Bəbir Hüseynov: 85
yaşın işığında
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Əməkdar
jurnalist, "Qızıl
qələm" mükafatı
laureatı Bəbir Hüseynovun 85 yaşı
tamam olur.
1932-ci ilin dekabrın
26-da Ağdamın Novruzlu
kəndində dünyaya
göz açan qocaman jurnalistin mətbuata gəlişi bir qədər dolaşıq yollardan keçib. Doğulub boya-başa çatdığı
kənddə 7 illik məktəbi bitirdikdən
sonra Bəbir müəllim Ağdam Pedaqoji məktəbində
təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin
(red: indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olunub, tarix müəllimi və ictimaiyyətçi
ixtisasına yiyələnib.
Təhsil aldığı dövrdən öz yaşıdlarından fəallığı
ilə fərqlənən
Bəbir müəllim
məktəbdə tarix
müəllimi, daha sonra yerli komitə
sədri, partiya təşkilat katibi kimi məsul vəzifələrdə çalışıb.
1979-cu ildən isə jurnalistika sahəsindəki fəaliyyət
dövrü başlayıb.
Həmin
ildən etibarən Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinin redaktoru vəzifəsində işləyib.
Yüksək təşkilatçılıq
qabiliyyətinə malik
olan Bəbir müəllim qısa müddət ərzində
yaradıcı gəncləri
bir araya toplayaraq qəzetin fəaliyyətində yeni
cığır açmağa
nail olub. Ağdamın mövcud problemlərinin
həlli, yeni nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi,
milli mənlik şüurunun inkişaf etdirilməsini qəzetin səhifələrinin daimi
mövzularına çevirib.
Dostları, həmkarları Bəbir müəllim haqqında danışarkən ilk növbədə
uğurlu təşkilatçılıq,
novator idarəçilik
keyfiyyətlərinə toxunur,
doğma torpağın
problemlərinə olduqca
həssas yanaşan insan kimi xarakterizə
edirlər. Qocaman jurnalist həyat
və yaradıcılığına
işıq tutduğu
"Ömrümdən qalan
izlər" kitabında
onunla bağlı çoxsaylı xoş xatirə yazılarına rast gəlmək olar.
Bakı
Dövlət Universitetinin
professoru Cahangir Məmmədli qeyd edib ki, Bəbir
müəllim işində
həmişə birinci
olub: "Onu məktəbdən qoparıb
Ağdam Rayon Partiya
Komitəsinə işə
qoyublar. Bir az da keçib və Bəbir müəllimin jurnalist yaradıcılığı
üzə çıxıb.
Onu Ağdamda nəşr olunan "Lenin
yolu" qəzetinə
redaktor təyin ediblər... Bəbir müəllimin redaktor
olduğu qəzet mənə də doğma idi. Bu qəzeti müntəzəm
oxuyurdum. Çünki nəşrin mövzu dünyası, janrları çoxşaxəli olurdu,
dili və üslubu Azərbaycan ədəbi dilinin qaydaları əsasında
idi. Həmişə
hiss olunurdu ki, bu qəzetə jurnalistikanı fəhmlə
bilən, Qarabağın,
doğma Ağdamın
problemləri ilə yaşayan vətəndaş,
bir insan rəhbərlik edir".
Filologiya
elmləri namizədi,
nasir Sadıq Murtuzayev Bəbir müəllim haqqında danışarkən qeyd edib ki, o, müdrikliyi
ilə seçilən
bir ziyalı kimi dövlətçiliyə
sadiq bir adamdır: "Cəmiyyətin
böyük təbliğatçısı
olan mətbuat orqanına bacarıqla rəhbərlik edirdi, onun və kollektivin
nüfuzunu qoruyub saxlaya bilirdi. Çox ziddiyyətli məqamlarda belə, öz təmkinini itirməz və bu da həmin
ziddiyyətləri aradan
qaldırmağın həlledici
faktoruna çevrilirdi...
Qətiyyətlə təsdiq edə
bilərəm ki, Bəbir müəllim ləyaqətli davranışları,
təvazökarlığı, təmizliyi, mədəniyyəti,
heç bir dedi-qoduya məhəl qoymaması, yeri gələndə prinsipial
mövqeyi ilə rayonda irada tuş
gəlməyən çox
nadir adamlardan idi".
Bəbir
müəllimin polad kimi möhkəm, həm də çiçək qədər
incə və həssas qəlbə sahib
olduğunu deyən Əməkdar jurnalist Ziyəddin Sultanovsa yubilyar haqqında bildirib ki, ixtisasca
jurnalist olmasa da, təxminən 20 il rayonda çıxan
"Lenin yolu" - "Ağdam"
qəzetinə böyük
səriştə və
bacarıqla rəhbərlik
edib.
Z.Sultanov
hesab edir ki, Bəbir Hüseynov ruhən, fitrən jurnalist, yaradıcı, qurucu və təşkilatçıdır:
"Onun mətbu orqanda redaktor kimi fəaliyyətə başlamasından sonra qəzetin səhifələrinə
aktual və rəngarəng mövzular
gəlib, maraqlı
forma axtarışları aparılıb,
yazıların dili və üslubu canlı, aydın və dinamik olub. Həmin illər Bəbir müəllim əldə etdiyi ciddi yaradıcılıq
uğurlarına görə,
respublikanın Əməkdar
jurnalisti adına
layiq görülüb".
"Qarabağa doğru yol" qəzetinin baş redaktoru Əli Mahmud ilk növbədə
onun insani keyfiyyətlərinə toxunub:
"Bəbir müəllim
səmimi insandır. Həyatın gediş-gəlişini düşünən, sözünün
yerini bilən, qayğıkeş, mümkün
qədər hamıya,
hər kəsə hörmət etməyə,
ehtiram göstərməyə
çalışan adamdır".
Ə.Mahmud qeyd edib ki, Bəbir müəllim milli məsələlərdə çox
inadkardır: "O, öz
həqiqətlərimizi heç
bir marağa dəyişən deyil. Bu da təbii
ki, onun yurda, millətə, vətənə bağlılığının
açıq təzahürüdür".
Yazıçı-publisist Xanış Məmmədova görə,
Bəbir Hüseynov ağır oturub, batman gələn, gözütox,
əli təmiz, sözü kəsərli,
alicənab şəxsiyyətdir:
"O, hamının dərdinə
şərik olub mərhəmətini əsirgəməyəndir".
Bəbir
müəllimin tələbkarlığı
və təşkilatçılığı
ilə həmişə
fərqləndiyini deyən
X.Məmmədov qeyd edib ki, adam var, onu vəzifə şərəfi tanıdır,
adam da var,
vəzifəyə şərəf
gətirir: "Bəbir
müəllim, həqiqətən
vəzifəyə şərəf
gətirənlərdəndir".
Tibb elmləri namizədi, həkim-kardioloq Məmməd
Məmmədov Bəbir
müəllimi orijinal
adam adlandırıb:
"Qanı durulmaz, bulanıq ürək sahiblərindən fərqli
olaraq bütün gücü, ruhu aləmi, hissləri, əməlləri, arzu və istəkləri ilə doğma xalqına bağlı olduğunu sübut edib. Bəbir müəllim bayağı
və yarımçıq
yaşamağa öyrəşməyən
dağvüqarlı, məğrur
insandır. Ağıllı, dərin hikmətli, mənalı və məzmunlu məsləhətləri
ilə insan şüurunun sağlamlaşdırılmasına
xidmət edir. Bəbir müəllim əsl xalq ziyalısıdır".
Azərbaycan Auditorlar Palatasının
üzvü İbiş
Əliyev isə deyib ki, Bəbir
müəllim alicənablığı,
təvazökarlığı, mədəniyyəti, insanpərvərliyi
və digər yüksək keyfiyyətləri
ilə başqalarından
həmişə fərqlənib:
"Belə keyfiyyətlərinə
görə Bəbir müəllim insanların
ürəyində özünə
əbədi məskən
salan, rayon ictimaiyyəti
arasında dərin hörmət və nüfuza malik şəxsiyyətdir".
Ömrünün 30 ilindən çoxunu mətbuata həsr edən Bəbir Hüseynov Qarabağa qarşı erməni təcavüzünün yeni dalğasının başlandığı dövrdən onların alçaq niyyətlərinin ifşası, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində silsilə yazılarla çıxış edib. 1990-cı ildə mətbu orqanın adının dəyişdirilməsindən sonra dağılmaqda olan Sovet İttifaqında Ermənistanın işğalçı hücumlarına məruz qalan Azərbaycanda düşmənlə ikinci cəbhədə - informasiya məkanında mübarizə aparanlardan biri də "Ağdam" qəzeti idi. Həm də bu cəbhə müharibə meydanından uzaqda deyildi. 1993-cü ildə Ağdam Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan "Ağdam" qəzetinin, o cümlədən, Bəbir Hüseynovun köçkünlük həyatı başlayıb. Ona görə də yubileyi ərəfəsində qocaman jurnalistdən ən böyük arzusunun nə olduğunu soruşmağa ehtiyac duymadıq. Çünki qəlbi doğma torpaq, el-oba həsrəti ilə döyünən qarabağlı kimi, şübhəsiz, Bəbir müəlimin də ən böyük arzusu erməni vəhşiliyinə son qoyulması və ata yurdu - Ağdama qayıtmaqdır...
Ceyhun ABASOV
525-ci qəzet.-2017.-26 dekabr.-S.5.