Ədəbi dilin
keşikçilərindən daşıyıcılarına
töhfə
BİLİK
FONDUNUN "EKRAN VƏ EFİRDƏ ƏDƏBİ DİL
NORMALARI" LAYİHƏSİNİN İLKİN
MƏRHƏLƏSİ BAŞA ÇATDI
Dövlətin əsas atributlarından biri də onun
dilidir. Dilin təmizliyini, saflığını,
özünəməxsusluğunu qorumaq xalqın əsas vəzifələrindəndir.
Bu vəzifə hüquqi və siyasi anlam daşımaqla
yanaşı, həm də mənəvi öhdəlikdir. Hər bir azərbaycanlı
dövlət dili haqqında imzalanan fərmanlar və sərəncamların,
qanunlar və qərarlarların tələblərinə tam
şəkildə əməl etməklə, müstəqil
dövlətin möhkəmlənməsinə, inkişafına,
təmsil olunduğu xalqın ali
düşüncəsinin müasir dünyaya maneəsiz
çıxmasına böyük töhfə vermiş olar. Fikrini tam və dəqiq ifadə etmək istəyi
insanın şüuraltında yer tapıb. Görünmək, bilinmək, başa
düşülmək, qəbul edilmək ifadə tərzi ilə
çox bağlıdır. Belə olduqda
insan onu dinləyəni yormur, aydın eşidilir, eşidilməklə
mənəvi rahatlıq tapır.
Təəssüf
ki, son illər Azərbaycan dilinin zəngin imkanlarından
faydalanmaq əvəzinə, sözlərin yad dildən gələn
qarşılığından daha çox istifadə edirik,
xüsusən teleməkanda, yazılı və elektron mətbuatda
fonetik, qrammatik, leksik üslubi qaydaları pozuruq, terminlər,
neologizmlər, xüsusi adlar və abbreviaturaları
düzgün səsləndirmirik, danışıq
texnikasından bəhrələnmirik.
Dildən istifadə ilə bağlı bütün
qaydalar "Azərbaycan Respublikasında dövlət dili
haqqında" Qanunla tənzimlənir. Qanunun tələbini
pozanlar ictimai qınaqla qarşılaşır, əgər
onlar media nümayəndələridirlərsə,
tamaşaçı və oxucularını itirir, nəticədə
toplum alternativ kimi, xarici telekanallara, saytlara üz tutur. Sonra nə baş verir? Bəli,
azərbaycanlı fərqli və ziyanlı ideologiyanın təsirinə
düşərək, milli dəyərlərdən
uzaqlaşmaq yolu tutur. Dəyərlərin
itməsi isə xalqı faciələrlə üzləşdirə
bilər. Belə aqibətin
yaşanmaması ana dilimizin qorunmasından çox
asılıdır.
Firudin bəy
Köçərli "Ana dili haqqında" adlı məqaləsində
yazırdı: "Ana dili millətin mənəvi diriliyidir, həyatının
mayəsi mənziləsindəndir. Ananın
südü bədənin mayəsi olduğu kimi, ananın dili
də ruhun qidasıdır. Hər kəs
öz anasını və vətənini sevdiyi kimi, ana dilini də
sevir. Bu, Allah-taalanın gözəl nemətlərindən
biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə
borcdur".
Qloballaşmanın mənfi cəhətlərindən
biri yad mədəniyyətlərə meydan
açılmasıdır. Dövlət bu gün
ziyanlı tendensiyanın qarşısının
alınması uğurunda ciddi islahatlar aparır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
imzaladığı Sərəncam əslində həyəcan
siqnalı idi.
Dövlət
Proqramı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Azərbaycan dilinin istifadəsinə və
tədqiqinə dövlət qayğısının
artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi,
ölkədə dilçilik araşdırmalarının əsaslı
surətdə yaxşılaşdırılması,
dilçiliyin aparıcı istiqamətlərində fundamental
və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş
yaradıcılıq səylərinin birləşdirilməsi
və dilçiliyin müasir cəmiyyətin aktual problemləri
ilə əlaqələndirilməsi məqsədi ilə təsdiqlənib.
2013-cü
il 9 aprel tarixli Sərəncamın
imzalanması cavabdeh qurumları, xüsusən KİV
orqanlarını daha məsuliyyətli olmağa sövq etdi. Həmin
tarixdən keçən 4 il ərzində
xeyli irəliləyişə nail olunsa da, bəzi mənfi
hallar hələ də qalmaqdadır.
Dilin
saflığının qorunması məqsədilə
aparılan proses bu gün uğurla davam etdirilir. Oktyabrın 6-da Prezident İlham Əliyevin
tapşırığı ilə konfrans keçirilib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi
ilə keçirilən konfrans "Azərbaycan ədəbi
dilinin qorunmasında və inkişafında KİV-in rolu"
mövzusuna həsr olunub. Tədbirdə
dilçi alimlər, Milli Məclisin deputatları, KİV-lərin
rəhbərləri və nümayəndələri
iştirak ediblər.
Ə.Həsənov giriş nitqində bildirib ki, milli
dövlətçiliyin yaranması və inkişafında dil
mühüm tarixi rol oynayır. Çünki dil
xalqın özünüqoruma instinktini gücləndirən,
onu səfərbər edən və birləşdirən, həmçinin,
bir toplumu digərlərindən fərqləndirən və
müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin
saflığının qorunması, inkişafı və zənginləşməsinə
xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət
kəsb edir.
Konfransda dilçi alimlər və media nümayəndələri
problemin həlli yollarına aid təkliflər səsləndiriblər.
Konfransdan
dərhal sonra, oktyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu yeni layihəyə
başlamaq barədə qərar verdi. "Ekran və efirdə ədəbi dil
normaları" adlanan layihənin gerçəkləşməsi
rəhbərlik tərəfindən Fondun İnformasiya təminatı
sektoruna tapşırıldı. İlkin mərhələdə
3 aylıq müddətə nəzərdə tutulan layihənin
"Xəzər", "Lider" və "ARB"
televiziyalarında keçirilməsi qərara alındı.
Layihəyə Azərbaycan Respublikasının Milli Televiziya və
Radio Şurası dəstək verdi.
İki qurumun birgə fəaliyyəti nəticəsində Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin təcrübəli professor və müəllimləri,
eləcə də praktik jurnalistlərin iştirakı ilə
keçiriləcək mühazirələr və təlimlərin
fəaliyyət planı hazırlandı.
İlk təlimlərə "Xəzər"
Televiziyasından başlanıldı. Televiziyanın redaktorları, xəbərlər
proqramlarının aparıcıları, müxbirlərin qatıldıqları
mühazirə və təlimlərdə AMEA-nın
Dilçilik İnstitutu, Terminologiya şöbəsinin
müdiri, professor Sayalı Sadıqova "Nitq mədəniyyəti
və norma. Natiqlik sənətinə verilən
tələblər", Müasir Azərbaycan dili şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Sevinc Məmmədova "Televiziya və ədəbi dil
normaları", BDU-nun Filologiya fakültəsi Azərbaycan
dilçiliyi kafedrasının müəllimi Təranə
İsmayılova "Azərbaycan teleməkanında ədəbi
dil normalarının qorunması: fonetik və qrammatik
qaydalar", kafedranın baş müəllimi Mehriban
Əlizadə "Azərbaycan teleməkanında ədəbi
dil normalarının qorunması: leksik və üslubi
qaydalar", BDU-nun Jurnalistika fakültəsinin professoru,
filologiya elmləri doktoru Nəsir Əhmədli "Nitq mədəniyyəti
anlayışı. Televiziya aparıcılarının
danışıq xüsusiyyətləri", Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Səhnə danışığı
kafedrasının müdiri, dosent, əməkdar artist Azad
Şükürov "Danışıq texnikası (tənəffüs,
səs, diksiya)" və "Danışıq zamanı
orfoepiya qanunlarına əməl olunması problemləri"
mövzularında təlimlər keçdilər. Təlimlərdə açıq fikir mübadiləsi
aparıldı, jurnalistlərin harada, necə, niyə
yanlışlığa yol verdikləri elmi, təcrübi cəhətdən,
qaydalar çərçivəsində diqqətə
çatdırıldı.
Növbəti təlimlər "Kəpəz ARB"
Müstəqil Teleradio Şirkətində gerçəkləşdi. Ekspertlər
böyük həvəslə Gəncəyə ezam olundular.
A.Şükürov
"Danışıq texnikası (tənəffüs, səs,
diksiya)" və "Danışıq zamanı orfoepiya
qanunlarına əməl olunması problemləri",
S.Əliyeva "Telekanallarda üslub xətalarının
aradan qaldırılması", AMEA Dilçilik İnstitutu,
Monitorinq şöbəsinin əməkdaşı, filologiya
üzrə fəlsəfə doktoru, dosent Nəzakət
Qazıyeva "Terminlər, neologizmlər, xüsusi adlar və
abbreviaturalardan efirdə şifahi və yazılı formada
istifadə qaydaları" mövzusunda praktiki təlimlər
apardılar. Təlimlər barədə
süjet televiziyanın "Xəbərlər"
proqramında yayımlandı, A. Şükürov səhər
proqramının qonağı oldu, layihənin mahiyyətindən
ətraflı danışdı.
Tovuz "ARB24 Xəbər" telekanalının əməkdaşları
da treninqlərə qoşulmaq arzularını Bilik Fondunun
göndərdiyi müraciət məktubuna rəhbərliyin
müsbət cavabı ilə bildirmiş oldular. Bu dəfə də
A.Şükürov, S.Əliyeva, N.Qazıyeva yaddaqalan təlimlər
keçdilər, jurnalistlərin maariflənmələri,
bilgilənmələri, düzgün qaydaları mənimsəmələri
yönündə real iş gördülər. Dinləyicilərə
əyani şəkildə izahlar verildi, onlar təcrübi məşqlərə
cəlb edildilər.
Təlimçilər səfər marşrutlarında
yalnız televiziyalarda deyil, başqa tədris, təhsil mərkəzlərində
də görüşlər keçiriblər. AMEA Dilçilik
İnstitutunun təmsilçilərinin Gəncənin
M.C.Paşayev adına 39 nömrəli və M.Mehdizadə
adına 4 nömrəli tam orta məktəblərində
şagird və müəllim kollektivi ilə "Azərbaycan
dilinin saflığının qorunmasında təhsil müəssisələrinin
rolu" mövzusunda görüşləri olub. N.Qazıyeva Azərbaycan dilinin qorunmasının
vacibliyindən söz açıb, bildirib ki, dil hər bir
xalqın təfəkkür göstəricisi olmaqla
yanaşı, ünsiyyət zamanı tərəflərin
bir-birini anlaması üçün ən önəmli vasitədir.
Bu səbəbdən dildə sadəliyə
üstünlük verilməli, qəbul olunan qanunlara əməl
olunmalıdır.
S.Əliyeva
ədəbi dil normalarının xüsusən ekran və
efirdən yayımlanan proqramlarda pozulduğunu, bu halın izləyicilərə
mənfi təsir göstərdiyini diqqətə
çatdıraraq, Bilik Fondunun təşkilatçılığı
ilə televiziya və radio əməkdaşlarına təlimlər
keçirilməsinin problemin həllinə müsbət təsir
edəcəyinə əmin olduğunu bildirib.
"Lider" Televiziyasında təşkil olunan təlimlər
"Ekran və efirdə ədəbi dil normaları" layihəsinin
birinci mərhələsinə cəlb olunan sonuncu
telekanaldır.
Gələn ildən digər telekanalların da
layihədə iştirakı nəzərdə tutulub.
"Lider" Televiziyasında da təlimləri eyni
mütəxəssislər - N.Qazıyeva, S.Əliyeva, A.
Şükürov, N.Əhmədli aparıb. Qurumun əməkdaşları
təlimlərdən razı qalıblar, belə
görüşlərin mütəmadi olmasını dilə
gətiriblər.
Üç aylıq layihə boyu mətbuatda təlimlər barədə müxtəlif səpkili müsbət ruhlu yazılar dərc olunub. Həm xəbərlərdə, həm də mütəxəssislərin açıqlamalarında layihənin effektivlik dərəcəsi yüksək dəyərləndirilib, Azərbaycan dilinin saflaşmasında medianın rolunun düzgün qiymətləndirilməsinin vacibliyi vurğulanıb, jurnalistlərin təcrübi təlimlərə ehtiyac duyduqları bildirilib. Professor Nəsir Əhmədlinin dediklərindən: "Bilik Fondunun TV verilişlərinin dili və üslubu ilə bağlı gerçəkləşdirdiyi layihə çox önəmlidir. Bu sahənin mütəxəssisləri müxtəlif kanalların yaradıcı əməkdaşları ilə görüşərək onlarla ədəbi dil normaları ətrafında müzakirələr aparır, dilçilik sahəsində olan yeniliklərdən söhbət açır, mübahisəli məsələlərə aydınlıq gətirirlər. Bu layihənin mütəmadi olaraq davam etdirilməsi çox vacibdir".
Onu da xüsusi ilə qeyd edək ki, Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmış qaydada həyata keçirilən "Ekran və efirdə ədəbi dil normaları" layihəsinin yekunu olaraq, Bilik Fondunun təşəbbüsü və birbaşa dəstəyi ilə layihədə iştirak etmiş təlimçilər cəlb olunmaqla dilin saflığının qorunmasına xidmət edən tövsiyə xarakterli kitabça hazırlanır. Yaxın günlərdə həmin kitabça televiziya jurnalistlərinə təqdim ediləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Mətbuat Xidməti
525-ci qəzet.-2017.-13
dekabr.-S.4.