Şeytan əməli
Xalq
yazıçısı Elçinin
Absurd pyesi
Yataq
otağı. Qaranlıqdır.
Kişi ilə Qadın çarpayıda yatıblar.
Onların da, otaqdakı əşyaların, pəncərələrin
də qaranlıq içində yalnız siluetləri, kölgələri
görünür.
Bir müddət keçir və saat qəflətən zəng
çalır.
Davamlı zəng.
QADIN (yuxulu və narazı). Onun səsini kəs də.
Kişi nəhayət əlini qaldırıb zəngin səsini
kəsir.
(Eləcə yuxulu və narazı.) Saat neçədir?
KİŞİ. Səkkizə qurmuşdum...
QADIN. Səkkizə? Düz
qurmamısan də. Görmürsən, hələ
qaranlıqdı?..
KİŞİ. Yox, düz qurmuşdum... (Qalxıb
çarpayının kənarında oturur və
dolabçanın üstündəki elektrik lampasını
yandırmaq istəyir.) Bu niyə
yanmır?
QADIN. Yanmır?
KİŞİ. Yox.
QADIN. Otağın işığını yandır.
KİŞİ. Gözünə düşəcək.
QADIN. Eybi yox.
Kişi qalxıb, ehtiyatla addımlayaraq,
yaxınlaşıb əlini divara sürtə-sürtə
elektrik düyməsini axtarır və nəhayət tapıb
işığı yandırmaq istəyir.
KİŞİ. Tok yoxdu.
QADIN. Yəqin
yenə nəsə olub, kəsiblər... Mətbəxdəki
şamdanda şam olmalıdı.
Kişi eləcə ehtiyatla addımlayaraq otaqdan
çıxır.
(Bərkdən.) Sən necə bilirsən, Allah
güclüdü, yoxsa Şeytan?
KİŞİNİN SƏSİ. Bu nə
sualdı belə?
QADIN. Mən
nə bilim...
Kiçik pauza.
Şamı tapdın?
KİŞİNİN SƏSİ. Yox.
QADIN. Orda olmalıdı. Ət
maşınının yanında.
KİŞİNİN SƏSİ. Bu nədi belə?
QADIN. Nə?
KİŞİNİN SƏSİ. Nə bilim?
QADIN. Necə nə bilim? Şamı
tapmadın?
KİŞİNİN SƏSİ. Hə.
QADIN. Kibrit qazın yanındadı.
KİŞİNİN SƏSİ. Yandırdım.
Kişi otağa qayıdır. Əlində
tutduğu şamdanda zəif işıqlı nazik şam
yanır.
KİŞİ (şamın işığında əlində
tutduğu maskaya baxaraq, təəccüblə). Bu hardan gəlib
düşüb bura?
QADIN. Nə?
KİŞİ. Bude, bu. (Şamın
işığında maskanı göstərir.)
QADIN (təəccüblə). Maskadı?
KİŞİ. Hə.
QADIN. Yəqin balacalarındı da. Oynayıblar,
qalıb burda. Saata bax.
KİŞİ (maskanı bir kənara atıb,
şamın işığında saata baxaraq, təəccüblə). Səkkizi
göstərir. Deyəsən,
çaşıb.
QADIN.
Köhnə saatdı də... Sənin saatın
hardadı?
KİŞİ. Burda olmalıdı... Qoy tapım...
Kişi mizə yaxınlaşıb şamın zəif
işığında saatını axtarır.
Bəs, bu hardan gəlib düşüb bura?
QADIN. Nə?
KİŞİ. Maska. (Şamın
işığında maskanı göstərir.)
QADIN.
Boy... Balacaların işidi də... Saatını tap görək...
KİŞİ (maskanı bir kənara atıb saatı
taparaq). Bu da səkkizi göstərir. (Saatı
qaldırıb diqqətlə baxır.) Doqquza
dörd dəqiqə işləyib.
QADIN.
Bunlara nə olub belə?.. Mənim
saatıma bax.
KİŞİ. Hardadı?
QADIN. Trümonun üstündə.
Kişi qarşı tərəfdəki trümoya
yaxınlaşır və şamın işığı
trümonun bədənnüma güzgüsünə
düşür - işığın güzgüdəki əksi
soyuq bir parıltıyla işıldayır.
QADIN (narahat). Şamı aşağı tut,
gözümə düşür.
KİŞİ. Qoy, saatı tapım... Bu nədi? Bunlar bizimlə gizlən-qaç oynayır?
QADIN. Nə olub?
KİŞİ (trümonun üstündən maska
qaldırıb, şamın işığında göstərir). Biri də
burdadı.
QADIN. Axşam onlar gedəndən sonra, axı, mən
yır-yığış eləmişdim. Heç nə yox idi.
KİŞİ. Yəqin fikir verməmisən də.
Uşaq deyillər ki, Şeytandırlar.
QADIN (narahat) Gecənin bu vaxtında nə
“Şeytan-Şeytan” başlamısan?
KİŞİ. Birinci sən başladın ki... (Qadını
yamsılayır.) “Allah güclüdü,
yoxsa Şeytan?” Suala bax e?!
QADIN. Yaxşı, bu, sənlik deyil. Saatı
tapmadın?
Kişi maskanı bir kənara atır və nəhayət
ki, saatı tapır.
KİŞİ. Doqquza yeddi dəqiqə işləyib.
QADIN (qalxıb, çarpayının kənarında
oturur.) Necə yəni doqquza yeddi dəqiqə işləyib?
Bu qaranlıqda? Heç
qışda da bu vaxt belə qaranlıq olmur. İndi yay vaxtı səhər saat doqquza işləyib?
(Ayağa qalxaraq pəncərəyə
yaxınlaşıb, bir tayı açır və
çölə boylanır.) Görmürsən
hər tərəf qaranlıqdı?
Kişi də ikinci pəncərəyə
yaxınlaşıb bir tayı açaraq, çölə
boylanır və çöl tərəfdən Qadına
baxır.
KİŞİ. Hə, qaranlıqdı...
QADIN. Gündən heç əsər-əlamət yoxdu.
KİŞİ (diqqətlə ətrafa baxaraq). Hə.
Heç kimin də işığı yanmır.
QADIN (eləcə çöl tərəfdən
üzünü Kişiyə tutaraq). Necə bilirsən,
indi saat neçə olar?
KİŞİ (çöl tərəfdən
üzünü Qadına tutaraq). Nə bilim...
Bir müddət açıq pəncərədən
bir-birlərinə baxırlar.
QADIN.
Qorxuram...
KİŞİ. Nədən?
QADIN (daxili bir tələşla). Gün niyə
çıxmayıb?
KİŞİ (daxili təlaşını gizlətməyə
çalışaraq). Nə bilirsən ki, saat neçədir?
Bəlkə saatlar düz göstərmir?
QADIN. Nədi, hamısı sözü bir yerə qoyub?
Pauza.
Sorğu
bürosuna zəng elə...
İkisi də başını pəncərədən
çəkib, açıq tayları bağlayırlar. Qadın yenə
çarpayının kənarında oturur. Kişi şamın zəif işığında
ehtiyatla addımlayaraq telefona yaxınlaşıb, dəstəyi
qaldırır və nömrələri yığır.
KİŞİ. Salam. Zəhmət olmasa, saat neçədir?
QADIN. Telefon işləyir, ancaq işıq yanmır?
KİŞİ (telefon dəstəyinə). Neçə?
Hə?.. Dəqiqdi?
Çox sağ olun.
QADIN (səbirsiz). Deyir, neçədir?
KİŞİ (get-gedə artan bir həyəcanla). Deyir... Deyir saat doqquza on
üç dəqiqə işləyib...
QADIN.
Ay, aman!..
Pauza.
Uşağa zəng elə. Gör... gör, onlar
neyləyir?
KİŞİ. Bəlkə yatıblar?
QADIN. Demirlər, saat doqquza işləyib?
KİŞİ (əsəbi). Belə səhər
olar?
Kişi şamdanı dolabçanın üstünə
qoyub, çarpayının o biri küncündə Qadınla
arxa-arxaya oturur. Şamın işığı qarşı
tərəfdəki türmonun bədənnüma
güzgüsünə düşərək, soyuq bir
işartı ilə işıq saçır.
Pauza.
QADIN. Saatı niyə səkkizə qurmuşdun?
KİŞİ. Axşam İdrislə şərtləşmişdik
ki, səhər bulvarda acqarnına bir saat gəzək.
QADIN. Neçədə görüşəcəydiz?
KİŞİ. Doqquza iyirmi dəqiqə işləmiş.
QADIN. Onda dur ona zəng elə.
KİŞİ. Bəlkə yatıb?
QADIN. Cib telefonuna zəng elə. Cavab
verməsə, çox saxlama.
Pauza.
Zəng elə, görək bu nə işdi belə?
Pauza.
Sonra Kişi şamdanı götürüb, ayağa
qalxır və ehtiyatla telefona yaxınlaşıb, dəstəyi
qaldıraraq, nömrələri yığır.
KİŞİ. İdris? Salam. Nə
var, nə yox? Hə?.. Yox, gələ
bilməyəcəyəm... Özümü bir az
pis hiss edirəm... Qocalıqdandı, hə... Yox, heç nə
olmayıb... Sən gəz... (Dəstəyi
asır.)
QADIN. Nə deyir?
KİŞİ. Bulvardadı... Deyir, səni gözləyirəm...
Pauza.
Deyir,
gözəl gün çıxıb, gəl...
Pauza.
Heç
nə başa düşmürəm... Burayla bulvarın
arası beş dəqiqəlik yoldu. Orda gün çıxıb, burda yox? Belə şey olar?
QADIN.
Dünyanın axırıdı, nədi?..
KİŞİ. Burda dünyanın axırıdı,
bulvarda gözəl gün çıxıb?
Kişi yenə gəlib çarpayının kənarında,
Qadınla arxa-arxaya oturur.
QADIN. Bəs, qonşular görəsən neyləyir?
Şamdanı eləcə əlində tutmuş Kişi
çiyinlərini çəkir, yəni ki, nə bilim? Sonra ayağa
qalxıb, şamın zəif işığında ehtiyatla
addımlaya-addımlaya otaqdan çıxır. Açarla açılan çöl
qapısının səsi gəlir. Sonra
qapı bağlanır. Kişi
qayıdır.
KİŞİ. Buna bax...
QADIN. Nəyə?
KİŞİ (Şamın zəif
işığında əlində tutduğu maskanı
göstərir). Görmürsən?
Pauza.
QADIN. Bu hardan çıxdı?
KİŞİ. İçəridə açarın
üstündən asılmışdı.
QADIN. Bu qədər maska düzüblər, görməmişik?
KİŞİ. Göydən düşməyib ki! Balacaların
işidi də, Şeytan kimi şeydilər.
QADIN (az qala hiddətlə). Yenə
başladın “Şeytan-Şeytan”?
KİŞİ. Birinci sən başlamadın?
QADIN.
Yaxşı, bu, sənlik deyil...
Kiçik pauza.
Qonşulardan bir xəbər yoxdu?
KİŞİ. Yox... Bloku zülmət bürüyüb... Elə bil,
quyudu...
QADIN (həyəcanla). Bir səs-səmir də
yoxdu?
KİŞİ. Nə səs? Təkcə
ürəyim döyünürdü.
QADIN.
Uşağa zəng elə!..
Kişi ayaq üstə donub qalıb.
Zəng
elə, çox narahatam...
Kişi telefona yaxınlaşıb dəstəyi
qaldıraraq nömrələri yığır.
KİŞİ. Alo... Hə, mənəm... Sənin də sabahın
xeyir, qızım! Nə edirsiz? Hə? Lap yaxşı... Yox, hər
şey qaydasındadı. Səsimə nə
olub? (Gülür.) Həmin səsdi
də... Elə-belə zəng elədim ki, görüm necəsiz?.. Anan? Anan da
yaxşıdı... Burdadı, sənə salam
deyir. Balacalar neyləyir? Hə?
Yox, bizə bir şey lazım deyil,
qızım. Yaxşı, sağ ol. (Dəstəyi asır.)
QADIN (həyəcanlı və səbirsiz). Nə deyir?
KİŞİ. Deyir balacalar məktəbə gedib, mən də
hazırlaşıram marketə gedim...
Pauza.
Deyir, sizə
də bir şey lazımdı, alım, gətirim...
QADIN (get-gedə daha da artan bir qorxu və həyəcanla). Bəs... Bəs,
soruşmadın... gün çıxıb orda?..
KİŞİ (əsəbi). Qaranlıqda balacalar məktəbə
gedəcək? Özü də bazarlıq etməyə
hazırlaşır... Dedi də... Dedi ki, sabahın xeyir,
ata...
QADIN (səsi titrəyir). Bəlkə o da, bizi
qorxutmaq istəmir?
Pauza.
(Əllərini açıb, başını yuxarı
qaldıraraq, pıçıltıyla.) Ya Rəbbim!..
Bircə övladımız, gözümüzün
ağı-qarası bircə qızımız var! Onu da,
balalarını da xata-bəladan uzaq elə!..
KİŞİ. Mənimləsən?
QADIN. Yox.
Kişi yenə gəlib çarpayının kənarında,
Qadınla arxa-arxaya oturur və şamdanı
dolabçanın üstünə qoyur. Get-gedə
daha da zəifləyən şam işığı
türmonun bədənnüma güzgüsündə soyuq bir
işıltıyla işıldayır.
Pauza.
Sən Adəm ilə Həvva əhvalatına
inanırsan?
KİŞİ (çiyinlərini çəkir). Bilmirəm... Bu
qaranlıqda Adəm-Həvva yeridi? Başqa
şam var?
QADIN.
Yox...
Pauza.
Belə çıxır ki, Şeytan Allahdan
güclüdür?
KİŞİ. Özün başlayırsan, sonra da mənə
deyirsən.
QADIN. Sən mənim sualıma cavab ver. Şeytan bəyəm
Allahdan güclüdür?
KİŞİ. Nə üçün?
QADIN.
Allah niyə Şeytanı Cənnət bağına
buraxdı?.. Buraxmayaydı da... Allah əgər Adəmlə Həvvanı Cənnətdən
qovacaqdısa, niyə izn verirdi ki, Şeytan onları
şirnikləndirsin? Deməli, ya Şeytana gücü
çatmırdı, ya da bilərəkdən belə edirdi...
Pauza.
KİŞİ. Başqa şam var?
QADIN.
Yox...
Kişi qalxıb şamdanı götürür və
bayaq Qadının açdığı pəncərəyə
yaxınlaşıb, bir tayını açaraq çölə
boylanır.
KİŞİ. Hər tərəf zülmətdi...
Qadın da ayağa qalxır və bayaq Kişinin
açdığı pəncərəyə
yaxınlaşıb, bir tayı açaraq çölə
boylanır.
QADIN (çöl tərəfdən Kişiyə
baxaraq). Uzaq
olsun, elə bil, qəbirstanlıqdı...
KİŞİ (çöl tərəfdən Qadına
baxaraq).
Heç it də hürmür...
QADIN.
Quşların da səsi kəsilib...
KİŞİ. Maşın səsi də yoxdu...
QADIN.
Hava da donub, dayanıb, elə bil... Qoy,
uşağa zəng eləyim.
KİŞİ. Bəlkə yatıblar?
QADIN. İdris demirdi ki, gün çıxıb?
Qadın başını çəkib, pəncərənin
tayını bağlayır və telefona yaxınlaşır.
İşığı bura tut.
Kişi də
pencərədən çəkilib, şamı
telefonun üzərinə tutur.
Alo!.. Hə, mənəm... Sənin də
sabahın xeyir, oğlum!.. Nə
edirsiz? Hə? Lap yaxşı... Yox, hər şey qaydasındadı. Səsimə nə olub? (Gülür.)
Həmin səsdi də... Elə-belə zəng
elədim ki, görüm necəsiz? Atan?
Atan da yaxşıdı... Burdadı, sənə salam deyir... Balacalar neyləyir?
Hə? Yox, bizə bir şey
lazım deyil, oğlum. Yaxşı,
sağ ol. (Dəstəyi asır.)
KİŞİ (həyəcanlı və səbirsiz). Nə deyir?
QADIN (əsəbi). Deyir, balacalar məktəbə gedib, mən
də hazırlaşıram işə gedim.
Pauza.
Deyir, sizə
bir şey lazımdı, axşam gətirim?..
KİŞİ (get-gedə daha da artan bir qorxu və həyəcanla). Bəs... Bəs,
soruşmadın... gün çıxıb orda?
QADIN. Qaranlıqda balacalar məktəbə gedəcək?
Özü də işə getməyə
hazırlaşır... Dedi də... Dedi ki, sabahın xeyir,
ana...
KİŞİ (səsi titrəyir). Bəlkə,
o da bizi qorxutmaq istəmir? (Yenə pəncərədən
çölə boylanaraq, başını yuxarı
qaldırıb, titrək səslə
pıçıldayır.) Ya Rəbbim! Bircə
övladımız, gözümüzün
ağı-qarası bircə oğlumuz var! Onu da,
balalarını da xata-bəladan uzaq elə!
QADIN. Mənimləsən?
KİŞİ (başını pəncərədən
çəkərək). Yox.
Qadın ehtiyatla addımlayaraq, bayaqkı kimi
çarpayının kənarında oturur. Kişi pəncərənin
tayını bağlayır və şamın tamam zəifləmiş
işığında ehtiyatla çarpayıya
yaxınlaşıb, Qadın ilə arxa-arxaya oturur.
QADIN.
Əgər Şeytan güclü olmasaydı, Həvvanı
şirnikləndirə bilməzdi...
Pauza.
Allah onu niyə Cənnət bağına buraxdı?
KİŞİ. Kimi?
QADIN. Kimi yox, nəyi?
KİŞİ. Nəyi?
QADIN. Şeytanı.
Pauza.
Niyə
izn verdi ki, Həvva Adəmi şirnikləndirsin?
KİŞİ (şamdanı hələ də əlində
tutub). Başqa şam var?
QADIN.
Yox...
Kişi şamdanı dolabçanın üstünə
qoyur. Şamın zəif işığı trümonun bədənnüma
güzgüsündə titrəməyə başlayır.
Qadın arxası üstə çarpayıda
uzanır.
Dünən axşam bəyəm balacalar bizə gəlmişdi?
KİŞİ (təəccüblə). Hansı
balacalar?
Pauza.
(Eyni təəccüblə təkrar edir.) Hansı
balacalar?
Pauza.
Yatmısan?
Pauza.
(Qadına tərəf çevrilir, bir müddət diqqətlə
baxır, sonra əlini Qadının sinəsinə qoyur. Həyəcanla.)
Buz kimidi... (Əyilib qulağını
Qadının sinəsinə dirəyir və daha artıq bir həyəcanla.)
Döyünmür...
Sonra Kişi balıncın altından bir maska
çıxarıb, üzünə taxır və arxası
üstə çarpayıda Qadının yanında
uzanır.
Uzun pauza.
QADIN (Başını qaldıraraq). Yatmısan?
Pauza.
(Dikəlib bir müddət diqqətlə Kişiyə
baxır, sonra əlini Kişinin sinəsinə qoyur. Həyəcanla.)
Buz kimidi... (Başını əyib
qulağını Kişinin sinəsinə dirəyir və
daha artıq bir həyəcanla.) Döyünmür...
Qadın əlini uzadıb öz balıncının
altından bir maska çıxararaq, üzünə taxır
və yenə əvvəlkitək arxası üstə
uzanır.
Şamın işığı bədənnüma
güzgüdə soyuq bir parıltıyla titrəyə-titrəyə,
nəhayət, sönür.
Ölü bir sükut içində hər tərəfi
zülmət bürüyür.
2017
525-ci qəzet.-2017.-16 dekabr.-S.14