Heydər Əliyevin həyat dərsləri

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

(Əvvəli ötən sayımızda)

 

Heydər Əliyev olmasaydı, bəzi dövlət ali məktəbləri bağlanacaqdı

 

Bəzən məndən soruşurlar ki, Heydər Əliyevlə işləmək çətin idimi?

 

Bəli, Ulu öndər çox tələbkar, verdiyi hər bir tapşırığın icrasında maksimum mükəmməllik tələb edən bir rəhbər idi. Heç nə onun yadından çıxmırdı, ən xırda detal belə nəzərindən yayınmırdı. Amma Heydər Əliyevin etimadına layiq olmaq, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, həm də böyük şərəf və məsuliyyət idi.

 

Nazir vəzifəsinə təyin edərkən o, mənə bir çox tapşırıqlar vermişdi. Bunlar, əsasən, ali təhsil sistemindəki qeyri-qənaətbəxş vəziyyətlə bağlı idi. Heydər Əliyev özəl ali məktəblərə lisenziya verən komissiyanı - Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasını ləğv etdi. Tezliklə, Azərbaycan Respublikasında Təhsil İslahatları üzrə komissiya yaradıldı və bu komissiyanın sədri təyin olundum. Komissiya bir il ərzində Azərbaycanda məktəbəqədər tərbiyədən ali təhsilə qədər bütün istiqamətlər üzrə islahatlar proqramı hazırladı. Heydər Əliyev iki dəfə Prezident Administrasiyasında bu proqram üzrə müzakirə keçirdi. Dünya Bankını da prosesə cəlb etdi. Proqram 1999-cu ilin 15 iyununda Milli Qurtuluş Günü təsdiqləndi. İndi fikirləşirəm ki, bu simvolik məqamın özü də Heydər Əliyevin təhsilə qayğısının təzahürü idi.

 

1993-cü ildən başlayaraq büdcədən təhsil üçün nəzərdə tutulan vəsaitin həcmi ildən-ilə artırılırdı. Əgər 1995-ci ildə təhsilin ehtiyaclarına ümumi büdcənin 17 faizi ayrılmışdısa, 2001-ci ildə bu rəqəm artıq 23 faiz idi. Ərazisinin 20 faizi işğal altında olan, 1 milyondan çox əhalisi məcburi köçkün vəziyyətində yaşayan ölkə üçün bu, çox yüksək göstərici sayıla bilərdi. Heydər Əliyevin hakimiyyəti dövründə dövlət ali məktəblərində pulsuz təhsillə yanaşı, ödənişli təhsilin də tətbiqi bu təhsil müəssisələrinin maddi problemlərinin həllinə böyük kömək göstərdi. Bu, dövlət ali məktəblərinin qismən maliyyə müstəqilliyi qazanmasına, gəlir əldə etməsinə və həmin gəlirlər hesabına pedaqoji heyətin əmək haqlarının artırılmasına, bir sıra maddi-texniki problemlərin həllinə böyük kömək oldu. 1994-cü ildən ali məktəblərə ödənişli təhsildən vəsait daxil olmağa başladı. Yalnız bundan sonra müəllimlərin xaricə axını dayandı, müəllimlərin əmək haqlarına əlavələr edildi. Universitetlərin maddi-texniki bazası tədricən möhkəmləndirildi. Belə bir addım azad bazar iqtisadiyyatı prinsiplərini aydın dərk edən, qabaqcıl ölkələrin təhsil sistemindəki müasir inkişaf meyllərini yüksək fəhmi ilə dərindən duya bilən Heydər Əliyevin ölkənin təhsil həyatına qazandırdığı böyük nailiyyət idi. Tam məsuliyyətimlə bildirirəm ki, əgər Ulu öndərin bu qərarı olmasaydı, bir çox dövlət universitetləri fəaliyyətlərini sadəcə dayandırmaq məcburiyyətində qalacaqdı.

 

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasına on bir illik icbari təhsil haqqında müddəa  daxil edildi. Böyük rəhbərin müəllifliyi ilə hazırlanmış Konstitusiya layihəsinə belə bir müddəanın salınması Heydər Əliyevin həyata keçirdiyi təhsil siyasətinin daha bir uğuru idi. 

 

Uşaqlar himnimizi oxuyanda Ulu öndərin gözləri doldu

 

Ulu öndər Azərbaycan dili və tarixinin yüksək səviyyədə tədrisinə hər zaman ciddi önəm verirdi. Ana dilimizdə dərsliklərin yüksək səviyyədə hazırlanması, bu işə aparıcı alimlərin, peşəkar mütəxəssislərin cəlb olunması onun ən sərt tələblərindən idi. Heydər Əliyev hər il sentyabrın 1-də məktəblərə baş çəkir, uşaqlara sevgi göstərir, onlarla söhbət edir və bu, balacaları çox fərəhləndirirdi. Məncə, Ulu öndərin məktəblərdə keçirdiyi görüşləri, şagird və müəllimlərlə ünsiyyətini əks etdirən kadrlar əsasında layiqli bir film hazırlamaq lazımdır. Belə kadrlardan biri hafizəmdə xüsusi iz buraxıb. Bu epizodu indi internet resurslarında da izləmək mümkündür. 1999-cu ildə Heydər Əliyev Xətai rayonu ərazisində salınmış SOS Uşaq Kəndinin açılışında iştirak edirdi. Azərbaycanda belə bir mərkəzin yaradılması yeni hadisə idi. Prezident xarici qonaqlarla mərkəzin otaqlarından birinə daxil oldu. Həmişəki kimi balacalarla söhbət etməyə başladı. Axırda uşaqlardan soruşdu ki, Azərbaycanın himnini oxuya bilərsinizmi? Onlar səs-səsə verərək himni çox gözəl oxudular. Prezidentin hətta gözləri doldu və bizə -  kənarda dayanıb  bu mənzərəni seyr edən bir neçə nazirə müraciət etdi:

 

- Baxın, siz himni belə oxuya bilərdiniz? Bu uşaqlar Azərbaycanın xoşbəxt gələcəyidirlər.

 

2000-ci ildə Ulu öndər Nərimanov rayonundakı 82 nömrəli məktəbə gəlmişdi. O vaxt ölkədə dərsliklərin yüksək poliqrafik səviyyədə nəşrinə elə də böyük imkan yox idi. Əslində, məktəblərin özü də yaxşı vəziyyətdə deyildi.

 

Heydər Əliyev birinci mərtəbədəki sinif otaqlarından birinə daxil oldu. Burada gördüyü şərait, xüsusilə siniflərdə kompüterlərin olması çox xoşuna gəldi. Sonra ikinci mərtəbəyə qalxdı. Dəhlizdə masaların üstünə dərsliklər düzülmüşdü. Heydər Əliyev dərsliyi vərəqlədikcə nədənsə narazı olduğunu hiss etdim. O, orta məktəblər üçün dərsliklərin nəşrindən, onların məzmunundan, poliqrafik keyfiyyətindən və tərtibatından ciddi narazılığını bildirdi. Bir gün əvvəl mənə aparatdan zəng vurub demişdilər ki, Heydər Əliyevin məktəbə gəlişi efirdə canlı yayımlanacaq. İndiyədək belə təcrübə olmamışdı. İndi bütün bunlar efirdə birbaşa göstərilirdi. Prezidentin dərsliklərlə bağlı sərt iradını televiziya ilə atam da izləmişdi. Axşam bizə gəldi. Adətən biz onu ziyarət etdiyimizdən atam özü evimizə tək-tək hallarda gələrdi. Həyəcanlı idi. Dedi, nə baş verib, sən neyləmisən? Belə danlaqlar eşitməkdənsə, yaxşısı budur, çıx vəzifədən. Cavab verdim ki, ata, mən anadan nə rektor,  də nazir doğulmuşam. Məni bu mərtəbəyə cənab Prezident yüksəldib. Əgər lazım bilsə o, özü mənim vəzifədən azad edilməyim haqqında qərar verəcək. Hələlik isə işləyib, Heydər Əliyevi narazı salan nöqsanları aradan qaldırmağa çalışacağam.

 

Və işlədim. Həmin hadisədən dərhal sonra nazirlikdə müşavirə keçirdim. Dərsliklər və nəşriyyat şöbəsinin müdiri işdən çıxarıldı, yerinə başqa mütəxəssis təyin olundu. Qarşıda duran vəzifələr üzrə plan tərtib edildi. Ertəsi gün isə Prezident Heydər Əliyev orta məktəb dərsliklərinin nəşri üçün vəsait ayrılması barədə sərəncam verdi. Yaxşı yadımdadır, bu hadisədən sonra  orta məktəb şagirdləri üçün Azərbaycan tarixi, Azərbaycan dili və digər dərsliklərin nəşri ilə bağlı ciddi uğurlar qazandıq. Bir çox digər dərsliklər də köklü şəkildə dəyişdirildi.

 

Süfrə arxasına yenicə keçmişdim ki, zəng edib,

 

Prezidentin müşavirəyə çağırdığını dedilər 

 

Heydər Əliyev o qədər böyük şəxsiyyət, yüksək mənəvi enerjiyə malik bir insan idi ki,  adamı danlayanda da hiss edirdin ki, sənə pis münasibət bəsləmir, daha yaxşı iş gözlədiyi bir adama iradını bildirir.

 

Növbəti dərs ilinin əvvəlində Heydər Əliyev 2 məktəbə baş çəkdi. Hazırda Ulu öndərin adını daşıyan xüsusi məktəbdə özəl və ixtisaslaşdırılmış təhsil haqqında bir çox dəyərli fikirlərini bildirdi. Sonra 6 nömrəli məktəbə getdik. Orada da hər şey qaydasında keçdi.

 

2002-ci ildə Heydər Əliyev məktəblərə sonuncu dəfə baş çəkirdi. Yeni dərs ilinin ilk günündə Prezident Suraxanıdakı 275 nömrəli məktəbə baş çəkdi.

 

Biz birlikdə məktəbin sinif otaqlarından birinə daxil olduq. Ulu öndər tarix dərsliyini götürüb vərəqləməyə başladı. Bu, 2001-ci ilə qədərki dövrə aid tarixi materialların əks olunduğu yeni dərslik idi. Prezident 2000-ci ildə keçirilmiş Sidney Yay Olimpiya Oyunlarından şəkilləri dərslikdə görməsindən çox məmnun oldu. Ulu öndər məktəbin həyətində toplaşanlar qarşısında maraqlı bir çıxış etdi.

 

Həmin tədbirdən evə nahara gəldim. Süfrə arxasına yenicə keçmişdim ki, zəng edib, cənab Prezidentin müşavirəyə çağırdığını dedilər. Müşavirədə Prezident əvvəlcə Azərbaycandakı məktəblərin sayını və onların neçəsinin pis vəziyyətdə olduğunu soruşdu. Məndə olan təxmini rəqəmləri söylədim. Onda Prezident dedi:

 

- Mən o məktəbləri görmüşəm. Onların vəziyyəti dəhşətlidir. İndiyədək bizim bu problemlə məşğul olmağa imkanımız çatmayıb. İndi isə Nazirlər Kabinetinə tapşırıram ki, məktəblərin təmiri ilə məşğul olsun.

 

Heydər Əliyev yeni məktəblərin tikintisi, mövcud məktəblərin isə əsaslı təmiri və müasir avadanlıqla təminatı proqramının hazırlanaraq ona təqdim edilməsini tapşırdı. O günlərdə, demək olar ki, gecələr də yatmırdıq. İlk növbədə hansı məktəblərin təmirə ehtiyacının olduğunu, harada yeni məktəblərin inşasına, 2-3 növbədə dərs keçilən hansı məktəblərdə yeni korpusların tikintisinə ehtiyac olduğunu müəyyənləşdirirdik. Proqramı 2003-cü ilin əvvəlində  təhvil verdik və Prezident bu sənədi təsdiqlədi. O vaxtdan məktəblərin yenidən qurulması və modernləşdirilməsi istiqamətində böyük bir iş başlandı. Bu iş indi də davam edir.

 

Azərbaycanın ilk xalq müəllimi

 

1998-ci ilin 25 sentyabrında müstəqil Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. Qurultaya hazırlıqla bağlı bütün məsələlərə rəhbərlik edir və onları Prezident Administrasiyasının müvafiq şöbəsi ilə razılaşdırırdım. Qurultay indiki Heydər Əliyev sarayında təşkil olunmuşdu. Səhər saat 10-da Ulu öndəri sarayın girişində qarşıladıq, müşayiətimizlə zala daxil oldu.

 

Onu da xüsusi qeyd edim ki, qurultayda Heydər Əliyevə Azərbaycanın xalq müəllimi adının verilməsi üçün ölkə müəllimlərindən təkliflər daxil olmuşdu. Biz qərara gəlmişdik ki, qurultayda müəllimlərin bu arzusunu yerinə yetirək.

 

Amma bu həm də riskli iş idi. Çünki o ərəfələrdə ona fəxri akademik adı vermək istəmişdilər. Heydər Əliyev isə etiraz etmişdi ki, axı, mən elm xadimi deyiləm. Amma hər halda diplomu hazırlamışdım. Qurultaydakı çıxışıma da ciddi hazırlaşmışdım. Nazirliyin aparatından, eləcə də tabeliyində olan digər təşkilatlardan mütəxəssislər qrupu toplamış, bir neçə ay məruzənin məzmunu üzərində işləmişdik.

 

Qurultay başlandı, Heydər Əliyev ağsaqqal müəllimlər, ölkəmizin hörmətli ziyalıları sırasında əyləşdi. Qurultaydakı çıxışım bir saata yaxın çəkdi, aparıcı fasilə elan edəndə Heydər Əliyevə yaxınlaşıb həyəcanla onun reaksiyasını gözlədim.  Prezident əlimi sıxdı:

 

- Çox sağ ol, məruzən xoşuma gəldi, indi planınızda nə var?

 

Bildirdim ki, foyedə sərgi açılıb, baxmaq istərdinizmi?

 

- Əlbəttə. Mütləq.

 

Sərgiyə tərəf getdik. Foyedə izdiham toplaşmışdı. Mühafizəçilər sədd yaratmışdılar ki, kütlə Prezidentin eksponatlara baxmasına mane olmasın. Heydər Əliyev bunu görüb şəxsi mühafizə dəstəsinin rəisini yanına çağırıb etiraz etdi:

 

- Sən niyə müəllimlərlə aramda sədd yaradırsan? Adamlarını oradan yığışdır. Məni müəllimlərdən qorumaq lazım deyil.

 

Pedaqoqlar bir anda Heydər Əliyevi əhatəyə aldılar. Onlarla ünsiyyət Heydər Əliyevə çox xoş idi. Hamılıqla sərgiyə baxıb yenidən zala qayıtdıq.

 

Azərbaycanda təhsil şurasının yaradılması haqqında məsələ qaldırmağı da planlaşdırmışdıq. Bu şuraya təhsillə, tədris müəssisələri ilə bu və ya digər dərəcədə əlaqəsi olan bütün nazirləri daxil etmişdik. Təxminən yüz nəfərə yaxın bir qrup alınmışdı. Siyahıdakı adları oxuyanda Heydər Əliyev əsəbiliklə ayağa qalxdı:

 

- Bu nə siyahıdır belə, siz təzə h

 

ökumət yaradırsınız, nədir? Bu, ictimai təşkilat olmalıdır. Onun üzvlüyünə bir nəfər belə vəzifə sahibi  daxil olmamalıdır. Təklif edirəm ki, siyahıya təzədən baxasınız.

 

Onun bu replikasını hamı alqışladı. Sonra Ulu öndər qurultay nümayəndələri qarşısında həqiqətən də tarixi, proqram xarakterli nitq söylədi. Bundan sonra iclasa sədrlik edən Sona Tağıyeva Heydər Əliyevin "Azərbaycanın xalq müəllimi" fəxri adı ilə təltif edilməsi barədə qurultayın qərarını oxudu. Gözlədiyimizin əksinə olaraq, Heydər Əliyev bu mükafatı böyük məmnuniyyətlə qəbul etdi. Biz əvvəlcədən  hazırladığımız diplomu ona təqdim etdik. Onu da qeyd edim ki, o vaxt Ulu öndər Azərbaycanın xalq müəllimi adını daşıyan ilk və yeganə insan oldu. Fikrimcə, bu, ümummilli liderin şərəfli müəllim adına, ümumən təhsil işçilərinə böyük hörmət və ehtiramının təcəssümü idi.

 

Müəllimlərin onun üçün öz yeri vardı

 

Bu xüsusda maraqlı bir faktı da diqqətə çatdırım. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndə ölkədə radikal islahatlara nail olmaq məqsədilə bir çox vəzifə sahiblərini işdən çıxarmışdı. Bircə təhsil naziri Mehdi Mehdizadəyə toxunmamışdı. Mehdizadə 20 ildən çox nazir olandan sonra yalnız 1980-ci ildə öz ərizəsinə əsasən işdən getmişdi.

 

Ulu öndərin təhsilə və müəllimlərə münasibətini əks etdirən daha bir neçə hadisəni xatırlamaq istərdim. 1994-cü ildə universitetdə hələ prorektor vəzifəsində çalışırdım. Həmin il universitetin 75  illik yubileyi tamam olurdu. Çətin vaxtlar idi. Ölkədə böhran hələ tam aradan qalxmamışdı, maliyyə problemləri də vardı. Buna baxmayaraq, cənab Prezident universitetin 75 illiyinin qeyd edilməsi barədə sərəncam imzaladı. Komissiyanın sədri şəxsən özü, komissiya sədrinin müavinləri Murtuz Ələsgərov və Elçin Əfəndiyev idi. Təntənəli yubiley mərasimi Respublika Sarayında keçirildi. Qeyd edim ki, universitetin 50 və 60 illik yubileyləri də Ulu öndərin rəhbərliyi ilə keçirilmişdi. Bu, çox böyük qiymətə layiq bir hörmət nümunəsi idi. Həddindən çox məşğul olsa da, o, belə tədbirlərə, ali təhsil müəssisələrinə, məktəblərə getməyə vaxt tapırdı.

 

Müəllimlərin növbəti qurultayı 2003-cü ildə baş tutdu və qurultaya Heydər Əliyevin adından təbrik məktubu ünvanlandı.

 

Heydər Əliyevin şəxsiyyətinin böyüklüyünü, onun müəllimlərə, ziyalılara münasibətini təcəssüm etdirən daha bir hadisəni yada salmaq istərdim. 1997-ci ilin yazı idi. Universitet qəzetinin redaktoruna göstəriş vermişdim ki, bir il əvvəl dünyasını dəyişmiş Sabir Xəlilovun anım günü münasibətilə qəzetə məqalə hazırlasın. Sabir Xəlilov aspirantura şöbəsinin rəhbəri idi. Vaxtilə Heydər Əliyevi dəstəkləyən məşhur "91-lər"dən olmuşdu. Məqalə qəzetdə dərc olunan gün Heydər Əliyev mənə zəng vurdu, ciddi tonda soruşdu:

 

- Sabir Xəlilovun vəfatını niyə mənə xəbər eləməmisən? Bu cür insanları sağlığında qiymətləndirmək, həyatdan köçəndə isə böyük ehtiramla yola salmaq lazımdır.

 

Bildirdim ki, o, rəhmətə gedəndə mən rektor deyildim. Bu zaman Prezident dedi:

 

- Bu xəbəri bu gün universitet qəzetindən oxumuşam. Gec də olsa, Sabir müəllimin ailəsinə mənim başsağlığımı çatdır. Onun qəbri üstünə gedin və ailəsinə lazım olan köməyi göstərin.

 

Bu söhbətdən çox təsirləndim. Elə həmin gün Prezidentin sözlərini mərhumun ailəsinə, eləcə də universitetin Elmi Şura üzvlərinə çatdırdım. Yalnız  prezidentin tapşırığını yerinə yetirdikdən sonra rahatlıq tapdım.

 

1996-cı ildə universitetin qocaman müəllimi, professor Tofiq Bəktaşi dünyasını dəyişdi. Tofiq müəllim bir müddət Naxçıvanda işləmişdi. Sonra uzun müddət Azərbaycan Dövlət Universitetinin Nəzəri-mexanika kafedrasında çalışmışdı. 1965-ci ildə mən tələbə olanda bizə nəzəri mexanika fənnini tədris etmişdi.

 

Heydər Əliyev Tofiq Bəktaşinin vəfatı barədə eşidən kimi o zaman BDU-nun rektoru Murtuz Ələsgərova zəng vurmuş və mərhumun dəfnini xüsusi ehtiramla təşkil etməyi tapşırmışdı:

 

- Tofiq Bəktaşi vaxtilə Naxçıvanda müəllimim olub. Onu son mənzilə ehtiramla yola salmaq lazımdır.

 

Ulu öndərin müəllimlərə həssas münasibətinin bir örnəyi də Naxçıvan Muxtar Respublikasının yubileyi münasibətilə bir saatlıq çıxışının əsas hissəsinin məhz təhsilə, məktəbə və müəllimlərə həsr olunması idi. Heydər Əliyev vaxtilə ona dərs demiş bütün müəllimlərin adlarını çıxışında böyük ehtiramla yada saldı. Elə heyran qalmışdım ki, mən də öz müəllimlərimin adlarını xatırlamağa başladım və bu adları heç vaxt unutmadım. 

 

Yeni dərsliklər hər zaman Ulu öndərin diqqətində idi

 

Müxtəlif problemlərin həlli üçün Ulu öndərdən kömək istədiyimiz, bu böyük şəxsiyyətin bizi müxtəlif təzyiqlərdən qoruduğu vaxtlar çox olurdu. O, bilirdi ki, təhsil kimi əhatəli və mürəkkəb sahədə fərdi maraqlar önə keçə və kimlərsə belə maraqlarla ümumi işə əngəl törətməyə çalışa bilərlər. Ölkədə keyfiyyətsiz təhsil mühiti yaradan bəzi özəl ali məktəblərin bağlanması zamanı bu cür olmazın təzyiqlərlə üzləşdik. Heydər Əliyevin siyasi iradəsi ortada olmasaydı, bəlkə də duruş gətirə bilməzdik. Amma o, doğru bildiyi yolda bizə dəstəyini əsirgəmədi. Ölkənin təhsil sisteminə, cəmiyyətin gələcəyinə ziyan vuran bir sıra özəl ali məktəblərin lisenziyası ləğv olundu.

 

Ən böyük nailiyyətlərimizdən biri də dərsliklərin şagirdlərə pulsuz verilməsi ilə bağlı idi. Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtlarda Heydər Əliyev sərəncam imzalamışdı ki, birinci sinifdən onuncu sinfə qədər bütün şagirdlərə dərsliklər pulsuz verilsin. AXC hakimiyyətə gələndən sonra bu qayda ləğv edildi. Amma ölkə rəhbərliyinə yenidən qayıdışından sonra Heydər Əliyev çətinliklə də olsa imkan taparaq bu məsələnin həll etdi. Dərsliklər şagirdlərə Azərbaycan dövlətinin hədiyyəsi kimi yenidən pulsuz verildi.

 

Dərsliklərdən söhbət açmışkən, bir maraqlı məqamı da yada salım. Nəşriyyat biznesi ilə azdan-çoxdan tanışlığı olan hər kəs bilir ki, kütləvi kitab nəşri işi pul qazanmaq üçün yaxşı vasitədir. Ona görə də bu işdə maraqlı olan bir çox qruplar dərslik nəşrinə başlamaq istəyirdilər. Bu, alınmayanda isə, orda-burda əleyhimə kampaniya aparıb, müxtəlif üsullarla təzyiq göstərmək istəyirdilər. Onda ən böyük müdafiəçimiz yenə də Heydər Əliyev oldu. Böyük rəhbər heç bir qruplaşmaya, bu işə nüfuz etməyə, sahəyə nəzarəti ələ almağa imkan vermədi. Yeganə tapşırığı o idi ki, dərsliklərin nəşrini ən keyfiyyətli və operativ şəkildə kim yerinə yetirə bilərsə, bu iş ona həvalə olunmalıdır.

 

Yenə dərsliklərlə bağlı maraqlı bir epizod 2000-ci ilin əvvəllərində Hollandiyada baş verdi. Dünya Bankının xətti ilə bu ölkəyə səfərə getmişdik. Məqsəd Hollandiyanın və Böyük Britaniyanın təcrübəsini öyrənmək idi. Getdiyimiz hər ölkədə Azərbaycan diasporunun üzvləri ilə də görüşlər keçirməyə can atırdıq. Onda Hollandiyada səfirliyimiz yox idi. Almaniyadakı səfirimizdən xahiş etdim ki, Türkiyə səfirliyinin imkanlarından istifadə edərək Hollandiyadakı soydaşlarımızla belə bir görüşün alınmasına yardımçı olsun. Türkiyə səfirliyinin ofisində bizə təxminən 20 nəfərlik yer ayırdılar. Səfirlik Haaqada yerləşirdi, oraya getdik. Xeyli adam toplaşmışdı. Burada Heydər Əliyev hakimiyyətinə qarşı müxalif mövqedə olan mühacirlər də vardı. Görüş zamanı bir qadın ayağa qalxıb dedi ki, siz Azərbaycan tarixini Əliyevlərin tarixinə çevirmisiniz. Özümlə bu görüşə on birinci sinif üçün buraxılmış "Azərbaycan tarixi" dərsliyini aparmışdım. Həmin qadını çağırıb kitabı ona göstərdim. Dedim, baxın, bu, Məhəmməd Əmin Rəsulzadə, bu, Fətəli xan Xoyski, bu, Əlimərdan bəy Topçubaşov. Bu şəxsiyyətlərin hər birinin tariximizdə öz yeri var, o cümlədən, ümummilli lider Heydər Əliyevin. Qadın dərslikdəki obyektiv yanaşmaya təəccüblənmişdi. Onun nəzərinə çatdırdım ki, tarixin obyektiv yazılması bizə Heydər Əliyevin özünün birbaşa tapşırığıdır.

 

Televiziyada bildirmişdilər ki, təhsil naziri Allahsızdır

 

Bir vaxtlar məktəb kursuna islamın əsaslarının gətirilməsi barədə cəmiyyətdə müzakirələr gedirdi. Dünyəvi və çoxmillətli bir dövlətin təhsil naziri olaraq, təbii ki, bunun əleyhinə idim. Müxtəlif çıxışlarımda bu barədə mövqeyimi gizlətmirdim. Fikrimi ən çox belə əsaslandırırdım ki, onsuz da, məktəb proqramlarında ayrı-ayrı humanitar fənlərin tərkibində dinlərin, o cümlədən, islamın öyrənilməsinə 150 saatdan çox vaxt ayrılır. Belə olan halda məktəb proqramına islamla bağlı əlahiddə bir fənnin daxil edilməsinə ehtiyac yoxdur.  Ona görə də müxtəlif dairələrdən mənə qarşı güclü təzyiqlər başlamışdı. Hətta bir dəfə televiziya ilə veriliş təşkil edib, orada təhsil nazirinin Allahsız olduğunu çatdırmışdılar. Məni məhkəmə ilə hədələyənlər də vardı. Bir sözlə, fəal surətdə ictimai rəy yaradılır, məsələ qızışdırılırdı. Tərslikdən Heydər Əliyevin də qəbuluna düşə bilmirdim. Hiss edirdim ki, yolumu bağlayanlar var.

 

Vəziyyətdən çıxmağa bir təsadüf kömək oldu. Onda Bakıda Çin səfirliyi açılırdı. Açılış mərasiminə Ulu öndərin də gəlməsi nəzərdə tutulmuşdu. Amma onun əvəzinə Milli Məclisin sədri Murtuz Ələsgərov gəldi. Mərasimdə, İlham Əliyev və Mehriban xanım Əliyeva ilə yanaşı dayanmışdıq. Yaranmış ünsiyyət imkanından istifadə edərək məsələni onların diqqətinə çatdırdım. Müəyyən şübhələrimi söylədim. Dedim ki, İlham müəllim, çətin problem qarşısında qalmışam. Müəyyən adamlar məni məcbur edirlər ki, məktəb proqramlarına islamın öyrənilməsini ayrıca fənn kimi salım. Bu isə dövlətimizin dünyəviliyi prinsiplərinə ziddir. İlham Əliyev onların kimliyini soruşdu. Mən konkret adlar çəkərək bildirdim ki, bu adamlar hətta kitab da yazıblar. İlham Əliyev güldü. Dedi, narahat olmayın, Misir müəllim, hər şey yaxşı olacaq.

 

Bu söhbətin nəticəsini elə ertəsi gündən hiss etməyə başladım. Doğrudur, mənə heç kim heç nə demədi. Amma hiss etdim ki, daha bu mövzunu gündəmə gətirib qızışdıran yoxdur. Deməli, Prezident özü də bu məsələnin əleyhinə imiş.

 

"Küçələrə su səpmişəm"

 

Hərdən onu da soruşurlar ki, heç Heydər Əliyevi qalstuksuz görmüsənmi?! O, qeyri-rəsmi məclislərdə necə idi? Bununla bağlı bir hadisəni xatırlayım. Heydər Əliyevin yaxın dostu, məşhur həkim, Türkiyənin tanınmış ictimai xadimi İhsan Doğramaci Prezidentin dəvəti ilə Azərbaycana gəlmişdi ki, öz yubileyini burada onunla birgə keçirsin. Heydər Əliyev səfərin və yubileyin təşkilati işlərini mənə tapşırmışdı.

 

Yubiley günü zəng vurub Heydər Əliyevin mənimlə danışmaq istədiyini dedilər. Bir azdan dəstəkdə Ulu öndərin səsini eşitdim:

 

- Hə, hazırlıq işləri necə gedir?! Mənə çatdırıblar ki, hər şey qaydasındadır.

 

Cavab verdim ki, tapşırılan bütün işlər yerinə yetirilib. Hədiyyələr, mehmanxanada yer, hamısı hazırdır. Bir azdan hava limanına gedib qonağı qarşılayacağıq.

 

- Bəs kim çıxış edəcək? - deyə xəbər aldı.

 

  Çıxış edəcək adamların adlarını bir-bir sadaladım. Heydər Əliyev gözlənilmədən soruşdu:

 

- Bunları bildim, bəs sən nə edəcəksən?!

 

Mənə ancaq hazırlıq işlərinin tapşırıldığını və bu işləri yerinə yetirdiyimi söylədim. Ulu öndərin  təklifi  sanki ürəyimdən xəbər verdi:

 

- İclası apara bilərsənmi?

 

Beləliklə, iclasın aparıcılığını mən etməli oldum. Yaddaqalan bir yubiley mərasimi alındı. Yığıncaqdan sonra kiçik əhatədə şam yeməyi oldu. Orada Heydər Əliyev, ailəsi ilə birgə yubilyar özü, mən, o vaxt mədəniyyət naziri olan Polad Bülbüloğlu, Türkiyənin ölkəmizdəki səfiri və başqa bir neçə nəfər vardı. Küncdə piano qoyulmuşdu. Heydər Əliyev üzünü Polad Bülbüloğluna tutdu:

 

- Polad, burada piano da var, bəlkə bizim üçün bir mahnı oxuyasan?

 

Polad Bülbüloğlu dərhal piano arxasına keçib soruşdu:

 

- Hansı mahnını dinləmək istərdiniz?

 

- "Küçələrə su səpmişəm"...

 

- Əfsus ki, bunu oxuya bilməyəcəyəm, - Polad məyusluqla gülümsündü, - Mahnının sözlərini bilmirəm.

 

  - Necə yəni bilmirsən?! - Heydər Əliyev güldü, - Yaxşı, narahat olma, mən sənə kömək edərəm.  

 

Polad pianoda ifaya başladı. Heydər Əliyev ayağa durub, İhsan Doğramacini da qaldırdı. Təəssüf ki, həmin epizod videoya çəkilməyib. Görəydiniz, Heydər Əliyev orada necə gözəl oxuyurdu! Bunu unutmaq mümkün deyil.

 

Azərbaycan dövlətinin xilaskarı

 

Mən artıq yaşa dolmuş bir insanam. Uzun illər rəhbər vəzifələrdə çalışmışam. Azdan-çoxdan həyat təcrübəm var. Azərbaycanın yaxın-uzaq tarixinə  bələd olan biri kimi hər zaman tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanı ötən əsrin 90-cı illərinin burulğanlarından çıxarmağa qadir yeganə insan məhz Heydər Əliyev idi. O məqamlarda Heydər Əliyevdən başqa heç kim bunun öhdəsindən gələ bilməzdi.

 

Ulu öndər Azərbaycanı demək olar ki, təməldən başlayaraq yenidən qurdu. Ölkəni ayağa qaldırdı və ömrünün sonlarına doğru hakimiyyət sükanını layiqli davamçısına verdi.

 

Heydər Əliyev Azərbaycan üçün çox işlər görüb. Onun bu xalqa, bu dövlətə ən böyük xidmətlərindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında ölkənin taleyini Azərbaycanın müstəqilliyini qoruyan, onu tarixinin ən qüdrətli mərhələsinə yetirən güclü liderə əmanət etməsidir.

 

525-ci qəzet  2017.- 14 dekabr.- S.4.