Qəhrəmanlıq ənənələrimizin yeni bədii təzahürü

 

Və ya "Mübarizlik dərsi"nin öyrətdikləri

 

 

Ədəbiyyatımızın, poeziyamızın vətənpərvərlik qəhrəmanlıq mövzulu yeni nümunələrindən olan "Mübarizlik dərsi" poemasını şair Musa Ələkbərli 2010-cu ildə qələmə alıb.

Müəllif bu əsəri qəhrəmanlıq sözünü qəhr olmaqdan qorumaq üçün düşmən üstünə təkbaşına yürüyən Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə ithaf edib. Proloqla başlayan poemada öz qanıyla bizlərə səfərbərliyi diktə edən bir məğlubedilməz obrazı yaradılıb. Həmin obraz mübarizliyi ilə Koroğlunu, Nəbini şüarlıqdan qurtararaq onların ənənəsinin həqiqət olduğunu sübut edə bildi.

Poema yeddi bölümdən ibarətdir. İlk bölümdə Mübarizin bütöv bir qoşunu əvəz edərək düşmən üstünə təkbaşına yaraqlı-yasaqlı çıxması alqışlanır. Bu alqışın səbəbi odur ki, ermənilərin yalana bürünmüş yazıq bir obraz yaratmasını, ATƏT-in, BMT-nin başqatan qətnaməsini illərlə nəticəsiz görməkdən artıq usanan Mübariz qisas almaq üçün düşmən üstünə gedir. Müəllif onun psixoloji ovqatını tarixi həqiqətlərlə vəhdətdə qələmə alır. Belə təsvir olunur ki, onun hücuma keçdiyi həmin yay gecəsi sanki Xocalının-tarixdən silinmiş şəhərin bütün ruhları oyanmışdı. Həmin ruhlar Mübarizi daha da qətiyyətli olmağa həvəsləndirirdilər. Müəllif onların dilindən başlarına gətirilən müsibətləri səsləndirməklə tarixi yaddaşa ekskursiya edir. Həm Mübarizin psixoloji durumunu tamlığı ilə çatdırır, həm yaxın keçmişin gerçəkliklərini unudulmaqdan xilas edir. Qisasa çağıran bu səslər Mübarizi haqlı olduğuna daha da inandırıb qətiyyətli edir.

O zaman 22 yaşında gənc olmağına baxmayaraq canından sevgi ilə keçməyi bacaran bu vətən oğlu döyüşə getmədən öncə hər şeyi gözünün qabağına gətirir. O, doğulduğu kəndi valideynlərini, idmanda qazandığı uğurları, onu sevən xanımı qədər düşünsə , heç onu öz qərarından döndərə bilmir. "Mübarizlik yolunu Özü seçdi Mübariz" fikirlərindən bəlli olduğu kimi o tamamilə özündən əmin idi.

Əsərdə on bəndlik "Ağlama" rədifli gəraylıda işğal altında olan bütün rayonlarımızın adları çəkilir onların işğaldan azad olunacağına böyük ümid bəslənilir. Mübarizin doğulduğu qədim Biləsuvarın qürur hissi belə tərənnüm olunur: "Kiçik Əliabad böyük vətənin Köksündə ürəktək döyünür indi". Onun böyüyüb boya-başa çatdığı ev indi müqəddəs bir məkana çevrilib, "təsəlli verməyə gələn adamlar Özləri təsəlli alıb gedirlər". Müəllif belə bir arzuyla çıxış edir ki, "Oğullar kişilik zəmanətini, Sənin qeyrətindən ala, Mübariz".

Adı dillərdən düşməyən Milli Qəhrəmanın bu cür addımı sozalan inamımızı özümüzə qaytardı. "Yağı haçanacan qovacaq bizi? - Onun qabağından qaçana kimi" sual cavabı illərlə təsdiqini tapmış həqiqətdir. Ona görə , Mübariz qaranlıq əriməmiş minalı yollardan cəsarətlə keçərək öz işini tamamlamalıydı. O, düşmənlə üz-üzə olan Tərtərə çatanda daha da əminləşir. "Efirdən, ekrandan illərdi bizə, "Düşmən arxalıdır" dərsi keçirlər" - fikirlərini darmadağın etməyə özünü tamamilə hazır hiss edir. Şair bu anda onun daxili pıçıltılarını da canlandırır: "Ölümdən qorxmur Mübariz, Öldürüb, ölmək istəyir". "Özünə, sözünə qalib gələnin Dünyada heç nədən qorxusu olmur" sətirləri onun həmin andakı inamlı vəziyyətinin təsdiqidir. Şair Mübariz İbrahimovun bu cəsarətini 72 nəfərin canından keçərək islamı diriltdiyi döyüşlə müqayisə edir. "Millətin adından etdin bu cəhdi, sarsılan xalqına şərəf gətirdin" sözləri ilə bu addımın necə tarixi bir zərurət olduğunu xüsusilə vurğulayır.

O, min-min yaşıdının böyüməsi üçün bütün ağrıları təkbaşına çəkməyə qərar verdi. Onun həmin döyüş qərarı sirr olduğuna görə hər kəsdən xəbərsiz getmişdi. Ona görə , hərbi hissədə gecənin bir aləmi atasına zəng edib, əgər evə gedibsə qayıtmasını tələb edirlər. Atası cavab verir ki, onu ön cəbhədə axtarın. Təlaş keçirən atanın bircə arzusu olur ki, təki balası sağ olsun. Birdən yadına düşür ki, oğlu bir gün əvvəl zəng edib halallıq istəmişdi. Şair bu epizodla türk insanının vətən övlad sevgisinin bütövlüyünü nümayiş etdirir.

Əsərin sonlarına yaxın müəllif daha da inamlı görünür. "Yağı, daha ordum Mübarizləşib, Saya gəlməyəcək matəm günlərin" - deyə daxili gücünü göstərmiş olur. "Böyük qəbristanlar bəxş eyləyəcək, "Böyük Ermənistan" xülyası sənə!" - fikirləri ilə öz mövqeyini sərgiləyir. Yağıya bildirir ki, sənin Tanrı türkünə qənim kəsilməyin öz məhvinə səbəb olacaq. Əgər indiyə kimi səni yola vermişiksə, səbəbi odur ki, "Mənə böyüklüyüm imkan verməyir Hardasa sənintək xırdalanmağa".

Epiloqda bildirilir ki, "Çox-çox generallar yumağa dönüb, Dünyaya səs salıb gizir Mübariz!" Bu reallıq bütün dünyanın hərbi gücünə ünvanlanmış ismarıcdır. Yəni dünyanın ən təcrübəli generalları erməni fitnəkarlığını dəstəkləsə də, onların gücü Mübariz kimi gizirlərə yetməz. Əsərin sonunda müəllif belə bir inandırıcı arzuyla çıxış edir ki, "Yazdığım əsərin son nöqtəsini Adına yaraşan bir ucalıqda - Şuşa qalasında qoyacağam mən!" Bu inam Mübarizin ölümündən illər keçməsinə baxmayaraq hələ də vətəndaşlarımızın qəlbini tərk etməyib.

 

525-ci qəzet.- 2017.- 8 fevral.- S. 4.