Məhbəs nəsri: dünyada və bizdə

 

Nə cəza, nə də cəza yerləri yeni dövrümüzün icadı deyil. Cəmiyyət və dövlətin yaranışından, formalaşmasından bəri azadlıqdan məhrum etmə ilə bağlı bir çox cəza növləri tətbiq edilib.

 Bu məqsədlə Şərq ölkələrində əsasən zindanlardan istifadə olunurdusa, XVIII əsrdən başlayaraq İngiltərə və Fransada məhkumları uzaq qitələrdəki koloniyalara sürgünə yollayırdılar. Çar Rusiyasında isə Sibirdən Saxalinədək geniş ərazini cəzalananların sürgün yerinə çevirmişdilər. Və şübhəsiz ki, belə cəza tədbirləri zamanı məhbəs əzabı çəkmiş yaradıcı insanlarının iztirablarını ifadə edən ədəbi yazılar müxtəlif xalqların ədəbiyyatlarında təzahür etməyə başlamışdı.

 Azərbaycan ədəbiyyatında ilk belə nümunələrdən XII əsrdə yaşamış Fələki Şirvaninin "Həbsiyyə" qəsidəsini və Xaqani Şirvaninin "Həbsiyyə" şeirlərini misal göstərmək olar.

 Dünya ədəbiyyatında məhbəs poeziyasından fərqli olaraq məhbəs nəsri xeyli gec - XIX əsrdən sonra meydana gəldi. Bu nəsr növü dünya ədəbiyyatında bənzərsiz yaranışı ilə də seçilir. Həbsxanalar, həbs düşərgələri haqqında yazılan hekayə və romanlarda daha çox haqqında danışılan cəmiyyətin təbiəti və tarixi yolu, insanın ağır, çıxılmaz şəraitlərdə yaşadığı hisslər ifadə olunur.

Məhbəs nəsrinin digər nəsr növləri kimi Amerika, Avropa, o cümlədən, Rusiya ədəbiyyatında da özünəməxsus xüsusi bir çəkiyə, yerə malikliyi danılmaz həqiqətdir. Mübahisəsiz demək mümkündür ki,  dahi rus yazıçısı, dünya şöhrətli Fyodor Dostoyevski bir çox xidmətləri ilə yanaşı, həm də rus məhbəs nəsrinin banisi sayılır. Onunlü evdən məktublar" əsəri, o zamankı Rusiyanı az qala sarsıtmışdı. Bu Dostoyevskinin məzlumlar dünyasından cəmiyyətə canlı şahidliyi idi. Əsəri ölkədə böyük reaksiya yaratsa da, yazıçı haqlı olaraq, əksər oxucuların münasibətindən pərt olmuşdu. Çünki oxucular əsərin bədii-fəlsəfi dəyərini qiymətləndirmək əvəzinə, onu məhkumlara göstərilən amansız münasibətin sübutu kimi oxuyurdular.

Sürgün və katorqa, ümumilikdə həbsxana mövzusu yazılması qadağan olduğundan uzun illər rus ədəbiyyatının inqilabdan əvvəlki "sərvəti" kimi qalırdı. 1964-cü ildə Aleksandr Soljenitsınınvan Denisoviçin bir günü" adlı hekayəsinin mətbuata çıxması ilə Sovet məxfiliyinin üzərindən "örtük" müəyyən qədər götürüldü. Stalin dövrünün repressiya düşərgələri haqqında qələmə alınan yazılardan sonra ədəbiyyatşünaslıqda "məhbəs nəsri" (töremnaə proza) termini işlədilməyə başlanıldı.

Məhbəs mövzusunda Dostoyevskidən sonra Soljenitsın "Arxipelaq qulaq" əsəri ilə ən çox məşhurluq qazanan yazıçı oldu. O, demək olar ki, bu sahədəki yaradıcılığı ilə Sovet ədəbiyyatında məhbəs nəsrinin başlanğıcını qoydu.

Soljenitsının həbsxana mövzusunda  yazdığı hekayə və romanlardan başqa Varlam Şalamovun "Kolım hekayələri" də rus məhbəs nəsrinin şedevrlərindən hesab edilir.

Müasir rus ədəbiyyatında onlarla nasir bu mövzuda çalışır, bir-birindən maraqlı cildlərlə romanlar yazılır. Onlardan Andrey Rubanovun, Anatoliy Marçenkonun, Sergey Dovlatovun və sairlərinin kitabları təkcə Rusiyada deyil, xaricdə - mərkəzi Avropa ölkələrində də çap olunur.

Azərbaycan ədəbiyyatında məhbəs nəsrinin yaranması 1992-ci ildə "Zindan" romanının çapı ilə Çingiz Ələkbərzadənin adına bağlıdır. O, "Zindan"dan sonra, "Qumarbaz" və "Türmə mənim ahımdır" adlı kitablarını da yazmışdır. Onun ardınca Qənimət Əlisaoğlunun "Lənət qapısı", "Bayıldan başlayan yol", "Qırmızı türmə" adlı üç sənədli romanı - kriminal trilogiyası oxucular arasında Azərbaycan bestselleri kimi nüfuz qazandı. 1996-cı ildə Oqtay Əhmədovun "Cəhənnəm yolu", "Volqodon əsirləri", 2000-ci ildə isə İsmayıl Qarayevin arxivindən "Sxodka" və "Budaqlar" əsərləri geniş oxucu kütləsinə təqdim olundu.

Azərbaycan məhbəs nəsri yuxarıda adları çəkilən əsərlərdən sonra da davam etməkdə, yaşamaqdadır. Lakin təəssüf ki, digər ölkələrin ədəbiyyatları ilə müqayisədə bizdə yaradıcılığını bu sahəyə həsr edənlər olduqca çox azdır. Bəlkə də, elə bu səbəbdəndir ki, ədəbiyyatşünas alimlərimiz məqalələrində məhbəs nəsri haqqında ayrıca bəhs etməyə lüzum görmürlər və ümumiyyətlə, bu termindən heç vaxt istifadə etmirlər. Bu səpkidə yazılan əsərləri isə realist detektiv əsərlər sırasına aid edirlər. Hər işin öz adı ilə çağırılması üçün çox işlərdə olduğu kimi görünür, burada da əlahəzrət zamana ehtiyac var.

 

Rövşən YERFİ

 

525-ci qəzet.- 2017.- 7 fevral.- S. 8.