Həssas insan
Həkim peşəsi böyük
hünərdir; bu peşə fədakarlıq,
qəlbin və düşüncələrin saflığını
tələb edir.
A.P.Çexov
Şəxsi ad və soyadlar
insanları bir-birindən
ayırmaq üçün
düşünülüb, bu adları daşıyan insanların
çox az
faizi cəmiyyətdə
yalnız fərdi adları ilə deyil, həmçinin, həyatlarında gördükləri
işlərlə tanınır.
Çox
vaxt hər-hansı bir həkimdən söhbət gedəndə
biz onun ad-soyadını
deyil, sadəcə
"doktor" sözünü
eşidirik, bu da ali elmi dərəcə yox, həyatı boyu başqa insanların həyatlarının
keşiyində duran insan deməkdir. Tibbin vəzifəsi vətəndaşların sağlamlığı
və rifahını qorumaq olsa da,
həkimlərin sayı
əhalinin sayına mütənasib olaraq çoxalsa da, yüksək "doktor"
adına hətta bacarıqlı peşəkarların hamısı
layiq görülmür.
Həkimlik etdikləri zaman
ərzində hamı
"tibbin atası"
sayılan Hippokratın
həkimlərin davranış
qaydalarında müəyyənləşdirdiyi
mənəvi-etik prinsiplərə
sadiq qala bilmir.
Belə
bir fikir var ki, bədxassəli
şişin formasının
xərçəng sinfinə
aid olan heyvanla oxşarlığını görən
Hippokrat bu xəstəliyi "xərçəng"
adlandırıb, karsinoma
(qədim yunan dilində "krab",
"yengəc") haqqında
ilk qeydlərə isə
e.ə. 16-cı əsrə
aid olan Qədim Misir papirusunda rast gəlmək olar. Burada deyilir ki, bu xəstəlikdən qurtulmaq qeyri-mümkündür.
Bəlkə bu yunan, sözügedən xəstəliyi
vizual oxşarlığa
görə belə adlandırmayıb? Bəlkə bu
ad işarə edir ki, xəstəliyin müalicəsizliyi bəşəriyyəti
məhkumluq qarşısında
xərçəng kimi
geri çəkilməyə
vadar edir? Təbii ki, bu hökmdən
sonra bu "müalicəsi olmayan"
xəstəliyə düçar
olanları sağaltmağa
yalnız tibb fədailəri müalicə
etməyə çalışıb
və çalışır.
Bu, tez uğur
qazandırmayan işə
baş qoşanların
tibbi təcrübəsində
qızılgüllərindən daha çox tikanlara rast gəlmək olar. Bəşəriyyətin təcrübəsi
yalnız bir dəfə əldə edilmir, bu təcrübə
mütəmadi olaraq təkmilləşir və
ev kimi,
təməlindən başlayaraq
qurulur və qədim misirlilərin düşündüyü kimi
çarəsi olmayan xəstəliyin müalicəsini
kim öz üzərinə götürürsə,
"sağlamlıq" adlanan
evin təməlinə
öz kərpicini qoyur. Şübhəsiz ki, məhz bu cür fədakar
həkimlərin səyləri
sayəsində təbii
çiçək xəstəliyi
kimi xərçəng
üzərində də
qələbə çalınacaq.
Bu cür həkimlərdən
biri də bizim müasirimiz, akademik Əhliman Əmiraslanovdur. Həyatının
növbəti çağına
o, tanınmış və
cəmiyyətdə dərin
hörmət qazanmış
bir alim, təkcə elmlər akademiyamızın deyil, həmçinin, Rusiya və Polşa akademiyalarının da həqiqi üzvü, Əməkdar elm xadimi,
SSRİ Dövlət mükafatı
laureatı, orden və medallarla təltif olunmuş insan kimi qədəm
qoyub. O, Milli Elmlər Akademiyasının
Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi,
uzun illərdir ki, Milli Məclisin
deputatıdır və
son çağırışda Milli Məclisinin Səhiyyə komitəsinin
sədri seçilməsi
ilə ölkənin
"baş həkimi"
statusunu alıb. Bütün sadalananlar keçmiş
SSRİ-nin və müstəqil respublikamızın
dövləti və elmi ictimaiyyəti tərəfindən çoxillik
həkim əməyinə
verilən obyektiv qiymətdir. Əhliman Əmiraslanov
yüzlərlə həyat
xilas edib, minlərlə insanda ən qorxunc diaqnozun belə hökm olmadığına
əminlik yaradıb, hər uğurlu əməliyyat vasitəsilə
danılmaz həqiqəti
- "yaşamağa, lakin
hər gün başqalarının həyatı
üçün mübarizə
aparan insan layiqdir" sübut edib. Lakin yuxarıda qeyd
olunanlar görkəmli
alim, elm təşkilatçısı,
pedaqoqun tərcümeyi-halının
yalnız görünən
tərəfləridir.
Əksər hallarda cərrahi
əməliyyatın nəticələrini
gözləyərək cərrahın
özünün fiziki
və psixoloji vəziyyətinin nə yerdə olduğu haqda düşünməyən
xəstələrin yaxınları
və qohumlarından fərqli olaraq bu kiçik qeydlərimizdə biz, şəxsi
müşahidə və
qısa söhbətlər
əsasında həkim
və alimin porterini yaratmağa, ilk baxışdan hamar və yalnız yüksəkliyə doğru
gedən ömür yoluna nəzər salmağa cəhd edəcəyik. Özümüzə
sual verək: həyat boyunca dörd dəfə yenidən başlanmalı
olan yol hamar ola
bilərmi?
Əhliman Əmiraslanovun dünyaya göz açdığı
vətən keçən
əsrin əvvəllərində
inqilab eyforiyası və "qardaşlıq
yardımı" coşqusu
zamanı İrəvan
quberniyası torpaqlarında
yaradılan Ermənistan
Respublikasına verilmiş
Basarkeçər rayonudur. Bu rayonun Zod kəndindəki
orta məktəbi qızıl medalla bitirib Bakıda Dövlət Tibb İnstitutuna daxil olaraq o, ikinci vətənini tapır.
Lakin bir neçə ildən sonra Əhliman Əmiraslanov yenidən qeydiyyatını dəyişməli
olur, Bakıda yiyələndiyi bilik və bacarıqları təkmilləşdirmək üçün
o, bu dəfə paytaxt Moskvaya gəlir, Ümumittifaq Onkoloji Elmi Mərkəzinə,
görkəmli sovet alimi, akademik Nikolay Trapeznikovun rəhbərliyi altında
çalışır. Məhz burada
alim adi əsgərdən generaladək
yol keçir, aspirantdan tutmuş Dayaq-hərəkət aparatında
şiş əmələ
gələn xəstələrin
reabilitasiya və müalicəsi üzrə
Ümumittifaq məktəbin
rəhbərinədək yüksəlib.
Məhz burada o, dünya şöhrəti qazanır
ki, bunu Avropa ölkələri və ABŞ-da oxuduğu elmi mühazirələr təsdiq
edir. Məhz burada onun xidmətləri SSRİ Dövlət
mükafatı ilə
qiymətləndirilir. Müəllimi Nikolay Nikolayeviç Trapeznikovun verdiyi qiymət isə Əhliman Əmiraslanov üçün
mükafat qədər
əhəmiyyətlidir: "Moskvada işlədiyi müddət ərzində
Əhliman Əmiraslanovun
əldə etdiyi nəticələrin böyük
hissəsi olduqca qiymətli və SSRİ-də ilk dəfə alınmış elmi nəticələr idi. Bu nəticələr
xarici alimlərin bu sahədə əldə etdiyi elmi nəticələri ya qabaqlayırdı, ya da tamamlayırdı".
Görəsən, dünyanın altıda
bir hissəsinin elmi ictimaiyyəti arasında, akademik Trapeznikovun dediklərini nəzərə alsaq isə hətta daha böyük miqyasda özünütəsdiq
üçün daha nə lazımdır?
Lakin o vaxtlar
Qafqazda baş verən hadisələr, azərbaycanlıların öz
tarixi vətənindən
deportasiyası, müstəqillik
yoluna yenicə qədəm qoymuş Azərbaycanın üzərində
asılan təhlükə
- bütün bunlar Əhliman Əmiraslanovu artıq məskunlaşdığı
yerdən çıxaraq
yenidən Bakıya qayıtmağa vadar etdi.
90-cı illərin Bakısı isə artıq iyirmi il bundan əvvəl onun qoyub getdiyi sakit və dinc şəhər deyildi. Şəhər coşurdu, bitib-tükənməyən tətil və mitinqlər içində boğulurdu. Həmişəki kimi, bu hadisələrdə əsas rolu cəmiyyətin ən fəal təbəqəsi olan tələbə gənclər oynayırdı. Bu cür gərginlik ocaqlarından biri də professor Əhliman Əmiraslanovun rəhbər təyin edildiyi Tibb universiteti idi. O, ölkənin əsas ali təhsil müəssisələrindən birini normal axına qaytarmalı, ərazi bütövlüyü uğrunda mübarizədə həkimin əlindəki cərrah bıçağının əsgərin əlindəki silahdan heç də az əhəmiyyət kəsb etmədiyinə gəncləri inandırmalı idi. Təxminən 25 il akademik Əmiraslanov özünün ilk dəfə uzaq 1965-ci ildə qəlbində ümid, əlində qızıl medalla qədəm qoyduğu ali təhsil müəssisəsinə rəhbərlik edib ki, onun rektorluq xeyir-duasıyla gələcəyin neçə-neçə həkimi bu məkanı böyük həyata qədəm qoyaraq tərk edənlərin sayı yalnız statistikaya məlumdur, onların nə qədər insanı xilas etməsi, sağaltmağı, normal həyata qaytarmağı haqqında isə heç kim bilə bilməz. Şübhəsiz ki, bu həkimlərin əksəriyyəti Hippokratın andına uyğun olaraq onlara həkimlik sənətini öyrətmiş insanlara valideynləri qədər sayğı göstərməyi üzərilərinə götürüb, və bu müəllimlərdən biri də akademik Əhliman Əmiraslanovdur.
P.S. Qədim rəvayət var: bir hökmdar iki oğluna pul verərək onlara hakim olduqları bütün bölgələrin hərəsində bir ev tikməyi tapşırır və bir ildən sonra oğullarının müşayiəti ilə həmin ərazilərə gedir. Görür ki, oğlanlarından biri onun əmrinə birbaşa əməl edərək hər bölgədə bir ev ucaldıb, lakin hökmdar bu evlərin heç birində qalmaq istəmir, çünki burada insanlar yaşamır, bu evlər insan nəfəsilə isinməyib. Digər oğul isə əksinə, heç bir ev tikməmiş, lakin hər yerdə dost qazanıb və səfər zamanı bu dostların hamısı ona öz qonaqpərvərliyini nümayiş etdirərək evlərinə dəvət edir.
Şübhəsiz ki, həkim Əmiraslanovun çalışdığı uzun illər ərzində köməklik göstərdiyi, ümid verdiyi hər kəs də ona qarşı böyük qonaqpərvərlik göstərəcək. Onun müalicə etdiyi insanların ev və mənzillərindən başqa bu, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə ucaldılan Azərbaycan Tibb Universitetinin tədris binası, Stomatoloji, Onkoloji, Tədris Cərrahiyə klinikalarıdır.
Gözəl cərrah və alim Əhliman Tapdıq oğlu Əmiraslanov haqqında hekayəm xasiyyətinin əsas cəhəti qeyd edilməsə natamam olar. O, həkim üçün başlıca xüsusiyyət sayılan başqasının ağrısına qarşı həssas, xeyirxah insandır.
Zülfüqar FƏRZƏLİYEV
Əməkdar incəsənət
xadimi
525-ci qəzet 2017.- 21 dekabr.-
S.4.