Nurəngiz Günün poemalarında müharibə və insan amili

 

Yazarların müraciət etdiyi böyük mövzulardan biri, bəlkə də birincisi müharibə və onun törətdiyi faciələrdir.

 

İstər tarixi dönəmlərdə, istərsə də müasir dövrdə  baş verən  müharibə, münaqişələrlə bağlı  istənilən qədər həm nəsr, həm də nəzmlə əsərlər yazılıb. O baxımdan ədəbiyyatımızda yeri, mövqeyi, öz dəsti-xətti olan Nurəngiz Günün də bu mövzuya müraciəti  təbiidir. Şairin yeddi poemasının demək olar ki, əksəriyyəti bu mövzudan qaynaqlanıb. Bədii siqlətilə də yadda qalan bu poemaların hər birində insan amili, insan faktoru  önə çəkilir.  Uşaqlığı müharibə dövrünə düşən şairin yəqin ki, qırğınlara, döyüşlərə qarşı nifrəti də, böyük, sonsuz olub. Ətrafındakı insanların bu dəhşətlərdən necə əziyyət çəkdiklərini öz gözləri ilə görüb. Bəlkə də elə buna görədir ki, ilk poemasını məhz bu səpkidə qələmə alıb. 1981-ci ildə yazdığı "Salamat ol, Ağca yol" əsərində yeganə övladını cəbhəyə  yola salan ana, onun həyatı, arzu-xəyalı, çəkdiyi  əzabları canlı, real boyalarla oxucuya çatdırılıb. Əsəri oxuyanda məlum olur ki, müharibədən qırx il keçib, lakin ana hələ də oğul  haraylayır, oğul gözləyir:

 

Gör ki, nə vaxtdır

qolları, əlləri oğul arayır.

Bir gör nə vaxtdır

bu ananın ağ saçını

qərib küləklər darayır.

 

İllərdir ki, küləklərin qırmancladığı, qar-yağışın döydüyü, günəşin yandırdığı bu yollardan ana gözlərini  çəkmir. "Oğlunun yolunu gözləyir  hər gün, həsrəti çoxalır, artır günbəgün..." Demək, müharibə çoxdan qurtarıb, onun dağıtdığı,  xaraba qoyduğu kəndlər, şəhərlər də  bərpa olunub,  yenilənib, lakin ananın oğul dərdi,  oğul həsrəti hələ də bitib, tükənməyib, əksinə, günbəgün artıb, çoxalıb. Yəqin ki, anadan sonra boş qalacaq bu  yurd müharibə nəticəsində  kökü kəsilmiş bir nəslin faciəsindən danışacaq.

 

...Kimsə yoxdur, nə bir nəfəs, nə bir səs!

Haraylar açılır o ananın

qulaqlarında,

Damlalar quruyur yanaqlarında.

 

Müharibə əhval-ruhiyyəsinin güzgüsü ananın yanaqlarında quruyub qalan göz yaşlarıdır. Onun mənəvi dünyasında, psixologiyasında baş verən fırtınaların sönməməsidir. Bu fırtınalar nəinki öləziyəcək, əksinə, oğlunu itirən ananı heç vaxt tərk etməyəcək, onu ölümə qədər izləyəcək. Demək, müharibələrdə ən çox sona qədər əziyyət çəkən insandır, onun heç vaxt bərpa edilməyəcək sarsılmış, əzilmiş mənəviyyatıdır.

 

Ölənlər öldülər. Qalanlar qaldı.

Qalanların ağrısı hara qalandı?

41-dən şəkil qaldı,

41-dən sübut qaldı, dəlil qaldı.

41-dən milyon - milyon əlil qaldı...

 

Maraqlıdır ki, şair, müharibənin özünü, yəni onu doğuran səbəbləri, qarşı-qarşıya duran dövlətləri, başlanan döyüşləri, onların kin-nifrətini deyil, bu müharibənin sonunu, nəticəsini göstərir. Haqlı olaraq oxucusuna çatdırır ki, səbəb nə olur-olsun, qələbəni kim çalır-çalsın, müharibə heç vaxt  heç kimə xeyir gətirməyib. Əgər əsas insan amilidirsə, müharibəni başlayan da, qurtaran da insandırsa, demək, zərbəni də o insan alacaq.  Onsuz da qısa olan  insan ömrü bir az da qısalacaq, həm də zəlil, fiziki cəhətdən şikəst, əlil yaşayacaq. Məlumdur ki, müharibələri başlayan fatehlərin heç biri insan ömrünü sona qədər yaşamayıb. "Sənin oğul qatilin - Hitler çoxdan zəlil qaldı", - deyir şair.

 

Əsərdəki Ana obrazı arxa cəbhədə olan milyonlarla əsgər analarının ümumiləşdirilmiş  obrazıdır. Eyni zamanda, maraqlı bir nüans da var ki,  bu Ana şairin həmişə yanında, gözünün qarşısında olan bibisidir! "Yer üzünün ən gözəl kişisi!  Bibimin bir dənəsi! Tələtim! Naməlum qəbrin üstə, naməlum, təzə-tər əklil qaldı..." - deyə şair  itkin döyüşçünü həm də bibisi oğlu kimi vəsf edir.

 

Poemada Ana obrazı bəşəridi, həyatın özüdür,  işıqdı, günəşdi, bütün müharibələrin, döyüşlərin fövqündədi, insan obrazlar qalereyasında aparıcı,  müsbət, əsas xətdir, qəhrəmandır!

 

"Əsrin son yuxusu" poeması da Nurəngiz Günün müharibə, onun vurduğu yaralar, gətirdiyi əzablar, tanrı, bəşər övladı, həyat, kainat, ölüm,  yaşam haqqında fəlsəfi düşüncələrinin yer aldığı bir əsərdir.  Yuxu ilə reallıq arasında qalan lirik qəhrəman  hər şeydən, hər kəsdən danışır, dünyanın yaradıcısı  Tanrı ilə dialoqa  girir. "Boz dünya", "Məchul aləm", "Gümüş köçü", "Torpaq ürəklər", "Yiyəsiz səslər", "Bəyaz qiyafə" kimi yarımbaşlıqlar altında toplanmış  şeir parçalarında şair dünyanın hər üzünü təsvir edir. Ölümdən sonra olanları  da əks etdirir:

 

" - Ürəklər yatır torpaqda...

 torpaq olubdur ürəklər...

Bir hərb də olarsa artıq....

 bir zor da olunca belə...

Sonra da süvarilər...

 ürək üstdən keçəcəklər..."

 

Bir döyüşdən sonra torpaq altda qalan nə qədər insan-ürək özü torpaq olub, ovxalanıb. Lirik qəhrəman Məchul aləmi  yuxu kimi dolaşır. Ölmüş  insanların fəryadını, naləsini eşidir.  Göydən yiyəsiz səslər gəlir: "Mən yüz dedim ömürləri, yüz yerə kim böldü bunu? Kim düşündü insan üçün, min əsarət oyununu!"    Əsərdə qırıq-qırıq səslər,  sözlər, fikirlər, yuxu ilə həyat, həyatla ölüm arasında çapalayan bir İnsan obrazı var. Bu İnsan gördükləri, eşitdikləri qeyri-insani hadisələri,  pisliyi, şəri, böhtanı heç cür dərk edə, qəbul edə bilmir. Bəlkə də bu İnsan əsrin son yuxusunu görür. Çünki artıq XX əsr başa çatmaq üzrədir. Yuxuda yeri-göyü yaradan qüvvə insanları biri-birinə tapşırır. Şər işlərə qoşulmamağa, insanlığı, günəşi, torpağı düşünməyə, onları qorumağa çağırır:

 

 - İncikliyəm övladlarım,

 belimi əyib gedirəm!

Ancaq sizə mərhəmətlər,

 xeyirxahlıq diləyirəm!

 

Lirik qəhrəman - İnsan çox narahatdır. Yoxsa Allahın da  gücü çatmayan şeytanlar, iblislər dünyanı  məhvə doğru aparır?

 

1988-ci ildə SSRİ adlı bir imperiyanın süqutu, çökməsi  fonunda yazılmış  bu poema öz dövrünü əks etdirməklə bərabər, həm də dünyaya meydan oxuyanlara, "mənəm-mənəm" deyənlərə bir layiqli mesaj idi. Ad çəkmədən, məkan  göstərmədən fəlsəfi yozumları, düzümləri ilə diqqəti çəkən bu əsər də  Nurəngiz Günün yaradıcılığında xüsusi önəm daşıyır.

 

"Ağ qanadlar" da eyni mövzuya həsr olunub. Bu əsərdə döyüşçü Comərdin müharibədən sonrakı  həyatından fraqmentlər əks olunub. Cavan, sağlam, yaraşıqlı  Comərd müharibə qurtarandan sonra evinə  qayıdanda onu kimsə, hətta qızı Siyatel də tanımır. Çünki o, bir ayağını itirmişdir, beli bükülmüşdür, saçları tökülmüşdür, beş ildə otuz il qocalmışdır. Əvvəl arvadını, sonra yeganə qızını itirən Comərd  qalan  ömrünü tək-tənha, dərdləri, xatirələri ilə birgə yaşayır və bir gün tənha, ağ leyləyə çevrilib  üzü Cənuba uçaraq göylərdə  itir...

 

Poema bədbinliyə, ümidsizliyə, ağrı-acıya, nisgilə köklənsə də, əslində, həyatın özüdü, həqiqətdi. Aydın məsələdir ki, bir insanın əlil olması, ailəsini,  dost-qohumlarını itirməsi, ömrüboyu tək-tənha qalması, dərd içində yaşaması  müharibə gerçəkliyinin ağır nəticəsidir  və bu ağır nəticəni N.Gün əsərində  yüksək şəkildə əks etdirib.

 

Müəllifin "Qar romanı" Nazim Hikmətin 100 illiyinə həsr edilib. Təbii ki, əsərin baş qəhrəmanı türk oğlu türk, lakin ömrünün çoxunu soyuq Şimalda keçirən,  burda yaşamağa məcbur olan Nazim Hikmətdir.

 

Nurəngiz Günün maraqlı, özünəməxsus təsvir manerası var. Şair Türkiyədə Nazim Hikmətə əziz olan yerlərə, ərazilərə səyahət edir, onun qohumları ilə görüşür, söhbətləşir. Sonra da gördüklərini, eşitdiklərini poetik vəsf edir. Sanki N.Hikmətə doğma olanlar ona da doğma, əzizidirlər. Poema başdan-başa N.Hikmətə müraciətlə yazılıb. Daha doğrusu, şairin qar basmış heykəli önündə düşüncələridir:

 

Xoş gördük, Nazim baba! Nə əziz təzahür,

Nə gözəl vizit bu!.. Hardan  gəlirsən belə?

Qar tozu içindəsən. Əllərin nə soyuqdur?

 

Nazim Hikmət haqqında yetərincə əsərlər yazılıb. Ancaq mənə elə gəlir ki, Nurəngiz Günün bu kiçik poeması qədər, türklərin öz sözü ilə desək, sıcaq yazılmayıb.  O qədər səmimi, xoş ovqatla, xoş duyğu ilə yazılıb ki, sanki uzun illər şairlə birlikdə dost, yoldaş, qardaş olublar:

 

...Dinmirsən... Div gövdə!

Kardeşim! Nə işin vardı axı Buzlaqda?

Günəş içib böyümüş, utancaq, şeyda oğlan!

 

Şairin lirik qəhrəmanı Günəşi içib Cənubda böyümüş utancaq oğlanın soyuq Şimalda yaşamasını, buza dönməsini  heç cür  qəbul edə bilmir.

 

Eyni dövrdə, yəni 2002-2003-cü illərdə yazdığı "Quzey-Kıbrız rüzgarları" poeması da sanki bu əsərin davamıdır.  Türklərin tarixi keçmişinə səyahət edən şair onun əkin-biçinindən, insanlarından, daha sonra bu günündən poetik söz açır.  Lakin yenə əsas sözü müharibədir, dövlətlərin qarşıdurmasıdır, əzilən, sınan insanlardır və müəllifin müharibəyə üsyanıdır.

 

"Əbədi və əsrarəngiz" poeması Xalq cəbhəsinin yaradıcısı, qurucusu, Azərbaycan tarixi gerçəkliyinin yaddaşında "fağır prezident" kimi qalan,  humanizmi siyasətindən üstün olan, Vətənini azad, xoşbəxt görmək istəyən Elçibəyə həsr olunub. Əsər  Elçibəyin  ölümündən sonra yazılıb və  o, bir insan kimi (siyasətçi, prezident kimi yox, məhz həssas bir insan kimi) təsvir edilib. Demək, insan faktoru, insan amili hər şeydən üstündür  fikri şairin  əsas qayəsidir, məramıdır, məqsədidir, - desək, yanılmarıq. "Elçibəy, Azadlığın əsiri! Bu sətirlər öz-özünə düzülür" - deyə şair ilk olaraq onun  tabutu əbədiyyətə  yol aldığı anı təsvir edir.

 

Nurəngiz Gün həddindən ziyadə həssas, kövrək, insanlara, həmçinin, bütün canlılara qarşı diqqətli,  qayğıkeş  insan - şairdir. Onun hər poetik sözündə bu keyfiyyətlər əsaslı şəkildə özünü göstərir. Şairin lirik qəhrəmanı, daxili "mən"i də yalnız bu yöndə  köklənir. Sanki şair əzabkeş insan axtarışındadır. Belə insanlar da cəmiyyətdə yetərincədir, vəsf olunmağa layiqdirlər. N.Gün isə bu layiqli insanların vəsf olunmasının öhdəsindən elə  layiqincə də gəlir.

 

"Xocalı simfoniyası"  Qarabağ müharibəsinin ən faciəli anından-Xocalı soyqırımdan bəhs edir. Burada da müharibənin törətdiyi qanlı olayın  nəticəsi göz önündədir.  İnsanın insana qarşı bu cür vəhşiliyi  birinci dəfə deyil. Tarixdə buna bənzər Xatın harayı var, Xirosima faciəsi var ki, bu dəhşət hələ də kimyəvi zəhərlənmələrin təsirindən qeyri-sağlam doğulan nəsillər arasında davam etməkdədir. İndi budur, Xocalının ətrafına, meşələrə, düzlərə səpələnmiş insan cəsədləri bir daha müharibəyə, onu törədənlərə, dəstəkləyənlərə qarşı nifrəti alovlandırır.  Ana ürəyi, şair qəlbi qələmə söykənib şəhidlərə ağı deyir. Əsər başdan-başa şəhidlərə müraciətlə deyilmiş ağılardan, oxşamalardan ibarətdir.  Bunu yalnız Ana-şair  yaza bilərdi və yazdı da:

 

İlahi! Kömək ol! O təkdir! Anadır...

Tək qalıb torpağın üstündə... biçarədir...

... Gəlmiş ki,

laylasını üst qatda oxusun!

Gəlmiş ki,

Eşitsin onu Dünya Üst qatda!

Onunla bərabər hönkürsün

bu məsum nağılı

insan olan bəşər də!

 

Ana fəryadını, uşaq iniltisini özündə əks etdirən bu əsər eyni zamanda, milli dərdi  ehtiva edir. Və elə bu amil həmin poemanın bəşəriliyini bir daha vurğulayır.

 

Ayrıca tədqiqat obyekti olan Nurəngiz Günün "Xocalı simfoniyası" müstəqillik dövründə yazılmış əsərlər içərisində ən çox diqqəti çəkən  poetik nümunədir. Bu, vaxtında, yerində  yazılmış və bir daha müharibənin törətdiyi faciənin bədii həllini verə bilən bir əsərdir.

 

Əl çəkin! Qırın hərbin belini!

Dağıdın təbilini siz onun!

Doğrayın müharibə sözünü,

  Siliniz lüğətlərdən!

İnsanı düşünün! Ürəksiz Məliklər!

Dünya Kələkbazları!

  Dü-şü-nün!!!

Dünya yalnız sizin deyil!

  Düşünün!!!

Düşünməyə çox dəyər.

 

Beləcə, Nurəngiz Gün bu əsəri ilə insan faciəsini əks etdirən inilti, hıçqırıq, haray notlarına köklənərək, əbədi səslənəcək bir Simfoniya yaratmışdır.

 

P.S. Dekabrın 20-si unudulmaz Nurəngiz Günün xatirə günüdür. Ruhu şad olsun!

 

Bahar BƏRDƏLİ

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

               525-ci qəzet.-2017.-20 dekabr.-S.7.