Tofiq Quliyevin “Könül nəğmələri” səslənib

 

Yanvarın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr edilən "Könül nəğmələri" adlı konsert proqramı olub.  

AZƏRTAC xəbər verir ki, konsertdə xalq artistləri Brilliant Dadaşova, Samir Cəfərov, Ənvər Sadıqov, əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Fuad Musayev, Emiliya Yaqubova və "Sevil" vokal qrupu iştirak edib.

Anşlaqla keçən konsertdə müğənniləri, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakıda dünyaya göz açıb. O, 1935-ci ildən Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) dirijorluğa başlayıb. 1939-cu ildə Niyazi ilə birgə ilk estrada orkestini yaradıb. Həmin ildən başlayaraq Tofiq Quliyev Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Dram Teatrı, S.Vurğun adına Rus Dram Teatrı, M.Yermolova adına Moskva Dram Teatrı, Gəncə Dram Teatrı və A.Şaiq adına Kukla Teatrı üçün 30-dan çox tamaşaya musiqi yazıb.

1941-ci il sentyabrın 7-də Tofiq Quliyevin rəhbərliyi altında estrada orkestri Bakı Flarmoniyasında ilk konsert proqramı ilə çıxış edib və bununla da milli cazın əsasını qoyub. Orkestrin rəhbəri isə Azərbaycanın musiqi tarixinə estrada-caz musiqisin banisi kimi daxil olub

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakıda dünyaya göz açıb. O, 1935-ci ildən Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) dirijorluğa başlayıb. Tofiq Quliyev 40-dan çox filmə musiqi yazıb.

O, 1958-1959-cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-ci ildən isə filarmoniyanın direktoru olub. Tofiq Quliyev 2000-ci il oktyabrın 5-də vəfat edib. Fotoqraf İlqar Məhərrəmovun tədbirdən ərsəyə gətirdiyi fotoları oxucularımız üçün yayımlayırıq.

 

525-ci qəzet.- 2017.- 2 fevral.- S. 7.