Tənqidi realizm epoxası və romantizm

 

DÖVRLƏŞMƏ KONSEPSİYASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı həm çoxəsrlik ədəbi fikrin tarixində, həm də milli realist ədəbiyyatın təşəkkülündə keyfiyyətcə yeni hadisə idi.

 

“Təzə əsrin ibtidasında” baş vermiş böyük ictimai-siyasi hadisələr: Rusiyadakı burjua-demokratik inqilabı, İrandakı məşrutə hərəkatı, Birinci Dünya müharibəsi Azərbaycana da öz təsirini göstərmişdir. Ölkədə milli-demokratik hərəkat genişlənmiş, fərqli baxışlara malik siyasi partiyalar və mətbuat fəaliyyətə başlamış, milli azadlıq uğrunda mübarizə məsələsi ciddi surətdə gündəmə gəlmişdir. Milli şüurun oyanışı və yeniləşmə sadə insanı cəmiyyətin   ədəbiyyatın ön sırasına çəkmiş, onun simasında ədəbiyyatda xalqın həyatının əks etdirilməsi və gələcək taleyinin müəyyən olunması ədəbi fikrin baş mövzusuna çevrilmişdir.

 

Fikrimizcə, rus ədəbiyyatında həmin dövrün “Rus mənəvi renessansı” adlandırılması (V.Serafimova) tamamilə təbiidir. Və XX əsrin əvvəllərində Azərbaycan ədəbi-ictimai mühitində də mənəvi renessans prosesləri yaşanmışdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, XIX əsrdə meydana çıxan maarifçi ideyalar XX əsrin əvvəllərində daha da inkişaf edərək milli-demokratik hərəkat səviyyəsinə qalxmışdır. Cəlil Məmmədquluzadənin “məktəb-məktəb deməklə Fatiya tuman olmaz” - fikirləri yeni tarixi epoxada ədəbiyyatın qarşısında duran daha ciddi ictimai-siyasi problemlərin əks-sədası kimi səslənmişdir. XIX əsr Azərbaycan maarifçi  ədəbiyyatının əsas hədəfi xalqı gerilikdən xilas etmək, XX əsrin əvvəlləri ədəbiyyatının başlıca məramı isə milli istiqlal idi. Haqlı olaraq deyildiyi kimi, yeni tarixi epoxanın başlanğıcında nəşr edilmiş “Molla Nəsrəddin” jurnalı Azərbaycanın “həqiqət və intibah kitabı” idi (Mir Cəlal). XIX əsrdə ilk toxumları səpilmiş azərbaycançılıq ideyası XX əsrin əvvəllərinin ədəbiyyatında genişlənmiş və ümummilli ideala çevrilmişdir. Göründüyü kimi, XX əsrin əvvəllərinin ədəbiyyatında artıq maarifçi realizmdəki kimi cəmiyyəti islah edib təkmilləşdirmək yox, mövcud quruluşu dəyişmək, xalqı milli istiqlala çatdırmaq əsas strateji məqsəd idi. Bu, maarifçi realizmin tam mənası ilə inkişaf edərək yeni tarixi şəraitdə tənqidi realizmə çevrildiyini göstərir. Məhz tənqidi realizm cəmiyyətdə müşahidə olunan ayrı-ayrı qüsurları deyil, bütövlükdə cəmiyyətin yeni inkişafına maneçilik törədən bütün təzahürləri tənqid və ifşa edir. Beləliklə, Azərbaycan ədəbiyyatında “tənqidi realizm mövcud iqtisadi həyat və əxlaq tərzinin artıq tənqidə və lənətə məruz qaldığı, inkar, ittiham və rədd olunduğu bir dövrün realizmi kimi formalaşır” (Yaşar Qarayev).

 

Azərbaycan tənqidi realizmi ilə “Molla Nəsrəddin” (1906-1931) ədəbi məktəbinin məqsədləri və vəzifələri bir-birini tamamlamışdır. Tənqidi realizm də Üzeyir Hacıbəyovun sözləri ilə desək, “Molla Nəsrəddin” kimi baltanı dibindən vuran” ədəbi cərəyan olduğu üçün mollanəsrəddinçilərin məramı ilə üst-üstə düşür. Azərbaycan tənqidi-realist yazıçıları əsasən mollanəsrəddinçilər idilər. “Molla Nəsrəddin” jurnalı tənqidi realizmin ədəbi cəbbəxanasını təşkil edirdi. Ona görə də tənqidi realizm ədəbi cərəyanı ilə “Molla Nəsrəddin” ədəbi məktəbi anlayışları eyni mənanı ifadə edir. Azərbaycan mollanəsrəddinçilərinin “ağsaqqal yoldaşı” olan böyük demokrat ədib Cəlil Məmmədquluzadə eyni zamanda, Azərbaycanda həm də tənqidi realizm ədəbi cərəyanının ideya rəhbəri və yaradıcısıdır.

 

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı mövcud cəmiyyətin dərin və aydın bədii dərki və ictimai-siyasi sistemin bütün cəbhə boyu tənqidi dövrünün ədəbiyyatıdır. Dövrün ayrı-ayrı ədəbi axınlarının hər biri müxtəlif yönlərdən və fərqli səviyyədə bu prosesdə iştirak etmişlər. Lakin bütövlükdə cəmiyyətin tənqidi dərki və obyektiv bədii inikası, habelə milli istiqlal uğrunda mübarizə vəzifəsini tənqidi realizm cərəyanının əsas cəbbəxanasını təşkil edən “Molla Nəsrəddin” ədəbi məktəbi həyata keçirmişdir. Milli istiqlal məsələsi və azərbaycançılıq məfkurəsi Cəlil Məmmədquluzadənin başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin milli-demokratik ideya səviyyəsində uğrunda dönmədən mübarizə apardığı əsas ideal idi. Artıq Azərbaycan ədəbiyyatı və ictimai fikri “azərbaycanlı” anlayışını gündəmə gətirməklə yox, “Haradır Azərbaycan?”, “Nə etməli” kimi ölkənin geniş coğrafi ərazisinin hüdudlarını müəyyən etmək və həmin coğrafiyada milli dövlət yaratmaq yolunda mübarizə aparırdı. “Haradır Azərbaycan” sualının cavabını Cəlil Məmmədquluzadə aşağıdakı kimi vermişdi: “Yəni Vətənim haradır? Azərbaycan vilayətidir. ...Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissəsi də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir”.

 

Cəlil Məmmədquluzadənin və ümumiyyətlə, mollanəsrəddinçilərin yaradıcılığında “nə etməli” sualına verilən cavabların hamısında mövcud üsul-idarəni dəyişmək və xalqı milli istiqlala çatdırmaq vəzifəsi mütləq şəkildə irəli sürülmüş və müdafiə olunmuşdur. Mirzə Cəlilin “Rişədən başlamalı” çağırışı tənqidi realizm ədəbiyyatında “nə etməli” sualının ən tutarlı cavabı idi: “Əgər rişəni baltalayıb, ona zəfər yetirə bilsək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq. Yoxsa nə qədər ki, rişə saf-salamatdır, ağac hələ dayanıb duracaqdır”. Bu, sözün əsl mənasında mollanəsrəddincəsinə “baltanı dibindən vuran” kəsərli və aydın cavabdır və tənqidi realizmin əsas tezislərini tam ifadə edir. Cəlil Məmmədquluzadə möhkəm surətdə inanırdı ki, “dünya-aləm mayallaq edib dəyişdiyi” kimi onun müqəddəs ölkəsi də dəyişəcək və azadlığa qovuşacaqdır. Buna görə də Mirzə Cəlil və ümumən mollanəsrəddinçilər böyük ideala çatmaq üçün xalqı hazırlamaq vəzifələrini həyata keçirir, onları “Vətən, millət, dil” idealları üzərində kökləməyə çalışır, həmvətənlərini var gücü ilə və “əməl, əməl və yenə də əməl”ə çağırırdılar.

 

 Azərbaycançılıq məfkurəsini milli-demokratik hərəkat səviyyəsinə qaldırmaq mollanəsrəddinçilərin böyük hünəri və tarixi xidmətləridir. Bu mənada “Molla Nəsrəddin” ədəbi məktəbi - azərbaycançılıq məktəbi deməkdir. Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsi mətbuatda, “Anamın kitabı” dramı isə ədəbiyyatda azərbaycançılıq idealının manifestidir. Azərbaycançılıq idealının məzmununu və mahiyyətini təşkil edən əsas məsələlər mollanəsrəddinçilərin, ilk növbədə isə Cəlil Məmmədquluzadənin əsərlərində bütünlüklə öz əksini tapmışdır.

 

XX əsrin əvvəllərinin aparıcı ədəbi istiqamətini ifadə edən tənqidi realizm - mollanəsrəddinçilik dövrün həm ədəbiyyatının, həm də ictimai-siyasi fikrinin hərəkətverici qüvvəsi olmuşdur. Ədəbiyyatşünaslıqda doğru olaraq qeyd edildiyi kimi, “yeni dövrün Azərbaycan ədəbiyyatını böyük ədibin (Cəlil Məmmədquluzadənin - İ.H.) adı ilə “Molla Nəsrəddin” dövrü” adlandırırlar. Molla Nəsrəddin - Cəlil Məmmədquluzadə - bu adın özü... ədəbiyyatımıza sima və sifət verən simvol olmuşdur. Bu ad çəkildimi, ədəbiyyatda siyasi ideyaların çarpışması dövrü, müasir, mübariz, həqiqi həyat ədəbiyyatının güclü və cəsarətli bir axınla hücuma keçməsi dövrü təsəvvürdə canlanmış olur” (Mir Cəlal).

 

“Molla Nəsrəddin” jurnalı və eyniadlı ədəbi məktəb mollanəsrəddinçilik adlanan xüsusi bir təlimi meydana çıxarmışdır. Mollanəsrəddinçilik təlimi tənqidi realizm ədəbiyyatının proqramının ana maddələrinin ifadə olunduğu siyasi məfkurə və milli ədəbiyyat strategiyasıdır.

 

İctimai-ədəbi fikir cərəyanı olan mollanəsrəddinçilik “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin nizamnaməsi və əsasnaməsidir. Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik hərəkatının əsas qayəsidir.

 

Azərbaycançılıq - mollanəsrəddinçilik təliminin ideya əsasını və hərəkətverici qüvvəsini təşkil edir. Mollanəsrəddinçilik və azərbaycançılıq sinonim siyasi-ideoloji baxışlar səviyyəsində səslənir. “Açıq ana dilində” yazmaq, “açıq yazmağı da bacarmaq” mollanəsrəddinçilik hərəkatını təmsil edən şair və yazıçıların əsas üslubi istiqamətini müəyyən edir. Kiçik adamın timsalında xalq anlayışını ədəbiyyata və mətbuata gətirmək və müdafiə etmək mollanəsrəddinçiliyin təməl şərtlərindəndir.

 

Mollanəsrəddinçilik - ədəbiyyatda tənqidi realizm və satira məktəbi, cəmiyyətdə demokratik proseslərin genişlənməsi axını kimi qəbul olunur. Mollanəsrəddinçi ədəbi hərəkat - tənqidi realizm cəbhəsindən ibarət ədəbiyyat cərəyanıdır. Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə cəmiyyəti dəyişmək, yeniləşdirmək, xalqı irəli aparmaq deməkdir. “Molla Nəsrəddin” jurnalının dili, üslubu, janrları, tipajları və karikaturaçılıq mollanəsrəddinçi poetikanın əsasını təşkil edir.

 

“Molla Nəsrəddin” jurnalı realist tənqidi-satirik ədəbiyyatın ana beşiyidir. Bu ədəbi məktəbin əsas yaradıcı simaları başda Cəlil Məmmədquluzadə olmaqla Mirzə Ələkbər Sabir (1862-1911), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933), Məmməd Səid Ordubadi (1872-1956), Əli Nəzmi (1878-1946), Əliqulu Qəmküsar (1880-1010), Mirzəli Möcüz (1873-1934), Əli Razi Şamçızadə (1886-1939) və başqaları Azərbaycan realist tənqidi-satirik ədəbiyyatını yaratmışlar. Qısa müddət ərzində Azərbaycanda realist tənqidi-satirik ədəbiyyatın görkəmli yaradıcıları yetişmiş, qüvvətli ədəbi cəbhəsi formalaşmış, böyük əsərləri meydana çıxmışdır. Beləliklə, Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” dövrü yaranmışdır. Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” dövrü realist ədəbiyyatın inkişafında tənqidi realizm epoxasını yaratmışlar. Maarifçi realistlərdən fərqli olaraq, Azərbaycan tənqidi realizmində islahatçılıq yox, qəti olaraq cəmiyyətdə ciddi ictimai-siyasi dəyişikliklərə nail olmaq əsas hədəf idi. Bu, maarifçi ideyaları gündəmə gətirməklə, yaxud genişləndirməklə deyil, milli-mənəvi özünüdərk və siyasi azadlıq məsələsinin həlli ilə fəal surətdə məşğul olan ədəbiyyat idi. Cəhalətə, köhnəliyə, geriliyə münasibətdə də Azərbaycan tənqidi realistləri “baltanı dibindən vuran” yazıçılardır. Tənqidi realizm - Azərbaycan ədəbiyyatında mövcud ictimai-siyasi və mənəvi şəraitin tipik vəziyyətlərini əks etdirən və onu dəyişdirməyin zəruriliyini, qaçılmazlığını bütün enerjisi ilə səsləndirən ədəbiyyatdır.

 

Tənqidi realizm ədəbiyyatı Azərbaycan ədəbiyyatına özünün tipik şəraitdə tipik obrazlarını gətirmişdir. Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq kiçik adamın böyük ədəbiyyatın əsas qəhrəmanına çevrilməsi tənqidi-realizm ədəbiyyatında baş vermişdir. Və birinci dəfə idi ki, Azərbaycan tənqidi-realist yazıçıları “kiçik adam”dan geniş mənada xalqı təmsil edən əsas qüvvə səviyyəsində söz açırdılar. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti əslində Azərbaycan ədəbiyyatında “kiçik adam”ın böyük əhvalatları demək idi. Əsərdəki qəzetçi Xəlil və lağlağı Sadıq kiçik adamın böyük ədəbiyyatdakı “bir yüngülvari müqəddiməsi” kimi meydana çıxmışdır. Məmmədhəsən əmi obrazı kiçik adamın Azərbaycan ədəbiyyatında ilk ümumiləşmiş surətidir. Məmmədhəsən əmi xalq kütlələrinin taleyini özündə cəmləşdirən tipik obrazdır. Əsərdəki Zeynəbin - Zibanın yanıqlı taleyi Azərbaycan qadınının acınacaqlı, keşməkeşli həyatının real əks-sədası idi. XIX əsrin axırlarında meydana çıxmış “Danabaş kəndinin əhvalatları” əsəri (1894) həmin tarixi dövrdən ilk addımlarını atan Azərbaycan tənqidi realizminin möhtəşəm müqəddiməsidir. Cəlil Məmmədquluzadənin məşhur “Poçt qutusu” hekayəsi milli tənqidi-realist ədəbiyyatın mükəmməl proqramıdır. “Poçt qutusu” hekayəsi ilə Azərbaycan ədəbiyyatında realist tənqidi-satirik ədəbiyyat xəzinəsinin sehirli qutusu oxucuların üzünə açılmışdır. “Poçt qutusu” - yeni tarixi epoxada, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında tənqidi realizmin paroludur. XX əsrin əvvəlləri Azərbaycan kəndinin reallıqları, müstəmləkə şəraitində kiçik adamın mövcud siması, yanıqlı taleyi və mənəvi oyanışın zərurəti tipik hadisələrin və tipikləşdirilmiş obrazın - Novruzəlinin simasında dahiyanə şəkildə açılıb əks etdirilmişdir. XIX əsrdə Azərbaycanda ədəbiyyat böyük sürətlə xalq həyatının dərinliklərinə doğru inkişaf etsə də, xalqın real vəziyyətini əks etdirən obrazlar hələ “epizodik surətlər” şəklində görünməyə başlamışdı. Mirzə Fətəli Axundzadənin böyük xidməti Azərbaycan ədəbiyyatında ölkənin və xalqın real vəziyyətini və vəzifələrini əks etdirməkdən ibarət olmuşdu. Çünki XIX əsrdə “kiçik adam” cəmiyyətdə hələ əsas qüvvə səviyyəsində deyildi. XX əsr - kiçik adamı ictimai-siyasi həyata, oradan da ədəbiyyata gətirmişdir. “Danabaş kəndinin əhvalatları” nəzərə almasaq, Azərbaycanda kiçik adamın böyük ədəbiyyatı XX əsrin əvvəllərində yaradılmışdır. Mirzə Cəlilin Novruzəlisi və usta Zeynalı kimi, Mirzə Ələkbər Sabirin Fatma-Tükəzbanları, Əbdürrəhim bəy Haqverdiyevin “maralları”, Şeyx Şəbanı, Mirzə Səfəri, Məmməd Səid Ordubadinin “balaca felyeton” janrında yazdığı publisist məqalələrdəki kiçik adamlar tənqid hədəfləri deyil, ədəbiyyatın uğrunda mübarizə apardığı əsas sosial qüvvə idi. Ədəbiyyatda “Kiçik adamın” - xalqın taleyi geniş mənada insanın taleyi kimi səslənmiş, “kiçik adamın” oyanış, ümummilli oyanış və dəyişmələrin əsasında dayanmışdır. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında XX əsrin əvvəlləri milli-demokratik ədəbiyyatının və mətbuatının xidmətləri ayrıca qeyd edilməyə layiqdir. Həqiqətən də XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında geniş yer tutan milli-demokratik ideyalar ölkədə müstəqil dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır.

 

XX əsrin əvvəllərinin tənqidi realizmi Azərbaycan ədəbiyyatına yeni janrlar gətirmişdir. Bu dövrdə kiçik hekayə böyük ədəbiyyatın janrları sırasında ön mövqeyə çıxmışdır. XX əsrin əvvəllərini Azərbaycan ədəbiyyatının hekayəçilik dövrü kimi səciyyələndirmək olar. Cəlil Məmmədquluzadənin satirik, Əbdürrəhim bəy Haqverdiyevin yumoristik hekayələri Azərbaycan ədəbiyyatının inkişafında hekayə dövrünü yaratmışdır. Cəlil Məmmədquluzadənin hekayələri ümumiyyətlə, Azərbaycan hekayəsinin etalonu hesab olunur. Dünya realist-satirik hekayəsi miqyasında da Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin hekayələri örnək, model ola bilmək səviyyəsinə malikdir. Son illərdə bu hekayələrin xarici dillərdə nəşr edilməsi ilə Azərbaycan ədəbiyyatı dünya hekayəçilik məkanına çıxmışdır.

 

Azərbaycan ədəbiyyatında tragikomediya janrı da tənqidi realizm epoxasında meydana çıxmışdır. Cəlil Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” tragikomediyaları ədəbiyyatımızda bu janrın ilk və mükəmməl nümunələridir. XIX əsrdə Azərbaycan ədəbiyyatında fərqli müəlliflər tərəfindən ayrı-ayrılıqda komediya (M.F.Axundzadə) və faciə (N.Vəzirov) janrında dram əsərləri yaradılmışdı. Bu mərhələdə milli məişətin komediyası və nadanlığın faciəsi fərqli əsərlərdə təsvir edilmişdir. Cəlil Məmmədquluzadənin tragikomediyalarında isə xalqın düşdüyü vəziyyətin komediyası və faciəsi bir yerdə, eyni əsərdə öz əksini tapmışdır. Bu əsərlər tənqidi-realist ədəbiyyatın səciyyəvi təsvir üsulu olan “acı göz yaşları içərisində gülüş” vasitəsilə xalqın taleyini dərin ürək yanğısı ilə əks etdirən ibrətamiz bədii nümunələrdir. Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ölülər aləminin komediyası, kefli İskəndərin faciəsi idi. “Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış əsərlərin mənəvi anası” hesab edilən “Anamın kitabı”nda müxtəlif əqidələrə xidmət edən qardaşların komediyası, Zəhrabanu ananın faciəsi ümumiləşmiş şəkildə xalqın yaşamış olduğu acınacaqlı taleyinin ədəbiyyatdakı real əks-sədasıdır. “Dəli yığıncağı” tragikomediyası faciəvi tərəfi ağır gələn komediyadır. “Ər” pyesi əsərdə yaratdığı çaşqınlıqla birlikdə təsvir olunmuş yeni qurulmuş sosializm cəmiyyətinin faciəsi, mövcud quruluşla uyğunlaşa bilməyən milli ziyalılığın komediyasıdır. Mirzə Fətəli Axundzadənin komediyaları janr baxımından drama yaxındır, dramatik komediyalardır. Cəlil Məmmədquluzadənin komediyaları ideya-estetik cəhətdən faciə janrı ilə daha çox səsləşir. Bu tragikomediyalar - ənənəvi olaraq əsərin əsas ideya daşıyıcısı olan baş qəhrəmanın ölümü ilə bitməyən faciələrdir. Bu əsərlərdə xalqın salındığı komik vəziyyətin faciəsi dahiyanə surətdə açılıb göstərilmişdir. Bundan başqa, XX əsrin əvvəllərinin tragikomediyaları həm də “nə etməli” sualına cavab tapmağa, çıxış yolları haqqında düşünüb-daşınmağa gur işıq salır.

 

XX əsrin əvvəllərinin tənqidi realizmi satirik şeiri bədii yaradıcılığın əsas istiqamətlərindən birinə çevirmişdir. Bu mənada XX əsrin əvvəllərini həm də Azərbaycan ədəbiyyatının satirik şeir dövrü də adlandırmaq olar. Ədəbiyyatımızın tarixində realist-satirik şeir özünün ən yüksək zirvəsinə XX əsrin əvvəllərində tənqidi realizm epoxasında çatmışdır. “Molla Nəsrəddin” jurnalının meydana qoyduğu poetik forma modeli və irəli sürdüyü çağırışlar dövrün böyük satirik şeir məktəbinin yaranması ilə nəticələnmişdir. Məlum olduğu kimi, satira elementləri Azərbaycan klassik şeirində də mövcud idi. XIX əsrdə Qasım bəy Zakirin və Seyid Əzim Şirvaninin satirik şeirləri ədəbi-ictimai mühitdə böyük maraq doğurmuşdur. Mirzə Fətəli Axundzadə Qasım bəy Zakirin realist üslubda yazılan şeirlərini, dolayısı ilə satiralarını da yüksək qiymətləndirmişdir. XIX əsrin satirik şeiri mənzum hekayəçilik və ibrətamiz didaktik final formatında inkişaf etmişdir. Azərbaycan realist-satirik şeiri özünün ən yüksək səviyyəsini XX əsrin əvvəllərində fəth etmişdir. Mirzə Ələkbər Sabir tənqidi realizm ədəbi cərəyanı hüdudlarında Azərbaycan ədəbiyyatında satirik şeir məktəbi yaratmışdır. Mirzə Ələkbər Sabirin satiraları Azərbaycan tənqidi-realist satirik şeirinin kəskin ictimai məzmununa malik olan klassik nümunələridir. Mirzə Ələkbər Sabir satirik şeirlərində Azərbaycan cəmiyyətini “ayinədə” olduğu kimi təsvir etmişdir. O, ölkədəki mövcud idarə üsulunu, müstəmləkə sistemini tənqid etməklə milli oyanışa, siyasi-mənəvi əsarətdən xilas olmağa, nəticə etibarilə milli azadlıq idealının gerçəkləşməsinə məslək dostu Abbas Səhhətin dediyi kimi, “bir ordudan ziyadə xidmət etmişdir”. “Molla Nəsrəddin” ədəbi məktəbinin əsas   simaları olan Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz, Əli Razi Şamçızadə, Bayraməli Abbaszadə, Əli Məhzun, Baxçaban, Məhəmmədəli Dastançı və başqaları Azərbaycan realist-satirik şeirini zənginləşdirən əsərlər yaratmaqla ədəbiyyatda tənqidi-satirik ədəbiyyatın mövqeyini bir daha  möhkəmləndirmişlər.

 

Azərbaycan ədəbiyyatında satirik publisistika XX əsrin əvvəllərinin hadisəsi kimi meydana çıxmışdır. Tənqidi realizm ədəbi cərəyanının əsas cəbbəxanası olan “Molla Nəsrəddin” publisistika məktəbi Azərbaycanın ən zəngin satirik publisistika xəzinəsi kimi mühüm əhəmiyyətə malikdir. Felyeton janrı publisistikaya “Molla Nəsrəddin” jurnalı vasitəsi ilə daxil olmuşdur. “Molla Nəsrəddin” jurnalı müxtəlif satirik publisistika janrlarını yaradıb ədəbi dövriyyəyə və mətbuat aləminə gətirmişdir. “Poçt qutusu”, teleqramlar, səyahət, zarafat, məktub və sair janrlarda yazılmış məqalələr mollanəsrəddinçilər tərəfindən satirik publisistika formaları kimi düşünülüb tapılmış və mükəmməl örnəkləri meydana qoyulmuşdur. Dövrün “Babayi-Əmir”, “Zənbur”, “Kəlniyyət” və sair mətbuat orqanlarında da satirik publisistikanın fərqli formalarında qələmə alınan yazılar çap olunmuşdur. Beləliklə, Azərbaycan ədəbiyyatı və mətbuatının satirik publisistika ənənələri formalaşmışdır. “Molla Nəsrəddin” Azərbaycanda satirik publisistika hərəkatına başçılıq etmişdir.

 

Bütövlükdə, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında meydana çıxmış tənqidi realizm ədəbi dövrün ən aparıcı hərəkatı funksiyasını həyata keçirmişdir. Molla Pənah Vaqifdən, Mirzə Fətəli Axundzadədən sosialist realizmi yaradıcılıq metodunu təmsil edən adlı-sanlı realist yazıçılara qədər Azərbaycan ədəbiyyatında realizmin ən yüksək nöqtəsi məhz tənqidi realizm ədəbiyyatıdır. XX əsrin əvvəllərinin siyasi fırtınalarının doğurduğu, meydana gətirdiyi milli-mənəvi oyanış və azadlıq ideyaları ən gur səslə tənqidi realizm ədəbiyyatında əks-səda tapmışdır. Tənqidi realizm - “Molla Nəsrəddin” məktəbi XX əsrin əvvəllərində yalnız realist ədəbi cəbhəyə deyil, bütövlükdə ədəbiyyat hərəkatına və ictimai fikrə başçılıq etmiş, istiqamət vermişdir. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tənqidi realizm epoxası kimi əzəmətli görünür. Böyük müasiri Yusif Vəzir Çəmənzəminlinin “Molla Nəsrəddin” məktəbinin başçısı Cəlil Məmmədquluzadəyə geniş mənada “ədəbi dövrün başçısı” kimi yüksək dəyər verməsi bu qüdrətli yazıçının yaradıcısı olduğu, rəhbərlik etdiyi tənqidi realizmin Azərbaycan cəmiyyətində və ədəbiyyatda qazandığı böyük mövqeyin obyektiv ifadəsi idi. Bu həm də o demək idi ki, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı təkcə tənqidi realizmin yox, geniş mənada XX əsrin əvvəllərindəki ədəbi ictimai fikri inkişaf etdirmək qayğıları ilə yaxından məşğul olmuş, bütövlükdə Azərbaycan cəmiyyətini, milli şüuru qabağa aparmaq vəzifələrini böyük uğurla həyata keçirmişdir.

 

Bu dövrün  Süleyman Sani Axundov (1875-1939), Sultanməcid Qənizadə (1866-1937), Rəşid bəy Əfəndiyev (1863-1942) kimi maarifçi-realist yazıçıları da ideya-məqsəd etibarilə tənqidi realistlərə çox yaxın idilər. Onlar da cəmiyyətdə dəyişikliklərin baş verməsini istəyir, var gücü ilə buna çalışırdılar. Lakin maarifçi realistlərin əsərlərində cəmiyyətin islahatçılıq yolu və elm-tərbiyə vasitəsi ilə yeniləşdirilməsi və təkmilləşdirilməsi ideyası daha üstün mövqeyə malik idi. XX əsrin siyasi hadisələri bəzən onların da istiqlalçılıq yolunda açıq və aydın mövqe tutmasına gətirib çıxarmışdır.

 

Üzeyir Hacıbəyovun (1875-1948), Yusif Vəzir Çəmənzəminlinin (1887-1943), İbrahim bəy Musabəyovun (1880-1942), Eynəli bəy Sultanovun (1866-1935) həm maarifçi realizmə, həm də tənqidi realizmə aid edilməsi təsadüfi olmayıb, onların yaradıcılığının xarakterindən doğan real təzahürlərdir. XX əsrin əvvəllərinin maarifçi realizmi mahiyətində tənqidi realizm keyfiyyətləri olan yeni tipli ədəbi istiqamətdir. Azərbaycan maarifçi realizmini Süleyman Sani Axundov, Sultan Məcid Qənizadə, İbrahim bəy Musabəyov, Eynəli bəy Sultanov bədii nəsrdə, Rəşid bəy Əfəndiyev şeirdə uğurla təmsil etmiş, ədəbiyyatın bu istiqamətində tərkibində tənqidi-realist tezislər olan əhəmiyyətli əsərlər yaratmışlar. Fikrimizcə, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, “Məşədi İbad” kimi musiqili komediyaları ədəbiyyat baxımından orijinal maarifçi realizm nümunələrdir. Böyük sənətkarın publisistikası “Molla Nəsrəddin” ədəbi məktəbi ilə maarifçi publisistika arasında olan bənzərsiz mətbu örnəklərdir. Üzeyir Hacıbəyovun publisistikasında mollanəsrəddinçilik üslubu ağırlıq təşkil edir. Bu publisistika mahiyyəti etibarilə əsasən siyasi publisistika nümunələrindən ibarətdir. Nəticə etibarilə XX əsrin əvvəllərinin maarifçi realist ədəbiyyatı bir-birinə yaxın olan maarifçi realizmlə tənqidi realizmin qovşağında olan orijinal ədəbiyyatdır. Maarifçi realist ədəbiyyatda tənqidi realizmə meyl qüvvətlidir. XX əsrin əvvəllərinin maarifçi realizmi tənqidi realizmin işığında yaranıb inkişaf edən realizmdir.

 

Məlum olduğu kimi, qədim dövr və orta əsrlər Azərbaycan poeziyası romantik xarakterə malik olmuşdur. Romantik bədii metod ədəbiyyatımızda uzun əsrlər hakim mövqedə dayanmışdır. Bununla belə, Azərbaycanda ədəbi cərəyan kimi romantizm XX əsrin əvvəllərində meydana çıxmışdır. Avropada və Rusiyada XVIII əsrdə, Türkiyədə XIX əsrin axırlarında yaranan romantizm ədəbi cərəyanının Azərbaycanda gecikməsi bu axını doğuran ictimai-siyasi hadisələrin və proseslərin ölkədə daha sonralar baş verməsi ilə əlaqədar idi. Akademik Məmməd Cəfər Cəfərovun (1909-1992) klassik dəqiqliklə yazdığı kimi, gecikən Azərbaycan romantizmi yox, bu ədəbi cərəyanı formalaşdırıb hazırlayan ictimai-siyasi hadisələr idi: “Bu, vaxtı keçmiş deyil, 1905-1917-ci illərdə coşqun, mürəkkəb ictimai ziddiyyətlərlə dolu olan, Azərbaycan həyatının xüsusi şəraitinin doğurduğu ədəbi hadisələrdən biri idi”. Asiyanın oyanışı kimi xarakterizə olunan mühüm siyasi-inqilabi dəyişikliklər Azərbaycanda XX əsrin əvvəllərində baş vermişdi. Zamanın mürəkkəb ictimai-siyasi proseslərinə və hadisələrinə baxışın xarakteri fərqli ədəbi cərəyanları doğurmuşdur. Romantizm -  Azərbaycan ədəbiyyatında dövrün ictimai-siyasi hadisələrinə romantik baxışları, xəyalda və idealda əks-səda tapan qavrayışları ifadə edən ədəbi cərəyandır. Romantizm ədəbi cərəyanının nümayəndələri şəxsiyyət və cəmiyyət məsələlərində də idealın tərənnümünə üstünlük vermişlər. Onlar özlərinin romantik ideallarını əks etdirmək üçün orijinal obrazlı poetik vasitələrdən və simvollardan yaradıcılıqla istifadə etmişlər. Azərbaycan romantikləri XX əsrin əvvəllərinin cazibədar və zəngin lirik şeir üslubunu yaratmışlar. İdealla gerçəklik arasında təzaddan doğan həyəcanların bədii ifadəsi olan romantizm ədəbiyyatında xəyal və gələcəkçilik əsas yer tutmuşdur. Romantiklərin gələcəkçilik ideyalarında dövrün çağırışları ilə həmahəng ümummilli ideyalar və maarifçi-demokratik baxışlar qüvvətlə səsləndirilmişdir.

 

“Məhkum Şərqin”, o cümlədən də Azərbaycanın zamana görə nisbətən geridə qalması Azərbaycan romantizmini düşünüb-daşındıran məsələlərdən biri idi. Onlar realda olmasa da, xəyalda, qaibanə şəkildə olsa da, vətənlərinin xoşbəxt gələcəyini arzu etmişlər. Azərbaycan romantikləri “ümumi məhəbbət” ideyasını irəli sürür, bütövlükdə insanlığın səadəti üçün çalışmağı “xilas yolu” kimi düşünürdülər. Məhəmməd Hadinin “bütün insanlar qardaşdır”, Abdulla Şaiqin “Həpimiz bir günəşin zərrəsiyik” misralarında romantiklərin böyük idealları ifadə olunmuşdur. Romantizm Azərbaycan şeirinə sonet, marş, şərqi və türkü kimi yeni janrlar əlavə etmişdir.

 

Əli bəy Hüseynzadənin (1864-1940) redaktorluğu ilə 1906-1907-ci illərdə Bakıda nəşr olunmuş “Füyuzat” jurnalı Azərbaycan romantizminin əsas ədəbi cəbbəxanasını təşkil edir. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, “Füyuzat” jurnalı ədəbi məktəb yarada bilmişdir. Əli bəy Hüseynzadənin başçılıq etdiyi bu ədəbi məktəb Qərb maarifçiliyini və Şərq mənəvi zənginliyini sintez halında birləşdirmək vəzifəsini meydana qoymuş, bu istiqamətdə əsərlərin yaradılmasına böyük yol açmışdır. Turançılıq ideyaları, ortaq ünsiyyət dili və vahid ümumtürk əlifbası yaratmaq füyuzatçıların islahatlarında əsas yer tuturdu. Füyuzatçılar bolşevizmi “qırmızı qaranlıq” hesab edir, türk-islam birliyinə “yaşıl işıq” kimi böyük ümidlər bəsləyirdilər. “Füyuzat” jurnalı öz ətrafında Azərbaycanın yaradıcı qüvvələri: Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, İbrahim Tahir, Əbdülxalıq Cənnətli ilə yanaşı, Türkiyədən Abdulla Cevdəti və Əhməd Kamalı, İrandan Səid Səlmasini, Krımdan Hasan Səbri Ayvazovu birləşdirmişdir. Bu ədəbi cəbhə Azərbaycan-türk dünyası birliyinin ədəbiyyatda və mətbuatda ilk əməli addımı idi. Füyuzatçılıq - türkçülük və turançılıq ideyalarının əsas ədəbi cəbbəxanasını təşkil etmişdir. Füyuzatçılıq - Azərbaycan romantizminin ideya-estetik prinsiplərinin və poetikasının məcmusudur. Füyuzatçılıq - islamlaşmaqla türk birliyi arasında bərabərlik işarəsi qoyan məktəbdir. Avropalaşmaq - Füyuzatçılıq hərəkatının əsas hədəflərindən biri idi. Eyni zamanda, müasirləşməni də ön mövqeyə çəkən Füyuzatçılıq əslində, bu məqamda mollanəsrəddinçilərlə birləşmişdir. Əli bəy Hüseynzadənin “Ədəbiyyat da belədir. Xalqa enmədikcə yüksəlməz. Bütün millət ən aşağı təbəqatına qədər heyyəti ümumiyyəsilə yüksəlməli ki, içindən ədiblər, şairlər, sənətkarlar, böyük-böyük millət xadimləri çıxsın” kimi məramı da mollanəsrəddinçilərin baxışları ilə tam səsləşirdi.

 

Hüseyn Cavidin yaradıcılığı XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin inkişafında fərqli özünəməxsusluğa malikdir. Onun lirikasında “kiçik adam”ın bənzərsiz romantik obrazları yaradılmışdır. Hüseyn Cavidin tərənnüm etdiyi “Öksüz Ənvər”, “Vərəmli qız”, Qız məktəbinin məsum şagirdi Gülbahar romantik ədəbiyyatın canlandırdığı orijinal obrazlar idi. Hüseyn Cavidin romantik mənzum dramları Azərbaycan ədəbiyyatında yeni hadisədir. Hüseyn Cavid Azərbaycan mənzum romantik dramaturgiyasının banisidir. O, özünün “Şeyx Sənan”, “İblis”, “Səyavuş”, “Xəyyam kimi əsərləri ilə Azərbaycan ədəbiyyatında mənzum dram məktəbi yaratmışdır. Şairin mənzum dramlarında tarixi şəxsiyyətlərin romantik bədii obrazları yaradılmış və böyük bəşəri ideallar canlandırılmışdır. Hüseyn Cavidin “İblis” mənzum faciəsi dünya dramaturgiyasının nadir nümunələrindən biri sayılmağa layiqdir.

 

Məhəmməd Hadi romantik-publisist şeirin böyük yaradıcısıdır. Onun şeirlərində ictimai-siyasi hadisələrə romantik münasibət ön mövqedə dayanır. Məhəmməd Hadi - imzalar içində millətinin də imzası olması yollarında inadla çalışmış, bu böyük ideala xidmət edən qiymətli şeir nümunələri yaratmışdır. Onun şeirlərinin “təzə çıxan qəzet kimi vərəqə halında da yayılması” müraciət etdiyi mövzuların aktuallığı və müasirliyi, habelə qələmə aldığı poetik nümunələrin publisist kəsəri ilə əlaqədardır. Hadinin “Əlvahi-intibah” poeması Azərbaycan ədəbiyyatında romantizm intibahının əhəmiyyətli ədəbi hadisəsidir.

 

Abbas Səhhət və Abdulla Şaiq romantik-realist sənətkarlar kimi Azərbaycan romantizminə yeni ideyalar və fərqli poetik formalar bəxş etmişlər. Abbas Səhhət və Abdulla Şaiq Azərbaycan uşaq şeirinin qızıl fondunu təşkil edən əsərlər yaratmaqla ədəbiyyatın bu sahəsini əhəmiyyətli bir mövqeyə çıxarmışlar. Eyni zamanda, Abbas Səhhət və Abdulla Şaiqin Avropa və rus romantik poeziyasından etdikləri bədii tərcümələr Azərbaycan şeirinin mövzu, ideya və poetik forma baxımından zənginləşməsinə müsbət təsir göstərmişdir.

 

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında sentimentalizm əlamətləri də diqqəti cəlb edir. Uzun illər Azərbaycan romantizminin daxilində təmsil olunmuş sentimental ədəbiyyatın dövrün romantik ədəbiyyatından fərqli xüsusiyyətləri də var idi. Hissi-sentimental əhval-ruhiyyənin təsvir və tərənnümü, nisgil və göz yaşlarının diqqətə alınması, məktubdan bədii vasitə kimi istifadə və sair elementlər sentimental ədəbiyyatı fərqləndirirdi. Abdulla bəy Divanbəyoğlunun (1883-1936) yaradıcılığı Azərbaycan sentimentalizminin özünəməxsus xüsusiyyətlərini qabarıq nəzərə çarpdırır.

 

Tənqidi realizm və romantizm ənənələri Azərbaycan Demokratik Respublikası dövründə daha da inkişaf etmiş və genişlənmişdir. XX əsrin 20-30-cu illərində də maarifçi realist və tənqidi realist yazıçılar, həmçinin, romantik ədəbiyyatı təmsil edən sənətkarlar yaradıcılıq yollarını davam etdirmişlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış “Müsəlman mühərrir və ədiblər dərnəyi” az sonra “Yaşıl qələm” ədəbi birliyinə çevrilmiş və milli istiqlalçı yaradıcı qüvvələri öz ətrafında birləşdirmişdir. “Türk qanlı, islam imanlı, firəng qiyafəli” yeni insanı yetişdirib formalaşdırmaq “Yaşıl qələm”çilərin əsas amalı idi. “Azərbaycan istiqlalına, milli dövlətə, bayrağa və gerbə, türklük idealına, islami və ümumbəşəri dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii, elmi-publisist, fəlsəfi-tarixi əsərlər bu illərdə yazılmışdır” (A.Bayramoğlu). Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən ideoloqlar: Məmməd Əmin Rəsulzadə (1884-1955), Əlimərdan bəy Topçubaşov (1863-1934), Mirzə Bala Məmmədzadə (1898-1959), Əhməd bəy Ağaoğlu (1869-1939), Üzeyir Hacıbəyli (1885-1948) və başqaları ədəbi prosesin idarə olunmasında və inkişaf etdirilməsində yaxından iştirak edirdilər. Ədəbi prosesdə klassik nəsil yazıçı və şairlərdən Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hadi, Abdulla Şaiq, Əlabbas Müznib və başqalarının yaxından iştirakı ilə yanaşı, cümhuriyyət yazıçılarının - Əhməd Cavad, Əliyusif Rai, Seyid Hüseyn, Ümgülsüm, Cəfər Cabbarlı, Davud, Əli Şövqi, Əmin Abid Gültəkin və başqalarının meydana çıxması qısa müddətdə milli istiqlal ədəbiyyatının yaranıb inkişaf etdirilməsində mühüm rol oynamışdır. Milli istiqlalçılıq, milli-mənəvi dirçəliş mövzularının ədəbiyyatın baş mövzusuna çevrilməsi və yeni ədəbi nəslin formalaşması bu dövr ədəbiyyatının mühüm nailiyyətidir.

 

Təəssüf ki, bir az sonra Azərbaycanda siyasi mühitin bolşeviklərin xeyrinə dəyişməsi ilə əlaqədar olaraq ədəbiyyatda milli istiqlal məsələsi arxa plana keçməli olmuş, mövcud rejimin təzyiqi ilə unutdurulmuşdur. 37-ci illərin qanlı repressiya hadisəsi ilk növbədə milli istiqlalçı ədəbiyyatın yaradıcılarının, eyni zamanda, xalqın azadlığı və ölkədə müstəqil dövlətin qurulmasına xidmət edən tənqidi realizm və romantizm ədəbiyyatını təmsil edənlərin fəaliyyətlərinin faciəli finalına çevrilmişdir. Lakin Azərbaycan ədəbiyyatında milli istiqlal düşüncəsi və tənqidi realizm baxışı yaşamış, romantizm idealları sönməmişdir. XX əsrin əllinci illərində Sovetlər İttifaqında stalinizm epoxasına son qoyulmasından sonra tənqidi realizm və romantizm Azərbaycan ədəbiyyatında fərqli bədii formalarda yenidən bərpa olunmuş, yeni həyatını yaşamışdır.

 

XIX əsrdə başlanan Cənubi Azərbaycan ədəbiyyatı anlayışı XX əsrin əvvəllərində də davam etmiş və artıq tədricən konkret olaraq öz adıyla adlandırılmağa başlamışdır. Mətbuatda işlədilən “Arazın o tayı” ifadələri Cənubi Azərbaycan mənasını bildirmişdir. İranda baş vermiş Səttarxan hərəkatı, məşrutə inqilabı Cənub ədəbiyyatında milli ideyaları qüvvətləndirmişdir. Bu dövrdə Cənubi Azərbaycanda da ədəbiyyat tənqidi realizm, maarifçi realizm və romantizm istiqamətlərində inkişaf etmişdir. Mirzəli Möcüz Şəbüstəri (1873-1934), Bayraməli Abbaszadə (1869-1926), Cabbar Əsgərzadə (1885-1966), Məmmədəli Manafzadə (1888-1940) Cənubi Azərbaycan tənqidi-realist ədəbiyyatının qüdrətli yaradıcıları olaraq Arazın hər iki tayında tanınıb şöhrət qazanmışlar. Hacı Rza Sərraf (1854-1907) maarifçi ədəbiyyat cərəyanının görkəmli xadimlərindən biri kimi ədəbi fikrin inkişafında mühüm yer tutmuşdur. Arazın bu tayındakı yazıçı və şairlərlə yaxın əlaqəsi və əməkdaşlığı olan Səid Səlmasi (1887-1909) o tayda Azərbaycan romantizmini layiqli səviyyədə təmsil etmişdir. Cənubi Azərbaycan yazıçılarının Şimalda yaranan ədəbiyyatla həmrəyliyi və əməkdaşlığı bu dövr ədəbi prosesinin xarakterik xüsusiyyəti olaraq diqqəti cəlb edir. Cənub yazıçı və şairlərinin əksəriyyəti “Molla Nəsrəddin” jurnalı ətrafında birləşmişdilər   ya mollanəsrəddinçi ədəbiyyata yaxın idilər.

 

XX əsrin əvvəllərinin mürəkkəb ictimai-siyasi şəraiti və ölkədə rejimin dəyişilməsi Azərbaycan mühacirət ədəbiyyatına doğru gedən yolu hazırlamışdır. Bu mürəkkəb dövrdə müxtəlif siyasi səbəblərdən ölkəni tərk etməyə məcbur edilmiş ziyalılar az sonra Vətəndən kənarda yaranan Azərbaycan mühacirət ədəbiyyatının ilk örnəklərini meydana qoymuşlar. Azərbaycan siyasi mühacirəti ilk növbədə daha çox Türkiyədə mərkəzləşdiyindən mühacirət ədəbiyyatının “birinci dalğası” da bu ölkədə yaranmışdır. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Almas İldırım XX əsrin əvvəllərində Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının qiymətli örnəklərini meydana qoymuşlar. Siyasi mühacirətin əhatə dairəsi digər Avropa ölkələrini də əhatə etdiyindən mühacirət ədəbiyyatı da geniş coğrafiyada yaranıb inkişaf etdirilmişdir. Məmməd Əmin Rəsulzadə Almaniya, Polşa və Türkiyədə, Ümmül Banu-Banin (1905-1992) Fransada, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli və Yusif Vəzir Çəmənzəminli Fransada, Məhəmməd Əsəd bəy (1905-1942) Almaniya və İtaliyada, Maqsud Şeyxzadə (1908-1967) Özbəkistanda Azərbaycan mühacirət ədəbiyyatını qiymətli əsərlərlə zənginləşdirmişlər. Böyük istedada və geniş dünyagörüşə malik olan Məhəmməd Əsəd bəy mühacirətdə Azərbaycan ədəbiyyatının qiymətli şedevrlərini yaratmışdır.

 

Beləliklə, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı XVIII-XIX əsrlərdə yaranıb inkişaf etmiş milli realist ədəbiyyatı ideya-bədii cəhətdən yekunlaşdırıb kamala çatdırmış, yeni ədəbiyyat hadisəsi səviyyəsinə qaldırmışdır. Buna görə də XX əsrin əvvəllərinin ədəbiyyatı XIX əsr ədəbiyyatı ilə birlikdə həm də yeni dövr Azərbaycan ədəbiyyatı adlandırılır. Bundan başqa, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında milli və demokratik ideyalar bütün qütblərə aid yazıçı və şairlərin yaradıcılığında əsas yer tutduğu üçün bu ədəbiyyat milli-demokratik hərəkat dövrünün ədəbiyyatı kimi də səciyyələndirilir. Bütün bunlarla bərabər, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının dövrləşmə baxımından bu tarixi epoxanın aparıcı ədəbi hərəkatını müəyyənləşdirən tənqidi realizm və romantizm epoxası hesab edilməsi tamamilə məqsədəuyğundur. Qısa zaman müddətində Azərbaycan ədəbiyyatında müxtəlif ədəbi cərəyanların yanaşı və qarşılıqlı əlaqədə fəaliyyətdə olması dövrün ədəbiyyatının ideya-bədii cəhətdən zənginliyini təmin etmişdir. Eyni tarixi mərhələdə  başqa ölkələrin ədəbiyyatlarında da paralel ədəbi cərəyanlar dövrü yaranmışdır. Məsələn, XX əsrin əvvəlləri rus ədəbiyyatında tənqidi realizm, maarifçi realizm, simvolizm, akmeizm və sair ədəbi cərəyanlar yanaşı addımlamışdır. Türkiyədə XIX əsrin axırlarından etibarən, xüsusən XX əsrin əvvəllərində yazıçılar naturalizm, simvolizm, romantizm kimi ədəbi cərəyanların ətrafında cəmləşmişlər. Avropa ədəbiyyatının, xüsusən fransız ədəbiyyatının təsiri ilə bu dövrdə türk ədəbiyyatında “bütün ədəbiyyat akımlarının” (Şüut Kamal Yütkin) təmsilçiləri yetişib formalaşmışdır. Ədəbiyyat nəzəriyyəçilərinin qeyd etdikləri kimi, “konkret epoxanın meydana çıxardığı fikir müxtəlifliyi əsasında sosial şəraitdən asılı olaraq ayrı-ayrı bədii metodların mövcudluğunu formalaşdırır” (L.Timofeyev). XX əsrin əvvəllərinin soçial-siyasi şəraiti ictimai-mədəni vəziyyəti Azərbaycanda eyni tarixi şəraitdə mövcud olan və bir-biri ilə təmasda fəaliyyət göstərən ədəbi cərəyanları doğurmuşdur. Bu, nəinki ədəbi mühitdə mürəkkəblik yaratmamış, hətta ədəbiyyatın inkişafında yeni bir intibaha səbəb olmuşdur. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı çoxəsrlik ədəbiyyatımızın tarixində  müxtəlif ədəbi cərəyanların dinc yanaşı yaşaması ilə tarixə çevrilmişdir.

 

525-ci qəzet.-23 dekabr.-S.12-13.