Böyük xeyirxahlıq üçün şair minnətdarlığı

 

Barat VÜSAL

 

Hörmətli redaksiya!

 

Bu məktubu mən sizə, gördüyünüz daha bir xeyirxah işlə bağlı olaraq yazıram. Artıq 25 ildən çoxdur ki, yaratdığınız böyük vətənpərvərlik eşqiylə, insanlıq nümunələriylə rəhbərlik etdiyiniz, mətbuat tarixində öz adını şərəflə yazmış  öncül  mətbuat orqanı olan "525-ci qəzet"in 6 dekabr 2017-ci ilə aid növbəti sayında məni həm sevindirən, həm sarsıdan bir məqalə oxudum. "Yaşasın Vyetnam, sağ olsun vyetnamlılar" adlı bu dəyərli ağrılı məqalənin müəllifi filologiya elmləri doktoru, BSU-nun professoru kafedra müdiri Valeh Nəsiblidir. O, çox dəyərli təəssübkeş ziyalılarımızdandır.

 

Valeh müəllimin Vyetnama öyrədici ingilis dili müəllimi missiyası ilə gedən oğlunun qəfildən xəstələnməsi onun əzizləri, dostları kimi, vyetnamlıları da çox həyəcanlandırıb. Vyetnam həkimləri öz həmvətənlərinə qayğı göstərirmiş kimi bu gənc azərbaycanlı mütəxəssisin qulluğunda durub, hətta qısa müddətdə onu ağır vəziyyətdən çıxarmaq, lazımi dərmanları almaq üçün xeyli pul toplayıblar.

 

Tarixən azərbaycanlılarla vyetnamlılar arasında dostluq münasibətləri yüksək səviyyədə olub. Hardasa xalqlarımızın iki yerə bölünmə dərdi eyni olub.

 

ABŞ imperialistlərinə qarşı Vyetnam qızlarının sücaətinə həsr olunmuş bir şeiri hər dəfə oxuyanda indi riqqətlənirəm. İmperialistlərin dağıtdığı körpünün əvəzinə panton körpü düzəltmişdilər, vyetnamlı qızlar o körpünü çiyinlərində saxlamışdılar. Lazımi qüvvələri, yaralıları, uşaqları, hətta topları  çayın o biri tərəfinə keçirmək üçün.

 

Sözümün canı var.

 

Mən Valeh müəllimi yaxşı tanıyıram. Dostumdur. Ona bu çətin vaxtlarında siz öz mənəvi köməyinizi əsirgəməmisiniz.

 

Təşəkkür edirəm!

 

O dəhşətli yazıdan, qürur doğuran, xalqlar arasında dostluğun daha da möhkəmlənməsinə həsr olunmuş bir ata minnətdarlığının əksi olan məqalədən o xalqa öz minnətdarlığımı mən bir şeirlə bildirmək istədim.

 

Qoy, dostumuzun qardaşımızın oğlu tezliklə bütünlükdə sağalıb ayağa qalxsın. Yenidən Vyetnama öz işinə qayıtsın.

 

Azərbaycan Vyetnam xalqlarının dostluğu var olsun, daha da möhkəmlənsin!

 

İKİ XALQIN BİR OĞLU

 

Çoxdan tanıyıram bu xalqı, çoxdan,

Qızların çiynində körpü salandan.

Amerika kimi bir imperyadan

İntiqam alandan, hayıf alandan!

 

Necə fədakardır burda adamlar,

Balaca boyları hündürdən hündür!

Nur adamda çimir... nurda adamlar,

Sanmayın sinədə ürək döyünür,

Sevgi... qayğı... diqqət... kömək döyünür!

 

Xəstələnmiş Azərbaycan oğluna

Pul yığdılar, dəva-dərman tapdılar.

Ölüm bir addım da tərpənəmmədi,

Önündə alınmaz qala yapdılar,

 

Özünü tək-tənha hiss eyləmədi,

O uzaq qürbətdə bir ata, oğul.

Dedilər, dərd-azar qələt eyləyir,

Dərhal dönməlidir həyata, oğul!

 

İnsan belə olur, xilaskar, qadir,

Ülfətçil, hörmətçil... dinli-imanlı.

Qonaqlar  sandı ki, vyetnamlıdır,

Vyetnamlı sandı azərbaycanlı!

 

Türk oğlu Türklərə o qürbət eldə,

Öz doğma anası təkiymiş Hanoy.

Baxdılar, gördülər Hanoy Bakıdı,

Baxdılar, gördülər Bakıymış Hanoy!

 

Harda olur-olsun yasa tələssin,

İnsan bir-birinin toyuna getsin.

Elə istəyi budur Allahın:

İnsan bir-birinin əlindən tutsun,

İnsan bir-birinin hoyuna yetsin!

 

Dillər ayrı-ayrı... dillər bir dilmiş,

Bir olsa, pir olsa dinə varıb bax!

Həkimtək xəstənin başının üstə,

Dayandı Vyetnam anaları, bax!

 

Mən başı üstə durub xəstənin

Yaramın üstə duz səpməyim necə?

Bu xalqa mən necə ana deməyim,

Bu xalqın əlindən öpməyim necə?!

 

Baxtmı dönmüş, talemi üz çevirmiş,

Ruh bir isə, xəstəlik, ağrı?

Allah, bir-birini necə sevirmiş

Azərbaycan xalqı, Vyetnam xalqı!

 

Oğlum! Qardaş oğlu! Sağal, tez sağal,

Ocaq oğlusan sən, nur oğlusan sən!

Necə yaxınısan gör bir Allahın,

Daha iki xalqın bir oğlusan sən!

 

...Yalvarıb allaha çağırırlar ki,

Xəstəlik heç kəsi üstələməsin.

Özləri dərd çəkib ağrıyırlar ki,

"Təki qonağımız xəstələnməsin!"

 

525-ci qəzet.-2017.-13 dekabr.-S.7.