"Yaxşı adamlara halaldır hörmət!"

 

XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏYƏ AÇIQ MƏKTUB

 

 

Hörmətli Nəriman müəllim!

 

Bir neçə ay bundan əvvəl Siz mənə çox dəyərli bir hədiyyə - 7 cildliyinizi göndərmişdiniz. Dünyamızın bu çalpaşıq vaxtında, indi çox şeylərin - münasibətlərin, nüfuzun, hörmətin maddiyyatla dəyərləndirildiyi bir vaxtda, Sizin qiymətli hədiyyəniz məni riqqətləndirdi. Neçəsini əzbər bildiyim şeirlərinizi, dönə-dönə oxuduğum pyeslərinizi, poemalarınızı, "Nabat xalanın çörəyi" povestinizi bir daha oxudum. Kövrək, həzin, qürurlu hislər yaşadım. İşıqlı simanız gözlərim önünə gəldi. Atamla dostluğunuzu xatırladım. Onunla olan görüşlərinizi, iştirakçısı olduğum söhbətlərinizi yadıma saldım. Artıq şirin xatirəyə dönmüş o günlərin xiffətini yaşadım. Siz də yaxşı bilirsiniz ki, atam ədəbiyyatla nəfəs alırdı. Ədəbiyyat onun üçün ruhunun ehtiyacı, mənəviyyatının qidası idi. Yaddaşında nə qədər şeir var idi - Allah bilir. Atamın şeir deməyi özü bir aləm idi. Onun ən çox sevdiyi şeirlərdən biri də, Sizin "Sən məni yad et" ("Lirik parça") şeiri idi:

 

Salsa kölgəsini yollara bulud,

Yanından ötsə də, sən məni yad et.

Günəşi bulud, ya qara bulud,

Bir anlıq örtsə də, sən məni yad et.

Qulağın qəfildən bir səsə düşsə,

O, mənim səsimdir, sən məni yad et.

Səhərin mehiylə alnın öpüşsə,

Mənim nəfəsimdi, sən məni yad et.

Alışıb yanacaq üfüqdə könlüm,

O yolda, o izdə sən məni yad et.

Nə qədər səhər var, günəş var, gülüm,

Dünyada mənsiz də sən məni yad et.

 

Mən bu şeiri atamın dilindən dəfələrlə eşitmişəm və atam hər dəfə bu şeiri söyləyərkən kövrələr, qəhərlənərdi. Bu şeiri mən də əzbər bilirəm və mən də - 7 il bundan əvvəl oğlum Əbili itirəndən sonra, bu əsrarəngiz şeiri, yaddaşımda özüm- özümə pıçıldayarkən kövrəlirəm, göz yaşlarımı saxlaya bilmirəm.

 

Mən Sizin şeirlərinizi ilk dəfə nə vaxt eşitmişəm - təbii ki, xatırlamıram. Amma bu bir həqiqətdir ki, yeniyetməlik və gənclik illərimdə təkcə mənim yox, mənim əksər yaşıdlarımın ən çox sevdiyi, ən çox əzbərlədiyi şair Siz idiniz. O illərdə mənim əhatəmdə olan həmyaşıdlarımın ən çox ehtiyac duyduğu şeirlər Sizin şeirləriniz idi. Bilirsiniz nəyə görə? Çünki Sizin sevgi şeirləriniz son dərəcə səmimi, pak idi. O şeirlərdə zərrə qədər də olsun sünilik, saxtalıq yox idi.

 

Dünya yaranandan xeyirlə şər bir-biriylə mübarizə aparır və çox təəssüf ki, indi insanların bir qismi şərin tərəfindədir. Dünyamızı xaosa, fəlakətə, sonsuz uçuruma, qaranlığa sürükləyən bu qaraguruhla mübarizəni həmişə böyük ədəbiyyat, yəni bu ədəbiyyatı yaradan insanlar aparıb. Mən bu insanlara həmişə pərəstiş etmişəm. O insanlardan biri də Sizsiniz. Biz çox şeylərə görə Sizlərə borcluyuq və nə qədər ömrümüz var, bu borcdan çıxa bilməyəcəyik... Vaxtilə Mirzağa Quluzadə atama bir məktub yazmışdı. Həmin məktubdan bir hissəyə bu məktubda yer verməyə özümdə daxili bir ehtiyac hiss edirəm. Mirzağa müəllim atama xitabən yazırdı: "...Biz səninlə xoşbəxt adamlarıq. Çünki bizim bitməz-tükənməz fikir, sənət xəzinəmiz var: Nizami, Xaqani, Nəsimi, Füzuli, Sabir, Səməd Vurğun xəzinəsi. Bu xəzinədə hər cür dərdin dərmanı var.

 

Buna görə də heç bir xəstəlikdən qorxma. İşin müşkülə düşəndə bu həkimlərin "aptek"inə müraciət elə. Orda yaxşı ətirli, təsirli dərmanlar taparsan... Bunlar elə cəvahiratdır ki, adama ləzzət verir. Budur Nizaminin "aptek"ində gör necə şəfalı dərmanlar var:

 

Məyus olma qara gündə, həyatın bir qanunu var,

Qatı qara buludlardan inci kimi yağış yağar.

Qara saçlı gecələrin yavrusudur al səhərlər

Qara qoyun əmcəyindən körpə quzu süd əmər.

Bir danəni öz qoynunda gizlətməsə qara torpaq

Nə dünyada danə olar, nə gül-çiçək, nə bağça-bağ".

 

Hörmətli Nəriman müəllim! Mən Sizin şeirlərinizi çox sevirəm. Ömrümün elə duyğulu anları olub ki, o duyğudan doğan məsudluğumu Sizin şeirlərinizlə bölüşmüşəm. Eyni zamanda kədərli, hansı haqsızlıqdansa sıxıldığım, yaxud başa düşülmədiyim, bilərəkdən ya bilməyərəkdən anlaşılmadığım və bu səbəbdən də incidiyim, əzab çəkdiyim məqamlarda da köməyimə gələn Sizin şeirləriniz olub:

 

Üzümü xoş görüb, xoşbəxt deyirsən,

Ağrı içimdədi, yara içimdə

Dərdimi soruşma, a dərdini alım,

Gəl axtar içimdə, ara içimdə.

 

Qapalı ümmandı elə bir sinə,

Çalxanır, sığışmır öz hövzəsinə.

Qızıl balıq kimi üzür tərsinə.

Ürəyi salıblar tora, içimdə.

 

Ürəkdən çəkirəm, ürək acıyam,

Fikir dünyasıyam, söz yamacıyam.

Özüm özüm boyda dar ağacıyam,

Dara çəkilirəm, dara, içimdə.

 

Çingiz Aytmatov deyirdi ki, "İnsanlar mənə onların adından danışmaq səlahiyyəti verib". Ölməz əsərlər müəllifi Aytmatov tamamilə haqlı idi. Bu səlahiyyət eyni zamanda, digər böyük qələm sahiblərinə də aiddir.

 

Düzdür, bu səlahiyyət sahiblərinin başı çox zaman yazdıqlarına görə bəlalar da çəkib. Amma bütün bu xoşagəlməzliklərə rəğmən, nəticədə qazanan cəmiyyət olub. İnsanlıq olub...  Əsl şairlər görünməyənləri görənlər, ürəkdəki mübhəmləri çox aydın, dəqiq şəkildə kağıza köçürənlər, əgər belə demək təbiri-caizsə, ürəyə sancılmış tikanı  çıxaranlardır. Mən "Kimin sualı var?" poemasının çap olunduğu zamanları xatırlayıram. "Kimin sualı var?" cəmiyyətdə necə rezonans doğurmuşdu, o da yadımdadı. Yalnız cəmiyyətdəki çatışmazlıqlardan narahat olan, insanlıq üçün özünü cavabdeh hesab edən insanlar "Kimin sualı var?" kimi əsərlər yaza bilərlər. "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Nuru paşa", "Seyid Nigari türbəsi", "Nəriman" kimi əsərlər, ruh oxşayan gözəl şeirlər yazan ədiblərə - insanlar böyük məmnuniyyətlə öz adlarından danışmaq səlahiyyəti verirlər.

 

Nəriman müəllim! Əvvəllər çox gözəl bir ənənəmiz var idi. İnsanlar bir-birinə hədiyyə olaraq kitab bağışlayardılar. Rəhmətlik atam üçün kitabdan qiymətli heç nə yox idi. Onun bu xüsusiyyəti mənə də keçib. Və nə yaxşı ki, bu belədir. Sizin mənə hədiyyə göndərdiyiniz kitabları oxuyuram. Bu kitablardan aldığım zövqü başqa nədən ala bilərəm ki?... Çox təəssüf ki, həmin adət - insanların bir-birinə kitab hədiyyə etmələri, indi tək-tük istisnalar olmaqla aradan qalxıb. Nəinki aradan qalxıb... Təxminən 4-5 il bundan əvvəl gördüyüm acı bir hadisəni xatırlayıram. Bir zibillikdə "Çalıquşu" kitabını görmüşdüm. "Çalıquşu"nu zibillikdə görəndə keçirdiyim ağrılı hissləri ifadə etməyə indi də çətinlik çəkirəm. Atamda "Çalıquşu"nun qədim bir nəşri var idi. O kitab bizim üçün nə qədər müqəddəsdi... O kitabın vərəqlərində atamın göz yaslarının izi var. Atam danışırdı ki, qırxıncı, əllinci illərdə məhz o kitabı oxumaq üçün hətta qonşu Salyandan dostlarım bizə gələrdi, iki gün evimizdə qalıb bu kitabı oxuyardılar. "Çalıquşu"nu zibilliyə atan kim idisə, əslində öz mənəviyyatını zibilliyə atmışdı. Mənəviyyatdan könüllü imtina etmək isə, xeyirdən könüllü imtina edib, şərə sitayiş etməyə bərabərdir. Belə adamlar, qorxulu, eyni zamanda xəstə ruhlu adamlardır. Bütün zamanların dahisi Tolstoy "Nicat məhəbbətdədir" deyirdi. Tolstoyun dediyi məhəbbət elə Tolstoyun özünün yazdığı kitabların səhifələrindədir, "Xəmsə"dədir, "Məsnəvi"də, "Səfillər"də, "Hophopnamə"də, zibillikdən götürdüyüm indi kitabxanamda qoruduğum həmin "Çalıquşu"ndadır... və eyni zamanda bütün böyük kitablardadır.

 

Əzizim Nəriman müəllim! Bir dəfə Əziz Şərif Sizi Müşfiqin oğluna oxşadıb. Siz bu münasibətlə şeir də yazmısınız. Azərbaycanımızın bu böyük, nə acı ki, nakam şairinə, Azərbaycanın ən görkəmli şairləri şeirlər həsr edib. Unudulmaz Rəsul Rzanın Müşfiqə həsr etdiyi "Qızılgül olmayaydı" poeması təkcə poema deyil,  Müşfiqə ucaldılmış ən böyük abidədir. Müşfiqin adı çəkiləndə hökmən Dilbər yada düşür - Müşfiq kimi taleyi kəm olan Dilbər. Sizin Dilbərə həsr etdiyiniz bir şeir var. Dilbər nisgilini, Dilbər dərdini. Dilbər taleyini ən incəliklərinə qədər bu şeirdə hiss edirəm:

 

Həkim, o Dilbərdi, ona yaxşı bax,

Müşfiqdən yadigar qalandı, həkim.

Könlünü alan yox, "Dilbərim! - deyən.

Qalan xəstəliyi yalandı, həkim.

 

Bəxt dövlət quşudu, uçub əlindən,

El xəbər tutmayıb el gözəlindən

Ayırma Dilbəri qızdan, gəlindən.

O gəlin qalıbdı, gəlindi, həkim.

 

Müşfiq həsrətiydi bir gülüşünə,

İndi gələn yoxdu heç görüşünə.

Nə özünə baxır, nə yerişinə,

Evi yox, dünyası talandı, həkim.

 

Mən bu şeiri neçə dəfə oxumuşam, neçə dəfə əzbər demişəm. Və hələ bu vaxta qədər olmayıb ki, bu şeiri hər deyəndə kədərli hisslər yaşamayım. Bu şeir mənə elə nisgilli anlar yaşadıb ki... Bu şeir həm də yaşı 30-a çatmamış nakam taleli Müşfiqə, dünyanın ən böyük sevgisinə layiq ikən, dünyanın ən amansız acılarını yaşamış zavallı Dilbərə yanıqlı bir elegiyadır.

 

Hörmətli Nəriman müəllim! Elə şei rləriniz var ki, həmin şeirlərlə bağlı mənim tez-tez xatırladığım əziz xatirələrim var. 1993-cü ilin 21 mayı idi. Xoş bir hadisə ilə bağlı Ziya Bünyadov, Bəkir Nəbiyev, Qabil, Gülhüseyn Hüseynoğlu, Əzizə Əhmədova, İsa İsmayılzadə, Səyavuş Sərxanlı bizə gəlmişdilər. Atamın ən yaxın dostlarından olan Qabil müəllimin istəyi ilə mən həmin məclisdə onun "Gedən yerim olaydı", " Küləkli havalarda, yağışlı havalarda" və daha bir neçə şeirini əzbər söylədim. Sonra Şəhriyarın, Bəxtiyar Vahabzadənin və digər böyük şairlərimizin şeirlərini.Və həmin məclisdə Sizin çox sevdiyim "Fikir eləmə" şeirinizi də dedim. Bu şeirin mənim üçün xüsusi bir özəlliyi var. Bu şeir ilk baxışda sevgi şeiri təsiri bağışlayır. Amma bu şeir həm də insanlara qayğıdan yaranan bir şeirdir. Bir müşkülü olan insana həyan olmaq duyğusundan yaranan şeirdir. Ziya Bünyadov şeirə diqqətlə qulaq asdı. Mən "Fikir eləmə" haqqında düşündüklərimi izah edəndən sonra, Ziya müəllim o şeiri yenidən deməyimi istədi. Sanki dediklərimin nə dərəcədə doğru olduğunu yoxlamaq istəyirdi. Təsəvvür edin, Ziya Bünyadovun istəyi ilə şeir söyləmək nə deməkdir. Mən şeiri onun istəyi ilə yenidən söylədim:

 

Sən fikir eləmə, gözəldir həyat,

nə qədər mən sağam, fikir eləmə.

Bugün yanındayam, sabah hardasa,

demə mən uzağam, fikir eləmə.

 

Sən fikir eləmə, yeri qar alsa,

göyü bulud örtüb, dumanlar alsa.

Mən odam, ocağam fikir eləmə,

yenə yanacağam fikir eləmə.

 

Sən fikir eləmə heç vaxt dünyada

mən getsəm, sən qalsan... ayağın altda

Onda da torpağam, fikir eləmə,

orda da dayağam, fikir eləmə.

 

Ziya müəllim diqqətlə qulaq asdı, sonra isə təkcə ona xas olan bir ifadə ilə: "Əla şeirdir! Eşq olsun Nəriman Həsənzadəyə!" - dedi. Şeir Ziya müəllimin çox xoşuna gəlmişdi. Çünki həmin şeiri vazıb ona verməyimi istədi.

 

Hörmətli Nəriman müəllim! İnsan yaşa dolduqca xatirələrə daha çox meyl edir. İtirdiyimiz insanların xatirələri ilə baş-başa qalmaq, onların ruhları ilə həmsöhbət olmaq kimidir. 1983-cü ilin iyul ayını xatırlayıram. Atamla birlikdə Hacıkənddə dincəlirdik. O vaxt Siz də Göygöldə dincəlirdiniz. Həm də səhv etmirəmsə, orada "Kimin sualı var?" poeması üzərində işləyirdiniz və yenə də zənnim məni aldatmırsa, həmin poemanı orada bitirdiniz. Hacıkənddə Sizinlə bir görüş təşkil elədilər. Unudulmaz, müqtədir sənətkarımız Məmmədrza Şeyxzamanov da Hacıkənddə bizimlə dincəlirdi. Heç yadımdan çıxmaz, o böyüklükdə sənətkar Sizinlə görüşə necə hazırlaşırdı. Mənə tapşırdı, mən Sizdən "Bir az möhlət istəyirəm ömürdən" kitabınızı alıb ona verdim. Məmmədrza Şeyxzamanov həmin görüşdə söyləyəcəyi şeirləri mənimlə birlikdə seçdi. Mən o vaxta qədər də, ondan sonra da çox görüşlərdə iştirak etmişəm. Amma elə görüşü nə o vaxta qədər, nə də ondan sonra görməmişəm. Bütün sanatoriyada dincələnlər o görüşdə idi. O vaxt Xanlar adlanan (indiki Göygöl) rayonundan, Gəncədən bu görüşə nə qədər adam gəlmişdi. Gəncədə yaşayan, Şeyxzamanovun dostu, "Dəli Kür" filmindəki Cahandar ağa - Ələddin Abbasov da bu görüşdə idi. Açıq havada, təbiətin qoynunda, insanların əksəriyyəti göy çəmənliyin üstündə əyləşib, bu nağılvari görüşə tamaşa edirdilər. Məruzəni atam elədi. O görüşdə mən də çıxış elədim. Məmmədrza Şeyxzamanov əfsanəvi bir səslə "Sən bağışladın" şeirini necə söylədi - bir Allah bilir. Elə günlər insan həyatında çox olmur. Və nə yaxşı ki, mən o günləri görmüşəm, Nəriman müəllim ! Həmin görüşdən yadigar qalan bir şəkli Sizə göndərirəm.

 

Əziz Nəriman müəllim! " Kimin sualı var?" poemasında belə misralar var:

 

Yaxşı adamları daim qoruyun,

Yaxşı adamlara halaldır hörmət!

Yaxşı adamlara keşikçi qoyun,

Dağılar, çürüyər yoxsa cəmiyyət.

 

Mənim nəzərimdə həmin yaxşı adamlardan biri də Sizsiniz.

 

Allah Sizi qorusun!

 

Bir daha qiymətli hədiyyələrinizə - kitablara görə təşəkkür edirəm.

 

Dərin hörmətlə: Etibar İmamverdi oğlu Əbilov

 

Neftçala

27 yanvar 2017-ci il

 

525-ci qəzet.- 2017.- 14 fevral.- S.7.