Qarabağin “canlı şəhid”ləri
ƏZİZ
MÜƏLLİMİM BƏBİR HÜSEYNOVA AÇIQ
MƏKTUB
Firuzə NADİR
Çox
hörmətli Bəbir müəllim!..
İnanıram ki, 85 yaşınıza təbrik məktubumun
sərlövhəsinə görə məndən inciməyəcəksiniz. Elə mən
özüm də Qarabağın “canlı şəhidi”yəm.
Ağdamlı bircə saatım belə yadıma düşəndə
gündə yüz dəfə ölüb-dirilirəm...
İndi ağdamlılarla, qarabağlılarla görüşmək
də mənə çox, çox çətindir. Onların Ağdamsız,
Qarabağsız halını soruşmaq olduqca ağır gəlir
mənə. O bəxtəvər günlərdə
gördüyüm o bəxtəvər insanların, sevinməyə
layiqlilərin gözlərinə çökən kədər
yaman dərindir, yaman qaradır. Bir vaxt qürurları ilə
öyündüyüm o vüqarlı insanları indi dərbədər,
dörd bir yana səpələnmiş,
könlü sınıq, pərişan ovqatda, dərd və
iztirab içində görmək, yanğılı
söz-söhbətlərini eşitmək istəmirəm, Bəbir
müəllim... Acı tale ilə göz-gözə, qəm-qüssəylə
baş-başa yaşayan bu insanların dumanlı, tutqun əhvalı
məni elə Ağdam, Qarabağ nisgili qədər
yandırır... Sizi də o görkəmdə, o əhvalda
görmək ağırdır mənə... Elə ona görə
sizlərlə üz-üzə gəlib kəlmə kəsməkdən
qaçıram... Bəlkə də,
yanılıram. Bilmirəm... Bildiyim odur ki, vaxt gələcək,
bunun peşmançılığını çəkəcəyəm...
Çünki sizlərin - Ağdamın
sayılıb-seçilənlərinin hər biri canlı
tarixdir, salnamədir... Nə isə...
Heç,
vallah, 85 yaşınızın tamam olmağına da
inanmadım, Bəbir müəllim... İnanmadım... Amma illərə
nə var ki! Gün kimi, ay kimi elə çaparaq gəlir ki! Hələ
hər şeyin və hər birimizin hakimi olan zamanı demirəm
- gül kimi vaxtımızı əlimizdən elə
qapır ki!.. O Ağdamlı günlərdə
gördüyüm Bəbir müəllimdi hafizəmdəki:
şux qamətli, ucaboylu, yaraşıqlı... Mərdanəliyi,
kübarlığı, yüksək mədəniyyəti,
alicənablığı, gülümsər çöhrəsi,
bax eləcə də donub göz yaddaşımda. Hətta o Bəbir müəllimin doğma səsi də,
nəzakətli, mülayim danışığı da
qulaqlarımda, səs yaddaşımdadır. Bundan daha əvvəl
isə...
Ağdam
şəhər 8 saylı orta məktəb... İlk müəllimlərimdən
biri də siz idiniz, Bəbir müəllim!
Yadınızdamı, o balaca uşaqlar... Onların
arasındaydım... “Babamız” Leninin dilini
öyrədirdiniz bizə. Amma bir şeyi
indi də anlaya bilmirəm, Universitetin tarix fakültəsini
bitirdiyiniz və yuxarı siniflərdə tarixdən dərs
dediyiniz halda, niyə bizə, məhz rus dilini tədris
edirdiniz? O məktəb də, o sinif də, o uşaqlar
da, o müəllimlər də necə doğma idilər,
Allah! Yaddaşımda ilişib qalan bir də,
bilirsinizmi, nədir? Sizi digər müəllimlərimizdən
seçməyimiz, daha çox istəməyimiz... Əslində, özünüz
qazanmışdınız bu sevgini. Hər birimizə məxsusi
diqqət göstərər, gündəliyimizə elə bəzəkli-düzəkli,
yaraşıqlı “5”lər yazardınız ki! Özü də “5”ləri qırmızı qələmlə
yazardınız. O qırmızı “5”ləri sizdən
almaq üçün necə çalışardıq, necə
canfəşanlıqla oxuyardıq... Özünüzdən
xəbərsiz uşaqlığımızın qəhrəmanına
dönmüşdünüz, Bəbir müəllim. Sevə-sevə
baxdığımız, qürur duyduğumuz, az
qala hər kəlməsini ağappaq beynimizə
yazdığımız qəhrəmanımız...
Sonralar...
Universitetin jurnalistika fakültəsinin tələbəsi kimi
Ağdama təcrübəyə gəlib sizi “Lenin yolu” qəzetinin
baş redaktoru kürsüsündə görəndə necə
sevinmişdim!.. O da yaxşı
yadımdadır ki, qəzetin o balaca, amma olduqca doğma
redaksiyası, nəinki tələbələrin, hətta
Ağdamdan çıxan, taleyini paytaxta bağlayan alimlərin,
yazıçıların, söz adamlarının, hər bir
qələm əhlinin ata ocağı idi, görüş yeri
idi sanki... Kimsə Bakıdan lap elə bir günlüyə
olsa da, Ağdama gəlsəydi, mütləq bu ocağa
baş çəkməmiş geri qayıtmazdı. Xudu Məmmədovu,
Şahmar Əkbərzadəni, Aqil Abbası...
çoxlarını ilk dəfə bu redaksiyada
görmüşdüm...
...Yenə
təcrübədəydik Ağdamda. Və bu təcrübə
də əsl məktəb idi. Həm bizi
sınayırdılar, həm də biz özümüzü
sübut etmək istəyirdik. Bir sözlə,
məsuliyyətimiz böyük idi. Məsuliyyət
də həmişə adamı diqqətli edir. Belə günlərdən birində tələbə
yoldaşım Möhtərəm Rəcəbova (indi
“Respublika” qəzetində işləyir - F.N.) ilə məni
Şuşaya, Turşsudakı pioner düşərgəsinə
yazı hazırlamağa göndərdiniz. Və o
gün, bəlkə də, bir aylıq təcrübəyə
dəydi, çünki...
Turşsuda
Azərbaycanın görkəmli kristalloqraf alimi, böyük
vətənpərvər, Qarabağın erməni əsirliyinə
dözməyib bu dünyadan vaxtsız köç edən Xudu
Məmmədovla, sanballı söz yiyəsi, şair,
“Yığışın, ay ellər, anamız ölüb”
deyə Qarabağa ağı deyən və elə
“Ana”sının həsrəti ilə də
dünyasını dəyişən Şahmar Əkbərzadə,
Ağdamın sayılıb-seçilən
ziyalılarından biri Zeynal Məmmədovla (Allah hər
üçünə rəhmət eləsin!)
görüşdük, bu görüş indiyədək
xatirimdən çıxmır. Onlar da pioner
düşərgəsinə, şagirdlərin
görüşünə gəlmişdilər. Məktəblilərin
istirahəti ilə birgə tanış
olduq. Üstəlik, həmin gün hər birimiz Vətənlə
görüşün xoşbəxt, unudulmaz anlarını
yaşayırdıq - Şuşada, təbiətin bənzərsiz
incilərindən birində... O yerlərin, xüsusən
yaydakı cah-cəlalını təsvir etməyə söz
yetməz... Cavan tələbələr
üçün o böyük insanlarla müsahib olmaq,
onların söz-söhbətini eşitmək də çox
dəyərli idi. Yadımdadır, Xudu müəllim
çox az danışırdı,
çox az... Amma dörd bir yana, hər
ağaca, hər çiçəyə elə həssaslıqla,
heyranlıqla, iftixarla baxırdı ki. Sanki Qarabağın
füsünkarlığını birdəfəlik gözlərinə
hopdurmaq istəyirdi... O, çox sadə insan idi, sadəliyin
parlaq nümunəsi idi, onu ilk dəfə görürdüm və
xarakterində ən çox diqqətimi çəkən də
elə bu sadəlik idi... Həmin gün
böyüklərdən daha çox məktəblilərlə
ünsiyyətdə oldu. Bu sətirləri yaza-yaza Xudu
müəllimin bir fikrini xatırlayır, o ünsiyyətin səbəbini
indi anlayıram: “Uşaqlara Vətəni sevməyi öyrətmək
lazım deyil. Siz onlara Vətəni
tanıdın, özləri sevəcəklər”. O, həmin
gün iki daşın arasında da fürsətdən istifadə
edib uşaqlara Vətəni tanıtmaq istəyirmiş...
Hər
zaman hər yerdə öz millətini, torpağını uca
tutan, xalqını ən yüksək səviyyədə təmsil
edən, sağ ikən klassiklər sırasına düşən,
adı əfsanəyə dönən Xudu müəllim... Onun elmə xidmətlərini isə iki əcnəbi
həmkarının fikri ilə yada salmaq istəyirəm.
Nobel mükafatı laureatı Con Bernal: “Canlı və
cansız təbiəti vəhdətləndirən
böyük alim Xudu Məmmədovdur”. Bu isə akademik
N.V.Belovun fikridir: “Mən Xuduya bir öyrətmişəmsə,
Xududan üç dəfədən çox öyrənmişəm...”
...Şahmar Əkbərzadə isə Xudu müəllimdən
fərqli olaraq o görüşdə də od-alov
püskürürdü. Ana haqqında yazdığı çox məşhur
şeirini də söylədi - “48 ölçüdə
qadın paltarı”. Bu şeirdən sonra
bir müddət özümüzü toparlaya bilmədik.
Bunu nahaq yerə xatırlamıram. Həmin şeiri onu dünyaya gətirib böyüdən
Anasına həsr etmişdi Şahmar Əkbərzadə.
Sonralar, Qarabağın ağrılı günlərində
onun Vətəninə - yaralı, küskün Azərbaycana
yazdığı şeirinə rast gəldim. Şeirin,
sözün gözümdən düşdüyü bir vaxtda
oxuduğum şeir məni yaman tutdu, Bəbir müəllim...
Allah, bu
torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur.
Kəfən
axtarmağa qohum-qardaşı,
Şivən
qoparmağa Anası yoxdur!
Ana torpaq
dedik axı ona biz,
Yığışın, ay ellər, Anamız
ölüb.
Bizə
öz qoynunda yer verənimiz,
Ruzilər
yetirən dünyamız ölüb!..
Təbii ki, bütün bunlar qəzet üçün
gözəl bir oçerkin mövzusu idi. Və ertəsi günü
siz qəzetdə Şuşa səfərimizə
düz bir səhifə ayırdınız, Bəbir müəllim...
Xoşunuza gəlmişdi...
Təcrübəmizlə bağlı bir məqamı da
unuda bilmirəm. Sonda bizə verdiyiniz xasiyyətnaməni də
qırmızı qələmlə
imzalamışdınız, deyəsən, müəllimlikdən
qalma xasiyyətinizi dəyişməmişdiniz...
İndi bilmirəm, necəsiniz, Bəbir müəllim? İllər
sizi çoxmu dəyişib? Onu da bilmirəm... Tək
bir şey mənə gün kimi aydındır: zahiri görkəminiz
dəyişə bilər, ancaq mənəviyyatınız
yox... Bilirəm ki, qələminiz də əlinizdədir.
Demək, 20 illik qəzetçiliyə sadiq
qalmısınız. Müəllim də oldunuz, Ağdam
rayon partiya komitəsində təlimatçı da işlədiniz,
təbliğat və təşviqat şöbəsinin
müdiri vəzifəsini də daşıdınız... Yox, nə vəzifələrinizi, nə ictimai
işlərinizi xatırlatmaq, nə də
mükafatlarınızı, təltiflərinizi sadalamaq fikrindəyəm.
“Susmayan” qələminiz son işinizə daha
çox bağlı olduğunuzu göstərir. Haqlısınız, yazmaya bilməzsiniz.
Gör, nələrin şahidisiniz! Bir redaktor kimi
Ağdamın o qara, müsibətli günlərindəki
jurnalist fədakarlığınız isə elə qəhrəmanlığa
bərabərdir, məncə...
Yazıçılar Birliyinin üzvü, Əməkdar
jurnalist Bəbir Hüseynov. Bu imza yenə mətbuatdadır.
Bu dəfə qaçqın-köçkünlərin
ağrı-acılarını, 6 min şəhid vermiş 160
minlik Ağdamın qan yaddaşını, ağrılı
salnaməsini yazırsınız. Kaş müqəddəs
QƏLƏBƏdən də yazasınız - özü də
qırmızı qələmlə...
...Bu “məktub”da
Şükufə xanımı da sizdən ayırmaq istəmirəm,
Bəbir müəllim. Rayonda hər kəs ailənizi
nümunə sayırdı. Şükufə
xanım Ağdamda, eləcə də ətraf rayonlarda həkim
kimi də, sözün yaxşı mənasında, ad
çıxartmışdı. O qədər insana ata-ana
sevinci, valideyn xoşbəxtliyi bəxş etmişdi ki...
Siz “Lenin yolu” qəzetinin baş redaktoru olanda,
Şükufə xanım Ağdam doğum evinin baş həkimi
idi. Ondan Azərbaycan
radiosunun “Natəvan” qızlar klubuna müsahibə alanda
demişdi ki: “Ana üçün ən böyük səadət
övladlarını bəxtəvər görməkdir...” İndi də qulaqlarımda səslənən bu
sözlər yaddaşımı yandırır.
İnanmıram, indi Şükufə xanım özünə
“bəxtəvər ana” deyə bilsin... Nə yazıq ki,
Ağdamın, yurd yerinin, ev-eşiyin itkisi azmış kimi, 33
yaşlı Gündüzünüzün nakam taleyi,
vaxtsız gedişi də pərəninizi pozdu, bəxtəvərliyinizi
çox gördü sizə... Amma məndən də
yaxşı bilirsiniz ki, bu, göylərin hökmüdür,
pozulmaz yazıdır... Elə isə qoy, 10 nəvədən,
5 nəticədən eşitdiyiniz “baba”, “nənə”
sözü ağrılarınıza məlhəm olsun,
ovundursun sizi...
Və... Ailənizin, Ağdamın, Qarabağın müdrik ağsaqqalı, ləyaqətli ziyalısı Bəbir Hüseynovun 85 yaşı münasibətilə hər ikinizi birgə təbrik edirəm... Bəs sizə nə arzulayım, Bəbir müəllim? Çox şey arzulayardım... Amma inanmıram, sizin könlünüzü ala biləcək nəsə deyə biləm... Təbii ki, Ağdam olsaydı, bu yazı tamam başqa cür yazılardı. İndi özümü o cür yazıya kökləyə bilmirəm... Keçmiş xatirələr solmuş halda yadımıza düşəndə bizi ağlatdığı kimi, Ağdamsız Ağdamlı günlərdən danışmaq da əzablıdır... “Kaş son 24 ildə gördüklərimiz acı bir yuxu olaydı... Sonu xoşbəxtliklə bitən nağıl olaydı...” demək keçir könlümdən... Amma indi nağılları da, elə lap yuxuları da yaxşıya yozmaq çox çətindir, bəlkə də, mümkünsüzdür... Elə isə... Tək Ağdamla qol-boyun görüş arzulayıram sizə, Bəbir müəllim... Onsuz da, bizi vaxtsız tərk edən, ürəyimizi yandırıb-yaxan əzizlərimizlə Tanrı dərgahında mütləq görüşəcəyik... Mən buna çox inanıram... Amma təki bu dünyanı neçə-neçə nəslin güvənc yeri, yurd daşı, xatirə, yaddaş ocağı Ağdamla görüşsüz tərk etməyək. Vətən dərdinin ağrısı çox, çox dözülməzdir...
85 yaşınızın ayağı sayalı
olsun, əziz müəllimim!..
525-ci qəzet.-23 dekabr.-S.21.