Asan xidmət

 

hekayə

 

Bayramqabağı Novruzəli xırda-xuruş bazarlıq eləmək, əyin-baş almaq, bir də şəhərin qoxusunu duymaq üçün yolunu şəhərdən saldı.

Novruzəlinin külfəti bu xəbəri eşidəndə evin divarları güldü, qaragöz qızları gilənar ağacı kimi çiçəklədi, 9 yaşlı madar oğlu Məmmədhəsən "dədə, məni də apar"- deyib gözlərini kərtənkələ gözü kimi dədəsinə zillədi. Novruzəli də eynən oğlu kimi gözünü qırpmadan gədəsinin gözünün içinə baxıb "yox!"- dedi. Məmmədhəsən başını aşağı salıb zırıldaya-zırıldaya qapıdan çıxdı.

Arvadı Qönçəgül iki daşın arasında ərinin adsız barmağına qırmızı sap bağladı ki, hara gedirsə-getsin, güzgüsüz evə dönməsin. Divardakı köhnə güzgüləri bu qışdan salamat çıxmamışdı, yerə dəyib çiliklənmişdi. Novruzəli səhər-axşam dəhlizdən keçəndə istər-istəməz boynunu uzadıb güzgüyə, daha doğrusu, güzgünün yerinə baxırdı.

Müxtəsəri, Novruzəli bu xəbəri külfətinə deyəndə gün əyilib axşam düşmüşdü. Qönçəgül odun peçinin üstünə bir vedrə su qoyub ərinin alt paltarlarını yaxşı-yaxşı qaynatdı, qızları dədələrinin üst paltarlarına əl gəzdirdi, hikkəsi hələ ötüb keçməyən Məmmədhəsən ortalıqda nə qədər fırfıra kimi fırlansa da, heç kimin ona məhəl qoymadığını görüb fürsət tapan kimi paltar sərən anasına yaxınlaşdı.

- Dədəmə denən maa tapançadan-zaddan alsın - dedi.

- Alajax, başına dönüm, alajax, - deyib Qönçəgül Məmmədhəsəni başından elədi.

Sonra Qönçəgül yol tədarükü gördü, yumurta, kartof qaynatdı, yanına da baş soğan qoydu ki, Novruzəli yol adamıdı, ac qalmasın, qursağına bir şey atıb mənzilbaşına sağ-salamat gedib çatsın.

Qaranlıq hər tərəfi bürüyəndə Qönçəgül sərdiyi paltarları yığıb evə gətirdi, peçin yan-yörəsinə sərdi ki, paltarlar səhərəcən qurusun.

O gecə uzun bir gecə oldu, ilan vuran yatdı, Novruzəli yatmadı. Elə bil yerinə qor dolmuşdu. Səfər söhbətini açıb-ağartdığına görə indi it kimi peşman idi. Amma bir tərəfdən də şəhərdən ötrü burnunun ucu göynəyirdi. Gör neçə illər idi, şəhərə yolu düşmürdü. Görənlər deyirdi, şəhər aşıb-daşır, alışıb-yanır. O da bu ölkənin balasıydı, üç uşağın atasıydı, bu yerin sevincini dadmaq onun da haqqıydı. Gedib o yerləri ziyarət eləsəydi, gözü-könlü sevinərdi, tay-tuşları şəhərdən danışanda onun da deməyə sözü olardı.

Əslində, şəhərə getməkdə başqa məqsədi də vardı. Neçə illər idi ki, Novruzəlinin külfəti sosial yardım ala bilmirdi. Kəndin icra nümayəndəsi Hacı Xudayar iki ayağını bir başmağa dirəyib sənin iki inəyin var, sənə sosial yardım düşmür - deyib Novruzəlinin gözündən basırdı. İnişil Novruzəlinin əlacı kəsildi, inəyin birini payızda dəyər-dərməzinə satdı. Satdı ki, Xudayarın gözü yığışsın, sözü olmasın. Amma Xudayar yenə çəm-xəm eləyirdi. Novruzəli ürəyinə yığmışdı ki, şəhərdə böyüklərin yanına gedib çıxacaq, Xudayarın necə adam olduğunu onlara deyəcək. Qoy Xudayarın atasını yandırsınlar!

Novruzəli Xudayarla vuruşa-vuruşa səhəri açdı. Qönçəgül peçi qaladı, çay qoydu, Novrizəliyə şirinçay qayırdı, Novruzəli də bəy balası kimi yeyib-içdi, geyinib-keçindi.

Qönçəgül yol tədarükünü Novrizəliyə uzadanda:

- Utanıf eləmə, ə, girəvə düşən kimi çörəyini ye, kim kimədi, özünü ac saxlama. Sən ac olanda, o qivlə haqqı, boğazımdan tikə keçmir,- dedi. Bir də səni and verirəm Abbas əmimin goruna, üstünə düşsən şəhərdən maa sarımsaqdöyən al. Yadından çıxmaz ki?

Novruzəli qırtını çəkdi:

- Yaxşı, az, tapsam, alajam.

- Di get, Allahın kölgəsi üstündə olsun,- dedi Qönçəgül. Bu yerdə səsi kimi dodaqları da titrədi.

Novruzəli də yuxa ürəkli arvadının sözlərinə kövrəldi, amma dönüb geriyə-filana baxmadı, dümdüz, şax yerişlə çıxıb getdi.

Arxadan yenə Qönçəgülün səsi gəldi:

- Odey ha, Qurbanəlinin avtobusu gəlir, sağ get, salamat qayıt balalarının içinə.

- Gələjəm, az, uşaq-zad deyiləm ha, ev-eşikdən muğayat ol.

Novruzəli yol maşınlarını dəyişə-dəyişə gəlib şəhərə çıxdı.

Şəhər, nə şəhər! Novruzəli axırıncı dəfə şəhərdə Sovet vaxtı olmuşdu. Allah rəhmət eləsin İskəndər müəllimə, bir yol şəhərə gələndə onu da özüylə gətirmişdi ki, Novruzəlinin dünyagörüşü artsın. O səfər sonralar heç vaxt Novruzəlinin yadından çıxmadı. Dənizi ilk dəfə onda gördü, tramvaya ilk dəfə onda mindi, İskəndər müəllim onu kinoya apardı, birlikdə morojnı yedilər, bəylik kostyumunu da onda aldı... Amma, amması var, Novruzəli hay-huy eləyib gözaltı eləyənəcən fəhlələrin və kəndçilərin çiynində dayanmış şanlı Sovet imperiyası çökdü, kolxoz-sovxoz dağıldı, Novruzəli işsiz-gücsüz qaldı, bəy kostyumunu da elə 15 ildən sonra geyinəsi oldu. Atalar demiş, kasıb evlənəndə gecə qısalar. Bu, Novruzəlinin də başına gəldi...

İndi şəhərə baxıb gözü-könlü açıldı. Amma ürəyində köhnə şəhər üçün darıxdı. O şəhərin başqa bir qoxusu vardı, o şəhərin adamları da bir başqaydı, ağbəniz, gülərüz, mehriban...

Novruzəli bütün olanları zamanın ayağına yazdı. Özünü yaxınlıqdakı parka verib bir müddət gəlib-gedənlərə heyranlıqla tamaşa elədi. Sonra gözucu baxdı ki, görsün ona məhəl qoyan var, ya yox. Gördü heç onu saya salan da yoxdur, oturduğu oturacağın üstündə özünə kefi istəyən süfrə açdı. Yumurtaları bir-birinə toqquşdurdu, kartofları soydu, soğanın başına karlı bir yumruq vurub iki yerə böldü, çörəyini dad eləyə-eləyə yeyirdi ki, Allah mərdimazara nəhlət eləsin, elə bil yer ayrıldı, yerin altından bir paqonlu çıxdı.

Novruzəli dəvikdi, oğurluq üstündə tutulan uşaq kimi qızardı, amma özünü o yerə qoymadı:

- Salami-əleyküm - dedi.

Adam elə bil paya udmuşdu, dümdüz dayanıb gözünü bərəltdi:

- Yığışdır, ə, bu zir-zibilini.

Yumurtanın parası Novruzəlinin əlində qaldı. Udqundu:

- Gəl, sən də bir loxma ye, - dedi.

Adamın rəngi qızardı:

- Ə, sən kimsən ki, mənə belə söz deyirsən. Dur, a kişi, dur ayağa, yığışdır bunları, özün də əkil burdan. Hər tərəf turistlərlə doludur, ayıbdı, bizim haqqımızda nə düşünərlər?!

Novruzəli bir açdığı süfrəyə, bir polisə baxdı, yumurtanın birinə hələ əl vurmamışdı.

Yazıq-yazıq:

- Bə bunnarı neyləyim? - dedi.

Mühafizəçi cin atına mindi, nə mindi. Cibini göstərib:

- Neyləyəcəksən, ə, gətir qoy bura, - dedi.

Novruzəli yerindən qımıldandı, gülümsədi, ürəyində:

- Qarnının dərdi varmış, yumurta istəyirmiş, - deyib ayağa qalxmaq istəyirdi ki, adam cəld tərpənib Novruzəlinin süfrəsini silib-süpürüb yaxınlıqdakı zibil yeşiyinə atdı.

- Özün də elə get ki, bir də ayağın bu tərəflərə dəyməsin.

Novruzəli ayaqlarına baxa-baxa parkdan güllə kimi çıxdı.

... Novruzəli yolun ucunu tutub gedirdi. Binalar, adamlar, maşınlar, gözəl-göyçək qız-gəlinlər, bu yerdə Novruzəli şeytanın onu yoldan çıxaracağından ehtiyatlanıb "anam-bacım olsunlar!" - deyib nə isə mızıldanırdı.

Şəhərin gözəlliyi, əlvanlığı get-gedə Novruzəlinin ağlını başından alırdı. Ortada heç nə yox idi, amma elə bil nə isə içmişdi, öz-özünə xumarlanırdı. Bu yerdə Novruzəlinin zəif bir cəhətini mütləq deməliyəm. Allahdan gizli deyil, bəndədən nə gizlin, Novruzəli qazlı su içəndə başı gicəllənirdi, keflənirdi, öz-özünə sərxoş olurdu. İndi də Novruzəli şəhərin havasını uda-uda hallanmışdı.

Novruzəli dumanlı başla küçələrdə dolaşa-dolaşa axşamı saldı.

Axşam da olanda Novruzəlinin əhvalı bir başqa cür dəyişirdi, elə bir qərib bir quş ürəyinin başına qonub yastı balabanda "Çoban-bayatı" çalırdı. Novruzəli evindən, obasından uzaqda əməlli-başlı qəribsədi, doluxsundu, qaramatını qovmaq üçün özünü qarşıdakı işıqlı çayxanaya saldı. Bir çaynik çay, yanında da ləbləbi həmən hazır oldu. Novruzəlinin eyni açıldı, ləbləbidən yeyib çaydan içdikcə şəhər gözündə bir az da gözəlləşirdi. Çayını içib, ləbləbi qabını silib-süpürəndən sonra istədi nəlbəkinin altına bir manat qoyub getsin, qaranquşa oxşayan cavanca bir uşaq hardansa peyda olub ona kitabça uzatdı. Novruzəli əvvəl bir kitaba, sonra qaranquşa oxşar uşağa baxdı, sonra kitabçanı açdı. Kağız parçasının üstünü hıqqana-hıqqana oxudu. Ödəniləcək məbləğ: 15 AZN.

Novruzəlini tər basdı, amma özünü o yerə qoymadı. Əlini gödəkçəsinin cibinə salıb 15 manat çıxardı, amma yenə də kitabçanın içinə qoymadı, oğlanın üzünə baxdı ki, bəlkə səhv eləyiblər, yanlışlıq-filan olub, amma oğlan susub heç nə demədi. Əlacı kəsildi, pulu kitabın içinə qoydu, oğlan pulu götürüb getdi və Novruzəlini həmişəlik unutdu.

Çayxanadan çıxanda gecə qara çarşabını şəhərin üstünə atmışdı. Yazağzı səma tərtəmiz olur, elə bil yerə də, göyə də ovuc-ovuc ulduz səpilmişdi. Novruzəli qəribə hisslər keçirirdi. Parkdakı mühafizəçi qanını qaraltsa da, çayxanada bir çaynik çaya 15 manat alsalar da, həyat bal dadırdı. Ürəyi fərəhlə çırpınırdı, Novruzəli get-gedə şəhərin havasına, səs-küyünə alışırdı.

İndi də gecə qalmağa dörd divar, bir qapısı olan ucuzvari yer axtarırdı ki, başını atıb yatsın, yorğunluğunu çıxarsın, səhər şəhəri gəzib-dolaşsın, dadını çıxarsın.

Qabağına çıxan adamlardan ucuzvari qəsdinsənin yerini soruşurdu. Soruşurdu, amma kimsə dərdinə dəva eləmədi.

Axırda cavanca bir uşaq Novruzəlinin gözünü açdı:

- Day-day, pis çıxmasın, hansı zəmanədə yaşayırsan? A kişi, bu şəhərdə qəstin-məsdin yoxdu. Otellər var, gecəsi 100 manata, 1000 avroya. 15000 min şlinqə. Varındısa, get, qal. Ya da Alatavada qonşumuz bir gecəliyə 10 manata yer verir, get, orda gecələ də, - dedi.

Novruzəlinin gözlərinə işıq gəldi:

- Məni ora apararsan? - dedi.

Çoxbilmiş uşaq:

- Day-day, aparmağına apararam, amma ora çox uzaqdı, gərək taksiylə gedək.

On manat da Novruzəlidən belə çıxdı.

Oğlan Novruzəlini alaqapının qarşısında bir qadına tapşırıb yox oldu.

Qadın Novruzəliyə xoş-beş demədən həyətin küncündəki quş damına oxşar otağı göstərdi. Otaqda bir çarpayı, bir dəst də mitil vardı.

Novruzəli bir də eşiyə qaçdı, utana-utana subaşının yerini soruşdu. Xəbəri yoxmuş, düz burnunun ucundaymış.

Novruzəli: "Bu yaxşı oldu" - deyib otağa qayıtdı. Paltarlarını soyunub başının yanına yığdı, yerinə girib bir müddət qurdalandı ...

Novruzəli kəndçi babaydı, çörəyi torpaqdan çıxırdı. O qədər torpaqda əlləşmişdi ki, özü də torpaq kimiydi. Dilsiz-ağızsız, mağmun, fağır. Sabah xeyli işləri vardı, böyük adamların yanına gedəcəkdi, qızlarına don alacaqdı, fikrində tutmuşdu ki, gədəsinə ayaqqabı alsın, güzgü öz yerində, vaxt tapsa, şafkasını da təzələyəcəkdi. Bu xəyallarla Novruzəlini yuxu tutdu...

Novruzəlinin yuxusuna bir sürü qoyun girmişdi. Qoyunlar belədən-belə otlayırdılar, elədən-belə. Amma Novruzəli qoyunları nə qədər saysa da, sayları düz gəlmirdi. Novruzəli: "Nəhlət sənə, kor şeytan" - deyib yenidən saymağa başlayırdı, yenə əskik gəlirdi. Sayılmaqdan yorulmuş qoyunlar axırda təngə gəlib Novruzəlinin üzünə dirəndilər ki, onları saymasın. Qoyunu saymaq yaxşı əlamət deyil. Sonra başlarını aşağı dikib otları qırpa-qırpa sürüylə keçib getdilər.

Novruzəli bu dəfə qoyunları gözünün ucuyla gizlincə saydı. Yenə əskik gəlirdi... Gümanı yüz yerə getsə də, axırda gəlib Hacı Xudayarın üstündə dayanırdı. Qoyunu ondan başqa kim yeyə bilərdi?

Müxtəsər, səhərəcən qoyunlar Novruzəlinin yuxusunu qırpıb yedilər, ipə-sapa yatmadılar, zəhləsini tökdülər. Səhərəyaxın qoyunları birtəhər sayıb aula yığa bildi...

Səhər yuxudan durub eşiyə çıxanda ev sahibəsi həyətdə qaş-qabaqlı var-gəl edirdi.

- Savağın xeyir, bajı.

Qadın dilucu salamını aldı.

Novruzəli əlini cibinə salıb on manat çıxardı. Qadın alıcı quş kimi qiyyə çəkdi.

- Qardaşım, on manat niyə, xəbərin yoxdu bu gecə nələr oldu?! Novruzəlinin xırda gözləri böyüyüb-böyüyüb hədəqəsindən çıxdı, boynunu uzadıb qorxa-qorxa soruşdu:

- Nooldu? -

- Bizə olan oldu, devalvasiya baş verdi. Qiymətlər qalxdı. Sən yatdığın otağın qiyməti dünən on manat idi, bu gün iyirmi manat oldu.

Novruzəlinin ürəyi yerinə gəldi, qorxusu çəkildi, qəddi düzəldi:

- Mən də deyirəm görən nooluf ?!

- Day bundan artıq nə olacaq, ay evi tikilmişin oğlu?! Kənddə yaşayırsan, nə vecinə, Araz aşıqlarındandı, Kür topuğundan! Dərd bizim dərdimizdi. Qaz, su, işıq pulu, hələ təmizlik işlərini demirəm. Bunlar azdı bəgəm?! Bilirsən, şəhərdə tualetin qiyməti neçəyədi?

Solaxay sualın qarşısında Novruzəli çaşıb qaldı:

- Bilmirəm.

- Otuz qəpik. Qırx qəpik olan yerlər də var. İndi camaat gedib...

Novruzəli od püskürən qadından eyməndi, dinməz-söyləməz on manatın üstünə on manat da qoyub qadına uzatdı.

Qadın pulu xələtinin cibinə qoya-qoya:

- Şəhərdə qalası olsan, başqa yer axtarma, burdan ucuz yer tapa bilmiyeceysən - xəbərdarlığını elədi.

Novruzəli ürəyində "köpəyin qızı, qanını mənnən uzax elə" - deyib darvazadan güllə kimi çıxdı. Əvvəlcə barmağındakı qırmızı sapdan canını qurtarmalıydı. Gəzib dolaşdı, axır ki, güzgü satılan bir dükan tapdı. Hər yan güzgü idi. Novruzəli özünü heç vaxt belə aydın, öz ölçüsündə, bütöv görməmişdi. Divardakı bütün Novruzəlilər utancaq-utancaq ona baxırdılar.

Əl ağacına oxşayan Novruzəli müti, yazıq, sözəbaxan, bir sözlə, yaxşı adam idi. Qonur gözləri uşaq gözləri kimi tərtəmiz idi. Şirniquş ver, başını aldat, ya da gözünü tök, ovcuna qoz tök, şükranlığını itirməyib sevinəcəkdi.

İndi Qönçəgülün əri, üç uşaq atası Novruzəli güzgüdə özünü apaydın görüb dördgöz olmuşdu.

Güzgülərdəki Novruzəlilərə baxa-baxa ona elə gəldi ki, dünyadakı bütün Novruzəlilər bir-birlərinə oxşayır. Kimsənin toyuğuna kiş deməzlər, yaman işlərə əl qoymazlar, əllərindəki tikəni alsalar belə, cınqırlarını çıxarmazlar. Amma bəxtləri kəsik, ruziləri az, adları bədnam olar. Novruzəli bilmirdi Novruzəlilərin hansına baxsın. Novruzəlilərin hamısı insan adamıydı. Dükandakı dikbaş güzgülər nədənsə bu kənd kişisinin abrından gözgörəti utandılar...

Novruzəlinin quşu ovalvari güzgüyə qondu. Bir yaxından, bir uzaqdan güzgüyə baxdı. Güzgü Novruzəlini yaxşı göstərirdi, çox yaxşı göstərirdi. Özü də qəttəzə idi. Qırılan güzgüləri o qədər köhnəlmişdi ki, gülləmişdi. Novruzəli neçə illər idi, özünə yox, kölgəsinə baxırmış...

...Gödəkçəsinin düymələrini açdı, sağ əliylə sol döşündən - pencəyinin cibindən bir bükülü çıxarıb ədəb-ərkanla açdı. Qönçəgül Novruzəlinin şəxsiyyət vəsiqəsini, bir də pulu əl dəsmalına büküb ərinin cibinə qoymuşdu. Novruzəli dəsmalla sənədini bir kənara qoyub güzgünün pulunu sayıb verdi. Adsız barmağındakı sapı qoparanda elə bil Qönçəgüldən azad oldu. Güzgünü qoltuğuna vurub xırda-mırda şey-şüy almaq üçün dükanları dolaşdı. Özünə sinəsində bir cüt maral olan jaket aldı, Qönçəgülə butalı yaylıq seçdi, qızlarına kitayiski don aldı, amma gədəsinə ayaqqabı ala bilmədi. Oğlunun hansı ölçüdə ayaqqabı geyindiyini yadına sala bilmədi. Əlacı kəsildi, oğluna uzunşüllət şalvar aldı, bir də Qönçəgül eşitdirmişdi ki, uşaq tapança istəyir. Novruzəli oğluna avtomat aldı ki, uşaq lap ürəkli böyüsün.

Novruzəli bazarlıq eləyib qurtaranda gün günorta olmuşdu. Səhər nahar eləməmişdi - deyə acımışdı. Burnuna yaxşı qoxu toxundu. Bir sağa, bir sola boylandı. Gözünə binanın küncündəki arıtma sataşdı. Novruzəlinin ağlında arıtma ancaq yuxarı qalxmaq üçün idi, amma bu arıtma adamları zirzəmiyə aparırdı. Gözəl qoxu da ordan gəlirdi, yerin altından. Divara yapışdırılmış sözü oxumağına oxudu, amma Şaurma sözünün nə olduğunu heç cür kəsdirə bilmədi. Ehtiyatla pilləkənlərı endi, gördüyü mənzərə xoşuna gəldi. Bu yer adamla dolu idi. Özünə yer tapıb oturdu, qaranquşa oxşar oğlanlardan biri yaxınlaşdı, sifarişi gözlədi. Novruzəli də biclik işlətdi, hamı nə yeyirsə, maa da ondan gətir dedi. Ofisiant məsələni anladı, Novruzəliyə şaurma, yanında da ayran gətirdi.

Novruzəli yeyib toqqanın altını bərkitdi. Aldığı şey-şüyə nəzər saldı, qalan qəpik-quruşunu vərləvürt edirdi ki, onu tər basdı. Şəxsiyyət vəsiqəsi yoxa çıxmışdı. Güzgü aldığı yerdə qoymuşdu, amma o yer hara idi? Öldürsələr də, Novruzəli o yeri yadına sala bilməzdi. Bəs neyləsin? İmdad diləyən baxışlarla ətrafa boylandı.

İki kişi yanakı oturacaqda durmadan danışırdı. Biri o birinə deyirdi, nə işin olsa, asan xidmətə get, pulsuz-parasız bir anda düzələcək. İndi hamı dərdini ora deyir. Novruzəli eşitdiklərinə inana bilmirdi. Asan xidmət sözünü bir-iki dəfə ürəyində təkrarladı ki, yadından çıxmasın. Yerindən qalxıb düşdüyü pilləkənləri tapıb yuxarı - yerin üstünə qalxdı. Qabağına çıxan ilk adama:

- Asan, lənət sənə kor şeytan, sonrası yadımdan çıxdı. Deməzsən, ora necə gedim, - dedi.

Adam qarşısındakı kişiyə məhəl qoymayıb başını yelləyə-yelləyə çıxıb getdi. Növbəti adam Novruzəlinin nə demək istədiyini havadaca aldı.

- Hə, Asan Xidməti istəyirsən.

- Oranı istəyirəm, dədə, necə gedim ora?

Yaxıınlaş, bax ordakı taksi şoferinə söylə, səni istədiyin yerə aparacaq,- dedi.

Novruzəli:

- Allah canını sağ eləsin, balalarını saxlasın - deyib güzgü qoltuğunda, yükü əlində taksiyə yaxınlaşdı. Taksi şoferi arif adam idi. Novruzəli ağzını açan kimi "otur", - dedi.

Şəhəri xeyli fırlanandan sonra taksi bir yerdə dayandı. Sürücü pulunu alıb Novruzəliyə yaraşıqlı binanı göstərdi.

Novruzəlini birinci mərtəbədən ikinci mərtəbəyə, ordan da üçə göndərdilər. Qoltuğunda güzgü, əlində bağlama olan Novruzəli ətrafa boylandı. Adamlar bir kənarda səliqə ilə oturmuşdular. Novruzəli özünə yer tapıb yükünü yerə qoydu, yüngülləşdi. Arada nömrə deyirdilər, adamlar da pəncərələrə yaxınlaşıb nə isə deyir, sonra da şad-xürrəm çıxıb gedirdilər. Bu yerin rahatlığında, sakitçiliyində Novruzəli xeyli mürgü döydü. Aradabir başını qaldırıb baxırdı ki, görsün onu çağırıb eləmirlər ki, amma çağıran yox idi, adamlar da birucdan azalmaq əvəzinə çoxalırdı. Bunun sirrini öyrənmək üçün Novruzəli yerində xeyli qurcalandı. Sonra özündə təpər tapıb pəncərəyə yaxınlaşdı.

- Dədə, məni niyə çağırmırsız?

- Cavan oğlan nəzakətlə:

- Nömrəniz neçədi? - soruşdu.

- Nə nömrə?

- Yaxınlaşın ora, sizə nömrə verəcəklər.

Novruzəli başıalovlu göy paltarlı qıza yaxınlaşdı.

- Bacıqızı, nömrə neçəyədi?

Qız əvvəl başa düşmədi.

- Nömrə istəyirsiz?

Novruzəli əlini cibinə salıb şax beşlik çıxardı. Qızı gülmək tutdu, "nömrə pulsuzdu" - dedi.

Novruzəli sevindi, bərk sevindi, gözləri yaşardı, axı bu şəhərdə hər şey pulnan idi. Dünyanın işinə bax, indi ona pulsuz nömrə verirdilər.

Novruzəlinin növbəsi çatanda pəncərəyə yaxınlaşdı. Şəxsiyyət vəsiqəsini itirdiyini dedi. Rayonunun, kəndinin adını dedi, öz adına çatanda duruxdu:

- Məmmədhəsənov Novruzəli Pirverdi oğlu. Qardaşoğlu, gəlsənə adımı da dəyişək - dedi.

- Niyə, adınız xoşunuza gəlmir?

Novruzəli dişlərini bir-birinə sıxdı:

- Çııı...

- Adınızı dəyişmək üçün başqa sənədlər də lazımdı.

Novruzəli istər-istəməz oğlanın dedikləri ilə razılaşdı. Guya adını dəyişsələr, nə olacaqdı, elə Novruzəlidir ki, Novruzəlidir. Novruzəli təzə şəxsiyyət vəsiqəsini alanda uşaq kimi sevindi. Amma yerindən qımıldanıb durmadı. Səsini qısıb:

- Bəs Xudayarın məsələsi necə olsun?! - dedi.

- Hansı Xudayarın? - oğlan təəccüblə soruşdu.

- Kəndçimiz Xudayarı deyirəm, o vurğun vurmuşu. Balalarıma sosial yardım verməyən o köpək oğlunu deyirəm.

- O məsələyə biz baxmırıq,- oğlan tələsik dilləndi.

Novruzəli peşmanladı:

- Keşkə baxaydınız... neynək, Allah köməyiniz olsun, - deyib geri döndü.

Novruzəli güzgünü qoltuğuna vurub şey-şüylərini götürdü. Asan Xidmətdən çıxıb yüklü-yüklü şəhəri xeyli dolaşdı, limon satandan iki lumu aldı. Cibində bircə yolpulu qalmışdı.

Yol maşınıyla geri dönəndə Novruzəli qanad açıb uçurdu. Səfəri uğurlu keçmişdi. Pəncərədən yazın qoxusu gəlirdi. Novruzəli get-gedə dirçəlirdi. Arabir ağlından keçirirdi ki, görən Qönçəgül inəyin alafın verib, ya yox?..

 

Təranə Vahid

 

525-ci qəzet. - 2017.- 10 fevral.- S.8.