Mənalı ömrün qardaş Türkiyə səhifələri

 

UNUDULMAZ AZAD ŞƏRİFOV TÜRKİYƏDƏ VƏ XARİCDƏ ÇALIŞMIŞ İLK AZƏRBAYCANLI SOVET JURNALİSTİ OLUB

 

Namiq ƏHMƏDOV

 

(Əvvəli ötən sayımızda)

 

"Məhəmməd Əminin qəbrini necə ziyarət etdim..."

 

Sonralar Azad müəllimin Türkiyə təəsüratları haqqında "Zerkalo" qəzetində bir yazısı dərc olunmuşdu.

 

O, bu yazıda da deyirdi ki, Türkiyəyə gəldiyim ilk günlərdən jurnalist adım və vəsiqəm mənim üçün əsl xilaskarım olmuşdu. Xüsusi müxbir kimi fəaliyyətimin ilk günlərində yenə də jurnalist marağım məni ADR-in qurucusu Məhəmməd Əmin Rəsulzadənin Ankarada "Əsri" məzarlığındakı qəbrini ziyarət etməyə sövq etdi. SSRİ-nin Ankaradakı səfirliyinin Konsulluq şöbəsinin müdiri, yerlimiz, gözəl insan Rza Məmmədovla bu mövzuda bir xeyli söhbətimiz də olmuşdu. O, mənə diqqətlə qulaq asaraq demişdi:

 

- Hə, o, Ankaranın "Əsri" məzarlığında dəfn olunub, amma biz oraya getmirik. Sən nəyə görə maraqlanırsan ki?

 

- Elə-belə. Bir jurnalist kimi maraqlanıram. Axı bu bizim tariximizdir.

 

Üzümə mənalı-mənalı baxıb dedi:

 

- Bilirsən, Azad, mənə çox xoşdur ki, "İzvestiya" burada mənim yerlim olan jurnalist təmsil edir, amma sən vəziyyəti hələ öyrənməmisən, vəziyyət mürəkkəbdir. Tələsmə, götür-qoy elə. Sənin uğursuzluğun bizim ümumu uğursuzluğumuz ola bilər".

 

Amma Azad müəllim Məhəmməd Əminin qəbrini ziyarət edir, Səməd Ağaoğlunun bələdçiliyi ilə...

 

"Ertəsi gün Rza Məmmədov məni evlərinə kətə yeməyə dəvət etdi. Yoldaşı Sima xanımın bişirdiyi kətələr çox dadlı idi. Rza kətə yeyə-yeyə dedi:

 

- Deyirlər, dünən novxanılı yerlimiz Rəsulzadənin məzarını ziyarət etmisən...

 

Kətə boğazımda qaldı. Beynimdən bir fikir keçdi ki, yəqin səfirlik işçiləri məni güdürlərmiş. Bu fikir hələ başımda dolaşırdı ki, Rza sakitcə dedi: "Türklər sənin maşınını qəbiristanlığın yanında görüblər. Heç olmasa, "bələdçinin" maşını ilə gedəydin".

 

Günlərin birində Türkiyədə nəşr olunan bir qəzet Rza müəllimin sinəsi orden-medallı, polkovnik mundirində bir şəklini vermiş və şəkilin altından da yazmışdılar: "Azəri Rza Məmmədov Rusiyanın casusudur". Həmin şəkil də Rza müəllimin Azərbaycan DTK-sının Gəncə şəhər bölməsinin rəisi işləyərkən çəkilibmiş. Xarici İşlər Nazirliyinin heç bir rəsmi notası və ölkəni tərk etmək tələbi olmasa da, Rza Məmmədov sakitcə Bakıya döndü.

 

"Moskva mənim çoxdan yoldaşlıq etdiyim, yüksək mədəniyyətli, savadlı, ünsiyyətcil Arif Heydərovu (sonralar Heydər Əliyevin dəvəti ilə Azərbaycanın Daxili İşlər naziri təyin olundu) SSRİ-nin Ankaradakı səfirliyinin Konsulluq şöbəsinə müdir göndərdi". General Arif Heydərov haqqında xatirələrində də Azad müəllim bu dəyərli insan haqqında böyük təəssüf və qürur, fəxr hissləri ilə söhbət açır, hətta onun Türkiyə və Sovet münasibətlərində böyük qalmaqallar yarada biləcək bəzi "oçaqları" belə necə söndürdüyündən bir şahid kimi ustalıqla danışır.

 

"O, təcrübəli kəşfiyyatçı idi, uzun müddət Almaniyada və İranda işləmişdi. Bir gün dedi:

 

- Gəl gedək o tarixi tapıntını mənə göstər.

 

Yəqin bunu Rza Məmmədov ona deyibmiş. Birlikdə Məhəmməd Əmin Rəsulzadənin qəbrinin üstünə gedib gül dəstəsi qoyduq. Yolda mənə dedi:

 

- Azad, səndən xahiş edirəm, Bakı turistlərini buraya gətirmə, bütün şəhərə xəbər yayılacaq, xoşagəlməzliklərdən yaxa qurtara bilməyəcəksən. Əslində, mən burada elə bir qəbahət görmürəm. Amma..."

 

Böyük bacarıq və istedad sahibi olan Arif Heydərov qısa müddətdə səfirliyin ən nüfuzlu, ən hörmətli əməkdaşı olur. Elə ilk gündən də həm Azad müəllimin - azad jurnalistin himayədarına çevrilir, həm də məsləhətləri ilə "azad jurnalisti" diplomatiyanın qanunlarına "tabe etdirməyə" çalışır. Azad müəllim bu barədə sonralar çox sakit bir tonda danışaraq deyərdi ki, onun dediklərinə əməl etməyə çalışsam da, bu hər dəfə alınmırdı, daha doğrusu, bəzən jurnalist peşəsindən gələn azadlığım bu vədlərimi pozdururdu.

 

"Respublikamızdan Ankaraya bir qrup ziyalı gəlmişdi. Süleyman Rüstəm də onların arasında idi. Mən onu uşaqlıqdan tanıyırdım. Elə birinci axşam bizim evin qonağı oldu və məndən xahiş etdi ki, onu Məhəmməd Əmin Rəsulzadənin məzarı üstünə aparım. Əlbəttə, mən imtina etməyə çalışdım, dedim, onun məzarının yerini bilmirəm. Qayıtdı ki:

 

- Fikrin nədir, istəyirsən, Bakıya qayıdanda məni doğma Novxanı kəndimə buraxmasınlar?

 

"Davranış" qaydasını pozmalı oldum, onu "Əsri" qəbiristanlığına apardım. Uzun müddət yaşarmış gözünü silə-silə lal-dinməz başdaşının yanında oturdu..."

 

"Bosfor üzərində qağayılar"

 

Azad müəllimin yazı dünyasında isə dünya xəritəsinin hansı məkanları yoxdur, bir az bəlağətli desək, Antraktidadan başqa o, bütün dünyanı oxucusuna gəzdirir. Bu yol Avstriya, Macarıstan, Çexoslovakiya, Böyük Britaniya, Yunanıstan, İraq, Pakistan, İndoneziya, Türkiyə, Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Polşa, Fransa, İtaliya, Hindistan, Filippin, Vyetnam, Kubadan keçir. Bir qismi "Bosfor üzərində qağayılar" kitabında toplanmış bu yazılarda Azad müəllimin dərin müşahidə qabilliyyətinin, hadisələrə müdaxilə şəristəsinin, ümumiyyətlə zəngin bir bir jurnalist olduğun görürsən. Kitabı vərəqlədikcə ürəyimdən keçən bir suala da cavab axtarıram: görəsən, Azad müəllim dünyanın ən böyük və çəkili ölkələri haqqında yazılarının toplandığı bu kitabı niyə "Bosfor üzərində qağayılar" adlandırılıb? Hər halda bu sual ola bilsin ki, müəllifə heç vaxt verilməyib və kitaba təqdimatında da onun bu cavabını görmürük. Amma ürəyimə gələn bir hiss var ki, Azad müəllim bu kitabı tərtib edəndə, ömrünün ən maraqlı səhifələri olan Fransa, Amerika, İndoneziya və sairə xatirələri sırasında qardaş Türkiyəyə verdiyi önəmin və sevginin yeri bambaşqa olmağındadır. Zərrə qədər şübhə etmirəm ki, kitabın "Bosfor üzərində qağayılar" adlandırılması da məhz bu müqəddəslikdən doğur. Mən də bu yazımda kitabın "Bosfor üzərində qağayılar" hissəsinə daha geniş diqqət etməyi planlaşdırdım...

 

Kitabın "Bosfor üzərində qağayılar" adlandırılan bölümü dörd hissədən ibarətdir. 1965-1969-cu illərdə yazılan, müxtəlif mətbuat orqanlarında çap ediləm və kitabda toplum şəklində təqdim edilən bu hissə əsasən Türkiyənin Atatürk zamanından sonrakı keşməkeşli "çevrilişlər tarixinin" ümdə bir hissəsini oxucuya təqdim edir.

 

"Bir az tarixdən" adlanan birinci hissə Türkiyə-Sovet münasibətlərinin tarixindən, bu münasibətlərin qurulmasında Atatürkün və Leninin səylərindən, hətta 1920-ci ilin aprelində Leninin Türk nümayəndə heyətini qəbulundan danışılır. Bir il sonra sovetlərin hərbi və maliyyə yardımından sonra Sakariyada ingilis-yunan hərbi hissələrinin darmadağın edilməsi və bundan sonra İzmirin, İstanbulun düşmənlərdən azad edilməsi maraqlı faktlarla təqdim edilir. 60-cı illərdə uzun bir fasilədən sonra istiləşməkdə olan Türkiyə - Sovet İttifaqının tarixi əlaqələrinə böyük dəyər verilir.

 

"555-k əməliyyatı" ikinci hissənin adıdır. 1960-cı ilin mayında Menderes hökumətinin devrilməsindən, Türkiyə tarixinin ən faciəli səhifələrindən olan bu qanlı hadisəyə gətirən yoldan söhbət açılır. "Yaşasın azadlıq", "Menderesə istefa" şuarları ilə mitinqə başlayan İstanbul Universitetinin tələbələrinin mitinqinə polis müdaxilə edir... Istanbul polisinin rəisi Zəki Şahin rektor Sami Onaradan mitinqi dayandırmağı tələb edir. Rektorun polislərdən universitet ərazisini tərk etmək tələbi, qanunlara görə polisin universitetin daxili işlərinə müdaxilə səlahiyyəti olmadığını bildirməsi hadisələri bir az da qızışdırır. Bir heçə polis rektoru kabinetində ölümcül döyür və maşınla naməlum istiqamətə aparırlar. Bu hadisənin səhəri gün bütün İstanbulu Atatürkün şəklini əllərinə almış və "İstiqlal marşı"nın sədaları ilə hərəkət edən on minlərlə tələbənin mitinqlər dalğası bürüyür. DİN naziri Namık Gedik mitinqi dağıtmağa atlı süvariləri göndərir. Mitinqin ən gur vaxtında prezident Cəlal Bayar və baş nazir Adnan Menderes meydana gəlir, amma onların mitinq iştirakçıları ilə dialoqu baş tutmur. Mitinq iştirakçıları onları danışmağa belə qoymurlar. Baş nazir təcili orduda təmizləmə işlərinə qərar verir, amma qərar həyata keçmir. Artıq Ankara və İstanbul qarnizonlarına hökumət və dövlət binasını tutmaq əmri verilmiş, 27 may səhər tezdən, Demokrat Partiyasının rəhbərləri olan prezident Cəlal Bayar, baş nazir Adnan Menderes başda olmaqla bütün hökumət həbs edilmişdi. Hətta ölkəni tərk etmək istəyən hökumət nümayəndələri təyyarə meydanlarında, dəniz limanlarında saxlanaraq ölkənin idarəsini ələ almış ordu hakimiyyətinə təslim edilməkdə idi. Sonra isə amansız və qanlı ittihamlar dalğası gəlirdi... Bu olayları müəllif iki nəfərin söhbəti kimi təqdim edir. Əlbəttə, bir sovet jurnalistinin bu çevriliş hadisəsini bü cür təqdim etməsi, heç şübhəsiz ki, dövrün tələblərindən gəlirdi. Ola bilsin ki, müəllif söylədiklərini kiminsə dilindən yox, öz mülahizələri kimi təqdim etsəydi, bu dövlətlərarası bir "skandala" da çevrilə bilərdi.

 

"Bosforda "Sonalar gölü" adlanan 3-cü hissə "Türkiyə Tələbələri Milli Federasiyası"nın sədri Yazman Duyğunun İstanbulun proqressiv qəzetlərindən birində jurnalist olan atası ilə söhbəti ilə başlayır. Türkiyənin vaxtı ilə Rusiyadan hərbi kömək alması, Atatürk haqqında rusların fikirləri hörmətlə qeyd edilir. İncəsənət xadimlərindən ibarət Sovet nümayəndə heyətinin dəvətinə razılığın olması, amma sonradan dost adlandırdığı "Amerika tələbələri Milli İttifaqı"nın bu məsələyə təpki göstərməsi, çıxış üçün yer ayrılmaması, afişaların çapına qadağalar, polisin müdaxiləsi və ən nəhayət tədbir təşkilatçısının avtomobil qəzasında qətlə yetirilməsi yazının giriş hissəsidir.

 

Bakı Opera teatrının və Kiyev Balet teatrının gənc solitlərinin zahirən çox qonaqpərvər, amma seziləcək qədər şübhələr dolu qarşılanma mərasimini təqdim edən və tədbir təşkilatçısı Yazman Duyğunun faciəli ölümünü eşidən müəllif (Azad Şərifov) böyük bir təəssüf hissi ilə qeyd edir ki, bu mənim Türkiyə ilə ilk görüşüm idi. Tələbə yataqxanasında yerləşdirilən nümayəndələrin türk tələbələrlə görüşləri, Sovetlər haqqında məlumatsızlıq yazının mövzusuna çevrilib. Hətta bildirilir ki, türklər futbolçulardan və kosmanavt Yuri Qaqarindən başqa bir kimsəni tanımır, sovet təhsil, səhiyyə sistemindən, həyat tərzindən elementar məlumatlarının olmadığı bəzi maraqlı faktların təqdimatı ilə ortaya qoyulur. Səfər çərçivəsində Zeynəb Xanlarovanın və Lütfiyar İmanovun ifalarının, üç saat davam edən konsertlərini böyük alqışlarla qarşılanması, hətta səfərin təşkilatçısı olan və buna görə "təsadüfü" bir maşın qəzasının qurbanı olan Yazman Duyğunun qəbrinin ziyarəti kimi notlar mövzunu daha da doğmalaşdırır.

 

Erməni yalanlarına qarşı...

 

Azad Şərifov 1980-ci illərin axırlarında "Azərinform" dövlət agentliyin baş direktoru təyin edilir. Onun rəhbərliyi dövründə Azərbaycan jurnalistləri istər Ermənistan və Rusiya KİV-ləri, istərsə də xarici mətbuat tərəfindən cəlb edilən informasiya müharibəsinə qoşuldu. Bu müharibədə düşmənə layiqli cavab vermək kimi mühüm bir vəzifəni öhdəyə götürməklə, ermənilərin ölkəmiz və xalqımız haqqında yaydığı yalana qarşı mübarizənin önündə "Azərinform" və onun baş direktoru gedirdi. O dövrün ən populyar qəzetlərini atüstü vərəqləmək də bəs edir ki, Azad müəllimin fədakar əməyinin, ağıllı mühakimələrinin, ən müxtəlif dairələrə, o cümlədən, ümumittifaq rəhbərliyinə və mətbuatına səriştəli, arqumentli cavabları ilə tanış olasan. Hətta cəsarətlə demək olar ki, erməni vandalizminin və terrorunun iç üzünü açıb ortaya qoyan ən dəyərli yazıların və təqdimatların altında Azad Şərifovun imzası dururdu.

 

Azad Şərifov bu agentlikdə işlədiyi dörd ilə yaxın dövrdə 250-dən çox məqalə, təkzib, replika, felyeton və başqa materiallar yazmış və çap etdirmişdi. Onun rəhbərliyi ilə agentliyin jurnalistləri Azərbaycan, rus və ingilis dillərində erməni terrorizmini ifşa edən bir sıra kitablar və fotoalbomlar hazırlamışdılar. 1992-ci ilə kimi Azərinformun baş direktoru, sonra isə siyasi icmalçısı vəzifələrində çalışmış, "Mahnı qəlblərə yol açdı", "Nuxa", "Mavi gəminin kapitanı", "Elan olunmamış müharibə - Azərbaycan əhalisinə qarşı erməni soyqırımı", "Erməni terrorizmi", "İnformasiya blokadasının yarılması" və s. kitabları ilə ictimaiyyətin diqqət mərkəzində olmuşdu.

 

Onun cəmiyyət qarşısında olan təmənnasız xidmətləri və jurnalistika sahəsində ədəbi-ictimai fəaliyyəti Qırmızı Əmək Bayrağı, iki dəfə "Şərəf Nişanı" ordenləri ilə dəyərləndirilmişdi. Əməkdar jurnalist fəxri adını almışdır. "Mediamızın ağsaqqallarından biri kimi öz dərin təcrübəsini gənc  jurnalistlərə də həvəslə öyrətmiş, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəməmişdi. Təbiətən təvazökar, saxta təkəbbürdən uzaq bir insan olan Azad Şərifov 2009-cu ilin dekabrında 79 yaşında vəfat etdi.

 

İstedadlı yazıçı-publisist kimi tanınan, təvazökar, səmimi insan olan Azad Şərifovun işıqlı xatirəsi qələm yoldaşlarının, minlərlə oxucularının və onu tanıyanların qəlbində yaşamaqdadır.

 

P.S. Sadə və təvazökar bir ziyalı, həm də ali bir insan olan Azad Şərif haqqında bəlkə də daha yaxşı və daha çox yazmaq olardı. Ən azı mənim "Azərinform"un Naxçıvan müxbiri kimi fəaliyyətim və vaxtilə uzaqlaşdığım jurnalistikaya qayıdışım bu insanın adı ilə bağlıdır. Onun təkcə yaradıcı bir jurnalist kimi yox, həm də bir rəhbər kimi mövqeyi, işçilərlə münasibəti və inamı olduqca maraq doğuran məsələlərdir. Əminəm ki, o dövrdə onunla çalışan Şamil Şahməmmədov, Fikrət Sadıqov, Əflatun Amaşov, Aslan Aslanov, Elman Qədirov, Vaqif Musayev, Cavid Xaspoladov kimi dəyərli həmkarlarımın hər birinin yaddaşında o, ən xoş xatirələrlə yaşamaqdadır.

 

Sonda bu yazının ortaya çıxmasına Azad müəllim haqqında kiçik bir söhbəti ilə səbəbkar olan Bakı Dövlət Universitetinin kafedra müdiri Elmira xanım Fərəcullayevaya təşəkkürlərimi bildirirəm.

 

525-ci qəzet 2017.- 26 dekabr.- S.8.