Mən niyə şair ola bilmədim...

 

İstədim bu yazını belə başlayam ki, bir vaxtlar mən şeir yazırdım. Ancaq gördüm belə düz alınmır, adama deyərlər bəs oldu, indi niyə yazmırsan?

 

Bunu başqa sənətin, peşənin adamı deyə bilər. Misal üçün, dülgər deyər, bir vaxtlar qapı, pəncərə düzəldərdim, bənna deyər divar hörüb ev tikərdim, nalbənd deyər at nallayardım, bunun üçün isə gərəkdir ki, bir allah bəndəsi dülgərə deyə: - Mənə qapı, pəncərə düzəlt; bənnaya deyə: - Mənə ev tik; nalbəndə deyə: - Zəhmət olmasa, mənim bu atımı nalla... Şair ilaxır... Amma şeir yazmağı Allahın bəndəsi demir, Allah özü deyir. Allahın dediyi sözü isə yazmamaq əvvala günahdı, ikincisi Allah ki, bir bəndəsinin beyninəmi, qəlbinəmi, ruhunamı bir fikriyüklədionu dilinin, yaxud barmağının ucunda sözə çevirməyən adama Allahın qəzəbi tutar, onu sevdiyi insanların siyahısından çıxardar. İnsafən deyim ki, bu siyahıya adımın salınmamasında mənim özümün Allahıma az köməyim dəyməyib. vaxt deyib, yazmışam, gecə deyib, gecə yazmışam, gündüz deyib, gündüz yazmışam, ancaq xoşbəxtlikdən yazdıqlarımı üzə çıxardıb onun siyahısında yer olmağa can atmamışam, utanmışam. Çünki Allahın siyahısındakı sevib-seçdiyi bəndələrdən Nazim Hikmətlə, Rəsul Rza ilə, Mayakovski ilə, Əli Kərimlə tanışlığım çox erkən yaşlarımdan başlayıb onların yazdıqları mənim ruhumda, dilimdə, hətta barmaqlarımın ucunda elə bir dad yaratmışdı ki, bu dadı başqa sözün dadına, illah da ki, öz yazdıqlarımın dadına dəyişə bilmirdim.

 

Günlərin bir günü Allahın siyahısında özümü görmədiyimə, yazdıqlarımı üzə çıxartmadığıma qədər sevindiyimi məndən qabaq Allahım özü gördü: Ramiz Müskanlı adlı cavan bir oğlanın nazik üzlü, balaca bir kitabı çıxdı mən o kitabı alıb Filarmoniyanın bağında oxudum, qayıdıb bir oxudum min dəfə, milyon dəfə yaradanıma şükür elədim ki, yaxşı yazdıqlarıma şeir deyib üzə çıxartmamışam.

 

Bilirəm, indi bu sətirləri oxuyub fikirləşəcəksiniz ki, o boyda SÖZ ALLAHLARININ yazdıqlarını oxuyub yenə yazmısan, yazmağı özünə qadağan eləməmisən, cavan bir oğlanın balaca bir kitabı isə...

 

Doğru fikirləşirsiniz. Məsələ burasındadır ki, adlarını çəkdiyim söz Allahlarından Rəsul Rza ilə Əli Kərim dipdiri gözümün qabağında olsalar da, Allahın onların vasitəsilə bizlərə göndərdiyi sözləri-şeirləri təptəzə - Allahın nəfəsini hiss eləyə-eləyə oxusam da, bəzən öz səsləri ilə eşitsəm , sirr idisə, Allahın sözündən çıxa bilmirdim... o deyirdi, mən yazırdım...

 

Bu cavan oğlanın bu balaca kitabı isə məni Allahıma qarşı üsyana qaldırdı, dedi eşitmədim, eşitdiklərimi yazmadım, yazdıqlarımı isə üzə çıxartmadım... bir sözlə, adımın Yaradanımızın sevib-seçib ŞAİR elədiyi insanların siyahısına düşməsindən imtina elədim. Hələ üstəlik bir az incidim o BÖYÜK YARADANDAN. Dedim, yaşdaşıq, bir şəhərdə yaşayırıq, eyni küçələrdə gəzib dolanırıq, eyni havadan uduruq, çox vaxt eyni hadisələrin içində oluruq, eyni sözləri, söhbətləri eşidirik, bəs necə olur ona bir söz deyirsən, mənə başqa söz, yoxsa SƏNİN dediklərini mən yaxşı eşitmirəm, düzgün başa düşmürəm... bilim vallah, indi günah səndədirmi, məndədirmi deyə bilmərəm, bircə onu bilirəm ki, o cavan oğlan kimi yaza bilmədiyim üçün daha yazmayacam, üz vurma... 

 

Bugünlərdə bir vaxtlar yazdıqlarımı vərəqləyirdim, gözüm hekayələrimin, publisistik yazılarımın çap olunduğu qəzetlərin, jurnalların arasında qaranlıqda sapsarı saralmış, 45 ildən artıq bundan irəli yazdığım şeirlərə sataşdı. Götürüb oxudum bu qərara gəldim ki, Ramiz Rövşən daxil olmaqla Allahın sözünü biz insanlara çatdıran bütün şairlərdən üzr istəyib onlardan bəzilərini qaranlıqdan işığa çıxardım...

 

Çap eləyən sağ olsun, eləməyən , oxuyan da sağ olsun, oxumayan da, bəyənən sağ olsun, bəyənməyən ... edim, olanım budu.

 

Təsəllim isə budur ki, bu yazılara görə heç kim 71 yaşlı bir qocaya ŞAİR deməyəcək...

 

İnqilab HƏSƏNLİ

05.12.2017

 

Bəxtəvər Murovun başına...

 

Sevgi nəğmələri

 

Birinci nəğmə

 

Qonşu qızlar

xəbər apardılar

bu otaqdan o otağa.

Bir ana sevinci

öpüş-öpüş

dodaqlarına

hopdu qızların.

Bir ata vüqarı

çiyninə aldı

otağımızın tavanını,

qoluna girdi Murovun -

dayaq durdu dağa.

Neçə barmaq tuşlandı bizə -

yeni tayfa tapmış səyyahın

xəritəyə uzanan çubuğu kimi.

- Filankəsdir ey...

filankəsin

qızına vurulub.

Yerişimi oğurladı

sənə tuşlanan barmaqlar,

filankəsin oğlu

dəli olub ey...

dəli

bunun dərdindən.

Əli əlimə dəyməyən

ayağıyla açdı qapımızı

guya ərk edir.

hər gələn başladı

səni mənə tanıtmağa

guya səni

məndən yaxşı dərk edir.

Hələ sən sevinirdin

gülüm, mən,

bir Murov sevinirdi,

bəxtəvər Murovun başına -

özünə arxa tapıb!!!

 

İkinci nəğmə

 

Nəhəng bir linzaya dönüb,

kardonlu pəncərəm

otağıma daşıyır

Günəşi -

yaman işıqlaşıb

otağım.

Hər gecə gəlmə, quzum,

axı,

çox narahatdır

yatağım.

...Bircə baxış yükü

təbəssüm axmayıb

gözlərindən

 gözlərimə.

Amma

hər gecə

qəhqəhəli gülüşlərinlə

 sığal çəkirsən

yuxulu,

yumulu gözlərimə.

Neçə kərə

sahil boyu

qova-qova səni

çarpayıdan yıxılmışam yerə.

Yazıq anam:

elə bilir

qara basıroğlunu.

Hər gecə bərk-bərk

basdırır sağımı-solumu

yenə yıxılıram.

Eh...

çarpayıdan yıxılmaqdan

qorxmuram!

 

Üçüncü nəğmə

 

Dəstəyi qırılmış

telefon kimi

qoparıb atdın

ürəyimdən

özün-özünü.

Tikmə yollarıma gözünü,

gəlməyəcəyəm!..

köhnə dünyama

qayıda bilirəm,

təzə dünyamda

yerim var artıq.

Salamat qal

yuxulu çarpayım,

salamat qal!

Mən gedirəm,

eni dünya axtarmağa...

Sənsə

Eh... e...y...Murov!

dayağı ol,

sənə dayaq duranın,

qoyma büdrəsin

yoxsa

sən özün

yıxılarsan!

 

Naməlum əsgərin məzarı önündə

 

Müharibədə qəhrəmancasına həlak olmuşlara

 

sinə döyüb

saç yoldular,

yaşıl bir söyüdün

qol-budağını doğradılar.

Oturub bir az

sakit-sakit ağladılar.

kövrək,

qərib bir bayatı

oxundu.

bir matəm marşı

çalındı

məzarıstan yolunda.

Düşmən gülləsi

azalsın deyə

neçə mərmi,

neçə qəlpə apardı

o özüylə bu dünya dan

ayağımda

       ürəyimdə,

          qolunda...

Hardasa naməlum bir

əsgər qəbri var,

dəstə-dəstə,

qucaq-qucaq gül qoyurlar üstünə.

Hardasa, üçgünc

qara bir xəbərə bükülüb

məlum bir ər yatır

sığınıb,

arvadının köksünə.

vaxtsa öləcək...

 

lll

 

Dəniz olmaq istəyirəm

 

Dəniz olmaq istəyirəm

bir şərtlə ki,

hərə bir yelkənli qayıqda

qonağım ola.

Qabardam sinəmi

dalğa-dalğa,

atam qayıqları

sahilimdən üç gün boyu

uzağa.

yaxşı olardı,

onda görərdik

kimin gücü,

        cürəti çatır

yaşamağa.

Bəs sonra?

Sonra sahildə bir işıq

olmaq istəyirəm -

dənizdə azanların

gözündən tutub

sahilə çıxarmağa.

 

525-ci qəzet.-2017.-30 dekabr.-S.23.