Yarpaq tökümüyaxud düşüncələrim...

 

İmamverdi İSMAYILOV

 

Təsəlli - bəzən saman çöpü olsa da, gərəklidir...

 

Çox bar gətirən ağac da yükünü saxlaya bilmir...

 

Sınan səni sındıran göz yaşlarını hər adama göstərməzlər...

 

Duasız qazanc tez qeybə çəkilər

 

Üzünə açıq olan qapı taleyinə bağlı ola bilər

 

MƏrhƏmƏti - qarşı tərəf istəmirsə, xeyri...

 

Dağ çəkilən qəlbi dağ havası da ovuda bilməyəcək

 

Hayına gələn ayrıdır, haqqına yetən ayrı

 

Əyən yükün bəlası əyilən tərəfdədir, düzgün yanaş...

 

Zəhmətsiz gələn tərin heç xoş xəbərlə gəlmir

 

Əhvalın təlx olanda - Bal da ləzzət eləmir

 

Aldadılan insanın qəzəbi sərhəd bilməz

 

Niyyətin əyridirsə, əməlin güc gətirməyəcək

 

TƏlƏskƏn adam dinclik bilməz

 

İki insan eyni cür addımlaya bilməyəcək - ritmləri , ayaq səsləri - hərə bir cürdür

 

Qazancın çoxaldıqca səni dinc qoymayacaq, dartıb arxasınca aparacaq...

 

Tələsmə, qoy, soyusun!..

 

Əkdiyin ağacın budağı ilə səni döysələr, ən ağır zərbə almış olarsan yarası da heç zaman sağalmaz

 

Böyüklüyünü sənə edilən təzimdə axtarma

 

vərəq Tarix deyil heç nəyə şahidlik etməyəcək

 

İçindəki qəzəb selin təkcə sənin ziyanınadır...

 

Hər şeyin çoxluğu insana ancaq fəlakət gətirər

 

Dərdi gətirən , dərmanı yaradan da bəşər övladıdır - sənin yanındakıdır...

 

Qarğış - hiddət hikkənin ifadəsi

 

Müxtəlif dili olan adam axırda elə dilinnən bəlaya düşüb ilişəcək

 

Rəngləri çox tündləşdirmə!..

 

Boş cibə qoyduğun əl səni varlı kasıb göstərməyəcək

 

Təkəbbürlü insan ətrafını tez bezdirəcək

 

KövrƏklik yaxşı şeydir, amma gəlib gedənəcən səni üzəcək

 

Dualar da imkanın qədər gətirə bilər.

 

Oyna, oyna, bir qurtaran yerin olacaq, ya yox?!

 

Başın-gözün, saçın-saqqalın ağarıb, qulağın da saralıb - əcəl zəngindir...

 

Gözlərinin dərinliyindəki kədəri heç göz yaşların da yuyub apara bilməyəcək

 

XƏzan səsi - təbiətin "ölüm simfoniyası..."

 

Ölümdən sonra birinin varı qalır, birinin adı: bir-birini yaşadırlar

 

Elə et ki, duaların eşidilən olsun!..

 

Hamısını qamarlama - hamısı sənin deyil!..

 

Pul örtən gözü heç açmayacaq!..

 

Harınlıq - əlacı olmayan xəstəlik...

 

Əlini qısma, ürəyini !..

 

Özünü çox öyrəşdirmə!..

 

Səslərin ritmini ürək özü müəyyənləşdirir

 

Hər dilin öz duası var

 

Gözlərinin dərinliyində gizlənən bəlanın əlacı kimin əlindədir görəsən?!

 

Bu ölüm kimi çox yandıracaq - kaş bunu qabaqcadan bilmək olaydı!..

 

Gülüşün şitliyi - münasibətlərdə çat yaradar...

 

Damarın yolunu tutan - yağlı tikələrdir, bir "yağlı hikkələr..."

 

Açılan qəlbinə kim girə biləcək - əsas məsələ budur..

 

Özünü yerişinlə göstərmə!..

 

Ümidlər çiçəkləyəndə insan coşar

 

ƏqrƏblƏr dayana bilər irəli gedə bilər - geriyə yol yoxdur

 

Dön bir bax: dalınca gələn nədir kimdir?!

 

Qara fikirlər insanın içində əsər - ölüm küləkləridir...

 

Səbrini bassan, zaman sənin xeyrinə işləyəcək...

 

Şuxluğun yoxsa, yəhərə minmə!..

 

Çətin yükün şərəfi var

 

Dağın yanında dayanmaqla dağ ola bilməyəcək...

 

Taqətli insan qamətli olar...

 

Boynun əyilsə , belin əyilməsin!..

 

Əlini açıb diləyəndə səxavətlinin qapısını döy

 

Sönən qəlbin işığını kim yandıracaq?

 

Atın yüyənini öz əlində saxla!..

 

Qalxanı qaldırmağın da, qılıncı vurmağın da vaxtı-vədəsində...

 

Qan gələn yaranı tez bağla...

 

Naümid yerdə ümid axtarmazlar...

 

QƏlbinƏ şeytanı buraxsan da, elə sən özünsən

 

Ətəyindən tutub fırlandığın taleyin gərdişinə bir bax?!

 

Dözümlü ol, səbirli ol - uduş sənindir...

 

Qalın insanın qapısı hər şeyə bağlıdır, hətta xəstəliyə ...

 

Barmaqlarını gözdən çıxart,  dodaqlarını qabdan

 

ÜrƏk döyüntüləri - ətrafın ətrafdakıların ritmləridir

 

Yatdın, vaxtı satdın...

 

Tələsik yarımçıq yığılmış tayanın aqibəti necə olacaq?!

 

Maşını tormozlaya bilirsən, özünü yox

 

Gedən canındır, qalan əməlin...

 

O boyda GünƏş qüruba gedir... Sən kimsən ki?!

 

Ata bildiyin daşı götür...

 

Bəşər övladı Allahın qarışqası qədər də düzlənə bilmir

 

Qışqırma, qışqıracaqlar

 

Bəd əməlin bədəlini nə vaxtsa ödəyəcəksən...

 

İçindəki Şeytanı kim qovacaq?!

 

Əzrayılı da  qarşılamağı bacarmaq lazımdır

 

Dədəm deyərdi ki, bala, sən hələ əlinlə it qoruyub, arxanla qapı açmamısan

 

Odla suyun arasında işin vardı ki?!

 

Əbləhlərin əməli gendən gəlir

 

Qoltuğundakı qarpızı sən kəsməsən , kəsəcəklər

 

Xoruzun banlaması nədən səni belə təəccübləndirdi?!

 

Bütün canlılar həvirləşəndə birlik yaranır, insan həvirləşəndə qudurğanlıq

 

Əzablar - qəzəbli olar sərhəd tanımaz

 

Hər bir insanın yerişi - öz həyatının, yaşam tərzinin ritmləridir...

 

Solaxay adam düz gətirməz...

 

Tərpən, qalx, yeri - ölü qalma!..

 

525-ci qəzet.-2017.-26 dekabr.-S.8.