Gənc şairin "Günəş altında mərmilər"i

 

Ulucay Akifin şeirlər kitabı təqdim edilib

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda gənc şair Ulucay Akifin "Günəşə atılan mərmilər" kitabının təqdimatı keçirilib.

Birliyin katibi Rəşad Məcid giriş sözündə U. Akifin istedadlı, yeni uğurlar vəd edən yaradıcı gənclərdən olduğunu önə çəkib:

"Ən yeni ədəbi nəslə mənsub olan Ulucay artıq Yazıçılar Birliyi və Gənc Ədiblər Məktəbinin üzvüdür. Olduqca fəaldır. Kitabının təqdimatı ilə bağlı sosial şəbəkədəki canfəşanlığı, davamlı təbliğatı da buna sübutdur. Elə buna görə indi zalda toplaşan oxucuların, onu sevənlərin sayı çoxdur. Arzu edirəm ki, bu, təkcə sosial şəbəkənin Ulucaya gətirdiyi müvəqqəti uğur, keçici istək olmasın. Düşünürəm ki, bu onun poeziyayla möhkəmlənəcək gələcək yaradıcılığı üçün böyük stimul ola bilər. Fikrimcə, Ulucayın Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində rucsa təhsil alması onun dünyagörüşünə böyük təsir göstərir. O, həm modern, həm ənənəyə söykənən şeirlər yazır".

Tədbirin aparıcısı tənqidçi Əsəd Cahangir Ulucayın şeirlərinin ona doğma olduğunu deyib:

 "Mən əvvəllər ona xatirini çox istədiyim, dünyasını dəyişmiş şair Akif Səmədin oğlu kimi baxırdım. Ancaq şeirlərini oxuduqca fikirlərim dəyişdi. Ulucayın özünü yaratmaq kimi böyük missiyanı üzərinə götürdüyünü gördüm. O bu gün artıq öz şeirləri ilə qarşımızdadır. Əlbəttə, bu cür yaradıcılıq yolu daha çətindir. Məşhur bir şairin oğlu olmaq, onun qanadları arasından çıxmaq kölgəsi altında qalmamaq, öz adı, öz imiciylə özünü təsdiq etmək elə asan deyil. Akif Səməd qoşmada, hecada öz möhürünü vurub. Azərbaycan ədəbiyyatında dərvişanə poeziyanı ayrıca bir şəkildə, özünməxsus tərzdə yenidən yaradıb. Bu mənada artıq yeni ekol izləmək, yeniliklər gətirmək lazımdır. Ancaq əlbəttə, milliliyi unutmadan. Çünki budaq kökünü unudanda qurumağa məhkumdur. Bəziləri var ki, Avropa ənənəsinə çox meyl göstərir. Başqa sözlə, klassikanı rədd edir. Mən bunu yanlış sayıram. İnsan öz milli kökünün üzərində cücərməlidir. Ulucayın şeirlərini ilk dəfə oxuyanda dedim ki, deyəsən, gözlədiyim şair gəlir. Yəni, Ulucay klassik, milli-poetik ənənə ilə çağdaş poeziyanı üzvi şəkildə sintez etməyi bacaran şairdir. Şübhəsiz ki, istedad zamanın tələblərini duyan onu sənətkarlıqla ədəbiyyata gətirən adamdır".

Şair Qulu Ağsəs U. Akifi istedadlı bacarıqlı şair kimi səciyyələndirib:

 "Gənc şairləri izlədikcə onları bir neçə təsnifata bölürəm. Bir qrupu yaza bilmir. Bir qrupu yaza bilməsə , bunu anlayır. Bir qisminin yazmaq bacarığından xəbəri yoxdur. Sonuncular isə həm yazmağı bacarır, həm öz istedadlarına hakimdirlər, bundan xəbərdardırlar. Ulucay Akif məhz sonunculardandır".

BDU-nun professoru Nəsir Əhmədli çıxışına Ulucayın atası mərhum Akif Səməd barədə xatirələrini bölüşməklə başlayıb:

 "Akif Səmədlə biz çox yaxın dost olmuşuq. Akif Səməd də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Şairin oğlunun onun yolunu sözün ən yaxşı və hərtərəfli mənasında davam etdirməsi sevindiricidir. Düzdür, Akif Səməd daha çox heca vəznində yazırdı. Ulucay isə sərbəstə üstünlük verir. Hətta Ulucayın hecada yazdığı şeirlərdə də yönəldiyi, istifadə etdiyi vəznin ruhu duyulur. Bundan əlavə, fikrimcə, o, nəzəriyyə ilə də ciddi məşğul olmalı və öz təvazökarlığını daim qorumalıdır".

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Ayaz Musayev Ulucay Akifin onun ən istəkli tələbələrindən biri olduğunu deyib:

 "Onu ilk günlər dəhlizdə gəzən utancaq bir oğlan kimi tanımışam. Şair olduğunu sonralar öyrəndim. Onun adı kimi özünadir insandır. Məncə, onun şeirlərində bir yenilik var. Kitabların da insanlar kimi taleyi müxtəlifdir. Ümidvaram ki, Ulucayın kitablarının taleyi çox uğurlu olacaq".

Jurnalist Qalib Toğrul gənc şairi Akif Səmədin davamçısı adlandırıb və onun gələcəkdə şeirləri ilə ədəbiyyatda qalacağına inandığını bildirib.

Şairlər Əkbər Qoşalı, Ramil Əhməd, Tural Turan, Emin Akif və başqaları da çıxış edərək müəllifin yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Sonda Ulucay Akif şeirlərindən nümunələr səsləndirib və oxucular üçün kitablarını imzalayıb.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 9 fevral.- S. 7.