Çünki o, Cahangir Məmmədlidir!
...Həyatı boyu şan-şöhrətdən
qaçan, sadə və təvazökar bir ömür yaşayan bu insan haqqında onun arzuladığı kimi mən də
heç nə yazmazdım, ancaq son dövrlərdə bəzi
sosial şəbəkələrdə
onun ünvanına söylənilən hərcayı
fikirlər məni bu yazını yazmağa məcbur elədi.
Məcbur oldum ki, yazam, ey
pisi-yaxşıdan seçməyi
bacarmayanlar, gözünüzü
açıb bu dünyaya yaxşı baxın, yəni bu millətin ziyalısı o qədər
çoxdur ki, siz onlardan biri
ilə,bəlkə də ən yaxşılarından biri
ilə belə kobud rəftar edirsiniz?! Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində dedi ki, sosial şəbəkələr
hər şeyi kəsməyə qadir iti ülgücə bənzəyir. Ağıllı adamın əlində
xəstə orqanı
təşrih etmək,
insanlığa xidmət
etmək zorundadır,
xəstə təxəyyüllü
adamın əlində
isə insanları şil-şikəst eləmək
təhlükəsindədir. Bu gün həmin
ülgüc bəzi hallarda nadan əlinə keçir və o, məsuliyyət daşımadan sağa-sola
kəsə-kəsə gedir.
Hərdən düşünürəm
ki, etdiyi hərəkətə, yazdığı
sözə görə
bir azca məsuliyyət daşısaydı,
yaxud bu addımın hansı fəlakətlərə apardığının
həmin adam
üçün fərqi
olsaydı, yəqin ki, belə olmazdı.
...80-ci illərin
sonunda Bakıda qəribə bir vəziyyət yaşanırdı.
Şəhər bomboz və
bomboş idi. Aləm bir-birinə qarışan şəhərdə
nə polislər gözə dəyirdi, nə
də digər qanun keşikçiləri...
Bundan yararlanan bəziləri hər cür qanun pozuntusu edir, sanki etdiyi
hərəkətdən zövq
alırdı. İndiki Bül-bül
prospekti ilə yolu keçirdik. Yuxarıdan, yəni sirk tərəfdən gələn
maşınlara baxıb
yola çıxırdıq
ki, dəniz tərəfdən üzü
yuxarı gedən bir qırmızı maşının tormozunun
səsinə diksindik.
Biz ora-bura qaçıb
canımızı qurtarsaq
da, maşın dostlardan birinə toxundu və o, yerə yıxıldı.
Qırmızı maşının
sürücüsü indi
sosial şəbəkələrdə
şəbeh çıxardan
cavanlara oxşayırdı,
bizi günahkar hesab elədi: "Alə, bir o yan, bu yana
baxun da..." Soruşduq ki, axı sən niyə hərəkətin əksi
istiqamətində sürürsən?
Utanmadan cavab verdi ki,
ömrüm boyu arzulamışam bu küçəni tərsinə
sürüm. İndi baxan yox, tutan
yox, sürdüm ki,
arzum ürəyimdə
qalmasın". Bəs
bu insanın taleyi necə olacaq, soruşanda əsl siması açıldı, "necə
olacaq olsun, mənə nə?"-dedi. "Kimə deyirsiniz deyin, hara şikayət
eləyirsiniz eləyin,
onsuz da baxan olmayacaq",- deyib sürüb
getdi... Hara, hansı
polis bölməsinə gedib
şikayət etdiksə,
o, deyən oldu, cavab verdilər ki, biz nə hayda, siz nə
hayda...Doğrudan da baxan olmadı.
İndi sosial şəbəkələrdəki
vəziyyət təxminən
o zamankı küçələrə
oxşayır. Kim necə istəyir sürür, nə istəyir eləyir, hansı qanunu istəyir pozur,
məsuliyyət yox, təhlükə yox, qorxu yox.
Adətən, belə vəziyyətlərdən
nadanlar yararlanırlar.
Necə ki, o zaman da ağlı
başında olanlar heç bir qanunu pozmurdu, vicdanı olanlar alışdıqları qaydalarla
yaşayırdı, o biriləri
isə "fürsət"
hesab edib qanunu pozmaqdan sanki zövq alırdı, hər hərəkəti
özünə rəva
bilirdi, kimi də vurub yıxsaydı
vecinə də deyildi.
Yazını yaza-yaza ötən illərə qayıdarkən
xatirələr silsiləsinə
bir şirin xatirə də
qoşulur.1974-cü ildə sənədlərimi indiki
Bakı Dövlət Universitetinə verməyə
gəlmişdim. Orta məktəbi yenicə
bitirmiş, bura bələd olmayan biri kimi məni
atam müşaiyət
edirdi. O vaxtlar sənədləri BDU-nun idman
zalında qəbul edirdilər. Böyük zal, müxtəlif fakültələr üçün
sənədvermə yerləri,
yüzlərlə abituriyent,
müəllimlər, ara-sıra
qayda yaratmaq istəyənlərin qışqırtılı
tələbləri və
s... Qısası, orta məktəbdən
yenicə ayrılmış
16-17 yaşlı gənc
üçün aura çox
vahiməli idi. Sənədlərimi vermək istədiyim
Filologiya fakültəsinin
qarşısında böyük
növbə var idi. Həmin növbədən
qayıdanda məni ovsunlayan bu vahimənin
içində həsrətində
olduğum bir isti baxış, səmimi münasibət, qayğılı rəftar,
qılıqlı adam gördüm. Atam bayaqdan dayanıb onunla söhbət edirdi. Bu qısa müddətdə burada gördüyüm soyuq adamlardan, qışqıran
gənc təşkilatçılardan,
quru məmurlardan çox fərqli bir adam
idi. Atam bizi tanış
etdi: "Oğlum, bu, universitetin baş müəllimidir".
İki məsələyə
çox məəttəl
qaldım: birincisi bu adam da müəllimdirsə, niyə o biriləri kimi qışqırmır,
bizi başdan eləmək istəmir, kobudluq etmir. İkincisi, belə cavan, bir qədər
çəlimsiz adam necə olur ki, bu
boyda universitetin baş müəllimi olur? ( o vaxt
elə bilirdim ki, "baş" sözü "ən başda olan" mənasındadır). Bu sualların
cavabını illər
ötəndən, mən
universitetdə işləyəndən,
kollektivi yaxından tanıyandan sonra dəqiq bildim: İkinci sualın cavabı sadə imiş: demə, baş müəllim pedaqoji statusdur, müəyyən müddətdən
və xidmətdən
sonra müəllimlərə
verilən status. Birinci
sualın cavabı xeyli mürəkkəb imiş: belə qəliz vəziyyətdə
də insanlığı
itirməmək, hər
kəsə qayğı
göstərmək üçün
gərək çox yüksək mənəvi
keyfiyyətlərə malik
olasan. Həmin adamı mən sonralar da elə
o vaxt gördüyüm
kimi tanıdım,
professor da oldu, kafedra müdiri də oldu, müxtəlif
vəzifələrin, statusların
sahibi də oldu, dəyişmədi, dünya dəyişdi, dövlət quruluşu, münasibətlər, meyarlar,
əqidələr dəyişdi,
ancaq o adam dəyişmədi: həmişə
xeyirxah, alicənab,
humanist, qayğıkeş, nəinki ətrafındakılara,
tələbələrinə, tanımadığı adamlara
da yaxşılıq etmək iqtidarında qaldı. Çünki, o, bu dünyaya belə missiya ilə gəlib! Başqa cür ola
bilməz! Bu elə şəxsiyyətdir ki, yuxarıda haqqında yazdıqlarım tərəfindən
atılan heç bir ləkə, iftira ona yapışmaz,
bu insan 75 il kişi kimi,
mərd-mərdanə, çoxlarına
nümanə olası
ömür yaşayıb.
Çünki o,
Cahangir Məmmədlidir!
Fikrət ŞİRİYEV
525-ci qəzet.- 2017.- 9 fevral.- S. 4.