracan oxumadığı bir kitabı o dolaba qoymurdu.
Bu iqamətgahın
tikilib, başa çatmasında çox (amma həvəslə)
zəhmət çəkmiş Şakir hər gecə ikinci mərtəbədəki
geniş eyvana çıxıb, başını göyə,
əllərini də sinəsinə qaldırıb, Allahına
şükür edirdi:
- Şükür sənə, ya Rəbbim!.. Şükür!.. Şükür!..
Və bir gecə Ağa yatmazdan əvvəl birdən-birə atasını bərk-bərk qucaqladı və bu qəfil vaqeədən əvvəlcə özünü itirmiş Şakir də onu qucaqladı - bütün həyatlarında onlar ilk dəfə idi ki, qucaqlaşırdılar və Ağanın bu məhəbbətindən çox təsirlənən Şakir doluxsuna-doluxsuna:
- Ağa,- dedi.- Məni bağışla, uşaq vaxtı səni çox incitmişəm, ananı da, bacılarını da çox incitmişəm...
Ağa atasını öpdü - bu, onların bütün həyatlarındakı ilk öpüş idi - və heç nə deməyib, öz otağına getdi. Sübh tezdən isə Zəhranın çığırtısı qopdu: Şakir gecə yuxuda ikən keçinmişdi və qəsəbə camaatı onu böyük hörmətlə torpağa tapşırdı.
Ağa evlənəndə toy eləmədi, on dana kəsdirib ətini sahil boyu kəndlərin, qəsəbələrin yetim-yesirinə, kasıb-kusubuna paylatdı və birinci oğlunun adını da Şakir qoydu - ümumiyyətlə, Ağanın nüfuzunun, ona olan ehtiramın bir səbəbi Allah vergisi idisə, o biri tərəfi də onun gözütoxluğu, əliaçıqlığı, mərhəməti idi.
Bir dəfə SSRİ-nin baş qəzeti Ağa haqqında “Yeni peyda olmuş peyğəmbər” (orijinalda belə idi: “Novoyavlennıy prorok”) adlı təhqiramiz bir felyeton dərc etmişdi və o zaman qəzetin redaksiyasına da, Politbüroya, Brejnevə də o qədər etiraz teleqramları vurulmuşdu ki, bu məsələni elə Moskvadan da yatırtdılar. Ağanın nüfuzu o dərəcəyə çatmışdı ki, sovet vaxtı rəhbər partiya işçiləri, KQB zabitləri, hətta nazirlər belə, gecələr gizlincə - heç kim görməsin, heç kim tanımasın - onun hüzuruna gəlirdilər və çox zaman da bu gəlişlərin yaxşı nəticəsini görürdülər.
Bir dəfə də - 1981-ci il idi - bir neçə gün Ağa heç kimi qəbul etmədi, özü də görünmədi və belə bir xəbər yayıldı ki, Moskvadan gələn KQB işçiləri Ağanı hərbi təyyarədə Moskvaya, Brejnevə baxmağa aparıblar. Düz idi, düz deyildi, ancaq təkcə qəsəbədə yox, Bakıda da hamı bunu danışırdı və “perestroykanın” son vaxtlarında, o zaman ki, artıq sovet qəzetlərində kim nə istəyirdi, yazırdı, Moskva qəzetləri təzədən bu məsələyə qayıtmışdılar və bu barədə sensasiyalı yazılar dərc olunmuşdu - guya həmin 81-ci ildə həkimlər Ağanın buyruqlarına əməl edə-edə Brejnevi klinik ölümdən qaytarıblar. Hətta müxbirlər sovet vaxtı Kremlin baş həkimi Yevgeni Çazovu tapıb, bu barədə ona da sual vermişdilər və Çazov nə “hə” demişdi, nə də “yox”, tamam qeyri-müəyyən bir cavab vermişdi.
SSRİ dağılandan, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Ağanı XX yüzilin Vanqa, Messinq, Edqar Keysi, Uri Qeller kimi ekstrasensləri ilə müqayisə edirdilər, hətta Ağanı daha üstün tuturdular. ABŞ-dan məşhur alimlər, operator və rejissordan ibarət bir dəstə çəkiliş qrupu Ağanın iqamətgahına gəlib, neçə gün cürbəcür təcrübələr keçirərək 50 dəqiqəlik “Ənənəvi elmi heç edən dahi” adlı sənədli film çəkmişdilər və böyük uğur və tamaşaçı qazanan bu filmin müqaviləsinə görə ona 475 min dollar qonorar verilmişdi, Ağa da bu pulu yarıya bölüb, bir hissəsini Bakıdakı uşaq evlərinə, o biri hissəsini də YUNİSEF xətti ilə Afrikada aclıq çəkən uşaqlara verdi. Moskva televiziyasının Ağanın haqqında çəkdiyi “Bəlkə o, yadplanetlidir, heç özü də bunu bilmir?” adlı filmi İsraildə “İlin filmi”, Venesiya televiziya filmləri festivalında isə ən yüksək “Büllur baydarka” mükafatlarını almışdı.
Ağa heç vaxt qəbuluna gələnlərlə olum-ölüm söhbəti etməzdi, insanın taleyi ilə bağlı bəd bir şey görürdüsə və bunu aradan qaldırmağın mümkünlüyünü hiss edirdisə, məsləhətlərini verirdi, yox, hərgah daha heç nə mümkün deyildisə, bu barədə heç nə demirdi, ancaq günlərin bir günü, gözlənilmədən Ağanın qəbulunda professor Ağazadə peyda oldu - aradan keçən bu qədər illər yenə də dəb və zövqlə geyinmiş, sifəti, saçları səliqə-səhmanlı, dırnaqları dibindən kəsilmiş bu insana təsir etməmişdi və dəyişən yalnız o idi ki, professor Ağazadə Sovet İttifaqını ən aktiv, hətta aqressiv ifşa edən məşhur şəxslərdən biri idi.
Ağayla köhnə tanış kimi çox səmimi görüşdü:
- Salam, ay kişi, necəsən?- Və məlum oldu ki, professor Ağazadəni axşam vaxtı Ağanın hüzuruna çəkib gətirən sadə bir sual imiş: - Rektorumuz xəstədir, ərizə yazıb, gedir. Mənim də namizədliyim var. Necə bilirsən, məni rektor təyin edəcəklər, ya yox?
Ancaq, kim bilir, bəlkə bu sual bir bəhanə idi və keçmiş ateist professor Ağazadəni Ağanın hüzuruna çəkib gətirən daxili bir maraq, hətta şüuraltı bir ehtiyac, bir tələbat idi?
Ağa iri, yaşıl gözlərini professor Ağazadənin gözlərinin içinə zillədi və:
- Bəli, təyin edəcəklər.- dedi, sonra heç özü də gözləmədən - elə bil, bu sözlər onun, yəni Ağanın yox, başqa bir kimsənin ağzından çıxdı - yenə də ömründə ilk və son dəfə insanın nə vaxt öləcəyini üzünə dedi.- Ancaq təqdimat vaxtı rəhmətə gedəcəksiz.
Xoş xəbəri eşidən anda professor Ağazadənin nurani sifətindən açıq-aşkar bir xoşbəxtlik dalğası keçdi, elə bil, güldanda suya qoyulan gözəl bir gül ani olaraq ləçəklərini açdı, ancaq bunun ardınca Ağanın gözlənilməz sözlərindən sonra professor Ağazadə elə həmin andaca yerində dondu - ancaq Ağa onun ürəyinin necə şiddətlə döyündüyünü aydınca gördü.
Professor
Ağazadə özünü ələ aldı və:
-
Taqsır səndə deyil, - dedi.- Taqsır
məndədi ki, sənin kimi dəllalın birinin yanına gəlirəm!
Və professor Ağazadə qapını
çırpıb iqamətgahdan çıxdı.
3.
Ağanın sirri
Ağa universitetə rektor təyin olunmuş professor
Ağazadənin kollektivə təqdim olunduğu vaxt qəflətən
ürəktutmasından vəfat etdiyini qəzetdə oxudu və
bu xəbər ona olduqca pis təsir etdi, ancaq bunda
Ağalıq nə vardı? Ağa
gördüyünü demişdi və Ağa bunu desəydi də,
deməsəydi də, professor Ağazadənin o qəfil
ölümünün qarşısını heç nə
ala bilməzdi.
Həmin gün gecə qəsəbəyə
yağış yağırdı.
Ağa öz otağında pəncərənin
qabağında oturub, şıdırğı
yağışa baxırdı və yağış pəncərənin
şüşəsinə çırpıldıqca, Ağa
professor Ağazadənin iztirablarını hiss edirdi - nəinki
hiss edirdi, o, bu iztirabları görürdü.
Rektor təyin
olunmuş professor Ağazadənin son gecəsi idi və o,
heç cürə ölüm qorxusundan qurtara bilmirdi, hər
vəchlə özünü inandırmağa
çalışırdı ki, o “dəllal”ın - yəni
Ağanın - dedikləri boş sözlərdir, o “dəllal”
ondan yüz il bundan qabağın hayıfını
çıxır, ancaq heç cürə sakitləşə
bilmirdi.
Professor
Ağazadə düz fikirləşirdi, əgər Ağa
özündən asılı olmasa da, onun yaşamaq möhlətini
şax üzünə dedisə, deməli, uzun illər boyu
Ağanın içində bir intiqam hərisliyi olub və
Ağa məqamdan istifadə edib.
Ağa
öz uşaqlarına zənnlə baxmaqdan çəkinirdi və
baxmırdı, ancaq bəzən elə olurdu ki,
övladlarının taleyi - ömürlərinin möhləti
bütün təfərrüatı ilə qəflətən
onun gözlərinin qabağına gəlirdi və
Ağanın həyatı, əslində, elə o
görüntülərlə yaşamaq məşəqqətindən
ibarət idi.
Professor Ağazadə ömrü boyu
arzuladığı, həsrətində olduğu bir məqamı
əldə edirdi və həmin anda da ölürdü - nə
üçün? Yaradan da ondan intiqam alırdı? Axı, insan Yaradanın yazdığından kənara
çıxa bilməzdi - kənara çıxa bilsəydi,
Ağanın gördükləri baş tutmazdı və
ümumiyyətlə, taleyi görmək mümkün
olmazdı.
Ağa iri, yaşıl gözləri ilə zənnlə
insanlara baxanda, onların yalnız daxili orqanlarını
görmürdü, həmin insanların ruhunu da
görürdü və professor Ağazadənin ruhu da qara bir
duman parçası idi, ancaq nə olsun? Onu da, onun kimi
Ağanın gördüyü minlərlə qara ruhlu
insanı da Allah xəlq etmişdi, ancaq nə
üçün? Hər şey Yaradanın, yəni
miqyası, qüdrəti insan ağlına
sığışmayan hansısa Ali Qüvvənin əlindəydisə,
bütün məxluqatı O xəlq etmişdisə, onda nə
üçün bu qədər insanların ruhu beləcə
qara duman içindədi? Nə
üçün insanların, bəlkə də çoxunun
ruhu bu qədər qara duman içindədir, bəzən hətta
kömür kimi qapqara bir qəlbdir? Yaradan,
o Ali Qüvvə nə üçün buna imkan verir?
Ağanın
illər uzunu daxili aləminə dola-dola
yığılmış, pərçim olmuş hisslər,
həyəcanlar, düşüncələr, elə bil,
professor Ağazadənin ölüm xəbərini gözləyirmiş
və yağışın pəncərə şüşəsini
döyəclədiyi həmin gecə birdən-birə baş
qaldırmışdı - elə bil, onun içindən vulkan
püskürmək istəyirdi və Ağa daha heç
cürə bunun qarşısını ala bilmirdi.
Ala bilmirdi, yoxsa daha almaq istəmirdi?
O, uzun illər
idi ki, həmin hissləri, həyəcanları,
düşüncələri öz içində həbs
etmişdi, onları dişara çıxmağa qoymurdu,
çünki Ağa bu hiss-həyəcanlardan, bu
düşüncələrdən qorxurdu və əlbəttə,
bu, heç kimin ağlına gəlməzdi, ancaq həqiqət
belə idi: Ağa içinə dolmuş o hisslərdən, həyəcanlardan,
düşüncələrdən qorxurdu və əslində,
Ağa belə bir pis qorxu ilə yaşayan tənha adam idi -
bu, kimin ağlına gələrdi?
Həmin
gecə yarıdan keçəndə bütün qəsəbə
qaranlıq içində idi, tək-tük həyət
qapısının ağzında elektrik lampası yanır,
yağış pəncərəni döyəcləyirdi və
elə bil, şüşəyə çırpılan o
yağış Ağanı çağırdı - o, pəncərəyə
yaxınlaşdı, ancaq yatmış qəsəbəni yox,
pəncərə şüşəsində öz əksini
gördü.
Ağa öz əksinə baxmaq istəmirdi.
Məsələ burasında idi ki, Ağa öz ruhunun da
şəffaflığına əmin deyildi - o, özü
öz daxilinə baxa bilmirdi, ancaq başqalarında hər
şeyi o, açıq-aşkar görürdüsə, bunun səbəbi
və mənası nə idi? Və bir mənası
vardısa, nə üçün məhz Ağa
seçilmişdi?
Bu, bəlkə vaxtıyla rəhmətlik Molla
Qurbanın dediyi kimi, Şeytan əməli idi? Ancaq Şeytan
əməlinin özü nə demək idi? Və həmin anlarda Ağanın fikrindən
keçdi ki, insan bütün pislikləri, bəd əməlləri
Şeytanın boynuna yıxıb ki, özünü kənara
çəksin.
İnsan həqiqəti - daxilindəki qaranı görmək,
bu barədə nəsə bilmək istəmir, buna görə
də həmin qaranı görmür və hər bəd əməlinin
də öz bəraəti var, ancaq insan kimdir ki, bu, onun istəyi
ilə olsun? İnsanı O, yaradıb, bunu O, istəmir, onda, bəs,
nə üçün Ağaya imkan verib ki, hər şeyi
görsün?
Yağışın pəncərəni döyəclədiyi
həmin gecə də Ağa bu suallardan qaçmaq istəyirdi,
ancaq bu suallardan qaçmaq mümkün deyildi və Ağa
bunu başa düşürdü.
Əgər Ağa kiminsə nə vaxt öləcəyini,
necə öləcəyini görürdüsə, bilirdisə,
nə üçün sonrasını - ölümdən
sonrasını görə bilmirdi? Ağa illər boyu nə
qədər çalışırdısa da, həmin kimsənin
öldükdən sonra nə olduğunu heç cürə
hiss edə bilmirdi, yumulu gözlərinin qabağına ancaq
bomboş bir bozluq gəlirdi, vəssalam.
Sonra - yəni yoxluq? Heç nə yox idi?
Əgər sonra heç nə yox idisə, insan bu
dünyaya niyə gəlmişdi və onun taleyi əvvəldən
axıracan nə üçün yazılmışdı? Axı, bu tale
yazılmasaydı Ağa onu necə görə bilərdi?
Birdən-birə
bir görüntü Ağanın yadına düşdü:
o, bilirdi ki, anası - Zəhra arvad - 107 il yaşayacaq və
bu, onu sevindirirdi (Ağa da adi insan idi - hər halda özü
belə hesab edirdi), ancaq bir gecə - professor Ağazadənin
ölümündən bir neçə il əvvəl - elə
bil, uzaq keçmişdə qalmış o payız gecəsi
idi, Ağa yenə altı yaşındakı kimi tərin
içində yuxudan oyandı, qalxıb çarpayıda
oturdu və birdən-birə həmin görüntünü
gördü: yaşı yüzü haqlamış anası
onun, yəni çoxdan rəhmətə getmiş
Ağanın saralıb-solmuş fotosuna baxırdı - Zəhra
o fotoya baxdı, baxdı və soruşdu:
- Bu kimdi
belə?
Əgər on beş-iyirmi ildən sonra öz anası da
onu tanımayacaqdısa, onda Ağa nə üçün bu
dünyaya gəlmişdi? Əlli ildən, lap
yüz ildən sonra unudulmaq üçün? Yüz il olmasın, milyon il olsun...
Ağa
şıdırğı yağış yağan o gecə pəncərədən
göyə baxdı: göylə o gecənin
qaranlığı bir-birinə birləşmişdi, ancaq həmin
anda qəribə bir iş oldu: Ağa bir göz
qırpımlıq aydın səma gördü - böyük
ay və par-par yanan saysız ulduzlar - və Ağa
gülümsədi: bu boyda kainatın yanında milyon il nə idi? Heç nə.
Və
Ağa birdən-birə Kor Gözəl Qızı
xatırladı, elə bil o Kor Gözəl Qız da, qəsəbədə
yaşayan bir kimsə idi - asta addımlarla o
şıdırğı yağış altında gəlib həmin
qaya parçasının - “Kor Qız Qayası”nın
üstündə oturdu və Ağa az qaldı
qışqırsın ki, ay qız, sən nə edirsən, sətəlcəm
olarsan, ancaq bu, reallıqdan uzaq, yəqin haçansa olmuş
bir görüntü idi. Yağış qızın nazik
çəhrayı köynəyini bədəninə
yapışdırmışdı və onun qabarmış
dolu döşləri, dolu qolları, baldırları,
bütün vücudu tərtəmiz, şəffaf bir ruhdan xəbər
verirdi və Ağa hiss etdi və şahidi oldu ki, həmin məqamda
Yaradan o qızın gözlərinə işıq bəxş
etdi, qız başını qaldırıb göyə
baxdı, eynən indicə Ağa gördüyü kimi,
ayı, parpar yanan saysız ulduzları gördü.
Ağanın
içindən uzun illərdən sonra ilk dəfə bir sevinc
dalğası keçdi, ancaq bu heç bir an da çəkmədi
və Ağa başa düşdü ki, o qız Yaradanın
ona bəxş etdiyi bu aylı-ulduzlu xoşbəxtliyi
anasının xatirəsinə bir xəyanət hesab etdi -
yerindən sıçrayıb o qaranlıq gecədə
Ağanın gözləri qabağında yox oldu.
Ağa gözlərini yumdu və fikirləşdi ki, bəlkə
insanlar öz ruhunu - istəyir tərtəmiz, şəffaf,
istəyir qapqara olsun - qorumaq üçün ondan, yəni
Ağadan uzaq olmalıdır?
4.
Ağanın ölümü
2011-ci il
avqust ayının 13-də Ağanın 55 yaşı tamam
oldu və bu rəqəmin özü onun üçün heyrətamiz
bir möcüzə idi, çünki 6 yaşında tərin
içində yuxudan oyanıb, rəhmətlik Aslanın
adını çəkdiyi o qış gecəsi bütün
təfərrüatı ilə Ağanın yadında idi, heyrətamizi
də o idi ki, həmin gecədən nə az, nə azacıq
- bu qədər illər keçib, ancaq Ağaya elə gəlirdi
ki, bütün bu illər bir gözqırpımında
ötüb, gedib.
Onun
saçı-saqqalı ağappaq ağarmışdı və
düzdür, baxanda ona 55 yox, çox yaş vermək
olardı, ancaq qəbuluna gələnlərdə, hətta onu
tanıyan, yaşda ondan xeyli böyük olan qəsəbə
sakinlərində də elə bir təəssürat var idi
ki, Ağanın 100 yaşı var.
Ağa hərdən güzgüdə özünü
görəndə diksinirdi, çünki balaca Əbi həmişə
onun gözünün qabağında idi - həmin 2011-ci ilin
13 avqust günü də Ağa güzgüdə
özünü görəndə Əbi gözlərinin
qabağına gəldi və Ağanın ürəyində
bir anlıq nəsə xoşagəlməyən bir ərəfə
hissiyyatı oyandı, ancaq sonra keçib getdi.
Və o günün ürəkaçan bir cəhəti
də bu oldu ki, elə bil, Zəhraya bir vəhy gəldi, birdən-birə
yatağından qalxıb özü plov bişirdi və
onların bütün böyük ailəsi süfrə
başına yığıldı. Neçə gün idi ki, Zəhra
özünü pis hiss edirdi, zəifləmişdi, heç nə
yemirdi və qızlar çox həyəcan keçirirdilər,
ancaq Ağanın bir kəlməsi ilə: “- Qorxmayın!”- onların ürəyi sakit oldu.
Zəhranın
dirçəlməsindən sonra həmin 13 avqust
gününün ikinci xoş xəbəri də o oldu ki,
Ağanın kiçik hamilə qızının
sancıları tutdu və onu Bakıda xəstəxanaya
apardılar, axşam isə xəbər gəldi ki, hər
şey qaydasındadı, əmin-amanlıqdı, sabahda- birigündə
Ağanın yenə bir oğlan nəvəsi dünyaya gələcək.
Hər şey bundan sonra başladı.
O
axşam ərzində Ağa daha heç kimi - təbrikə
gələnləri də, ziyarətə gələnləri də
qəbul etmədi, özünü yorğun hiss edirdi (bəlkə
elə heç kimi qəbul etmədiyinə görə
yorğun idi?) və Ağa birdən-birə Talıb müəllimin
oğlu Bədəli xatırladı - yəqin indi ikisi də
o biri dünyada görüşüblər və Talıb
müəllim də bilib ki, Bədəlin ayağı
sürüşməyib, özünü damdan atıb - ancaq
“o biri dünyada”, yəni hansı dünyada?
Ağa
ikinci mərtəbədəki geniş otağında xeyli
var-gəl etdi və Ağa hərdən belə var-gəl edəndə
evdəkilər bir-biri ilə az qala pıçıltı ilə
danışırdılar, işlərini də çox
ehtiyatla görürdülər ki, ona mane olmasınlar (o, nə
edirdi ki?) və bu dəfə də iqamətgahda təkcə
Ağanın addımlarının yumşaq səsi
eşidilirdi. Sonra Ağa yataq otağına
yatmağa getdi - adətən hamı yatandan sonra
yatırdı - gec yatıb, tez oyanan idi, gündə
dörd-beş saatdan artıq yatmırdı - və bu dəfə
də 13 avqust artıq bitmişdi.
Ağa
soyunub yerinə girmək istəyəndə, elə bil, ayaq üstə
qəflətən qurudu və elə ayaq üstdə də hələ
anadan olmamış o çağa - Ağanın bu günlərdə
dünyaya gələcək nəvəsi - oğlan - onun iri,
yaşıl gözlərinin qabağına gəldi: o
sağlam, yaraşıqlı, hamını sevindirən və
sevən oğlan sürətlə böyüyüb yeddi
yaşına çatdı, dayandı və qəflətən
avtomobil qəzasına düşüb dəhşətli əzablarla
həlak oldu.
Ömrü boyu minlərlə insan taleyi
görmüş Ağa heç vaxt bu cür
sarsılmamışdı - ona görə yox ki, belə dəhşətli
əzablar içində həlak olan o yeddi yaşlı
oğlan onun nəvəsi idi, ona görə ki, belə bir aqibəti
olacaq bu çağa nə üçün dünyaya gəlirdi? Əgər yeddi il ərzində bu çağanın
ömrü (günahları) o cür ölümə layiq
olacaqdısa, onda nə üçün onun taleyinə bu
cür günahkar bir ömür yazılmışdı?
... Və Ağa iqamətgahından çıxanda
bütün qəsəbə yatmışdı.
Ağanın bütün varlığını qatı
qara duman kimi qatı bir nifrət hissi
bürümüşdü.
Ayaqları onu “Korgözəlqız” pirinə tərəf
aparırdı və Ağa bunu bilirdi, ancaq - nə
üçün ora gedirdi? - bu barədə
fikirləşmirdi, çünki bütün
varlığını bürümüş o qatı nifrət
hissi illər uzunu onun beynini çatladan o fikiləri,
düşüncələri, hiss-həyəcanları
dağıdıb, it-bata salıb, yox etmişdi.
O
bürkülü avqust gecəsi Ağanın nəfəsi
çatışmırdı, ancaq o, bunun fərqində
deyildi, eləcə sürətlə dağa qalxırdı və
Ağa pirin yanında dayanmayıb, birbaşa dağın təpəsinə
- qayalığa çıxdı.
Və Ağa nəhayət ki, “Kor Qız Qayası”nda əyləşib
nəfəsini dərdi.
O gecənin
sakitliyini yalnız dənizin bu qədər uzaqlıqdan da
eşidilən uğultusu pozurdu.
Hər tərəf qaranlıq idi və Ağa heç başını qaldırıb göyə də baxmırdı.
Ağa üçün hər şey maraqsız idi.
O Kor Qızın ruhundakı təmizliklə, şəffaflıqla qapqara ruhlar arasında heç bir fərq yox idi və Ağa özünü böyük bir yalanın, böyük bir hiylənin içində hiss edirdi.
Ağa bu yalana, bu görünən və görünməyən kainat qədər böyük hiyləyə, bu qurulmuş nəhəng riyakar oyuna nifrət edirdi və Ağanın içinə dolmuş o nifrət o qədər güclü idi ki, o, özü qalxmadı, onu “Kor Qız Qayası”ndan içindəki həmin nifrət qaldırdı və həmin nifrət də Ağanı altı yaşlı Əbinin o gecə görüntüsünə doğru apardı.
5. Epiloq
Bütün mətbuat, saytlar, teleqraf agentlikləri 2011-ci il avqust ayının 13-dən etibarən Ağanın yoxa çıxdığını yazırdı. Hətta prokurorluq ayrıca iş açmışdı, Ağanın övladları məşhur ekstrasenslərə müraciət etmişdi.
Ancaq bütün bunların heç bir əhəmiyyəti olmadı.
16 yanvar 2017.
Roqaşka.
ELÇİN
525-ci qəzet.- 2017.- 29 aprel.- S.14-15-16.