"Türk dünyasının qəlbi
Bakıdır"
BÖYÜK
TÜRKOLOQ ALİM, PROFESSOR OSMAN FİKRİ SERTKAYA İLƏ
SÖHBƏT
Aynurə PAŞAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi
işçisi
aynure8@mail.ru
Bu il
noyabr ayının 13-15-də gerçəkləşdirilən
"Türk dilli ölkələr qurultayı"nda Yeni Türkiyə Stratejik
Araşdırma Mərkəzinin rəhbəri Hasan Celal
Güzel türk dünyasının nüfuzlu türkoloq
alimi, türk dili və mədəniyyətinin müxtəlif
sahələrindən bəhs edən 425-dən çox tədqiqatın
müəllifi, İstanbul Universitetinin professoru Osman Fikri
Sertkayanı Mərkəzin təsis etdiyi "Türk
dünyasına xidmət" ödülü ilə
mükafatlandırdı. Professor Osman Fikri Sertkaya vaxtilə
"Manas dastanına - 1000 il" adlı xatirə medalı
(1995), Türkiyənin Prezidenti Süleyman Dəmirəl tərəfindən
"Türk Dünyasına Xidmət Ödülü"
(1999), Tatarıstan Elmlər Akademiyasının Qalimcan
İbrahimov adına Ədəbiyyat, Dil və
Sənət İnstitutunun Elmi Şurası tərəfindən
Şərəfli üzv" (2002), Macarıstan Aleksandr de
Koros Ksoma İnstitutunun "Şərəfli üzvü"
(2009) mükafatları ilə təltif olunub.
- Osman bəy,
əvvəla, mənimlə müsahibəyə vaxt
ayırdığınıza görə Sizə minnətdaram.
Professor Osman Fikri Sertkaya türk dünyasında
böyük hörmətlə səslənən imzadır.
Mən Sizi ilk dəfə ötən il noyabrın 14-də Azərbaycan
Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət
və Turizm nazirliklərinin birgə təşkil etdikləri,
I Türkoloji Qurultayın 90 illiyi münasibəti ilə
"Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər
və yeni çağırışlar" mövzusunda
keçirilən beynəlxalq elmi konfransda
görmüşdüm. Gözəl və nurlu simanız var.
İstəyərdim ki, Siz Azərbaycanla olan əlaqələrinizdən bəhs edəsiniz.
- Təşəkkür
edirəm. Mən elmə ilk addımlarımı
atdığım zaman müəllimlərimiz bizə türk
dünyası - yakut, çuvaş, tatar,
özbək, qırğız xalqları ilə bağlı dərslər
keçdi. Mənə dərs deyən müəllimlərdən
biri də 1899-cu ildə Gəncədə dünyaya göz
açmış Əhməd Cəfəroğlu idi. O,
mənə türk dünyası mövzusunda dərs deyən
zaman daha çox Azərbaycan üzərində dayandı. Əhməd Cəfəroğlu mənə Azərbaycanı
sevdirdi. 50 ildən bəri Ə.Cəfəroğlunun
tikmiş olduğu fidan böyüdü, böyük meyvələr
verdi.
- Əhməd Cəfəroğlu 1929-cu ildə
Almaniyanın Breslau Universitetində professor F.Gizinin rəhbərliyi
altında "Gəncə dialektində 75 Azərbaycan
bayatı-türküsü. Bir dil araşdırması"
mövzusunda dissertasiya müdafiə edərək filologiya
üzrə fəlsəfə doktoru elmi dərəcəsini
qazanır. Ancaq o, Almaniyada qalmır. Türkiyəyə döndükdən sonra həmin
ildən etibarən İstanbul Universitetinin Ədəbiyyat
fakültəsində türk dili tarixi kafedrasının
dosenti, 1938-ci ildə həmin kafedranın professoru, 1946-cı
ildən ömrünün axırına qədər isə
oranın müdiri vəzifəsində
çalışır.
- O, əvvəlcə
Kiyev Ali Ticarət İnstitutunda təhsil alır. Türkiyəyə gələndən sonra Mehmed Fuad
Köprülünün rəhbərliyi altında türk dili
və ədəbiyyatı bölümünü bitirir. Burada Ə.Cəfəroğlunun təqaüd
almasına köməklik göstərirlər. Sonra o, Almaniyaya gedir.
Türkiyəyə geri dönəndən sonra
isə İstanbul Universitetində professor
M.F.Köprülünün assistanı olur. M.F.Köprülünün anası Ə.Cəfəroğlunu
öz övladı kimi öz evində qonaq edir.
Ə.Cəfəroğlu dünyanın öndə gedən
türkoloqlarından biri idi. O, mükəmməl ensiklopedik biliyə
malik bir şəxs idi. Bir çox xarici dilləri
də əla bilirdi. Azərbaycanın Gəncə
şəhərindən olduğuna görə özbək,
tatar ləhcələrini başa düşməklə
yanaşı, rus, alman, fransız dillərini də
yaxşı bilirdi. Ələlxüsus da,
dünya ədəbiyyatına yaxşı bələd olan
müəllim idi. Ə.Cəfəroğlunun
bir başqa özəlliyi də XVII-XIX əsrlərdə
yaşamış Azərbaycan ədiblərini bizə
tanıtması oldu. O, kommunizm qanunlarının əleyhinə
idi. Ona görə də Azərbaycan kommunistlərin
idarəetməsində olduğu zaman bir çoxları onun əleyhinə
yazılar yazdı.
Mən Cəfər
Cabbarlı haqqında Türkiyədə gözəl bir məqalə
dərc etdirdim. Əgər Ə.Cəfəroğlunun
tələbəsi olmasaydım, mən C.Cabbarlını hardan
tanıyacaqdım?
- Azərbaycanın
tanınmış dramaturqu, şairi Cəfər Cabbarlının
yaradıcılığını sevdinizmi?
- Əlbəttə. Tanınmış dramaturq,
böyük şair Cəfər Cabbarlı 35 yaşında
dünyasını dəyişib. 1988-ci ildə Azərbaycana
gedəndə adını bilmədiyim birisi mənim cibimə
bir kağız qoydu. Sonra kağızı oxudum və
kağız C.Cabbarlının arxivindən tapılmış
"Turan ellərinə salam söyləyin"
şeiri idi. Mən bu şeiri Türkiyədə
dərc etdirdim.
- Azərbaycanlı dilçi
araşdırmaçılarından kimləri
tanıyırsınız?
- Azərbaycanlı
dilçi alimlərin, türkoloqların, demək olar ki,
hamısını tanıyıram. Akademik Məmmədağa
Şirəliyev 1969-cu ildə İstanbula gəlmişdi.
Mən həmişə olduğu kimi müəllimim
Ə.Cəfəroğlunun yanında idim. Ə.Cəfəroğlu
məni öz aspirantı kimi M.Şirəliyevə təqdim
etdi. M.Şirəliyev cibindən qeyd dəftərçəsi
çıxartdı və adımı soruşub dəftərçəsinə
"Osman bəy Sərtkaya" yazdı. Sonra
1970-ci ildə aprel ayında Ə.Cəfəroğluya
Bakıdan bir məktub gəldi. "Sovetskaya
Turkologiya" jurnalının 1-ci nömrəsi idi. Jurnalın biri Osman bəy, o biri Əhməd bəy
üçün yazılmışdı. Mənə 3 il o jurnalı M.Şirəliyev göndərdi. İndi o jurnalın baş redaktoru dostum, akademik Kamal
Abdulladır. Jurnalın məsul katibi isə
filologiya üzrə fəlsəfə doktoru Elçin
İbrahimovdur. "Türkologiya"
adı ilə hazırda çap olunan jurnalın 47 illik
sayının hamısı dünyada tək məndədir.
Bu mənim üçün iftixar vəsiləsidir.
Təbii ki, M.Şirəliyevdən sonra gələn azərbaycanlı
alimlərindən Vaqif Aslanov, Fərhad Zeynalov, Oqtay Əfəndiyev,
Tofiq Məlikli, Aydın Məmmədov, Firudin Cəlilov,
Elşən Şükürlü və başqalarını
da tanıyıram.
Sonuncu dəfə Azərbaycana gələndə müxtəlif
şəhərlərdən gəlmiş parlaq gənc nəsli
gördüm.
Bəzi müəllimlər plenar iclasdan sonra dəhlizdə
kofe, çay içirdilər, söhbət edirdilər, amma mən
bütün gənclərin məruzələrini bir-bir dinlədim.
- Gənclərə
böyük dəyər verməyiniz məni çox sevindirdi.
- Bəli.
Hətta beynəlxalq konfransda gənc nəslə
"Azərbaycan türkologiyasının gələcəyi
sizlərin - gənclərin əlindədir" söylədim.
72 yaşım var. Mənim məşğul
olduğum sahə ilə Azərbaycanda araşdırma aparan
alimlər var. Mən yazımın birini professor Cahangir Qəhramanova
ithaf eləmişəm. Türk
dünyasının qəlbi Bakıdır. 1987-ci ildə Moskvada Sovet türkoloqları Komitəsində
bunu biz bir daha vurğulamışdıq. Ona
görə də Sovet türk Kollokviumlarının biri 1987-ci
ildə Bakıda oldu.
- Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi Adına Dilçilik
İnstitutunun "Filologiya məsələləri"
adlı nüfuzlu elmi jurnalın 1996-cı il
7-ci sayı Sizin anadan olmağınızın 50 illik yubileyinə
həsr olunmuşdu.
- Həmin
jurnal çap olunanda mənim bundan xəbərim yox idi. Türkiyat İnstitutunda müəllimim, professor
Əhməd Cəfəroğluya həsr olunmuş iclas
keçirirdim. Jurnalı mənə orda
vermişdilər. Çantama qoydum. Evə gələndə oxudum, üzərinə
"Osman Fikri Sərtkayanın 50-ci ildönümü
üçün gözəl ithaf"
yazılmışdı. Bu mənim
üçün böyük şərəf və xoşbəxtlik
idi.
2012-ci ildə mən ağır xəstəlik - beyin
qanaxması keçirdim. Bundan xəbərim olmamışdı.
4 gün ağır vəziyyətdə İstanbul
Universitetində dərs dedim. 5-ci gün xəstəliyimdən
xəbərdar oldum. 6-cı gün məni
əməliyyat etdilər. Buna görə
dostlarım çox pis olmuşdular, dərhal məndən xəbərsiz
"Yalım kaya bitigi" adlı ərmağan kitabı
(Ankara, 2013) çap etdirmişdilər. "Yalım
kaya" əski türkcədə "sərt qaya" deməkdir.
Bu kitab Türkiyədə bu günə qədər
çap olunan ərməğan kitablarının ən iri həcmlisidir.
Keçən il mərhum alim, müəllimim
Tələt Tekin üçün xatirə kitabı
hazırladım. Mənim ildönümüm
münasibəti ilə çıxan kitabda 63, bu kitabda 64
yazı var. Sağ olsun yazanlar. Akademik Kamal
Abdulla da mənimlə bağlı mətbuatda bir məqalə
dərc etdirmişdi. Bu onun mənə
böyük lütfüdür. Akademik
Kamal Abdulla Azərbaycanın istedadlı alimidir. Allah ona
uzun ömür və can sağlığı versin.
Azərbaycanın böyük şairi Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" adlı şeiri Türkiyədə çox məşhurdur. Ancaq Sovet dövründə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi onun evini qarət edib, sənədlərini götürmüşdü. Sonra Üzeyir Hacıbəyli onun sözlərinə musiqi bəstələmişdi. Onun da evinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi hücum etmişdi. Şeirin orijinalı itmişdi. Ancaq Əhməd Cavad 1918-ci ildə bu şeiri yaxın dostu Əli bəy Hüseynzadəyə vermişdi. Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım atasından qalan sənədlərin hamısını Ege Universitetinin türkoloji bölümünə verdi ki, ondan doktorluq dissertasiyaları yazılsın. Onların içərisindən Əhməd Cavadın əlyazmasının orijinalını tapdım. Əhməd Cavad şeirdə belə yazırdı: "Çırpınardın Qara dəniz". Mən bunu akademik Kamal Abdulla və akademik Möhsün Nağısoyluya da göstərdim. "Türkologiya" jurnalının 2017-ci il 3-cü sayında mənim "Əhməd Cavad Axundzadənin "Qara dəniz" şeiri" adlı 10 səhifəlik məqaləm dərc olunub. Əhməd Cavad o qədər böyük şairdir ki, repressiyaya məruz qalsa da, Azərbaycan xalqı onu unutmadı və ona böyük qiymət verdi. Hətta Əhməd Cavadın şeiri Azərbaycan Respublikasının Dövlət Himninə çevrildi.
525-ci qəzet 2017.- 1 dekabr.- S.7.