"Yusif Vəzir Çəmənzəminli. Biblioqrafiya" təqdim olundu

 

Dekabrın 19-da Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, alim, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar tədbir və Milli Kitabxana tərəfindən hazırlanmış  "Yusif Vəzir Çəmənzəminli. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qiymətli elmi-nəzəri əsərlərin müəllifi Y.V.Çəmənzəminlinin yaradıcılığından qısaca danışaraq tədqiqatçı-alimin  folklorda, ədəbiyyatda, bədii nəsr tarixində xüsusi yeri olduğunu, alimin ədəbi-bədii irsinin xalq yaradıcılığı ilə sıx bağlı olduğunu söyləyib.

 

Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev ictimai-siyasi və mədəniyyət xadimi Y.V.Çəmənzəminlinin yaradıcılığının zəngin olduğunu bildirib, onun tariximizin, musiqimizin tədqiqatçısı kimi mədəniyyətimizə yorulmadan xidmət etdiyini söyləyib.

 

Filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar  Birliyinin katibi İlqar Fəhmi, professor Buludxan Xəlilov, Y.V.Çəmənzəminli haqqında "Yenə iki od arasında" romanının müəllifi yazıçı-publisist Elçin Hüseynbəyli bu vəsaitin yazıçı haqqında ilk  fundamental biblioqrafiya olduğunu, vəsaitdə alimin əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin material toplandığını, vəsaitin ədəbiyyatşünas alimlər, tədqiqatçılar üçün çox faydalı olduğunu vurğulayblar.

 

Çəmənzəminlinin ailəsi adından nəvəsi Leyla xanım çıxış edərək tədbirin keçirilməsi və biblioqrafiyanın tərtib və nəşr olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya minnətdarlığını bildirib.

 

Sonda tədbir iştirakçıları alimin həyat və yaradıcılığını özündə əks etdirən "Yusif Vəzir Çəmənzəminli-130" adlı geniş kitab sərgisi ilə tanış olublar.

 

XƏDİCƏ

 

525-ci qəzet  2017.- 20 dekabr .- S.8.