Qarabağ fədaisi, Azərbaycan
sevdalısı
...
Ərazisində savaş gedən yad məmləkətdə həqiqətləri
daha dərindən öyrənərək baş verənləri
obyektiv şəkildə dünyaya çatdıran, canlı
reportajdan tutmuş məqalə, sənədli povest, salnamə,
hərbi foto-albom şəklində ortaya qoyan, bədənində
savaşın güllə yarasını gəzdirən bu fədakar,
yaradıcı insanın, tanınmış qələm
sahibinin bənzəri yoxdu.
Söhbət həyatını və fəaliyyətini
Azərbaycan davasına həsr etmiş latviyalı
jurnalist-yazıçı Tatyana Çaladzedən gedir.
Tatyana
Çaladze! O, artıq aramızda yoxdur. Qarabağ
müharibəsi barədə həqiqətləri dünyaya
çatdıran ilk əcnəbi jurnalistlərdən idi, bu
mövzuda dəyərli kitablar yazmışdı.
Topladığı saysız-hesabsız sənəd və
sübutlar əsasında cinayətkar erməni silhlı birləşmələrini
ilk dəfə Beynəlxalq Məhkəməyə verməyə
nail olmuşdu.
İsmi
rus, soyadı gürcü olsa da, özü latış idi.
Avtomobil qəzasında həlak olan gürcü
həyat yoldaşının soyadını
daşıyırdı, yazılarını əsasən rusca
qələmə alırdı. Ötən
əsrin 90-cı illərindən etibarən Latviya mətbuatında
Azərbaycana qarşı birtərəfli, qərəzli
yazıların getməsinə etiraz əlaməti olaraq
respublikamıza səfər etmiş və o zaman ermənilərin
Qarabağın tarixini saxtalaşdırmalarına qarşı
kəskin məqalələr yazmışdı. Sonralar həmin yazılar Qarabağla bağlı həqiqətləri
əks etdirən dəyərli kitablarda toplandı, albomlarda
yerləşdirildi. Bütün bunlardan
savayı, Tatyana azyaşlı qızı Cəmilə ilə
uzun müddət Bərdədəki qaçqın düşərgəsində
yaşayıb sənəd topladı.
Qaçqınların başına gətirilən müsibətlər
barədə sənədlər əldə edən
T.Çaladze ermənilərin vəhşilikləri ilə bağlı
Avropa İnsan Haqları Məhkəməsinə müraciətlər
etmiş və buna
nail olmuşdu. Mərhum prezident, Ümummilli lider Heydər Əliyev
onu gördüyü işlərinə görə
tanıyır və dəyərləndirirdi. Çox
məğrur qadın, könlü, gözü tox insan idi.
Hər əziyyətə qatlaşır, amma
çətinlikləri heç zaman dilə gətirmirdi.
Son illər sağlamlığında ciddi
problem yaranmışdı. Hərbi
jurnalist kimi Qarabağda döyüşlərdən birində
ayağından yaralanmışdı. Sözün
əsl mənasında Fədakar İnsan idi. TRT telekanalı onun haqqında ayrıca film çəkmişdi.
Müalicə almaq üçün Türkiyəyə dəvət
olunmuş, amma o, imtina
etmişdi. Azərbaycana çox
bağlı idi. Onu heç vaxt taleyindən
şikayətlənən görmədim. Amma bir dəfə
zarafatla dedi ki, məni ermənilər öldürə bilməsə
də, bəzi məmurların biganəliyi öldürəcək...
Vaxtilə "Qarabağda nələr baş verir" -
sorağı ilə Azərbaycana gələn əcnəbi
qadın jurnalisti Bakıda qonaqpərvərlik göstərib
geriyə yola salmaq istəmişdilər. Amma o, təkidlə
döyüş bölgələrindən birinə-Ağdərəyə
getmiş, orda əsl müharibəni görmüşdü.
Döyüşə girəcək gənc əsgərlərlə
söhbətləşib, o anları fotoya
köçürmüşdü. Həmin gənc
döyüşçülərin yarısı 10 dəqiqədən
sonra həyatla vidalaşmışdı. Onların
arasındakı 18 yaşlı əsgərin Tatyananın
gözlərinin içinə baxaraq "Siz əcnəbi
jurnalistlər onsuz da burda gördüklərinizi yox, istədiklərinizi
yazacaqsınız" - deməsi onu təsirləndirmişdi.
Hamının
həmdərdi
Qarabağa səfərlərindən birində
ayağından ağır yaralandı. Cəbhədəki
canlı reportajlarını, gördüklərini fərdi
prizmasından keçirib redaktoru olduğu "Latviyas
laiks" qəzeti üçün silsilə məqalələr
hazırladı. O illərdə Azərbaycanda
görüb şahidi
olduğu hadisələri, eləcə də burda
keçirdiyi həyatını sonralar bir neçə
kitabında qələmə aldı. Bu kitablar
Ermənistanla Azərbaycan arasındakı münaqişənin
əsl mahiyyətini dünya ictimaiyyətinə
çatdırmaqdan ötrü tutarlı sənədlər
idi.
"Mən bu kitabı yetim uşaqların göz
yaşlarının, qaçqınların əzab-əziyyətlərinin
və valideynlərin kədərinin mərkəzi olan Azərbaycanda
yazmağı qərara aldım". Bakıda, "Azərbaycan"
nəşriyyatında rusca işıq üzü görmüş
"Sostradaniye" ("Həmdərd") ilk sənədli-publisistik
əsəri bu sözlərlə başlayırdı. Bu
sənədli povest, eləcə də sonra yazdığı əsərləri,
təəssüratları geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdu.
Tatyana Çaladze Latviyanın paytaxtı Riqa şəhərində
doğulub.
Riqa Dövlət
Universitetinin filologiya fakültəsinin jurnalistika
şöbəsini bitirib. 1991-92-ci illərdə
ölkədə iqtidar partiyası olan Latviya Xalq Cəbhəsinin
"Baltika zamanı" qəzetinin Rusiya müxbiri kimi
çalışıb. 1992-ci ildə
"Azad Avropa" radiosu onu Latviyanın ən yaxşı
jurnalisti elan edib. Almaniyada peşə təcrübəsi
keçməyə dəvət olunan Tatyana ordan
qayıtdıqdan sonra latış və rus dillərində
çıxan "Latviyas laiks" qəzetinin baş redaktoru
kimi fəaliyyətə başlayıb. 1992-ci
ildən etibarən bu qəzetin xəttilə Azərbaycanın
müharibə bölgələrinə səfərlər
edir, canlı reportajlar hazırlayırdı. Qarabağ həqiqətlərini mütəmadi olaraq
Baltikyanı və qonşu Avropa ölkələrinə yayan
ilk jurnalistlərdən olan T.Çaladze gerçəkləri
yazdığına görə öz ölkəsində erməni
lobbisinin dəfələrlə təqib və təzyiqlərinə
məruz qalıb. 1992-ci ildə
azyaşlı övladı ilə Azərbaycana köçən
jurnalist taleyini ölkəmizlə bağlayır. Onun Latviya və Avropa mediasında 100-dən artıq
publisist yazıları dərc edilib, 7 kitabın müəllifidir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə
2010-cu ildə Tatyana Çaladze "Əməkdar
jurnalist" fəxri adına layiq
görülüb.
"Terrorçular
təkcə müsəlmanlar deyil"
2013-cü ilin dekabr ayında Litvanın Slaptai.lt
portalında "Axı terrorçular təkcə müsəlmanlar
deyil" adlı məqalə dərc edilmişdi. Bu məqalədə erməni
terror təşkilatları tərəfindən 1973-1987-ci illərdə
Parisdə, Berlində, Melbrunda, Torontoda, Vyanada, Lissabonda,
Frankfurtda və Brüsseldə türkiyəli diplomatlara,
tarixçilərə və jurnalistlərə qarşı
törədilmiş terror aktlarından söhbət
açılır.
Litvalı məşhur jurnalist, tarixçi Gintaras Visotskas bu mövzuda yazılarını davam etdirərək həmin portalda "1993-cü il Azərbaycan üçün nə ilə əlamətdar olmuşdur?" sərlövhəli məqalə dərc etdirir. Litvalı jurnalist Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən hazırlanmış "Erməni terror və quldur dəstələrinin bəşəriyyət əleyhinə cinayətləri (XIX-XX əsrlər)" adlı Qısa Xronoloji Ensiklopediyaya istinadla Türkiyənin və Azərbaycanın mürəkkəb, faciəli və çox vaxt təhrif edilən tarixini araşdırır. G.Visotskas 1993-cü il fevralın 3-də Riqada jurnalist Tatyana Çaladzeyə müəmmalı sui-qəsd barədə söhbət açaraq göstərir ki, o vaxt "Latviyas laiks" qəzetinin baş redaktoru olan Çaladze Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri barədə yazırdı. Müəllif qeyd edir ki, Tatyana Çaladze erməni terror təşkilatlarının bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə dair məsələni açıq şəkildə qaldırmış ilk əcnəbi jurnalistlərdən idi. Məqalədə jurnalist T.Çaladzenin öz xatirələri də yer almışdı. "Cinayətlər" ensiklopediyasında göstərilir ki, iki erməni gənci "Ayastan" (Ermənistan) qışqıraraq T.Çaladzeyə hücum etmiş və ona azı üç dəfə atəş açmışdı. Çaladzeni sürücüsü xilas etmişdi. Latviyalı jurnalistlərin çoxu başa düşürdü ki, Tatyana Çaladzeyə qarşı terror aktı törədilməsinə səbəb onun Azərbaycanın haqq işini dəstəkləməsi idi. "Qarabağ qətliamı: Məhkum olunmuş Xocalı" ("Karabaxskiy qenosid: Obreçennıy Xodjalı"). Bu, latviyalı publisist Tatyana Çaladzenin yeni işıq üzü görmüş kitablarındandır. Adı Azərbaycan xəritəsi fonunda qan rəngində yazılmış, zil qara rəngə boyanmış bu kitabın dərd yükü kimi çəkisi də ağırdır... İri formatda, 850 səhifə. Kitabı fərqləndirən cəhətlərdən biri də sənədli olması, məhz rəsmi sənədlər əsasında yazılıb, şərh olunmasıdır. Kitabın 850 səhifəsinin 650-si sənədlərə ayrılıb.
On fəslə bölünmüş kitabın hər bir bölümündə elmi, tarixi mənbələrə, tarix kitablarına, çap olunmuş qəzet və jurnal materiallarına, sənədlərə, fotoşəkillərə istinad olunur. Kitabın ilk səhifəsi müəllifin "Xocalı... Bu, qətliamdır" ön sözü ilə başlayır, son cümləsi isə belə bitir: "Xocalılılar indiyə qədər bilmirlər ki, onlar kimdirlər: qaçqın, yoxsa məcburi köçkün? Onlar özlərini sadəcə olaraq, ölümün əlindən qurtulanlardan sayırlar..."
Müəllif, həmçinin, qondarma "erməni
soyqırımı"nın yaranma tarixini nəzərdən
keçirir. T.Çaladze 1915-ci ildə Türkiyədə erməni
xalqının "ürəksarsıdıcı iztirab və
qətllərini" qələmə alan müəllifləri
ifşa edir. Bu müəlliflər bir-birindən sitat gətirir,
eyni bir hadisəni təkrar- təkrar təsvir edirlər. Bu zaman onlar
ustalıqla müxtəlif variasiya və interpretasiyalardan
istifadə edirlər. Bəhs olunan məsələ ilə
bağlı müəllif ortaya məntiqi fikir atır.
"Niyə erməni soyqırımı" məhz 1915-ci
ildə, Türkiyə Rusiya ilə müharibə
apardığı illərdə baş verdi?"
(Axı, ermənilər Türkiyədə uzun
illərdən bəri yaşayırdılar). Sualın obyektiv cavabını müəllif
fransız Jorj de Molevill, ingilis Stenford C.Şou kimi tarixçilərin
mənbələrinə əsaslanmaqla tapır. T.Çaladze o illərdə baş verən hadisələrə
toxunaraq Rusiyanın Türkiyədəki gizli manevrləri nəticəsində
ermənilər arasında iğtişaş
salındığı, bunun ətraf kəndlərə
yayıldığı, sonralar ermənilərin Dağlıq
Qarabağdakı əməlləri ilə eyniyyət təşkil
etdiyini bildirir.
Xanım Çaladze ingilis tarixçisi Stenford C.Şounun kitabından misal gətirib yazır ki, əksəriyyəti erməni könüllülərindən ibarət olan Rusiya ordusu 14 mayda Van gölü ərazisinə çataraq bir gün ərzində yerli müsəlmanlara qarşı hücuma keçib kütləvi soyqırımı törətdilər. Kitabda dərc olunan sənədlər əsasında geniş və müdhiş bir mənzərə açılır. "1992-ci ilin 25 fevralı Azərbaycan tarixinə əbədi faciəvi gün kimi daxil olub. Ümidvaram ki, bizi Xocalının dinc sakinlərinin qətliamı ilə əlaqədar yeni beynəlxalq istintaq və məhkəmə prosesləri gözləyir, çünki qətliam cinayətinin müddəti, tarixi olmur. Politoloq və tarixçilər hələ bu dramatik zamanın ayrı-ayrı mərhələlərini, anlarını açacaqlar. Tarix hadisələrin ardıcıllığını, erməni terrorizminin bütün gizli hərəkətlərini müəyyən edəcək və hər kəs əməlinə görə cavab verəcək. Erməni terrorçularının düşünülmüş və şüurlu şəkildə törətdikləri cinayətlər erməni milləti üçün əbədi qara ləkə olacaq. Bu da mümkündür ki, səmimi etiraf və mütəəssirlik erməni xalqına fayda gətirsin. Hitlerdən sonra Almaniya yenidən dirçəlmədimi? Bunu zaman göstərər. Sağlıq olsun!"
"Onlara mənəvi məhkəmə qurmuşam"
"Xocalı siyasi maraqların qurbanı oldu" - söyləyən T. Çaladze kitabında bu məsələni ətraflı şərh edir, xalqın faciəsinə bais olan günahkarların adlarını çəkir. Bunlar: Qorbaçov, Sarkisyan, Köçəryan, Starovoytova, Qukasyan, Balayan, Saxarov, Y. Əlixanyan (Bonner)dır. Əlləri günahsız uşaqların qanına bulaşmış bu adamları kitabında mühakimə edərək belə yazır: "Mən hakim deyiləm, məhkəmə qurmaq fikrim də yoxdur. (bunun üçün müvafiq instansiyalar var) Onları kitabımda mənəvi mühakiməyə cəlb edib məhkəmə qurmuşam..."
Xocalı soyqırmının dünyada tanıdılması üçün çox işlər görülüb. Amma indi əsas məsələ bu soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasıdır. Tatyana Çaladze Xocalı şəhidlərinin ailələrini dinləyib, onlar haqqında sənədləri toplayaraq böyük bir kitab halına salıb. Bu sənədlər bizə əsas verir ki, cinayətkarları beynəlxalq məhkəməyə verək və onlar layiqli cəzalarını alsınlar. Onun gördüyü bu işlər, yazdığı kitablar ermənilərin yalançı təbliğatına əsl hüquqi cavabdır. Məlum hadisələrin iştirakçısı, canlı şahidi kimi araya-ərsəyə gətirdiyi kitabları rus və erməni mətbuatının həqiqətləri təhrif edən, yalan informayalarına qarşı sənədli mübarizə vasitəsidir.
"Jurnalistik, əsl həqiqətdə, xüsusi peşədir və biz ancaq Tanrı qarşısında cavab verməliyik" - söyləyən hərbi jurnalist, Qarabağ fədaisi, Azərbaycan sevdalısı Tatyana Çaladze artıq haqqın dərgahındadı. Uzun müddət Bərdə rayonundakı qaçqın düşərgəsində yaşamış Tatyana Çaladze bu müddət ərzində "Üçüncü minilliyin soyqırımı salnaməsi" adlı layihə üzərində işləyib. Kitabının ikinci hissəsini yazmaqla yanaşı, azərbaycanlılara qarşı əsil soyqırımın aparılması faktını təsdiqləyən canlı sübutları görüb və qələmə alıb. Qaçqınların başına gətirilən müsibətlərlə bağlı sənədlər toplayan Tatyana Çaladze Avropa İnsan Haqları Məhkəməsinə ermənilərin vəhşilikləri ilə bağlı müraciətlər edir...
P.S. Onu 20 ilə yaxın idi tanıyırdım, sıx dostluq münasibətlərimiz vardı. Tatyana həmişə bu fikirdə olub ki, ermənilər törətdikləri əməllərin cəzasını almalıdırlar. Bəli, vaxt gələcək onlar tarixi "Hürnberq məhkəməsi"ndə olduğu kimi məhkum olunacaqlar. O, bu işə başlayanda çoxları inanmırdı. Onun tərtib etdiyi 1.500 sənəd Avropa Hərbi Məhkəməsinə təqdim olunub və müsbət rəy alınıb.
Pərvanə
MƏMMƏDLİ
525-ci qəzet 2017.- 21 dekabr.- S.4.