Etibara - İmamverdi
ocağına
Salam, əziz Etibar!
Məktubunu haqqımda yazılmış
gözəl bir məqalə kimi oxudum.
"Seçilmiş əsərlər"im
barədə dediyin qiymətli fikirlərə
görə təşəkkür
edirəm. Sən elə bir ədəbi mühitdə,
ziyalı ailəsində
böyümüsən ki,
mənə yazdığın
məktubu başqa cür də təsəvvür etmirdim.
Elə bir pak ocaqdan
gələn istiliyi duymamaq olardımı!
Mərhum atan İmamverdi müəllim xətrini istədiyi elə bir yazıçı olmayıb ki, təsbeh kimi düzülmüş xəttilə
yazdığı dostluq
məktubu indi onun arxivində olmasın.
Bu ədəbi məktublar
çap olunanda görəcəklər ki,
Sovet dönəmində
və Müstəqillik
illərinin ilk dövründə
görkəmli yazıçılarımız,
eləcə də onların əsərləri
haqqında nə qədər qiymətli, gərəkli fikirlər deyilib.
Bu nadir sənətkarın ədəbi məktubları
Səttar Bəhlulzadənin
rəsmləri kimi, hələ müxtəlif
qələm dostlarının
evlərindədi. O da əsərlərinin orijinalını
dostlarına, tanışlarına
hədiyyə edirdi.
Səttar Bəhlulzadə paytaxtda yaşayırdı. Azərbaycan təbiətini, onun
günəş işığını,
qibləsini kətan üzərinə köçürürdü.
İmamverdi Əbilov paytaxtda yaşamırdı. Əyalətdə paytaxt təfəkkürü
ilə yazıb-yaradır,
Azərbaycan ədəbiyyatı
barəsində dəyərli
fikirlərini varaqlara öz xəttilə köçürürdü.
Əlbəttə, bütün müqayisələr
nisbidir. Amma bir həqiqətdir
ki, çox mətləblər adətən
müqayisələr zamanı
üzə çıxır.
Məktubunda mənə də əziz olan yazıçıların, alimlərin,
sənət adamlarının
adlarını çəkirsən. İstər-istəməz nostalji hisslər keçirməli oluruq.
Göndərdiyin şəkildə (buna görə çox sağ ol) aramızda əyləşən Xalq artisti Məmmədrza Şeyxzamanovu gözəl
xatırlayıram.
Gəncədə, indiki Pedaqoji Universitetində oxuduğum
illərdə iki görkəmli şəxsiyyətlə
yaxından tanış
idim: bəstəkar Qəmbər Hüseynli, bir də C.Cabbarlı
adına Gəncə Dövlət Dram Teatrının
artisti Məmmədrza
Şeyxzamanov. İlahi insanlar
idilər. Mən
də onlardan yer dərsi yox, bəlkə də göy dərsi aldım: qanad açıb uçmaq! Əslində isə paklıq, düzlük, halallıq dərsi!
Böyük şairimiz H.Cavid
(indi bunlar necə də "arxaik" səslənir!)
gözəl deyibdi:
Yerə
enməm də, səma şairiyəm!
Peyğəmbərimizin kəlamları da göylərə - paklığa çağırış
deyilmi!
Mənim ilk şeirim də Gəncədə çap
oldu. "Gəncə"
qəzetində. Gəncə onda
vilayət statusu almışdı. Sonra ləğv
elədilər.
1953-cü ildə Gəncə İnstitutunu bitirəndə, iyirmi üç yaşım var idi. Məni Bakıya, paytaxtımıza qardaşəvəzi Qəmbər Hüseynli gətirdi. Şəhəri ilk dəfə görürdüm. Gələn günü böyük şairimiz Bəxtiyar Vahabzadəgilə getdik.
Bizim uzun illər davam edən qələm dostluğumuzun bünövrəsini o böyük, o təkrarsız bəstəkarımız qoydu.
Bir neçə il öncə, "Nuru Paşa" poemasını yazmazdan qabaq, tarixi mənbələrlə tanış olurdum. Azərbaycan Akademik Milli Dövlət Dram Teatrında çalışan Xalq artisti Məmmədrza Şeyxzamanovun əmisi oğlu Nağı Şeyxzamanov haqqında da bir yazıya rast gəldim.
Azərbaycanın "olum, ya ölüm" vəziyyətinə düşdüyü vaxtlarda o, Gəncədən Türkiyəyə gedir, Osmanlı hökumətinin rəhbərlərindən Ənvər Paşa ilə görüşür. Bakının ağır, çıxılmaz vəziyyətini olduğu kimi danışır.
Mənbələr xəbər verir ki, Ənvər Paşa qardaşı Nuru Paşanın komandanlığı ilə Türk Azadlıq İslam ordusunu Bakının köməyinə göndərir.
İndi "Şəhidlər Xiyabanı"nda Bakının azad olunmasında şəhid olan türk qardaşlarımızın şərəfinə xatirə obeliski ucaldılmışdır. Azərbaycan Türk bayrağı yanaşı durur.
Nuru paşa daşnak-bolşevik (erməni-rus) hərbi birləşmələrinin millətimizi elliklə qırmasından xilas edib.
Bu günlərdə mənə məlumat verdilər ki, Leninin təzə teleqramı tapılıb: "Bakını ala bilməsələr, şəhər yandırılsın".
Sovet hakimiyyəti dövründə belə məsələləri açıb-ağartmırdılar. Arxivlər təbiidir ki, sovetlərin ixtiyarında idi. Nə yaxşı ki, millətin taleyinə Ulu Öndər çıxdı. Vətənimizin dostunu-düşmənini bizə tanıtdı.
Yeri gəlmişkən deyim ki, Mirzağa Quluzadənin atana yazdığı məktubda verdiyi tövsiyələr də çox xoşuma gəldi. Oğlu Vəfa müəllimi tanıyırdım. Əvvəllər Azərbaycan KP MK-da şöbə müdiriydi. Sonralar siyası icmalçı kimi nüfuz qazanmışdı. Cəsarətli adam idi. Yas yerində danışırdı ki, İranda oğlunun müalicəsi mümkün olmayandan sonra Bakıya qayıtmaq üçün çoxlarına müraciət edir. Əli hər yerdən üzülür. Əlacsız qaldığını görüb, birbaşa cənab Prezident İlham Əliyevə zəng vurur. O, şəxsi təyyarəsini İrana göndərir, Azərbaycan vətəndaşının köməyinə çatır.
Oğlunu itirən ata yas yerində cənab Prezidentə razılıq üçün söz tapa bilmirdi. Mən bunun şahidi oldum.
Bu, əlbəttə, insandakı insanlığın zühuru, bəlkə də nadir təbiət hadisəsiydi.
Əzizim Etibar, "Çalıquşu" romanı ilə bağlı təsvir etdiyin səhnəcik ziyalıların ən ağrılı yeridi. Neyləyəsən ki, indi mənəviyyatsız adamlar, bioloji tərəfdən daha çox görünürlər.
Buna görə Şekspir deyirdi:
O, öldü, ancaq yaşadığı illərdə yox, öləndə həyatını daha ləyaqətlə başa vurdu (sətri tərcümə).
Səni öpürəm.
Sağ ol, Etibar. Hələlik.
Əmin Nəriman HƏSƏNZADƏ
03.02.2107
525-ci qəzet.- 2017.- 14 fevral.- S.7.