"Ədəbi 525" və redaktoru Rəşad
Məcid - "525"-25
ÜÇ TEZİS
İŞIĞINDA
Tehran ƏLİŞANOĞLU
“525” - müstəqilliyin qəzetidir. 25 il əvvəl
milli ictimai varlığımıza müstəqillik
ab-havasının, müstəqillik ideyalarının romantik
qanadında daxil olmuş və reallığın hər
cür sərt üzünə sinə gərərək məqsədyönlü
fəaliyyətində həmin ideyaları həyata keçirə,
gerçəkləşdirə bilmişdir. Məhz o qəzetlərdəndir
ki, bu gün haqqında Mirzə Cəlilin təbirilə:
“525-ci qəzet”i “Təbiət özü yaratdı, zəmanə
özü yaratdı” deyə bilirik.
“525” - ümummilli qəzetdir. Professor Cahangir Məmmədli yubiley
münasibətilə qələmə aldığı “525” -
zamanın sorağında” adlı sanballı kitabında ilk
addımlarından “ictimai və millət maraqları”nı
güdən, “müstəqil Azərbaycan dövləti”
uğrunda çarpışan və gələcəkdə (yəni
bu gün) “böyük, bütöv, sarsılmaz Azərbaycan
dövləti”ndə(n) öz payını
və yerini görə bilən qəzetin 25 illik çətin,
şərəfli, mübarizə və qalibiyyət dolu yolunu
dərin bələdliklə, təfərrüatlı,
geniş faktlara və mənzərələrə varmaqla
analitik süzgəcdən keçirir. Zamanı
üçün kifayət qədər cəsarətli “525-ci
yerdən birinci olmaq” iddiasından “ümummilli qəzet” səviyyəsinə,
mətbuat aləminin olimpinə yüksələn “525-ci qəzet”in
mərhələlərlə (1990-cı illərin içindən,
onillik, iyirmi illik və bu gün zirvələrindən) zamanla
birgə dəyişən obrazı və dəyişməz
iddiasına haqq və layiqincə dəyər verir. Kitaba əlavə olunan “525” materialları, qəzetin
müəlliflərinin yubiley sözü və təbrikləri
də bu qiyməti əyani olaraq təsdiq və illüstrə
edir.
“525” - həm də ədəbiyyat və sənət qəzetidir. Bu imici də
ona zaman qazandırmışdır. Məqaləmdə
bu barədə danışmaq istəyirəm. Həm də
“525” və ədəbiyyat, “525-ci qəzet”dən görünən
ədəbi proses barəsində yox. Bu
mövzunu professor Cahangir Məmmədli kitabın “525-ci qəzet
və ədəbi mühit” adlı bölməsində kifayət
qədər işıqlandırır. Qəzetin
müəllifləri sırasında ədəbiyyat
adamları, yazıçılar, şairlər, publisist və
tənqidçilər, ədəbiyyatşünas və
professorlar bəlkə də ən böyük
çoxluğu təmsil edir və bu məqama onlar da önəm
verirlər.
Akademik
İsa Həbibbəyli yazır: “Siyasətçilər
üçün ən yaxşı ictimai-siyasi qəzet kimi qəbul
edilən “525-ci qəzet” ədəbiyyatçılardan
ötrü də geniş auditoriyası olan oxunaqlı ədəbiyyat
qəzetidir...” Xalq yazıçısı Anar deyir: “Bəlkə
qəzetin bu qədər populyarlıq qazanmasına, sevilməsinə
əsas səbəb ədəbiyyata geniş yer verməsidir.
Klassiklərimizdən çağdaş yazarlarımıza qədər
ən müxtəlif müəlliflərin əsərlərinin
çapı, təbliğatı, bu qəzetin xidmətləri
sırasında qeyd olunmalıdır...” Xalq
yazıçısı Elçin deyir: “525-ci qəzet”
ictimai-siyasi qəzetdir, ancaq ədəbiyyat mövzusu (və ədəbiyyatın
maraqları!) onun ən prioritet mövzularından biridir və
o vaxt ki, bir çox mətbuat orqanlarında dərc olunan
naşı və avam müəlliflərin “bədii”, eləcə
də “tənqidi” yazıları bədii-estetik zövqü
korşaldırdı, “525-ci qəzet” özünün
professional müəlliflər aktivini yaratmağa nail oldu,
istedadlı gəncləri özünə cəlb etdi, bədii
ədəbiyyatla, onun problemləri ilə bağlı vacib bir
tribunaya çevrildi, bununla da son 25 ildə ədəbiyyatımızın
inkişafında əhəmiyyətli rol oynadı...”
Belə
ki, “525-ci qəzet” və ədəbi proses, “Ədəbi 525”in
müstəqillik dövrü ədəbiyyatının gəlişməsində
mühüm rolu və yeri, ümumən ədəbi həyat,
ədəbi inkişaf, ədəbi proses kontekstindən
görünən “525-ci qəzet” “525-ci qəzet”dən
görünən ədəbi proses mövzusundan daha
genişdir və şəksiz ki, daha dərindən öyrənilməyə
hacəti var. “Ədəbi 525”in müstəqillik dövrü ədəbiyyatının
təşəkkülündə bizim ədəbi mətbuatımız
qədər (“Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat qəzeti”
və s.), bəzi görünməz məqamlarda isə deyərdim,
hətta daha artıq xidmətləri var. Məqaləmdə “hamının qəzeti”nin
hamıya bəlli tərəflərindən yox, həmin
“görünməz tərəflər”dən
danışmağa, mövzunun yığcam konturlarını
cızmağa çalışacam.
lll
“525-ci qəzet” küll halında, sözsüz ki,
başda Rəşad Məcid olmaqla böyük bir
yaradıcılıq kollektivin istedadının bəhrəsidir. “525”
haqqında söz deyənlərin hər biri bunu
vurğulamağı borc bilir. Amma səhv etmərəm,
desəm ki: “Ədəbi 525”in ideya müəllifi və
generatoru bilavasitə Rəşad Məcidin özüdür;
hətta kollektivdə Yaşar Əliyev və Seyfəddin
Hüseynli kimi gərəyincə layiqli yazıçı, ədəbiyyatçı,
ədəbi redaktor olsa da; və zaman keçdikcə bu
maşını hərəkətə gətirən işlək
mexanizm formalaşsa belə. Ramiz Rövşən də təxminən
elə, belə deyir: “Amma günün, zamanın
konyukturası çox şeyi dəyişə bilsə də,
bu qəzetin əbədi və ədəbi dəyərlərə
olan münasibətini, sədaqətini dəyişə bilməyib.
Bir vaxtlar ölkənin ən kütləvi qəzetlərindən
biri olan “525-ci qəzet”i bu gün Azərbaycanın ən
ziyalı qəzetlərindən birinə çevirən də
məhz onun bu keyfiyyətidi və bu keyfiyyət heç
şübhəsiz ki, qəzetin yaradıcısı, mənim əziz
dostum Rəşad Məcidin adıyla, onun xarakteri,
zövqü, ağlı və istedadıyla
bağlıdı...”
Rəşad
Məcid özü “Ədəbi 525”in yaranmasını 1996-dan
hesablayır: “O zaman Azərbaycanda nəşr olunan qəzetlər,
ictimai-siyasi qəzetlər öz səhifələrində ədəbiyyat
nümunələri dərc etmirdilər. Bəzi
dostlarımız deyirdilər ki, ədəbiyyat nümunələri
dərc etmək qəzetin populyarlığına mənfi təsir
göstərir. Elə bu nöqteyi-nəzərdən
də çıxış edərək, qəzetlər bədii
əsərlərin dərcindən imtina edirdilər. Amma biz bu ənənəni sındırdıq.
Və mən çox sevinirəm ki, bu gün Azərbaycanda
bir çox qəzetlər bədii ədəbiyyata xüsusi səhifələr
ayırırlar, bədii əsərlərə geniş yer
verirlər...”
Mən də xatırlayıram. Hətta o zaman
çalışdığım “Ədəbiyyat qəzeti”ndə
“Ədəbi qəzetlər” adlı bir yazı yazmış
(11 aprel 1997), başda “525-ci” olmaqla günün “Müstəqil
qəzet”, “Rezonans”, “Azadlıq”, “Xalq qəzeti”, “Panorama” və
s. kimi ictimai-siyasi qəzetlərinin ayrıca ədəbiyyat səhifələri
verməsini dəstəkləmiş, ədəbi prosesə təkan/təpər
vermək kimi dəyərləndirmişdim. O da
yadımdadır ki, həmin illərdə Anar müəllim
Yazıçılar Birliyinin rəhbərliyində “525-ci qəzet”lə
görüşə (4 nəfər idilər: Rəşad Məcid,
Yaşar Əliyev, Yusif Rzayev və gərək ki, Qalib
Toğrul) Ayaz Vəfalını və məni də
çağırmışdı. Və məclis boyu Anar
artıq formalaşmaqda olan “Ədəbi 525”in hünərlərini
bircə-bircə təqdir etməklə, sanki həm də o
zamanlar bir qədər donuq görünən “Ədəbiyyat
qəzeti”ni ibrət almağa, ədəbi fəallığa
dəvət edirdi. Bəlkə də mənə belə
görünürdü; amma fürsətdən bəhrələnərək,
bütün 1997-ci il boyu “Ədəbiyyat qəzeti”ndə
“525-ci” və bəzi digər qəzetlərlə
açıq və gizli polemikada bir sıra proses məqalələri
dərc etdirdim (“Qəzetlərdə rubrikalar”, “Ədəbi qəzetlər”,
“Şeir bazarı”, “Gərdişin təşvişi”, “Qəzet
hekayələri”, “Ədəbi dərgilər”, “Ədəbi
susanlar”, “Ədəbi fəallıq - yəni necə?”, “Ədəbi
siyasət - yəni nə?” və s.) və rezonansı da oldu.
Polemika lazımdır, polemik ruh olmasa, mənəvi hərəkət
olmaz və bunun ifadəsi olan ədəbiyyat və sənət
olmaz, o da ola müstəqilliyin ədəbiyyatı.
“Ədəbi 525”in qaldırdığı məsələlərə
ədəbiyyat müstəvisindən münasibət bildirməklə,
bəlkə də daha çox elə “525-ci qəzet”in
mövqeyini dəstəkləyirdim, nəinki “Ədəbiyyat
qəzeti”ni; polemikaya təkan verdiyinə,
prosesə azad polemik ruh gətirdiyinə görə.
Beləliklə, birinci tezisim. “525-ci qəzet” ötən
əsrin sonlarında müstəqillik dövrü ədəbiyyatının
təşəkkülündə bir sıra digər mətbuat
arasında qabaqlayıcı və qabaqcıl rol
oynamışdır. Həm də təkcə səhifələrində
ədəbiyyata geniş yer ayırması ilə yox; məlumdur
ki, yazıçıların 1997-ci il
qurultayından sonra ulu öndər Heydər Əliyevin
bilavasitə qayğısı nəticəsində
Yazıçılar Birliyinin ədəbi orqanları
ardıcıl çıxmağa başladı və Ədəbiyyat
yenidən prosesə qayıtdı. “Ədəbi
525”in yeri bu halda ədəbi müxtəlifliyə, müsahibə
və mübahisələrə, müzakirə və fərqli
baxışlara alternativ meydan açması ilə müəyyənləşir;
bu isə çoxsəsli, çoxüslublu ədəbiyyata
aparan yolun başlanğıcını qoyurdu.
lll
“525 sevərlər” birmənalı olaraq 60-cıların
“Ədəbi 525”i sevdiyi, nəşrinə sevindiyi və onu dəstəklədiyini
vurğulayırlar. Professor Cahangir Məmmədli yazır: “Azərbaycanın
1960-cı illərdə yaradıcılıq dünyasına qədəm
qoymuş və sonralar bütövlükdə sovet məkanında
“altmışıncılar” adlandırılan önəmli sənət
adamları, xüsusilə yazıçı, şair, tənqidçi
və dramaturqları bu qəzeti öz
yaradıcılıqlarını ictimailəşdirmək
tribunası kimi qəbul etmişlər”. 60-cılar “525”i
seçdilər; professor öndə: Anar, Elçin, İsa Həbibbəyli,
Rafael Hüseynov, Afaq Məsud, Kamal Abdulla, Ramiz Rövşən
olmaqla onlarla adlar sadalayır, müəyyən misallar da
göstərir. Anarın esse, məqalə, hekayələri ilə
yanaşı, “Ağ qoç, qara qoç” povesti, “Yaşamaq
haqqı” traktatından parçalar, Elçinin “Qarabağ
hekayələri”, “Nağıl-hekayələri”, portret-məqalələri,
publisist yazıları, zaman-zaman ədəbi prosesə yön
verən “Ədəbiyyatımızın Vaysman xəstəliyi”,
“Sosrealizm bizə nə verdi?”, “Aqoniya, yoxsa təkamül?”, lap
bu günlərdə “Söz azadlığı tənqidimizə
nə verib?”, Yaşar Əliyevin “Elçinlə ədəbiyyat
söhbəti” adlı tənqid silsilələri məhz “525”də
çap olundu. O da maraqlıdır ki, istər Anar, istərsə
də Elçin 2000-ci illərdən başlayaraq
yazılarını “Ədəbiyyat qəzeti”ndən də
çox “525”in şənbə saylarına etibar edir, bəzən
isə eyni yazıları paralel hər iki qəzetdə dərc
elətdirirdilər. Ramiz Rövşənin “İnsan mənzərələri”
silsiləsini, Afaq Məsudun yeni hekayələrini və
“Duyğu imperiyası”nı, Kamal
Abdullanın hekayə və esselərini “525”dən
oxumuşuq.
Professor
Cahangir Məmmədli bir tele-çıxışında məxsusi
vurğuladı ki: əgər “525-ci qəzet” özü mətbuat
aləmində bir brenddirsə, şənbə sayları da “525”in brendidir.
Qocaman professor Şirməmməd Hüseynovun Üzeyir
Hacıbəyli, M.Ə.Rəsulzadə, Əhməd bəy
Ağaoğlu, Əlibəy Hüseynzadə və başqa
onlarca klassik publisistlərimizin əski əlifbadan alıb
latına transliterasiya etdiyi yazılarını məhz burda
oxumuşuq. Vilayət Quliyevin “XIX əsrin sonu, XX əsrin əvvəlləri
Azərbaycan dövlət və ictimai xadimlərinin azərbaycançılıq,
dövlətçilik, müstəqillik ideyalarını”
aktuallaşdıran, müasir oxucuya çıxaran
ardıcıl tədqiqatları ilə də burda tanış olmuşuq. Akademik
İsa Həbibbəylinin ədəbiyyat tariximizin neçə-neçə
“yatmış səhifələri”nə yenidən ehya verən
akademik yazılarını da ilk olaraq “525-ci qəzet”də vərəqləmişik.
Klassik Şərq-Qərb fəlsəfə dəyərləri
ilə günün aktuallıqları üzərinə yeriyən
Səlahəddin Xəlilovun fəlsəfi yazılarını
da biz “525”də izləmişik...
“Ədəbi
525”, həmçinin, klassik “tənqid fəallığı”nı hərəkətə gətirdi. Zəmanəmizin
ən məhsuldar filoloqu akademik Nizami Cəfərovun
çoxaspektli “ədəbiyyat yozumları”, zəmanəmizin ən
intensiv tənqidçisi Vaqif Yusiflinin usanmaz “ədəbiyyat
enerjisi”, yeni dövr tənqidçilərindən Bəsti
Əlibəylinin 60-cılar ədəbiyyatına tükənməz
sevgisi və sədaqəti, Cavanşir Yusifli, Əsəd
Cahangir imzaları “525” səhifələrində(n)
ardıcıl görünməklə tənqidi prosesə rəvac verdi. O
cümlədən, 2003-cü ildə “Proza önə
çıxdı” adlı silsilə yazılarımdan
başlayaraq mən də “525-ci qəzet”də dərc
olunmağa start verdim...
Beləliklə, ikinci tezisim. 2000-ci illərin əvvəllərində
nə zamandır nostaljisini yaşadığımız
1960-1980-ci illərin canlı ədəbi prosesinin müstəqillik
dövrü ədəbiyyatında təzə formatda bərpa
olunmasında “Ədəbi 525”in misilsiz xidmətləri
vardır. Doğrudur, bu zaman “525-ci qəzet”
yeganə deyildi. Hətta “yeni”nin, yeni tələblərin
sorağında “Yeni Azərbaycan”, “Ədalət” kimi qəzetlərin
yeni yaranmış “Ədəbiyyat” əlavələri daha
intensiv görünür, Yazıçılar Birliyinin ənənəvi
mətbuatını alternativlər yarışına
çağırırdılar. Bir-birini əvəz edən
“Ruh”, “Proloq”, “Sənət qəzeti” kimi sırf ədəbi qəzetlər,
yenisi.net, adyazar, kult.az kimi ədəbi saytlar irəli gəlmişdi...
Amma şəksiz ki, “Ədəbi 525” daha əvvəllərdən
gəlirdi, daha təmkinli idi və görünür ki, daha
uzaq niyyətlərində israrlı idi. Bunu Rəşad
Məcidin hələ 2002-ci ildə media-həmkarlarına
çağırışından da görmək olur: “Arzu edərdik
ki, həmkarlarımız öz diqqətlərinin istiqamətini
dəyişsinlər. Ədəbiyyatımıza
daha çox diqqət yetirsinlər, ədəbiyyatımızın,
mədəniyyətimizin problemlərini işıqlandırsınlar,
onların həllində öz köməklərini əsirgəməsinlər.
Hesab edirəm ki, hamımız birgə çalışsaq, buna nail ola biləcəyik...”
“Ədəbi
525” 1960-1980-ci illərin klassik ədəbi proses təcrübəsini
mənimsəmiş, 60-cıların platformasında durur və
hər növ “yenilikçiliy”ə tələsmədən məhz
onu dəstəkləyirdi. Belə bir misal.
2001-ci ildə Yazıçılar Birliyi “525-ci
qəzet”i “Çağdaş ədəbiyyatı səmərəli
və ardıcıl şəkildə təbliğ etdiyinə
görə” “Sözün sorağı” mükafatına layiq
gördü. 2002-ci ildə bu dəfə təşəbbüsü
ələ alaraq “525-ci qəzet” “İlin bədii əsəri”
mükafatnı təsis edir. Və ilin nəticələrinə
görə Elçinin “Sarı gəlin” hekayəsi bu
mükafata layiq görüldü. 2003-cü il üçün həmin ödülü
Anarın “Ağ qoç, qara qoç” povesti, 2005-ci il
üçün isə Kamal Abdullanın “Yarımçıq
əlyazma” romanı qazandı. Həpsi
60-cılar. Məsələn, alternativ prosesdən misal
desəm, 2003-cü ildə yeni yaranmış YeniSi ədəbi
internet portalı da “Proza N” adlı bir müsabiqə
keçirmiş və müsabiqədə məhz
60-cıların - Sabir Əhmədlinin, Elçinin, Kamal
Abdullanın, Afaq Məsudun, Əkrəm Əylisli və Ramiz
Rövşənin münsifliyi ilə qaliblər yeni gənc
imzalar - Şərif Ağayar, Mehman Musabəyli və Seymur
Baycan olmuşdular...
Bu zaman Rəşad Məcidin özü də Ədəbiyyatda
hələ gənc imza idi. Amma artıq,
görünmüşdü; ona etibar etmişdilər, onu
seçmişdilər. Rəşad Məcid 2004-cü
ildə yazıçıların XI qurultayında Azərbaycan
Yazıçılar Birliyinin gənclər üzrə katibi
seçildi... Bu, hər şeydən öncə,
“Ədəbi 525”in qələbəsi idi.
lll
Bircə hekayə ilə ədəbi olimpə
sıçrayış, ən azı bizim ədəbiyyat
tariximizdə, görünməmişdir. Söhbət
“10 sentyabr” hadisəsindən gedir. O hekayədən ki, gənc
yazıçı özünə inamla, bircə mənəvi
aktla bütün dünyanı xilas etmək istəyirdi. Hekayə
Rəşad Məcid xarakterinə yaraşan tərzdə, həyata
maksimalist və bir qədər ironik yanaşa bilməyin
nümunəsi idi... Doğrudur, Rəşad Məcid
şairdir, “Hələ ki vaxt var” adlı ilk kitabı
1993-cü ildə çıxıb. Sərrast
qələmli publisistdir, zəngin mənəvi xəyalatı
olan esseistdir və “10 sentyabr”ı yazan nasirdir. Amma
bütün bunları ədəbiyyat oxucuları daha ətraflı
sonradan, Rəşad Məcidin kitablarından “10 sentyabr” (2004),
“Əlvida və salam” (2009), “Dəlicəsinə” (2014),
“Çiyələk qadın” (2014), “Bir də gəlməyəcək”
(2015), “Cığıraçan” (2015) və “Roman” (2015),
xüsusən də akademik İsa Həbibbəylinin
“Bütün yönləri ilə yaradıcı”
portret-oçerkindən bildi. Daha da mühüm olan Rəşad
Məcidin ümumən ədəbiyyat adamı,
bacarıqlı ədəbiyyat təşkilatçısı
olmasıdır...
Bir
sıra “proses yazıları”mda 2004-cü ildən sonrakı
dövrü mən Yazıçılar Birliyinin tarixində ədəbi
mübarizənin Anar mərhələsindən Rəşad Məcid
mərhələsinə keçidlə səciyyələndirmişəm.
Təbii ki, başqanın öz xeyir-duası ilə; Anar
yazır: “Onu da xüsusi vurğulamaq istəyirəm ki, elə
ilk nömrələrindən “525-ci qəzet” gənclərə
geniş meydan verdi. Bu, həm
də yaradıcı heyətin uzaqgörənliyindən, millətin
gələcəyi üçün bacarığını əsirgəməməsindən
xəbər verən məqamdı. Məhz buna görə
Yazıçılar Birliyinin gənclər üzrə katibi məsələsini
düşünəndə ağlımıza gələn ilk
namizəd Rəşad Məcid oldu...” 2000-ci illərin əvvəllərində
Yazıçılar Birliyi ənənə əsasını,
klassik ədəbiyyat dəyərlərini qorumaqla, eyni zamanda,
yeni tarixi şəraitə axıracan köklənə bilmir;
haqlı-haqsız zamanın yetirdiyi alternativ qurumların, habelə
daim üsyankar ədəbi gəncliyin həmlələri ilə
üzləşirdi. Hətta “2000-cilər” deyilən
bütöv bir ədəbi nəsil kənarda qalmağa
üstünlük verib, AYB-yə qarşı müxalif və
ya da loyal mövqedə dururdular. Struktur və
kadr islahatları məhz 2004-dən sonra başladı. O
cümlədən, Gənclər katibi Rəşad Məcid
ona etibar olunan yeni vəzifənin imkanları və “Ədəbi
525” vasitəsilə 2000-ciləri loyallaşdıraraq, növbəti
ədəbi nəslin səmtini yenidən
Yazıçılar Birliyinə çevirə bildi. Demək olar ki, ədəbi gəncliyi ifrat
solçuluğa və radikalizmə meyl edən AYO-nun (Azad
Yazarlar Ocağının) əlindən aldı.
Deyim ki, bu məqamda isti xarakterə malik Rəşad Məcidin
bir insan kimi fərdi keyfiyyətləri xüsusi rol oynayır. Yaşca Rəşad
məndən cavandır, amma onu həmişə özümdən
çox-çox müdrik görmüşəm. Praktik
olaraq onu küsdürmək, incik salmaq
mümkünsüzdür; o da ola ədəbiyyata
münasibətdə. Ədəbi mühitdən
bilirik, dəfələrlə olub ki, bu və ya digər
istedadlı gəncin AYB-yə qarşı, Anar müəllimə
qarşı çılğın etiraz və həmlələrinə
Rəşad Məcid sipər olub, zərbəni üzərinə
götürüb. Prinsipiallıqla AYB mövqeyində dursa da, gənc
istedadı da qoruyub, mənən əzilməsinə yol verməyib...
Belə ki, həyata keçirdiyi çoxsaylı layihələr
sırasında (ki, Cahangir müəllimin kitabında da əks
olunub və hamısından bir yazıda danışmaq çətindir),
xüsusən Rəşad Məcidin 2008-ci ildə
yaratdığı və bugünəcən də uğurla
davam etdirdiyi Gənc Ədiblər Məktəbi güclü
effekt doğurmuş. Qətiyyətlə demək olar ki, son on ildə ədəbiyyata
gələn və artıq özünü təsdiq etmiş
bir çox
istedadları həmin məktəb yetirmiş. O
cümlədən: Qismət, Cavid Zeynallı, Zərdüşt
Şəfizadə, Aysel Əlizadə, Pərvin, Ulucay Akif,
Emin Piri, Gülnar Səma, Şahanə Müşfiq və
onlarla digərlərini misal çəkmək olar. Doğrudur, günün rəngarəngliyi, müstəqillik
dövrü ədəbiyyatının polifonizmi içərisində
AYB-nin “gənclər siyasəti” yalnız bircə xətdir,
amma leytmotivi təmsil edən xətdir. Anar da etiraf edir:
“Doğrudan da, Azərbaycan Yazıçılar Birliyi ətrafında
birləşən, Gənc Ədiblər Məktəbində
toplaşan istedadlı gənclərin tanıdılmasında,
meydana çıxmasında “525-ci qəzet”in xüsusi rolu
var”.
Bu da olsun üçüncü tezis. Günün ədəbiyyatının
yaranmasında, məxsusən yeni ədəbi nəsil
yazıçı və oxucularının
formalaşmasında “Ədəbi 525” və onun redaktoru Rəşad
Məcidin fəal rolu danılmazdır. Doğrudur, bu
missiyada o, yeganə deyildir; günün ədəbi proses rəngarəngliyini
yaradanlar: ədəbi mətbuat, “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat
qəzeti” ilə yanaşı, “Kaspi” qəzeti, “Kulis.az” və
“Axar.az” saytları, Yaradıcılıq fakültəsi,
Yaradıcılıq fondu və Sim-sim.az saytı, Kitabevim.az, Sənət.az
və Ustad dərgisi, Yazı dərgisi, Avanqard.net və s.
çoxsaylı proses subyektləri içərisində
“Ədəbi 525” məhz onunla seçilir ki, təkcə
zamanın tendensiyalarını passiv ifadə etməklə
kifayətlənmir; az sayda ədəbi ideya
forpostlarındandır ki, özü də tendensiya yaradır.
Bəlkə buna görədir ki, 25 illik tarixi
addımlarında, günün dəbinə uyub yarıyolda
qalan nə qədər sıra yoldaşlarını geridə
qoyub, daha da inamla irəliləməkdədir.
Bu gün
artıq “Molla Nəsrəddin” yaşına çatmış
“525-ci qəzet”ə “Molla Nəsrəddin”
uzunömürlüyü, əbədiyyət ömrü
arzulayaq.
525-ci qəzet.-2017.-2 dekabr.-S.15.