Bakıda ilk rus-müsəlman qız məktəbinin
açılışı münasibəti ilə
Cümhuriyyətə
aparan yollar: qadın təhsili
Gələn il bir əsrlik
yubileyini qeyd edəcəyimiz Azərbaycan Cümhuriyyəti
1918-ci ilin mayında tarix səhnəsinə qədəm
qoymuşdu.
Cümhuriyyətə aparan yollar isə
həmin tarixdən yarım əsr
əvvəl - Mirzə Fətəlinin komediyalarından, Həsən
bəy Zərdabinin “Əkinçi”sindən, Bakıda
oynanılan ilk teatr tamaşasından, Rusiya və Avropa
universitetlərinin azərbaycanlı məzunlarından,
xalqçılıq hərəkatına və inqilabi
mübarizəyə qoşulan tələbələrimizdən
başlamışdı.
Qoridəki Zaqafqaziya müəllimlər
seminariyasının Azərbaycan bölməsinin
açılmasını da, S.M.Qənizadə və H.Mahmudbəyovun
təşəbbüsü ilə Bakıda rus-müsəlman
məktəblərinin bütöv bir şəbəkəsinin
yaradılmasını da, “Daha belə yaşamaq olmaz!”
düşüncəsini paylaşan narazı ziyalıların
meydana çıxmasını da Cümhuriyyət
ucalığına aparan yolun pillələri saymaq
mümkündür.
Haqqında məhdud məlumata
malik olduğumuz Bakı Dumasının azərbaycanlı
qlasnılarının gələcək paytaxtın
özünüidarəsi ilə bağlı fəaliyyəti
də milli parlamentarizm ənənələrinin ilk
rüşeymləri, toxumları sayıla bilər.
Məşhur xeyirsevər Hacı
Zeynalabdin Tağıyevin Bakının birinci qəzetini-”Kaspi”ni
1898-ci ildə mətbəəsi ilə birlikdə alıb H.Zərdabi
və Ə.Topçubaçov başda olmaqla “müsəlman
ziyalılarının” ixtiyarına verməsi də ən
azı cəmiyyətin rus dilində yazıb-oxumağı
bacaran qabaqcıl hissəsinin milli hisslərinin, vətən və
torpaq duyğusunun üzə çıxmasında
mühüm rol oynamışdı. Cümhuriyyətə aparan
yol səmtini, istiqamətini həm də buradan
götürmüşdü.
Çox tez-tez və haqlı
qürur hissi ilə Azərbaycan qadınının seçki
hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl
qazandığını vurğulayırıq. Əgər 1901-ci ildə
Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi
və Əlimərdan bəy Topçubaşovun birgə səyi
ilə Bakıda, bütün islam Şərqinin tarixində ilk dəfə yeni tipli rus-müsəlman qız məktəbi
açılmasaydı, bu böyük uğura imza atmaq
çox çətin, bəlkə də imkansız olardı. Təhsilli
qadınlarsız, yeni düşüncəli analarsız müasir dövlət
qurmaq asan məsələ deyildi. Cümhuriyyət
hökumətin və parlamentinin müxtəlif qurumlarında
məhz bu məktəbin yetirmələri sırasından
çıxmış reminqtonçu (makinaçı),
stenoqrafçı, mühasib, kargüzar, tərcüməçi
qadınlara, gənc qızlara təsadüf etmək
mümkündü.
Bu baxımdan Azərbaycanda qadın təhsilinin
ağılla, düşünülmüş şəkildə
həyata keçirilməsi də, heç şübhəsiz,
Cümhuriyyətə aparan addımlardan idi.
Qurucu atalardan biri - Əlimərdan
bəy Topçubaşov gələcək müstəqil milli
dövlətimizlə bağlı bütün proseslərin mərkəzində
idi. Səbrlə, uzaqgörənliklə müstəqilliyin
bünövrəsini qoyurdu. Üzərində
işlədiyim “Cümhuriyyətə aparan yollar” silsiləsindən
onun “Kaspi” qəzetində 1901-ci ildə dərc olunmuş
qadın təhsili ilə bağlı proqram mahiyyətli məqaləsini
oxuculara təqdim edirəm.
Bizdə maarifin
inkişafına ehtiyac son dərəcə böyük, son dərəcə
gözə- çarpandır. Digər tərəfdən isə gənclərimizin
tərbiyə və təhsilini üzərinə götürə
biləcək həqiqi maarif ocaqları o qədər azdır
ki, qarşısına qoyduğu vəzifənin səciyyəsindən
asılı olmayaraq hər yeni məktəbin
açılışı vətəninin xeyrini istəyən insanların ürəyini
sevinclə doldurur. Biz hər yeni məktəbə
ölkənin maarif müəssisələrindən biri kimi
baxaraq onların simasında hər dəfə yeni zəka məbədinin
meydana gəlməsini alqışlayırıq.
Çünki hiss edirik ki, məktəblərin sayının
artması və nəticədə maarifin geniş
yayılması bizi işığın zülmət, xeyrin
şər üzərində qələbəsinə daha da
yaxınlaşdırır.
Əgər hər yeni məktəbin
açılışı cəmiyyətin qabaqcıl hissəsində
belə təbii sevinc hissi doğurursa, indiyə qədər
misli-bərabəri görünməyən, tarixdə ilk dəfə
təsis edilən tamam fərqli maarif ocağı haqqında nə
demək olar?
Elə bir maarif ocağı ki, taleyin
hökmü ilə ilk dəfə zülmətdən
işığa pəncərə açır? Həm də
yalnız Qafqaz
deyil, bütün Rusiya, hətta dünya müsəlman əhalisinin
bu işıqdan indiyə qədər qısqanclıqla gizlədilmiş böyük bir kəsiminin
kədərli həyatını nəcib ziyası ilə nura
qərq edəcək maarif ocağı vasitəsi ilə!
Müsəlmanların əqli və
tərbiyəvi inkişafı yolunda yeni dövrün
carçısı kimi ortaya çıxan həmin maarif
ocağı Bakı şəhərinin əsl-nəcabətli
fəxri vətəndaşı Hacı Zeynalabdin
Tağıyevin təşəbbüsü ilə təsis
olunmuş İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbidir.
Məktəbi təsis edən səxavətli
xeyriyyəçinin adı məşhurluğu ilə vətəninin
hüdudlarından kənarda da yaxşı tanınır.
O, xeyriyyəçilik işini hər zaman ürəyinin
hökmü saymış imkanlı müsəlmanların ən
həssas qəlbli nümayəndəsi kimi hörmətlə anılır.
Dininə və milliyyətinə
fərq qoymadan bütün imkansızlara əl tutan Hacı
Zeynalabdin Tağıyev xeyirxah işləri həqiqətən
də köməyə ehtiyacı olanların yardımına
yetişməyin vacibliyi və zəruriliyi fikrindən
çıxış edərək görür. O, milyon sahiblərinin
yoxsulları öz səxavətindən uzaq tutmaq ənənəsi
kimi məhdud və təhqiramiz düşüncədən
çox uzaqdır.
Həm də cənab Tağıyev
bütün digər məsələlərlə müqayisədə
xalq maarifinin yardımına həmişə daha böyük həvəs
və səy göstərir.
Bu baxımdan Hacı Zeynalabdin
Tağıyev - heç yerdə, heç bir təhsil görməyən,
amma maarifin qadir gücünə varlığı qədər
inanan bu böyük təbii ağıl sahibi təhsilin atəşin
tərəfdarı kimi
maarif məsələləri barədə təmasda
olduğu hər kəsi inam və enerjisinin gücü ilə
heyrətdə qoyur. Yalnız günümüzün
ziyalı şəxslərinin dilindən eşidilməsi
mümkün olan fikirlər səsləndirməklə cənab
Tağıyev həmsöhbətini öz qeyri-adi maarif təşnəliyi
ilə əfsunlayır. O, məktəbi həqiqətən sevir. Maarifin ehtiyac və tələbatına daim həssaslıqla
yanaşır.
Cənab Tağıyevin fəxri himayədar
kimi hər il müəyyən miqdar məbləğ
ianə etdiyi, yaxud onlarla şagirdinə təqaüd verdiyi
bütün təhsil müəssisələrinin
adlarını burada sadalamağa lüzum görmürəm.
Şagirdlərə birdəfəlik maliyyə
ayırmaları şəklində göstərdiyi
çoxsaylı maddi yardımdan başqa o, ictimai-dövlət
səviyyəli, yaxud yerli əhəmiyyətə malik hadisələrdən
də nəcib,
xeyirxah bir şəkildə maarifin xeyrinə istifadə edir. Bu münasibətlə Bakıda Aleksandr Nevski məbədinin
bünövrəsinin qoyulması və Gürcüstan
ekzarxının şəhərimizə gəlişi
zamanı ianə etdiyi 10 min rublu xatırlatmaq yerinə
düşərdi. Həmin məbləğin 3 min rublu
Bakıdakı pravoslov məhəlli kilsə məktəbinə
verilmiş, 7 min rublu isə Bakı qəzasının xalq məktəblərinin
ehtiyaclarına sərf olunmuşdu. Yəqin ki,
Bakı qəzasının Mərdəkan kəndində
ayrıca bağçılıq məktəbinin
açılması da çoxlarının yadındadır.
Cənab Tağıyev həmin məktəb
üçün gözəl bina tikdirmiş, geniş bağ
saldırmış və onların saxlanması
üçün on minlərlə rubl vəsait
ayırmışdı.
Son zamanlar bu xeyirsevər insan azyaşlı cinayətkarlar
üçün peşə məktəbləri və islah
düşərgələrinin yaradılması ilə məşğul
olan Qafqaz komitəsinə 20 min,
Peterburq xeyriyyə cəmiyyətinə 10 min, Bakıda
açılan Kommersiya məktəbinə 50 min rubl yardım
göstərib.
Cənab Hacı Zeynalabdin
Tağıyevin ümumən xeyriyyəçilik, ələlxüsus
da təhsil sahəsində göstərdiyi nəcib fəaliyyət
artıq çoxdan ölkə əhalisi, ən çox da
müsəlmanlar arasında ona bəzən bütləşdirmə,
ilahiləşdirmə səviyyəsinə çatan həqiqi hörmət və
ehtiram qazandırıb. Xeyirxah əməlləri,
bütün nəcib və faydalı işlərə həssas
münasibəti sayəsində cənab Tağıyev digər
müsəlman zənginlərindən nəzərəçarpacaq
dərəcədə fərqlənir. Çünki o, tək
bizim bölgənin deyil, Rusiyanın daxili quberniyalarında
yaşayan müsəlmanlarının da ictimai xarakterli işlərinə
mütləq bu və ya digər şəkildə yardım
göstərir. Sadalanan ali keyfiyyətlərinə
yerli müsəlmanlar artıq çoxdan cənab
Tağıyevi özlərinin digər imkanlı müsəlman
qardaşlarına nümunə göstərməyə öyrəşiblər.
Bu sonuncular bəlkə də bakılı
xeyriyyəçidən daha zəngindirlər. Lakin mənəvi keyfiyyətləri, nəcibliyə
və işığa bağlılıqları ilə ondan
çox kasıbdırlar. Xeyirxahlıq isə
insanın ölümündən sonra özünə Yer
üzündə qoyub getdiyi ən yaxşı abidədir.
Heç şübhəsiz,
cənab Tağıyevin indiyə qədərki
maarifçi-xeyriyyəçi fəaliyyətinin zirvəsi
Bakıda açılan rus-müsəlman qız məktəbidir. Tək ona görə yox ki, bu işə
200 min rubldan çox vəsait sərf edib. Əsas
məsələ isə onun özünün qız məktəbinə
verdiyi böyük önəm, müsəlman qızlar
üçün ilk təhsil ocağının müsəlmanların
gələcək mənəvi inkişafında
oynayacağı rolla bağlıdır.
İslam ümmətinin ümumi cahilliyi,
ərəb əlifbasının çətinlikləri, şəriət
qaydaları və Quran hökmlərinin savadlı təfsirçilərini
yetişdirmək üçün nizamlı məktəblərin
olmaması nəticəsində müsəlman
qadınının - bu hava və işıqdan məhrum,
yarı dustaq varlığın düşdüyü son dərəcə
acınacaqlı vəziyyət islam xalqlarının ümumi
geriliyinin başlıca səbəbləridir. Bunlar
həm də günümüzün mühüm, təcili həllini
gözləyən məsələləridir. Müsəlman
xalqların gələcəyi həmin müşküllərin
təxirə salınmadan və düzgün
çözülməsindən asılıdır.
İslam dünyasının
bütün kəskinliyi ilə üzə çıxan və
çözülməyənə qədər müsəlmanların
sonrakı normal mövcudluğunu, xüsusən də
müasir xalqların mədəni-iqtisadi mübarizəsində
hər hansı şəkildə iştirakını
qeyri-mümkün edən həlli vacib ehtiyacları tədricən
bizimkilərin də beyninə batmağa başlayır. Onlar bütün ömürlərini içərisində
keçirdikləri ağır şəraitin dözülməzliyini
görürlər. Bu vəziyyətin fəsad və zərərini daha
aydın şəkildə anlayırlar.
Məhz bu səbəbdən də
Bakıda müsəlman qızları üçün təhsil
müəssisəsinin açılması xəbəri islam aləmini həyəcana gətirdi.
İmperiyanın müsəlman əhalisi yaşayan vilayətlərdən
içərisində bizim redaksiya da olmaqla Bakıya həyəcanlı
sorğular gəlirdi: bu nə cür məktəbdir,
proqramı necədir, təlim-tərbiyə personalı kimlərdən
ibarət olacaq? Və s. və i.a. Məktubların
çoxunda müsəlman qadını üçün təhsil
ocağının yaradılmasına ehtiyatlı
inamsızlıq da əksini tapıb: cənab Tağıyev bu
işə vaxtından əvvəl başlamayıb ki? Müsəlman
kütləsinin cahil təbəqəsinin, ən əsası islam ruhanilərinin məsələyə
münasibəti necə olacaq?
Etiraf etməliyik ki, qoyulan
suallar yenə də öz raison d`etre-sini (fr. “təsir qüvvəsini”
- tərc.) saxlamaqdadır. Onları doğuran başlıca səbəb
isə tək
müsəlman ziyalılarının deyil, nə qədər
utancverici görünsə də, ibadət etdiyi dini təlimlə, əsaslandığı şəriət
qaydaları ilə səthi tanış olan müsəlmanların
son nəticədə Mühəmməd dininə sərgilədikləri
baxış və anlayışlardır.
İslamla bağlı son dərəcə
yanlış anlayışlar içərisində müsəlman
qadınının cəmiyyətdəki yeri və mövqeyi
ilə bağlı baxışları xüsusi fərqləndirmək
lazımdır. Mühəmməd Peyğəmbərə və
yaratdığı Qurana yalnız mənfi, hətta deyərdim
ki, düşməncəsinə yanaşmağa adət
etmiş toplum üzvləri, müsəlman
qadınının fəlakətli vəziyyətində təbii
ki, islamın birbaşa təsirini görürlər: “Bu
müsəlman peyğəmbəri və onun şəriəti öz
hümmətini qadının kişiyə sadəcə kölə olduğuna, ev işləri
görmək və ərinin əylənməsini təmin etmək
üçün yaradıldığına inandırmaqla zərif
cinsi hüquqsuz ev heyvanı durumuna salmışdır”.
Mühəmmədin adına bu
cür “təlim” uyduranlar sadəcə unudurlar ki, yer
üzündə nizamlı, mütəşəkkil insan birgəyaşayışı
yaratmaq istəyən islam banisi təbiətin
özünün birlikdə, həmrəy və bərabərhüquqlu
mövcudluq üçün xəlq etdiyi iki əks cinsin
nümayəndələri arasında qeyri-bərabərliyi din
vasitəsi ilə qanuniləşdirmək kimi əxlaqsız və
antisosial təlimə heç cür tərəfdar
çıxa bilməzdi,
heç vəchlə onu yaymağa
çalışmazdı.
Məhvə məhkum olan belə dini
təlim
ardıcıllarına cəmiyyət əxlaqına
zidd həyat tərzi aşıladığına görə
elə başlanğıcda, rüşeym halında
heçliyə qovuşmalı idi. Amma ərəb
Peyğəmbərinin davamçıları,
gördüyümüz kimi, Yer kürəsinin müxtəlif
hissələrinə yayılıblar. İndi
onların sayı yüz milyonlarla ölçülür.
Durmadan artıq,
çoxalırlar.
Biz qəzetimizin səhifələrindəki
bir sıra məqalələrdə ətraflı nəzərdən
keçirilən bu mövzu ilə bağlı yenidən
müzakirə açmaq niyyətində deyilik. Yalnız onu demək istərdik
ki, İslam Peyğəmbəri “kişi və qadın eyni
nütfədən yaranıb” (Quran, Ən-nisa surəsi) fikrini irəli
sürməklə qadına bütün şəxsi, ailəvi
və əmlak haqları verib, qadınla kişi arasında bərabər
hüququ vəziyyət yaradıb, bu yolla da qadının ictimai-mənəvi
gücünü kişi ilə bərabər səviyyəyə
qaldırıb.
Lakin ilkin bərabərhüquqlu
vəziyyətinə baxmayaraq müsəlman qadını zaman
keçdikcə haqlarını itiribsə və artıq
çıxılmaz duruma düşübsə, burada Mühəmmədin
dini qətiyyən günahkar deyil. Günahkar islam
xalqlarının tarix boyu məruz qaldıqları sosial-məişət
münasibətləridir. Günahkar Mühəmməd
təliminin əsrlər boyu cahil, lakin hər yerə əlləri
çatan müsəlman ruhaniləri vasitəsi ilə məruz
qoyulduğu təhriflərdir. Gizli deyil ki,
onlar şəriət hökmlərini ya öz xeyirlərinə,
ya da Şərq padşahları və hər cür hakimiyyət
sahiblərinin istəyinə uyğun dəyişdirməklə
əslində oyuncağa çevriliblər.
Həm ayrıca fərdlərin,
həm də bütöv cəmiyyətlərin, xalqların həyatı
heç zaman qanunun, yaxud dinin müəyyənləşdirdiyi
dar çərçivəyə
sığışdırıla bilməz. Özündə
ən mütərəqqi başlanğıcı ehtiva edən
insan həyatı əksər hallarda gözə görünmədən
işini görən ətraf mühitin, məkanın və zamanın
təsiri altında bu və ya digər formalara, şəkillərə
düşür. Ayrılıqda
götürülmüş hər hansı cəmiyyətdəki “faktiki vəziyyət”
həmin cəmiyyətin yaşayış qaydalarının,
adət-ənənələrinin əsrlər boyu biri-birinin
üzərinə qalaqlanmış həyat şərtləri
məcmusundan başqa bir şey deyildir. Bu qaydalar, bu adət-ənənələr
nə qədər mənfi səciyyə daşısalar da, nə
qədər zərərli
olsalar da, keçmişin ağır irsi kimi tez vaxtda unudula
bilməzlər. Onların tərəfdarları
var və belələri gələcəkdə də olacaqlar.
Həmin tərəfdarların bəziləri cahillikləri, bəziləri
isə şəxsi qazanc, yaxud digər təmənnalı məqsəd güdmələri
səbəbindən həmişə keçmiş dövrlərin
“tapdanan hüquqlarının” müdafiəsinə qalxmağa
hazır olacaqlar.
Müsəlman
qadınının vəziyyəti də, təəssüflər
olsun ki, belə qapalı dairə içərisindədir. O, indi hüquqsuzdur. Haqları daha güclü cins tərəfindən
tapdanır. Öz ağlını və təbii
istedadını inkişaf etdirmək imkanından məhrumdur.
Bir sözlə, “Allahın və Peyğəmbərin
bəxş etdiyi” hər şey əlindən alınıb.
Müsəlman
qadınını mövcud fərəhsiz, acınacaqlı vəziyyətdən
yalnız məktəbin, maarifin köməyi ilə
çıxarmaq mümkündür.
Bakıda açılan
İmperatriçə Aleksandra Fyodorovna adına
rus-müsəlman qız məktəbi sözün həqiqi mənasında
müsəlman qadınının əqli-mənəvi
inkişafının əsasını qoyacaq birinci təhsil
ocağı kimi böyük əhəmiyyətə malikdir. Həm də bu o anlama gəlməməlidir ki,
müsəlmanlar indiyə qədər qadın təhsilinin nə
olduğunu bilməyiblər, yaxud qızlarını
oxutmayıblar. Şərq ölkələrinin
çiçəklənmə çağı
yaşadığı qüdrətli dövrlərində
Bağdad, Qahirə, Kordova və başqa elm mərkəzlərindəki
akademiyalarda hətta professor kürsüsü tutan yüksək
təhsilli alim müsəlman qadınlarının adları
onları yetişdirən mükəmməl təhsil müəssisələrinin
mövcudluğundan xəbər verir. Məşhur Fəxrin-Nica,
Bağdad mədrəsələrində ədəbiyyatdan
mühazirələr oxuyan Ümmül-Xeyir Fatimə və
Ümmül-İbrahim əl-Yezdani, qadınlara və kişilərə
ilahiyyat fənnini öyrədən Əl-Əruziyyə, Kordovadakı qrammatika və rapsodiya
professoru Ümmül-Üla, poeziya və teologiya professoru
Ümmül-Üləma kimi müsəlman qadınları
öz dövrlərinin ən savadlı, bilikli adamları
sayılırdılar.
Müsəlman
qadınının həyatın bütün sahələrində
ağıl və biliyini nümayiş etdirmək imkanına
malik olduğu şərəfli dövr təəssüf ki,
artıq tarixə qovuşub. Lakin bu nümunə
öz növbəsində islamın qətiyyən maarifə
düşmən münasibət bəsləmədiyinin, əksinə,
Mühəmməd dininə sitayiş edən xalqların tərəqqiyə
qovuşması üçün böyük stimul
yaratdığını sübuta yetirir. Amma bir şərtlə
ki, Peyğəmbərin vəsiyyətləri təhrif
olunmasın!.. Müsəlman
qadınını indiki alçaldılmış duruma
salmaqla rəzil qapalı rejimdə saxlamağa tərəfdar
çıxanların hamısı yuxarıda sadalanan adlar
qarşısında xəcalət çəkməlidirlər.
Və yalnız indi mütərəqqi ziyalıların
Konstantinopolda, Qahirədə, Kəlküttədə, Bombeydə
məktəblər açıb müsəlman qadınının
əqli-mənəvi vəziyyətini təhsil yolu ilə yüksəltmək
üçün gördükləri işlər müəyyən
müsbət nəticələr verəcəyi təqdirdə
“din bacılarına” münasibətdə buraxılmış
səhvlər bir qədər islah edə bilər.
Bütünlükdə
Qafqaz ölkəsi və bizim Rusiya müsəlmanlarına gəldikdə
isə, indiyə qədər onlar arasında müsəlman
qızların təhsili üçün düzgün təşkil
edilmiş məktəblərin mövcudluğu barədə
heç bir şey bilmirik. Yalnız səksəninci
illərdə (XIX əsr nəzərdə tutulur - V.Q.) Tiflisdə müsəlman qızları
üçün xüsusi institutun yaradılmasına göstərilən
təşəbbüslə bağlı məlumatımız
var. Həmin təhsil müəssisəsi bölgənin
imkanlı müsəlmanlarından daxil olan ianələr və
dövlət xəzinəsindən ayrılacaq subsidiya
hesabına təşkil olunmalı idi.
Lakin yeri gəlmişkən,
qızğın tərəfdarlarından birinin də həmin
dövrdə keçmiş Qafqaz canişinliyinin baş idarə
rəisi vəzifəsində çalışan mərhum
general Staroselski olduğu ideya baş tutmadı. Çünki
müsəlman qızları üçün xüsusi təhsil
ocağı yaradılmasının yersizliyi, hətta təhlükəliliyi
haqqında lüzumsuz söz-söhbət yayan adamlar peyda
oldular.
Səksəninci illərin ortalarında eyni
Tiflis şəhərində müsəlman xeyriyyə cəmiyyətinin
binası qoyuldu. Cəmiyyət tezliklə öz
vəsaiti hesabına ibtidai məktəb açdı. Lakin
təəssüf ki, imkansızlıq ucbatından az bir zaman keçməmiş həm cəmiyyət,
həm də qız məktəbi fəaliyyətini
dayandırmalı oldular.
Yuxarıda
xatırlatdıqlarımızdan başqa müsəlman
qızlarının təhsili üçün göstərilən
hər hansı qayğı və təşəbbüs cəhdi
bizə məlum deyil.
Doğrudur, şəhərlərdə,
hətta Qafqaz ölkəsinin əksər kəndlərində,
az qala bütün islam əhalisi
arasında qızlar üçün “ev məktəbləri”
adlandırıla biləcək təhsil ocaqları
mövcuddur. Yəni,
gənc qızlar savadlı və Quran oxumağı bacaran
qadının, nadir hallarda isə mollanın yanında
toplaşıb bir qayda olaraq müsəlman məktəblərində
öyrədilən fənlər üzrə dərs
keçirlər. Bura ilk
növbədə məna və məzmununu anlamadan Quran qiraəti daxildir.
Qızlar üstəlik tikiş və toxuma kimi əl
işləri də öyrənirlər. Belə məktəblər
indi də az deyil.
Müsəlmanları, təbiri-caizsə,
tam vəhşiləşməkdən qoruyub
saxladığına görə bu cür müəssisələrin
lüzumu üzərindən tam xətt çəkmək
olmaz. Onların müsəlman əhali arasında
böyük populyarlığa malik olması da
qazandıqları əhəmiyyətin başqa göstəricisidir.
Bəlkə də ciddi şəkildə yenidən
qurulduqları təqdirdə “ev məktəblərindən”
müsəlmanların maariflənməsi işində
yararlanmaq olardı. Lakin buna baxmayaraq yenə
deməyə məcburuq ki, həmin məktəblərdə
hökmran olan sxolastik üsul və qayda-qanunlar onları həqiqi
təhsil ocaqları saymağa imkan vermir. Bu
mənada Bakı rus-müsəlman qız məktəbi tam əsasla
zaman baxımından Rusiyada müsəlman qızların
müasir təhsilə yiyələnmələri
üçün yaradılmış ilk həqiqi tədris
müəssisəsi sayıla bilər. Lakin
o, tək xronoloji ardıcıllıq baxımından birinci
deyil. Müsəlman həyatının indiki şərtləri,
xalq kütlələri arasında qadına münasibətdə
hökm sürən mövcud meyarlar və oxşar tədris
müəssisələrinə irəli sürülən tələblər
baxımından yanaşdıqda da nümunəvi quruluşu ilə
birinciliyini bariz şəkildə göstərir. “Kaspi” qəzetinin
183-cü sayında məzmunu ilə oxucuları tanış
etdiyimiz məktəb əsasnaməsindən
də göründüyü kimi, tədris ocağının
təşkil prinsipləri, təlim-tərbiyə işinin
qoyuluşu kor qəzəb və cahillik içərisində
xarakterinin fərqinə varmadan ümumən maarif müəssisələrinə
qarşı çıxan, şüursuz şəkildə hər
“yeniliyin” yalnız və yalnız dini, ictimai və ailəvi əsaslara
qarşı çıxdığı, habelə sevə-sevə
göz üstündə qorunub saxlanan əski dövrlərin
adət-ənənələrini dağıtdığı
haqqındakı cəfəng baxışları paylaşan
qadın təhsili əleyhdarlarını da razı
salmalıdır.
Təəssüflər olsun
ki, məktəbin təsisçisi müsəlman əhalinin əksər
hissəsini təşkil edən belə köhnəlik tərəfdarlarının
üstündən tamamilə xətt çəkməyə
qadir deyil. Bu
səbəbdən də məktəb əsasnaməsinin tərtibi
zamanı ümumən
müsəlman kütlə arasındakı maarif
anlayışını və onların qadın təhsilinə
münasibətlərini nəzərə almaq labüdlüyə çevrilmişdi. Bu,
sadəcə güzəşt deyildi. Bu
daha çox bizim müsəlmanların mövcud əqli-mənəvi
vəziyyəti şəraitində qaçılmaz olan bir fəaliyyət
şəkli idi. Və yəqin ki, maarifin
yayılması ilə bağlı hər cür təşəbbüsün
faydalı nəticələr verməsinin təminatı
baxımından zəruri addım idi. İndiki
konkret nümunədə müsəlmanları inandırmaq
lazım idi ki, Bakıda təsis olunan rus-müsəlman
qız məktəbi sadəcə bizim qızlarımıza gələcək
qadın, həyat yoldaşı və ana kimi müəyyən
zəruri biliklər vermək məqsədinə xidmət
edir. Məktəbdə aldıqları
biliklər onları ailədən uzaqlaşdırmayacaq, ailə
ənənələrinə yadlaşdırmayacaq, gələcək
həyat yolunda heç birini dilindən və dinindən, həyat
şərtlərinin özünəməxsusluqlarından təcrid
etməyəcək. Başa salmaq lazım
idi ki, müsəlman qızına təhsil vermək ona
yalnız öz dilini unudub rusca danışmağı öyrətmək
deyil. Bu, həm də zövq və səliqə
ilə geyinməyi bacarmaqdır. Ərinin sədaqətli həyat
yoldaşı uşaqlarının əsl anası kimi qalmaqla
bir sırada asudə
vaxtından da ağılla istifadə etməyi
öyrənməkdir. Əlbəttə, sadalanan şərtlər
ümumən, bütün qız məktəblərinə
münasibətdə rəhbər tutulmalıdır. Lakin müasir mərhələdə müsəlman
qızlarının təlim-tərbiyəsini ilk dəfə
üzərinə götürən məktəb bu şərtlərə
daha həssas və yüksək səviyyəli cavab verməli
idi. Yalnız belə şəraitdə
başlanğıc mərhələdən müsəlman cəmiyyətinin
rəğbətini qazanmaq, ən çox da eqoist
ehtiraslarını təmin etmək üçün
qadını ətraf aləmdə baş verən hər
şeydən xəbərsiz saxlamağı məqbul və əlverişli
sayan ikiüzlülərin natəmiz ümidlərini puça
çıxarmaq mümkün və son dərəcə vacib
idi.
Şübhə etmirik ki,
Bakı rus-müsəlman qız məktəbi
sadaladığımız və arzu olunan şərtlərin
səviyyəsinə yüksəlməyi bacaracaqdır.
Zənnimizcə, buna ən
yaxşı zəmanət ilk növbədə məktəb əsasnaməsinin
açdığı təşkilati imkanlardır. Həmin
imkanlar müsəlman nöqteyi-nəzərindən zəruri
sayılan bütün tələbləri təmin etməyə
şərait yaradır.
Bu baxımdan diqqətimizi daha
çox çəkən cəhətlərə nəzər
salaq: mahiyyət etibarı ilə məktəb qapalı təlim-tərbiyə
müəssisəsidir. Ora istisnasız şəkildə
yalnız müsəlman qızları qəbul olunur.
Birsinifli ibtidai məktəblər üçün müəyyən
edilmiş proqrama əsasən ümumi təhsil
üçün zəruri fənlərdən başqa islam
ilahiyyatı və tatar dili (Azərbaycan türkcəsi -V.Q.) öyrədiləcək. Məktəb müdirəsinin, rus və tatar dilləri,
habelə, ilahiyyat müəllimlərin müsəlman
olması vacib şərtdir. Bütün
xidmət personalı da müsəlman qadınlar arasından
seçiləcək. Əlavə peşə
sinfində müsəlman ailəsi üçün zəruri
sayılan əl işləri və evdarlıq öyrədiləcək.
Nəhayət, məktəbin himayədarlar
şurasının tərkibinə islam
icmasından seçilmiş hər iki cinsin nümayəndələrindən
başqa Müsəlman Ruhani İdarəsinin təmsilçisi
- Bakı quberniya qazısı da daxil edilib.
Verilən məlumatlardan da
göründüyü kimi, qadın məktəbinin təşkili
zamanı müsəlmanların nöqteyi-nəzərləri
baxımından zəruri sayılan bütün şərtlərə
imkan daxilində əməl olunub.
Məktəbin qarşıya
qoyduğu məqsədlər necə həyata keçiriləcəkdir?
Bu artıq təlim-tərbiyə
işçilərinin və himayədarlar şurasının
vəzifəsidir. Fikrimizcə, rus-müsəlman qız məktəbinin
bütün gələcək uğurları ilk növbədə
enerji və rəftardan, təlim-tərbiyə işinin
vicdanlı və peşəkarcasına aparılmasından
asılıdır. Əlbəttə, biz hər yeni
başlanmış iş üçün səciyyəvi və
qaçılmaz olan nöqsan və qüsurlardan
danışmaq niyyətində deyilik. Maraqlandığımız
əsas məsələ müsəlman qadın məktəbinin
xüsusiyyətləri ilə bağlıdır. Bunu deyərkən
ilk növbədə
əsasnamədə göstərilən şəraitin
yaradılması və ona dönmədən əməl edilməsini
nəzərdə tuturuq. Yalnız belə
olduğu təqdirdə məktəb müsəlman
qızlarının təhsil və tərbiyəsi
üçün həqiqi maarif ocağına çevrilə
bilər.
Bu mənada biz məktəb
personalının və himayədarlar şurasının
artıq təşəkkül tapmış tərkibinə
çox böyük ümid bəsləyirik. Məktəbin
müdirəsi və nəzarətçi-müəllimləri,
habelə himayədarlar şurasının müsəlman üzvləri
ziyalı müsəlmanlar sırasına daxil olan şəxslərdir.
Bu isə bizə məktəbin işlərinin
uğurla aparılacağını, təlim-tərbiyə heyəti
və himayədarlar şurası üzvlərinin üzərlərinə
götürdükləri çətin sayılmasa son dərəcə
məsul vəzifəyə məhəbbət və
şövqlə yanaşacaqlarını düşünməyə
əsas verir. Bütün müsəlman cəmiyyəti
qarşısında din qardaş və bacılarının sabahı ilə
bağlı olduqca mühüm bir işin məhz onlara
tapşırılmasından doğan vəzifə borcunun
şərəflə yerinə yetirilməsi duyğusu bu şəxslərin gələcək
mütəvazi, lakin son dərəcə əhəmiyyətli
fəaliyyətlərində səfərbəredici stimul rolunu
oynamalıdır.
Nəhayət, himayədarlar
şurasının üzvləri arasında Bakı şəhər
başçısı, yerli qadın gimnaziyasının
müdirəsi, kişi gimnaziyasının
direktoru, xalq məktəblərinin direktoru kimi şəxslərin
olması da nəzərdən
qaçırılmamalıdır.
Rus-müsəlman qız məktəbinin
maraqlarını onun binasının tikilməsi
üçün təmənnasız torpaq sahəsi ayıran
Bakı şəhər özünüidarəsi və digər
tədris ocaqları ilə əlaqələndirərək
ümid edə bilərik ki, bu şəxslər qız məktəbinin
təsərrüfat, ən əsası isə pedaqoji fəaliyyətini
düzgün qurmasına müsbət təsir göstərəcəklər.
Rus-müsəlman qız məktəbinin
təşkili ilə bağlı diqqət yetirdiyimiz şərtlər, fikrimizcə, o qədər
düşünülmüş və məqsədyönlüdür
ki, onların lazımi şəkildə həyata
keçirildiyi təqdirdə nəinki yeni təhsil
ocağının gələcək uğurlarını indidən
mümkün saymaq mümkündür; həm də ümid
etmək olar ki, bu məktəb özündən sonra gələn
oxşar müəssisələr üçün də
nümunə rolunu oynayacaqdır. İki ildən bəri bizim
müsəlmanlar arasında qız məktəbinin
açılması ilə bağlı dövr edən
ideyanın təsiri altında, bu günlərdə
aldığımız xəbərə görə, tezliklə
İrəvanda da
belə bir maarif ocağının
açılması nəzərdə tutulur. Həm
də qətiyyən şübhə etmirik ki, yerli müsəlmanlar
üçün bu məktəb yeganə nümunə kimi
qalmayacaqdır. Çünki müsəlmanların
təhsili ideyası məhsuldar torpağa atılmış
saf toxum kimi tezliklə nəcib və xeyirxah bəhrələrini
verməlidir.
Belə bəhrələr
sırasında ilk növbədə faydalı təşəbbüsün
uğurlu davamını görürük. Proses məntiqi şəkildə
rus-müsəlman qız məktəbinin proqramının
genişlənməsinə gətirib
çıxarmalıdır. Deməyə lüzum varmı ki, çox
tezliklə bir sinifli ibtidai məktəb kursu burada təhsil alan müsəlman qızları
üçün qeyri-kafi görünəcəkdir? Onlar təhsillərini
yenə davam etdirmək istəyəcəklər. Bu tamamilə təbii tələbat gündəliyə
rus-müsəlman qadın progimnaziyasının, sonra isə
gimnaziyanın təşkili məsələsini
çıxaracaqdır.
Düşünürük ki, həmin məsələ yenə bizim Bakıda öz həllini tapacaq. Və bu işin öhdəsindən gələnlər də indi müsəlman qızlarının təhsili ideyasını hələlik başlanğıc mərhələdə həyata keçirənlər olacaqlar. Rus-müsəlman qız məktəbinin təsisçisi Hacı Zeynalabdin Tağıyev əbəs yerə pansionu ilə birlikdə qadın progimnaziyasının, hətta bütöv gimnaziyanın yerləşə biləcəyi belə bir bina tikdirməyib! İmperatriçə Ülya həzrətlərinin adını daşıyan birinci rus-müsəlman qız məktəb təkamül yolu ilə böyümə, inkişaf prosesində müsəlman qızlarına verilən biliklərin əhatə dairəsini o qədər genişləndirməlidir ki, onlar zaman keçdikcə öz əqli və mənəvi keyfiyyətləri sayəsində başqa xalqların savadlı qızları ilə eyni səviyyədə dayanmağı bacarsınlar.
Təbii ki, bu gələcəyin vəzifəsidir. Hələlik isə müsəlman qızlarının təhsil almaları kimi gözəl və nəcib bir işin möhkəm təməli qoyulub. Bu elə mühüm addımdır ki, onun mövcudluğundan kənarda bizim müsəlmanların əqli-mənəvi inkişafını və iqtisadi yüksəlişini təsəvvürə gətirmək mümkün deyil.
Tam zamanında dindaşlarının yardımına gələn Hacı Zeynalabdin Tağıyev özünün bu məsələyə münasibətində qadını ailədə son dərəcə yüksək tutub “Cənnət anaların ayaqlarının altındadır” -deyən Mühəmməd Peyğəmbərin kəlamına dürüstlüklə əməl etdiyini göstərmişdir.
Ailənin əsası kimi yalnız ağıllı qadın cəmiyyət və dövlət üçün bu mühüm institutun nə dərəcədə zəruri olduğunu başa düşə bilər. Yalnız bilikli qadın öz uşaqlarına - gələcək vətəndaşlara bütün sonrakı həyatlarının istiqamətini təyin edən əqli-mənəvi inkişafın ilk təkanını verə bilər.
Lakin ağıllı ana olmaqdan ötrü müsəlman qadınına ilk növbədə şəraitin hökmü ilə əlindən alınmış qadın və insan haqlarını qaytarmaq lazımdır. Qadın bu haqqı yalnız məktəbin köməyi ilə geri ala bilər. Çünki yalnız məktəb ona vaxtı ilə nikah əqdi zamanı zəif cinsin hüququnu məhdudlaşdırmaq istəyən xəlifə Ömərə bir ərəb xanımının məsciddə, hamının gözü qarşısında dediyi sözləri öyrədə bilər. O, xanım demişdi: “Ey mömünlərin əmiri, Allahın və Peyğəmbərin bizə - qadınlara bəxş etdiyi neməti əlimizdən almağa haqqınız yoxdur!”
“Kaspi”, ¹ 207-208, 23-24 sentyabr 1901-ci il
Rus dilindən tərcümə: Vilayət Quliyev
Əlimərdan
bəy TOPÇUBAŞOV
525-ci qəzet.-
2017. - 4 fevral.- S. 8, 9, 11.