Düsen Kaseinovun yubileyinə

 

Bir vaxt Gecə düşüncələrimdə yazmışdım, Arzuladığım gələcəyə inamım onunla bağlıdır ki, vaxtiylə yazdığım, diqqət mərkəzinə çəkdiyim bir çox şeylər artıq elə bizim zamanda gerçəkliyə çevrilib.

SSRİ dağılandan, türkdilli ölkələr müstəqillik əldə etdikdən sonra bir neçə dəfə müxtəlif çıxışlarımda Türk YUNESKO-sunun yəni türkdilli dövlətləri, xalqları birləşdirəcək təşkilatın yaradılmasını təklif etmişdim. Bunun ümumtürk mədəniyyətinin təbliği, qarşılıqlı mədəni əlaqələrin yaradılması, möhkəmləndirilməsi üçün son dərəcə mühüm hesab edirdim.

1993-cü ildə Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Türkiyənin Özbəkistanın Mədəniyyət nazirlərinin birgə qərarı ilə bu təşkilat - TÜRKSOY yaradıldı. TÜRKSOY-un ilk sədri, dostum, bəstəkar, o zaman Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu oldu. Elə ilk illərindən TÜRKSOY türkdilli ölkə mədəniyyətlərinin təbliğinə öz töhfələrini verməyə başladı. Hal-hazırda, 2008-ci ildən bu günə kimi TÜRKSOY-a Düsen Kaseinov rəhbərlik edir. heç kəs üçün sirr deyil ki, Düsen bəy az qala on il müddətində ümumtürk mədəniyyətlərinin dünyaya yayılması, həmçinin qarşılıqlı mədəni əlaqələrin möhkəmlənməsi üçün xeyli böyük işlər görüb.

Bu il mart ayında professor Düsen Kaseinovun 70 yaşı tamam olur. Həyatının ikinci yarısına qədəm qoymuş adam kimi bu yaşın gətirdiyi ovqatı da yaxşı bilirəm. Lakin hər zaman onu da söyləmişəm ki, insanı bütün bədbin fikirlərdən qoruyan məhz işdir. Sevdiyin, zövq aldığın işlə məşğul olmaqdır. Bu mənada əziz dostum Düsen bəyin bəxti xeyli gətirib. Həm sevdiyi, həm faydalı işlə məşğul olur.

Düsen Kaseinovun musiqiçi olması, professional musiqi təhsili alması gördüyü işlərdə özünü göstərir. Bəlkə həm ona görə ki, mədəniyyətin tanıdılması məhz musiqinin təbliğatı ilə başlamalıdı. TÜRKSOY-un da fəaliyyətində bu yönün, ümumtürk musiqisinin təbliğatının üstünlük təşkil etməsi təsadüfi deyil. Məhz Azərbaycan musiqisinin, muğamlarımızın TÜRKSOY-un təşkil etdiyi, keçirdiyi konsertlərdə səsləndirilməsi, Avropa dinləyicilərinə çatdırılması Düsen bəyin mədəniyyətimizə verdiyi dəyərin nümunəsidir. Təkcə Avropada deyil, türk dünyasının müxtəlif şəhərlərində dahi Üzeyir Hacıbəylinin Koroğlu operasının səhnələşdirilməsi isə qürur hissi doğurur. Altı ölkədən 250 artistin iştirakı ilə quruluş verilmiş əsər Bişkekdə, Almatada, Bakıda, İstanbulda nümayiş olundu. Hələ o zamanlar Düsen Kaseinovla şəxsi söhbətlərimizdə sevincimi bölüşmüşdüm. İndi əziz dostumuzun yubileyi ərəfəsində bunu yada salmağı borc bildim.

Düsen Kaseinovun TÜRKSOY-un baş katibi kimi sözə, ədəbiyyata dəyər verməsi göz önündədir. TÜRKSOY-un dəstəyi, təşkilatçılığı ilə ədəbi tədbirlərin keçirilməsi, kitabların müxtəlif dillərə çevrilib çap olunması buna bariz nümunədir. 2012-ci ildə mənim Sizsiz xatirə-romanım professor - doktor Fatma Özkanın tərcüməsində, türkcə işıq üzü gördü. Həmin kitaba Düsen bəy çox isti, səmimi bir giriş sözü yazmışdı. Elə həmin giriş sözündən Düsen bəyin sözə, ədəbiyyata kövrək, həssas münasibətini duymuşdum. Amma bundan başqa artıq neçə ildir ki, türk dünyasının müxtəlif şəhərlərində Avrasiya Yazarlar Birliyi ilə TÜRKSOY-un birgə təşkil etdiyi ədəbiyyat tədbirlərində görüşmək, necə deyərlər dərdləşmək imkanımız olur. Dostumuz, Avrasiya Yazarlar Birliyi başqanı Yaqub Öməroğlu ilə birgə keçirdikləri Dərgilər Konqresləri, həmçinin kitab fuarları, digər ədəbi görüşləri, yazıçılarla bağlı konfransları, Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə yazar buluşmalarını xüsusi qeyd etmək istərdim. Bütün bunlar TÜRKSOY baş katibinin sadəcə vəzifəsindən gələn məqamlar deyil. Düsen bəyin həqiqi bir türk dünyası fədaisi, sənətsevəri olmasının nümunəsidir.

Son vaxtlarda mətbuatdan TÜRKSOY xorunun, orkestrinin Avropanın müxtəlif şəhərlərində, ən gözəl, dəbdəbəli, nüfuzlu konsert salonlarında çıxış etməsini tez-tez oxuyuruq. bütün bunlar göstərir ki, dostumuz Düsen bəy bu yaşında da əvvəlki kimi işgüzardı, yeni layihələrə, böyük işlərə imza atır. Mən ona tutduğu bu şərəfli yolda uğurlar diləyirəm, cansağlığı, uzun ömür arzu edirəm.

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017. - 4 fevral.- S.11.